Həştərxanda knyaz
Vladimirin abidəsinin
təntənəli
açılış mərasimi keçirilmişdir
Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmişdir.
Əvvəlcə Leyla xanım Əliyeva, Azərbaycan nümayəndə heyətinin təmsilçiləri və Həştərxan vilayətinin rəhbərləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Həştərxandakı abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar.
Mərasimdə Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmiləri, Həştərxanın Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd etmişdir ki, knyaz Vladimirin abidəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır. A.Jilkin vurğulamışdır ki, bu abidə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən ilk layihə deyildir. O demişdir: "Bu günə qədər Həştərxanda Heydər Əliyev parkı, məktəb, Rusiya-Azərbaycan dostluq körpüsü, uşaq şəhərciyi açılmışdır. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təsdiqidir".
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək III dərəcəli Müqəddəs Knyaginya Olqa ordeni ilə təltif olunduğuna görə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirmişdir. Leyla Əliyeva demişdir: "Bu, mənim üçün böyük şərəf və sevincdir. Bu gün knyaz Vladimirin abidəsinin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri həmişə sülh, dostluq və həmrəylik şəraitində yaşamışlar. Bizim ölkəmizdə tolerantlıq məqsəd deyil, həyat tərzidir. Heydər Əliyev Fondu da öz fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirir".
Leyla Əliyeva qeyd etmişdir ki, Azərbaycan ilə Həştərxan vilayətini sıx dostluq münasibətləri bağlayır. O demişdir: "Həştərxanda çoxlu müştərək layihələr həyata keçirilmişdir. Bu gün də yeni uşaq bağçasının təməlqoyma mərasimi olacaqdır. Bundan əlavə, Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin regional bölməsi fəaliyyət göstərir. Həştərxan bölməsi RAGB-nin ən fəal qurumlarından biridir".
Sonra knyaz Vladimirin abidəsi üzərinə müqəddəs su çilənmiş və xeyir-dua verilmişdir.
Xatırladaq ki, bu abidənin təməl daşı 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə qoyulmuşdur. Tuncdan hazırlanmış və qranit postament üzərində ucaldılmış abidənin hündürlüyü dörd metrdir. Abidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmışdır. Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifləri - həştərxanlı memar Aleksandr Fedorçenko və moskvalı heykəltəraş, Rusiyanın xalq rəssamı Andrey Kovalçukdur. Abidə Bakıda tökülmüş və Həştərxana çatdırılmışdır. Abidənin dörd tərəfində fəvvarələr qurulmuşdur.
Bu
monumentin ucaldılması Rusiyada xristianlığın qəbul
edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin
qoyulmasının 455 illiyinə həsr edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 21 dekabr.- S.3.