Xalq rəssamının sərgisi
Mədəniyyət və Turizm Nazirliyi, Milli İncəsənət Muzeyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində xalq rəssamı Arif Hüseynovun "Azərbaycan nağılı" adlı qrafika əsərlərindən ibarət sərgisinin açılışı keçirildi. Sərgi rəssamın 70 illik yubileyinə və yaradıcılığının 45 illiyinə həsr olunub.
Tədbiri Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev açaraq Arif Hüseynovun çoxşaxəli yaradıcılıq yolu haqqında məlumat verib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarı təbrik edərək bildirmişdir ki, onun əsərləri müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. Bildirilib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynov fırçasının yaratdıqları dünyanın bir çox sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskva, Praqa, Tokio, Ankara, İzmir və digər şəhərlərdə sərgilənən əsərlərinə görə azərbaycanlı rəssam müxtəlif mükafatlara, diplomlara layiq görülüb.
Rəssamlar İttifaqının katibləri, xalq rəssamları və digər qonaqlar çıxış edərək Arif Hüseynov yaradıcılığının müxtəlif məqamlarına toxunublar.
Xalq rəssamının əsərləri bu gün Azərbaycanın muzey və qalereyalarında, şəxsi kolleksiyalarda, eləcə də Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edərək Nizami, Füzuli, Sabir, Cavid və digər klassiklərimizlə bağlı dəzgah qrafikasının gözəl nümunələrini yaradıb.
Sonda
xalq rəssamı çıxış edərək onun
yaradıcılığına göstərilən diqqət və
qayğıya görə öz təşəkkürünü
bildirib.
Azərbaycan.-2013.- 22 dekabr.- S.8.