Azərbaycan və Belarus arasında gender sahəsində

 əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, Belarus Respublikasının ölkəmizdə səfərdə olan dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən qadınlardan ibarət nümayəndə heyətinin iştirakı ilə "Gender bərabərliyinin təminatı və qadınların inkişafı" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan ilə Belarus arasındakı müvafiq istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışmışdır.

Azərbaycanda gender məsələləri ilə bağlı əldə olunan nailiyyətlərdən, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən AQUPDK-nın sədri demişdir ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Rəhbərlik etdiyi komitənin ailə, qadın və uşaq problemləri ilə əlaqədar dövlət siyasətini həyata keçirdiyini bildirən Hicran Hüseynova qeyd etmişdir ki,  Azərbaycanda bu sahədə görülən işlər bir çox ölkələr üçün nümunədir.

Komitə sədri gender problemlərinin aradan qaldırılması üçün ikitərəfli əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də nəzərə çatdırmışdır.

"Belarus Qadınlar Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisi Antonina  Morova ölkəsinin dövlət qurumlarında və ictimai təşkilatlarında təmsil olunan qadınların statistikasından və onların cəmiyyət həyatındakı mövqeyindən danışmışdır. Qonaq Azərbaycanda qadın hüquq və bərabərliyinin təminatı istiqamətində həyata keçirilən işlərin nümunəvi xarakter daşıdığını bildirmişdir.

Milli Məclisin deputatları Gülçöhrə Məmmədova və Aqiyə Naxçıvanlı gender məsələləri ilə əlaqədar qəbul edilmiş qanunların səmərəsi, dövlətimiz tərəfindən ailə, qadın və uşaqlara göstərilən qayğı, reallaşdırılan işlər və perspektiv planlar barədə danışmışlar.

Bildirilmişdir ki, Azərbaycanda qadınların dövlət idarəçiliyində və  biznesdəki fəaliyyətləri genişlənir, onların yerli və mərkəzi hakimiyyət orqanlarında təmsilçilikləri də artmaqda davam edir. Bu gün Azərbaycanda aparılan dövlət quruculuğu prosesində və ictimai həyatın digər sahələrində qadınlarla kişilər bərabər hüquqa malikdirlər. Milli qanunvericilikdə gender siyasətinin mükəmməl hüquqi bazası yaradılmışdır.

"Dəyirmi masa"da Belarus Respublikasının dövlət idarəetməsində gender aspektlərindən, qadınların sosial statusunun artırılmasındakı rolundan, bu ölkənin qanunvericiliyində əks olunan  gender məsələlərindən bəhs edilmişdir.

Milli Məclisin deputatlarının, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 21 dekabr.- S.5.