İstedadlı jurnalist və tanınmış alimin xatirəsi anılmışdır

 

Dekabrın 20-də filologiya üzrə  elmlər namizədi, dosent İnqilab Babayevin anadan olmasının 75 illiyi münasibətilə alimin xatirəsini anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Xalq qəzeti"nin baş redaktorunun müavini Tahir Aydınoğlu istedadlı jurnalist və tanınmış alimin şərəfli ömür yolundan söhbət açmışdır. Diqqətə çatdırmışdır ki, İnqilab Babayev sovet dövründə çalışdığı Azərbaycan NeftKimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ədəbi-bədii və milli mühitin ötürücüsü rolunda çıxış etmişdir. İstedadlı jurnalistin 75 illiyi münasibətilə alimin xatirəsini anma mərasimi Mətbuat Şurasının Azərbaycanın milli varlığına, məfkurə işinə xidmət etmiş jurnalistlərin yada salınması layihəsi çərçivəsində baş tutmuşdur.

Tədbirdə əməkdar jurnalist Ələkbər Abbasovun İnqilab Babayevin ömür yolundan bəhs edən məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. Hələ tələbə ikən Azərbaycan dilinin tədrisinə həssaslıqla yanaşmış, rus məktəblərində doğma dilimizin zəif tədrisi barədə cəsarətli fikir söyləmişdir.  Əmək fəaliyyətinə keçmiş "Tədris-pedaqoji" nəşriyyatında lap aşağıdan - oxuculuqdan başlasa da, üç aydan sonra Azərbaycan Dövlət NeftKimya İnstitutunun hazırlıq şöbəsinin böyük laborantı təyin edilmişdir.

Bir müddətdən sonra Azərbaycan və rus dilləri kafedrasının müəllimi, baş müəllimi, həmin kafedranın müdiri, dosent, yenidən baş müəllim təyin olunmuşdur.

İnqilab Babayevin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasına dair məqalələri bu gün də dəyərlidir.

Diqqətə çatdırılmışdır ki, o, 1966-cı ildə institutda Azərbaycan və rus dillərində çıxan çoxtirajlı "Neft kadrları uğrunda" qəzetinin redaktoru təyin olunmasını isə tale yazısı kimi qəbul etmiş, altı il həmin redaksiyaya rəhbərlik etmişdir.

İnqilab Babayev 1969-cu ildə xalq yazıçısı, akademik Mirzə İbrahimovun elmi rəhbərliyi altında "Nəriman Nərimanovun publisistikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Mərasimdə "İstedadlı jurnalistböyük alim", "Mənim tanıdığım İnqilab müəllim", "Həmişə yeri görünən dost", "İnqilab Babayev əsl müəllim və xeyirxah insan idi" mövzularında məruzə və çıxışlar dinlənilmişdir.

Çıxış edənlər onun pedaqoji, jurnalistik elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətlərindən də geniş söhbət açmış, xatirələrini bölüşmüşlər.

 

Azərbaycan.-2013.- 22 dekabr.- S.7.