Heydər Əliyev Mərkəzində «Küknar» beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində məxsusi dizaynda hazırlanmış əsərlərin təqdimat mərasimi olmuşdur

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmişdir

 

 

Dekabrın 21-də Heydər Əliyev Mərkəzi yeni layihəsini - "Küknar" beynəlxalq incəsənət sərgisi və müsabiqəsini reallaşdırmışdır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmiş, "Küknar" beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxmışdır.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, "Küknar" beynəlxalq incəsənət müsabiqəsi Azərbaycanın və xarici ölkələrin sənət adamları arasında elan edilmişdir. Artıq müsabiqəyə təqdim edilmiş 18 müasir incəsənət əsəri Heydər Əliyev Mərkəzinin parkında sərgilənmişdir.

Anar Ələkbərov bu layihəni dəstəkləyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirmişdir. O, Heydər Əliyev Mərkəzinin daha bir layihəsini elan etmişdir. Diqqətə çatdırmışdır ki, bu, Novruz bayramı ərəfəsində reallaşacaq "Səməni" müasir incəsənət festivalı olacaqdır. Bu festival müddətində də sənətkarlarımız öz əsərlərini Heydər Əliyev Mərkəzinin parkında təqdim edəcəklər.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Yeni il ərəfəsində belə bir beynəlxalq incəsənət sərgisinin və müsabiqəsinin keçirilməsinə görə Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin rəhbərliklərinə dərin minnətdarlığını bildirmiş və belə tədbirlərin sayının artacağına əminliyini ifadə etmişdir.

Sonra müsabiqənin qaliblərinin adları açıqlanmışdır. Fərəc Rəhmanov müsabiqədə birinci, Novruz Məmmədov ikinci, Camiddin Murtuzəliyev isə üçüncü yerləri tutmuşlar. Onlara diplomlarpul mükafatları verilmişdir.

Yeni il ərəfəsində həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə vermək və Bakı sakinlərinə bayram ovqatı yaşatmaq olmuşdur.

Müxtəlif ölkələrdə fərqli ənənələrlə qeyd edilsə də, dinindən, dilindən, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar Yeni ili eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusu ilə qarşılayırlar. Bayramın rəmzi olan bəzədilmiş küknar ağacı isə həm də bu diləklərin ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ gələcəklə bağlı xoş arzulara inamın əlamətidir.

Heydər Əliyev Mərkəzi Yeni il ərəfəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini, sənətsevərləri, paytaxt ictimaiyyətinin nümayəndələrini 18 qeyri-adi küknar ağacının ətrafında toplamışdır. Mərkəzin parkında quraşdırılmış bu nadir, fərqli tərtibatlı Yeni il küknar ağacları 18 heykəltəraş və rəssamın (onların arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də vardır) əsərləridir.

İki aya yaxın davam etmiş incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanmışdır. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanmış bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilmişdir.

Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş mərasim iştirakçılarının səsverməsi əsasında müəyyənləşdirilmişdir.

"Küknar" beynəlxalq incəsənət sərgisi 2014-cü il martın 1-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 22 dekabr.- S.6.