Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya

 Həştərxanda III dərəcəli «Knyaginya Olqa» ordeni təqdim edilmişdir

 

Dekabrın 20-də Rusiya Federasiyası Həştərxan Vilayəti Qubernatorunun Administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli "Knyaginya Olqa" ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxanda layihələr həyata keçirilməsi təşəbbüsünə görə minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, bu yaxınlarda Azərbaycan paytaxtında Həştərxan-Bakı dostluq parkının və dostluq abidəsinin açılışı olmuşdur.

Qubernator demişdir: "Bütün bunlar ölkələrimiz arasında sıx dostluq münasibətlərinin real təcəssümüdür. Bu, başqa dinlərə, mədəniyyətlərə və millətlərə hörmət nümunəsidir".

Həştərxan və Qamızyaq mitropoliti İona qeyd etmişdir ki, Azərbaycan Həştərxan vilayəti üçün çox işlər görmüşdür. Mitropolit vurğulamışdır: "Tanrıdan arzum budur ki, bu münasibətlər hər iki ölkəyə sevinc, firavanlıq bəxş etsin".

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli "Knyaginya Olqa" ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir. Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim etmişdir.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill özünün 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni ilə təltif etmişdir.

Daha sonra Həştərxandakı Heydər Əliyev adına məktəbin yanında uşaq bağçası tikiləcək yerdə xatirə kapsulu qoyulması üçün məktub imzalanmışdır. Məktubu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin imzalamışlar.

Leyla Əliyeva ona bu yüksək pravoslav mükafatının verilməsinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə təşəkkürünü bildirmişdir.

Ölkələrimiz arasında uzun illər boyu dostluqmehriban qonşuluq münasibətləri olduğunu qeyd edən Leyla Əliyeva vurğulamışdır ki, Azərbaycanda böyük rus ədəbiyyatını, rus mədəniyyətini və dilini həmişə sevmişlər və sevirlər. O demişdir: "Ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanmışdır, bizdə Rus Dram Teatrı, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bakının küçələrində rus dilində danışan adamlara çox tez-tez rast gəlmək olar".

Leyla Əliyeva qeyd etmişdir ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliyi beş il bundan əvvəl məhz Rusiyada açılmışdır. O vurğulamışdır ki, fondun fəaliyyəti təhsil, idman, mədəniyyət, səhiyyə, ekologiya kimi çoxsaylı sahələri əhatə edir. Leyla Əliyeva demişdir: "Fond təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məktəblər tikintisinə böyük diqqət yetirir. O, Parisdə, Romada, Vatikanda memarlıq abidələrinin təmiri və bərpası ilə məşğul olur".

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd etmişdir ki, fond Rusiyada da çoxlu layihələr həyata keçirir. Leyla Əliyeva demişdir ki, fondun dəstəyi ilə Həştərxanda Rusiya-Azərbaycan dostluq parkı və dostluq körpüsü, məktəb, uşaq şəhərciyi açılmışdır. O, əmin olduğunu bildirmişdir ki, nəzərdə tutulan layihələr uğurla həyata keçiriləcəkdir.

Leyla Əliyeva vurğulamışdır ki, Azərbaycanda müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri sülhmehriban qonşuluq şəraitində yaşayırlar. Vitse-prezident qeyd etmişdir ki, Heydər Əliyev Fondu məscidlər, sinaqoqlar, kilsələr tikintisini dəstəkləyir.

Qeyd edək ki, bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar mükafatlandırılır. İndiyə qədər Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülmüşlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 21 dekabr.- S.2.