«İnformasiya əldə etmək hüququ

 açıq cəmiyyət» mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərov bildirmişdir ki, rəhbərlik etdiyi qurumun 19 fəaliyyət istiqaməti vardır ki, bunun da üç istiqaməti ancaq insan hüquqlarının müdafiəsi və informasiya almaq hüququ ilə bağlıdır. İstər insan hüquqları ilə bağlı maarifləndirmə, istərsə də informasiya əldə etmək istiqamətində ardıcıl aparılır. Ölkənin müxtəlif regionlarında bununla bağlı ildə bir neçə dəfə tədbirlər təşkil olunur.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirmişdir ki, informasiya əldə etmək məsələsi çox önəmlidir. O demişdir ki, 2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra ombudsman dövlət qurumlarından informasiya əldə edilməsinə nəzarəti həyata keçirir. Hazırda informasiya ombudsmanı təsisatının yaradılması ilə bağlı Avropa təcrübəsi mövcuddur. Avropada bu qurum ya ombudsman təsisatlarında bir şöbə, ya da ayrıca bir təşkilat kimi yaradılır. Biz yeganə bir təsisatıq ki, ölkənin 58 rayonunun hər birində maarifləndirmə işləri aparırıq. Bu zaman insan hüquqları və informasiya ombudsmanı kimi vəzifələrimizi əsas götürürük.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında informasiya əldə edilməsinin hər bir ölkədə söz azadlığının əsasını təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin azad informasiya əldə etmək hüququ əksini tapmışdır. "İnformasiya əldə etmək haqqında" qanuna görə, açıq və qapalı informasiyalar vardır. Qapalı informasiyalar gizli və məxfi informasiyalara bölünür. KİV-in sorğusuna cavab olaraq təşkilatlar informasiyanı bir həftə ərzində, təcilidirsə 24 saat, insan sağlamlığı ilə bağlıdırsa 48 saat ərzində açıqlamalıdırlar. Əgər informasiya alanın hüquqları pozulursa, Cinayət Məcəlləsinə görə, KİV-ə informasiya verməkdən imtina edənlər 100 manatdan 500 manatadək cərimələnə və bir il islah işləri ilə cəzalandırıla bilərlər. Əgər bu, vəzifəli şəxsdirsə, həmin şəxs iki il islah işləri və bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində görülmüş işlərdən, dövlətin bu sahəyə diqqət və qayğısından danışmışdır.

Nazir müavini demişdir ki, vətəndaşlara elektron xidmətlər vahid bir portal - elektron hökumət portalı üzərindən təklif edilir. Hələlik bu proses mərkəzi icra orqanları səviyyəsində həyata keçirilir. Yerli icra orqanları səviyyəsində də elektron xidmətlərin tətbiqi planlaşdırılır.

Milli Məclisin deputatı Fazil Mustafa beynəlxalq ekspertlərin Cənubi Qafqaz ölkələri arasında Gürcüstan və Ermənistan ilə müqayisədə Azərbaycanda informasiya əldə etmək imkanlarını daha yüksək dəyərləndirdiklərini bildirmişdir. O vurğulamışdır ki, "ASAN xidmət"in yaranması ilə Azərbaycan cəmiyyətində böyük düşüncə dəyişikliyi oldu. Vətəndaş inandı ki, 15 dəqiqə ərzində müraciətinə cavab ala bilər.

Konfrans müzakirələrlə davam etmişdir.

 

Azərbaycan.-2013.- 20 dekabr.- S.16.