Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının
icrasının yekunlarına həsr olunmuş konfrans
keçirilmişdirAzərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icrasının yekunlarına həsr
olunmuş konfrans keçirilmişdir
Prezident İlham Əliyevin yekun nitqi
- Burada səslənən çıxışlarda son iki il ərzində proqramın icrası ilə bağlı məsələlər öz əksini tapmışdır. Bütövlükdə deyə bilərəm ki, bu proqramın icrası şəhərimizin abadlaşması üçün çox böyük addım olmuşdur. Düzdür, proqramda nəzərdə tutulmuş bəzi məsələlər öz həllini tapmamışdır. Sadəcə olaraq, vaxt çatmadı. Bu məsələlər öz həllini tapacaqdır. Ancaq, eyni zamanda, proqramda nəzərdə tutulmayan məsələlər sonra proqrama əlavə olundu.
Bir sözlə, deyə bilərəm ki, proqramın icrası müsbət olmuşdur. Əminəm ki, başa çatdıra bilmədiyimiz məsələləri də biz gələcək illərdə həll edəcəyik. Xüsusilə növbəti illərdə Bakının və onun qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir. Elektrik enerjisi ilə təchizatda hazırda problem yoxdur. Son illər ərzində ölkəmizdə bir çox elektrik stansiyası tikilmişdir. Deyə bilərəm ki, biz öz enerji potensialımızı böyük dərəcədə gücləndirə bilmişik. Son on il ərzində tikilən stansiyaların istehsal gücü mövcud potensialımızın təxminən 40 faizini təşkil edir. Əgər o stansiyalar tikilməsəydi, bu gün biz ölkəmizin uğurlu inkişafına nail ola bilməzdik. Ona görə 2004-cü ildən başlayaraq Azərbaycanda elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır, bölgələrdə və eyni zamanda, Bakıda. Beləliklə, biz bu problemi aradan qaldırmışıq.
Ancaq son on il ərzində elektrik enerjisinə olan tələbat böyük dərəcədə artmışdır. Bu da təbiidir. Çünki son on il ərzində həm iqtisadiyyat, sənaye artmışdır, insanların rifah halı yaxşılaşmışdır. Əgər əvvəlki illərdə bizdə qışda və yayda enerji sərfiyyatında fərq var idisə, indi bu fərq yoxdur. Nə üçün? Çünki əvvəlki illərdə yay aylarında daha az istifadə olunurdu. Ancaq son illərdə insanların yaşayış səviyyəsinin yaxşılaşması nəticəsində demək olar ki, vətəndaşlarımızın əksəriyyəti kondisionerlər əldə etmişlər və beləliklə, yayda da enerjiyə olan tələbat artmışdır.
Ancaq biz gələcəkdə yeni stansiyaların tikintisinə başlayacağıq. Eyni zamanda, Bakı şəhərində və bölgələrdə yarımstansiyaların tikintisi də nəzərdə tutulmalıdır. Çünki bizim uğurlu inkişafımız bunu tələb edir. Tələbat artır və mövcud potensial tələbatdan çox, ondan böyük olmalıdır. Biz öz inkişaf dinamikamızı bilirik. Bilirik ki, on il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir. Ona görə yeni stansiyaların tikintisinə böyük ehtiyac vardır.
Hazırda Bakıda yeni böyük elektrik stansiyası tikilir - "Şimal-2". Ola bilər ki, bir dənə də böyük stansiyanın tikintisinə ehtiyac olacaqdır. Ötürücü xətlər də yenilənir. Ötürücü xətlərin yerin altına salınması prosesi də gedir. Biz buna da nail oluruq. Bir sözlə, elektrik təchizatı ilə hazırda şəhərdə heç bir problem yoxdur. Ancaq gələcəyə baxmaq lazımdır və daim bu sahə diqqət mərkəzində olmalıdır.
Qazlaşdırma da demək olar ki, Bakı şəhərində öz həllini tapmışdır. Qazlaşdırma 96 faizdir. Qazlaşdırılmayan məntəqələr, yerlər də qazlaşdırılmalıdır ki, Bakı şəhəri 100 faiz qazla təmin edilsin.
Bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir. Biz təqribən 90 faizə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. Yəni, bu, daha çox sosial xarakter daşıyan təşəbbüsdür. Biz bunu edirik, etməliyik ki, insanlar qazla təmin olunsunlar.
İçməli su və kanalizasiya layihələri isə bu gün deyə bilərəm ki, Bakı üçün, ölkəmiz üçün ən vacib olan məsələdir. İndi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir. Bəzi rayon mərkəzlərində, şəhərlərdə artıq bu, icra edilibdir. Bu da tarixi nailiyyətdir. Çünki biz həmişə sudan əziyyət çəkirdik, su qıtlığını yaşayırdıq. Azərbaycanda kanalizasiya sistemi nasaz vəziyyətdə idi. İçməli su ilə də problemlər var idi, fasilələrlə verilirdi. Bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır. Yəni, bu sahəyə də göstərilən diqqət öz nəticəsini verir. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaqdır. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcəkdir ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaqdır və bu məsələ birdəfəlik öz həllini tapacaqdır.
Eyni zamanda, istilik sisteminin bərpası prosesi gedir. Hələ
görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakıda
istiliyi 100 faiz təmin edək. Bu, həm
bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik
olan yerdə elektrik enerjisinə tələbat da azalır.
Çünki qış aylarında
qızdırıcılara ehtiyac qalmayacaqdır. Yəni, bu işlər kompleks şəkildə
öz həllini tapacaqdır. Mən buna
şübhə etmirəm. Sadəcə
olaraq istəyirəm ki, bu, tezliklə öz həllini
tapsın. Vaxtilə elektrik enerjisi ilə
olan problemlər də öz həllini tapmışdır.
O vaxt mən demişdim ki, həm ölkə üzrə, o
cümlədən Bakı şəhərində
düzdür, çətinliklər, problemlər var idi.
"Bakıelektrikşəbəkə"ni
biz dövlət nəzarətinə qaytardıq. Ondan sonra investisiya da qoyuldu və məsələ
öz həllini tapmağa başladı. Çətinliklər
hər yerdə vardır. O vaxt mən yaxşı
xatırlayıram, demişəm, elə olmalıdır ki, hər
bir yerdə, hər bir evdə hər bir vətəndaş
düyməni basıb elektrik enerjisi almalıdır.
Eyni sözləri mən indi digər infrastruktur layihələrinə
də aid edirəm. Elə olmalıdır ki, hər bir vətəndaş
evində kranı açıb suyu ala bilsin, istilik də, qaz
da, işıq da olmalıdır. Yəni,
bu, hansısa böyük qəhrəmanlıq deyildir. Bu, təbii ehtiyaclardır. Biz
bunu təmin etməliyik. Vaxtilə bunlar
olmayıbdır. Həmişə bizim vətəndaşlarımız
əziyyət çəkiblər. Ancaq
olmalıdır və olacaqdır. Azərbaycan
kimi inkişafda olan ölkədə, Bakı kimi gözəl
bir şəhərdə biz belə problemləri saxlaya bilmərik,
buna dözə bilmərik.
Ona görə növbəti
illərdə bu, həm dövlət investisiya proqramında nəzərdə
tutulacaqdır, eyni zamanda, bütün işlər yüksək
keyfiyyətlə və qısa müddət ərzində
öz həllini tapmalıdır. Bakıda
içməli su ilə təminat yaxşılaşıb.
Son iki il ərzində böyük inkişaf,
irəliləyiş vardır. Elə etməliyik ki, növbəti
üç il ərzində Bakı şəhərində
su, kanalizasiya problemi olmasın. Bir daha demək
istəyirəm ki, bütün bu işlər dünyanın ən
yüksək standartlarına cavab verməlidir.
Burada lift
təsərrüfatı haqqında söhbət açıldı.
Bu da çox vacib məsələdir. Mən bir müddət bundan əvvəl
maraqlandım ki, lift təsərrüfatı hansı vəziyyətdədir,
bu sahədə vəziyyət necədir?! Mənə məlumat verildi
ki, böyük problemlər vardır. Bəzi
hallarda işləmir, köhnəlib, nasaz vəziyyətdədir.
Ona görə qərar qəbul edildi ki, biz dünyanın aparıcı
firmalarının istehsalı olan liftləri Bakıya gətirək.
Nəinki Bakıda, Sumqayıt, Gəncə və Mingəçevir
şəhərlərində də lift təsərrüfatı
yenilənir. Prezidentin Ehtiyat Fondundan vəsait
ayrılmışdır. İndi burada məlumat
verildi ki, min ədəd lift gətirilmişdir,
quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını
tam şəkildə yenidən qurmalıyıq. Bu da bundan sonra onilliklər ərzində bu məsələnin
həllini təmin edəcəkdir.
Eyni zamanda, yaşayış binalarının həyətləri
də abadlaşmalıdır. İndi Bakıda müxtəlif yerlərdə,
- bu gün bu barədə mən dedim, - parklar, bağlar
salınır. Elə etməliyik ki,
insanların yaşadıqları evlərin həyətləri
də abadlaşdırılsın, harada mümkündürsə
kiçik idman meydançaları tikilsin. İnsanların
rahatlığı üçün nə lazımdırsa biz
bunu etməliyik və edəcəyik.
Bakının, xüsusilə onun qəsəbələrinin
ən ciddi problemlərindən biri yol təsərrüfatıdır. Bakı qəsəbələrində
bu proqram başlamazdan əvvəl əksər yollar torpaq
yollar idi. Yağış yağan kimi o
yollar bərbad vəziyyətə düşürdü.
Ümumiyyətlə, biz Bakıda, qəsəbələrdə
torpaq yollarını aradan qaldırmalı idik və bu məqsədlə
proqramda konkret tədbirlər planı nəzərdə
tutulmuşdur. Düzdür, bu məsələlər
kanalizasiya və su xətlərinin çəkilişi ilə
uzlaşmalıdır. Çünki ilk
növbədə, kommunikasiyalar çəkilməlidir, ondan
sonra yollar salınmalıdır. Burada həm
şəhər icra hakimiyyəti, həm də İqtisadiyyat
və Sənaye Nazirliyi nəzarət edirlər ki, bu məsələlər
paralel şəkildə öz həllini tapsın.
Qəsəbələrarası yollar yenidən qurulur. Biz artıq
bunu görürük. Bu iş gələcəkdə
davam etdiriləcəkdir. Qəsəbədaxili
yollar bir qədər diqqətdən kənarda qalır. Ancaq qəsəbələrə tez-tez səfər
edərkən vəziyyətlə maraqlanıram. Hələ ki, görüləsi işlər
çoxdur. Biz
çalışmalıyıq ki, Bakı qəsəbələrində
daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır.
Ona görə növbəti proqramda bu məsələlər
öz həllini tapmalıdır. Konkret hər
qəsəbə üzrə proqramda göstərilməlidir
ki, neçə kilometr yol çəkiləcəkdir. Bunun çəkilmə müddəti göstərilməlidir
ki, bu məsələ də birdəfəlik şəkildə
öz həllini tapsın.
Şəhər nəqliyyatı ilə bağlı son
illərdə irəliləyiş vardır. Artıq bir dənə
də olsun köhnə marşrut avtobusu, marşrut taksisi
yoxdur. Artıq onlar yaddan
çıxır. Amma biz yaxşı
xatırlayırıq ki, bu, şəhərə nə qədər
yaraşmayan bir nəqliyyat vasitəsi idi. Yeni avtobuslar alınıbdır. Ancaq hesab edirəm
ki, Bakı kimi gözəl şəhər üçün
daha da gözəl
avtobuslar gətirilməlidir. Mən
artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya
Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti,
ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti
ilə də yeni avtobusların gətirilməsi təmin edilə
bilər. İnsanlar üçün
lazım olan, insanları narahat edən məsələlərdə
dövlət nəzarəti çox güclü
olmalıdır. Ona görə biz Azərbaycanda
strateji infrastrukturu dövlət nəzarəti altında
saxlayırıq. "Azərsu",
"Azəristilik", "Azəriqaz", əlbəttə
ki, Neft Şirkəti, "Azərenerji",
"Bakıelektrikşəbəkə", metro və digər
sahələr dövlət nəzarətindədir.
Ona görə dövlət orada tarif siyasətini uğurla
apara bilər.
Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər
dünya miqyasında ən aşağı yerlərdədir.
Dövlət investisiyaları da cəlb edilə
bilər bu sahələrə. Ona görə
şəhər nəqliyyatı ilə bağlı məsələyə
baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər
alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss
etsinlər.
Metro tikintisi Azərbaycanda geniş vüsət
almalıdır. Konkret proqram qəbul edilibdir. Metro tikintisi ilə bağlı xüsusi
müşavirə də keçirmişdim. Hazırda bizdə 23 stansiya vardır. Son illərdə bir neçə stansiya
tikilmişdir. Ancaq proqrama əsasən 2035-ci ilə qədər
Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər
il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu, çox
böyük vəsait tələb edən, sırf sosial
xarakter daşıyan məsələdir. Çünki
bu gün metro tarifləri heç metronun ehtiyaclarının
beşdə birini ödəmir. Dövlət
tərəfindən subsidiyalar verilir. Bunu
da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət
subsidiyaları hesabına fəaliyyət göstərir.
Əlbəttə, nə qədər çox
stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər
də çox yük olacaqdır. Ancaq biz
bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan
yanaşırıq.
Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu
ölkələrlə müqayisədə bizdə qaz tarifləri
aşağıdır. Su tarifləri də
həmçinin, benzin də həmçinin, elektrik enerjisi də.
Yəni, bütün bunları dövlət tənzimləyir.
Bütün bunlar dövlət tərəfindən
ödənilir. O cümlədən metro tikintisi də
dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm
ki, subsidiyalar əsasında öz həllini tapır.
Bizim planlarımız böyükdür. Çünki
ictimai nəqliyyat elə rahat olmalıdır ki, insanlar daha
çox ictimai nəqliyyatdan istifadə etsinlər. Düzdür, indi insanların rifah halı
yaxşılaşır, biznes mühiti çox müsbətdir.
Azərbaycana hər il yüz min, bəlkə də ondan çox
avtomaşın idxal edilir. Yəni, əgər
rifah halı yaxşılaşmasaydı, bunların heç
biri mümkün olmazdı. Əlbəttə, gətirilən
on minlərlə,
yüz minlərlə maşın yol infrastrukturuna əlavə
təzyiq göstərir. Ona görə
tıxaclar yaranır. Biz nə qədər
yol qovşağı, tunel, yol ötürücüsü tiksək
də, yenə də bu, təzyiq olacaqdır. Son 10 il ərzində onlarla tunel, yol
ötürücüsü, yol qovşağı, yeni yollar
tikilmişdir. O yollar yox idi. Misal
üçün, təbiidir ki, indi hər şey tez unudulur.
Ancaq bu gün aeroportu şəhər ilə
birləşdirən ikinci yol fəaliyyət göstərir
ki, bu yol heç vaxt olmamışdır. Şəhərin
içində nə qədər yol genişləndi. Aeroport yolu iki dəfə genişləndi. Əgər genişlənməsəydi nə
olacaqdı?! Digər yerlər də, harada
mümkündürsə biz yeni yolları, damarları
açırıq ki, şəhər nəqliyyatı rahat fəaliyyət
göstərsin. Biz bu prosesi gələcəkdə
də davam etdirəcəyik. Yeni yol
qovşaqlarının, yolların tikintisi nəzərdə
tutulur. Ancaq ictimai nəqliyyat elə
olmalıdır ki, insanlar rahat istifadə etsinlər. Onların içində metro ən ucuz, ən rahat nəqliyyat
vasitəsidir. Metro tikintisi növbəti
illərdə sürətlə aparılacaqdır.
Sosial infrastrukturun yaradılması ilə bağlı
son illərdə böyük işlər
görülmüşdür. Bakı şəhərində
məktəblərin bərpası, tikintisi gedir. Məktəblərin böyük əksəriyyəti
yüksək səviyyədə təmir edilmişdir. Ancaq təqribən 90-a yaxın məktəbdə təmir
işləri aparılmalıdır. Hesab
edirəm ki, əgər biz əvvəlki illərin templəri
ilə getsək, 2014-cü və 2015-ci illərdə
Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan
qalxacaqdır. Yeni təmir olunmuş məktəblər
ən müasir avadanlıqla da təmin edilir.
Uşaq bağçaları problemi çox ciddi
problemdir. Xüsusilə son illərdə valideynlər
uşaqlarını daha çox uşaq
bağçalarına vermək istəyirlər. Bu da təbiidir. Çünki
uşaq bağçaları çox yüksək səviyyədə
təmir edilibdir. Ancaq bizim mövcud
imkanlarımız hələ ki məhduddur. Deyə bilərəm ki, uşaq
bağçaları ilə təminat təqribən 20-25
faizdir. Ona görə biz növbəti illərdə
uşaq bağçalarının tikintisinə, təmirinə
böyük diqqət verməliyik. Yaxşı
ki, vaxtilə - sovet dövründə həm məktəblər,
həm uşaq bağçaları elə tikilmişdi ki,
onların həyəti çox genişdir, böyükdür
və orada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir.
Yeni yaşayış binaları, yeni massivlər
tikilərkən orada məktəb və uşaq
bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir.
Biz çalışmalıyıq, maksimum dərəcədə
insanları uşaq bağçaları ilə təmin edək
ki, bu məsələ də öz həllini tapsın.
Tibb ocaqları bərpa edilir, Bakı şəhərində
yeniləri tikilir. 150-dən çox tibb müəssisəsi
vardır. Onlardan son illər ərzində
41-i təmir edilib və tikilib, 13 müəssisədə təmir
işləri gedir. Bakıda böyük
Sağlamlıq Mərkəzi tikilir. Tibbi
xidmət əlbəttə ki, yüksək səviyyədə
olmalıdır. Yəni, bu da sosial
infrastrukturun yaradılması deməkdir. Bu
məsələ də daim diqqət mərkəzindədir.
Qəbul ediləcək növbəti proqramda da əlbəttə
ki, bu məsələlər öz həllini tapacaqdır.
Ekoloji tədbirlər görülür və
görüləcəkdir. Əfsuslar olsun ki,
Bakıda 200 ilə yaxın davam edən neft istehsalı
ekologiyaya böyük dərəcədə ziyan vurmuşdur.
Bu ziyanı biz indi aradan götürürük.
Bu, çox çətin, çox böyük
vəsait tələb edən məsələdir. Bakıda neftlə, digər tullantılarla çirklənmiş
kifayət qədər yerlər vardır. Siz
də bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm.
Biz bu yerləri tədricən təmizləyirik,
rekultivasiya aparılır. Bu gün
çıxışlarda bu səsləndi.
Bu, böyük vəsait və vaxt tələb edir.
Ancaq deyə bilərəm, görülən işlər
sübut edir ki, bu sahədə də biz uğurlara
çatacağıq. Çünki misal üçün,
Bakının və dünyanın ən qədim neft mədənlərindən
biri olan Bibiheybət mədənində indi təmizlik işləri
aparılıbdır. İndi buruqların ətrafı
təmizdir. Mən demişəm ki, orada
ağaclar əkilsin, park salınsın. Bir
neçə ildən sonra o buruqlar meşə arasında
qalacaqdır.
"Ağ şəhər" layihəsinin icra
olunduğu ərazidə vaxtilə Nobel qardaşlarının
gördüyü işlər nəticəsində
böyük çirklənmə olmuşdur. İndi o
torpaqlar oradan çıxarılır, rekultivasiya işləri
aparılır. Yeni şəhər
içində yeni bir şəhər salınır.
Digər yerlərdə ekoloji tədbirlər
görülür. Biz Balaxanıda tullantıların təmizlənməsinə
nail ola bilmişik. Bu da hesab
edirəm ki, böyük tarixi layihədir. Bu layihəyə başlayanda bir çoxları inanmırdı
ki, biz buna nail olacağıq. Çünki
siz də yaxşı xatırlayırsınız ki, orada
tullantılarla əlaqədar yanğınlar nəticəsində
bütün ətrafı tüstü bürüyürdü.
Hazırda ora da təmiz bir yerdir, poliqondur.
Dövlət hesabına məişət
tullantıları zavodu tikilmişdir. İndi
məişət tullantılarının idarə edilməsi,
utilizasiya ilə bağlı əlavə konkret tədbirlər
görülür. Yəni,
tullantıların insanların həyətlərindən
götürülməyindən məişət
tullantıları zavoduna qədər bir zəncir qurulur.
Əminəm ki, biz bu sahədə də
lazımi səviyyəyə çatacağıq. Burada heç nə icad etmək lazım deyildir.
Sadəcə olaraq, inkişaf etmiş şəhərlərdə
bu məsələlər necə həll olunursa, Bakıda da
bu məsələ o səviyyədə öz həllini
tapmalıdır.
Bakının ekoloji vəziyyətinin
yaxşılaşdırılması üçün digər
tədbirlər də həyata keçirilir. Ağacəkmə
tədbirləri görülür. Düzdür, son illər
bu işlər bir az səngiyib. Ancaq hesab edirəm ki, biz buna yol verməməliyik.
"Ekologiya ili"ndə daha çox ağac əkilmişdir.
Yadımdadır, mən "Ekologiya ili" başa
çatanda dedim ki, "Ekologiya ili" rəsmən başa
çatır. Ancaq hər il "Ekologiya
ili" olmalıdır. Ağacəkmə yaddan
çıxmamalıdır. Yerli icra
orqanları, bələdiyyələr lazımi vaxtlarda,
mövsümdə bu işlərlə ciddi məşğul
olsunlar. Biz Bakını daha da
yaşıllaşdırmalıyıq. Bu proses daim getməlidir,
yaddan çıxmamalıdır.
Bakının ekoloji vəziyyətini
ağırlaşdıran o illər boyu mövcud olan göllərdir. O göllərə
axıdılan sular çirkab sularıdır,
lay sularıdır, neft mədənlərindən
çıxan sulardır. Bu göllər həm
ekoloji vəziyyəti korlayır, həm ümumi
görüntünü pozur. Artıq vaxt gəlib
çatıb ki, biz bu məsələ ilə də məşğul
olaq. Bu da maliyyə baxımından
çox ağır bir məsələdir. O göllərin
təmizlənməsi məsələsi gündəlikdədir.
Bəzi təklİflər var idi ki, bu göllər
qurudulsun. Digər təkliflər var idi ki,
təmizlənsin. Hər bir gölə fərdi
qaydada yanaşmaq lazımdır. Deyə
bilərəm, ictimaiyyət də bunu bilməlidir ki, biz əgər
belə demək mümkünsə, ən ağır göldən
başlamaq istəyirik. Biz Böyük
Şor gölünün təmizlənməsinə
başlamaq istəyirik. Böyük Şor
gölü min hektarı əhatə edir. Bu,
çox nəhəng bir göldür. Ona
görə təklif verilmişdir ki, biz bu gölü iki yerə
bölək. Göl üzərindən
avtomobil yolu çəkiləcəkdir. Belə
layihə vardır. Altızolaqlı
avtomobil yolu çəkiləcəkdir. Gölün
birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik,
şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir,
həm nəqliyyat üçün çox vacib bir
infrastruktur olacaqdır. Bütövlükdə
biz özümüzü bu işlərdə də
sınamalıyıq. Yəni, biz buna nail
ola biləcəyik, yoxsa yox?
Bu günə qədər Azərbaycanda, Bakıda
heç vaxt belə işlər görülməmişdir. Bizim də təcrübəmiz
yoxdur. Əlbəttə ki, biz bu sahədə
təcrübəsi olan xarici şirkətləri dəvət
etmişik, onlarla işləyəcəyik. Ancaq biz baxmalıyıq bu mümkündür, yoxsa
yox. Çünki müxtəlif fərziyyələr,
müxtəlif fikirlər vardır. Ona
görə biz həm özümüzü
sınamalıyıq, həm də ki, bu üsuldan istifadə
etməliyik.
Əgər istədiyimizə nail ola bilsək, 2015-ci ilin yayına qədər
Bakıda 300 hektarı əhatə edən gözəl, təmiz,
şəffaf bir göl yaranacaqdır. Digər göllərlə
bağlı həm şəhər icra hakimiyyəti, həm
İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi birgə işləsinlər, konkret təkliflər
versinlər. Ola bilər, biz xüsusi proqram da qəbul
edək ki, bu məsələlər də öz həllini
tapsın və Bakının ekoloji məsələləri
yüksək səviyyədə həll edilsin.
Bakıda ictimai zonaların yaradılması geniş
vüsət almışdır. Siz də, ictimaiyyət
də bunu yaxşı bilir ki, Bakı ilə, Bakının
inkişafı ilə bağlı əsas istiqamətlərdən
biri də parkların, bağların salınmasıdır.
Hesab edirəm ki, son illər ərzində bu sahədə
də böyük nailiyyətlər əldə edilmişdir.
Bakı Bulvarı yenidən qurulmuşdur, bərpa
edilmişdir. Bu gün dünya miqyasında ən rahat,
gözəl istirahət zonalarından biridir. Bakı
Bulvarının uzadılması layihəsi də öz həllini
tapmışdır, yeni bulvar, Bayraq Meydanı
salınmışdır. Bayraq
Meydanından Bibiheybət istiqamətinə yeni bulvar
salınır. Bibiheybətin birinci, yəni,
bu tərəfdən birinci buruğuna qədər orada gəzinti
zolağı tikilir. Onun arxasında
böyük Su İdmanı Sarayı tikilir, orada digər idman
qurğuları, incəsənət şəhərciyi
olacaqdır. Digər istiqamətə - Dəniz
vağzalından neftayırma zavoduna qədər yeni bulvar
yaradılır. Ümumiyyətlə,
neftayırma zavodundan Bibiheybət buruqlarına qədər yeni
bulvarın uzunluğu təxminən 20 kilometr olacaqdır.
Biz daha da uzağa gedə bilərdik, ancaq bax bu
iki, necə deyərlər, sədd, yəni, maneə elə
bil ki, bizim qarşımızı kəsir. Neftayırma zavodunu biz indi köçürə bilmərik.
Yeni, Bakıda, Qaradağ rayonunda neftayırma zavodunun tikintisi nəzərdə
tutulur. O zavod tikiləndən sonra, - hesab edirəm ki, təxminən
5 il çəkər, - köhnə
neftayırma zavodunun köçürülməsi də
mümkün olacaqdır və biz "Ağ şəhər"
və Zığ bulvarını uzadacağıq. Hazırda bizim bu planlarımız vardır, biz buna
da nail olacağıq.
Yəni, Bakıda ictimai yerlərin yaradılması
prosesi sürətlə gedir. Deyə bilərəm
ki, dünyanın heç bir şəhərində bu qədər
ictimai yerlərin, parkların yaradılmasına diqqət
göstərilmir. Biz hamımız
yaxşı xatırlayırıq ki, Əl Oyunları Sarayından
Bayraq Meydanına qədər olan zonada sənaye müəssisələri,
dağılmış zavodlar var idi. Mən
məsələ qaldıranda ki, biz bunları
köçürməliyik, burada bir gəzinti zonası yaratmalıyıq, bəziləri
dedilər bu mümkün deyil, bunlar strateji əhəmiyyətli
layihələrdir. Mən bilirdim bunlar
hamısı yalan idi. Sadəcə olaraq, o
yerlərə nəzarət edənlər istəmirdilər
ki, o yerlər onların əlindən çıxsın.
Bəlkə də istəyirdilər ki, gələcəkdə
onları özəlləşdirsinlər, sonra o torpaqları
satsınlar, binalar tikilsin. Mən bilirəm
məsələ nə idi. Eyni məsələ
biz Heydər Əliyev Mərkəzini tikəndə də
ortaya çıxmışdı. Mənə
deyirdilər ki, bu, strateji əhəmiyyəti olan bir zavoddur - əvvəllər
leytenant Şmidt, sonra Səttərxan adlanan zavod. Mən oraya gedib
baxanda gördüm ki, şüşələr
dağılıb, divarlar sökülüb, heç nə
yoxdur. Soruşdum əgər bu, əhəmiyyətlidirsə,
şüşələr niyə sökülüb. Dedilər ki, bu ventilyasiya üçün
sökülüb. Bilirsiniz, belə olan
halda güclü iradə göstərilməlidir və biz bu
iradəni göstərdik.
Heydər Əliyev Mərkəzi bu gün dünya miqyasında
ən gözəl memarlıq abidələrindən biridir. Yeni bulvar bu
gün ən gözəl istirahət zonalarından biridir.
İndi baxın, insanlar üçün nə
qədər gözəl imkanlar yarandı. Bu gün hansı şəhərdə bu sahələrə
bu qədər investisiya qoyulur? Ancaq Bakıda. Digər ictimai yerlərin yaradılması da bax,
bizim iradəmizi göstərir. Mərkəzi park - onu kimsə qış bulvarı
adlandırırdı. Bilmirəm haradan
çıxdı, sonradan elə qış bulvarı kimi
tanınır, amma mən qış bulvarının mənasını
başa düşə bilmirəm, bu, nə deməkdir.
Yəni, əgər qapalı bir yer olsaydı, deyərdim ki,
insanlar gəzmək üçün qışda oraya gedə bilərlər.
Bunun adı Mərkəzi parkdır. Onun altında dörd min maşınlıq parkinq
tikilibdir. Üstü də gözəl bir
parkdır, gəzinti zonasıdır. Əgər
biz o vaxt iradə göstərib o yerləri yenidən qurmasaydıq,
nə olacaqdı?! Orada o küçə
ilə maşınlar keçə bilmirdi. Füzuli küçəsindən o tərəfə
- Dram Teatrına qədər bircərgəli sağ-sol yolda
maşının keçməsi mümkün deyildi. İndi hər iki istiqamətə 4-5 zolaqlı yollar
çəkilib. O sahələrlə bağlı bizim gələcək
planlarımız da vardır. Orada köçürülən binaların yerində
ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına
uyğun olaraq köçürülmə baş verirsə,
onların yerində ictimai yerlər, parklar
salınmalıdır. Orada bir dənə
də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər
harada indi köçürmə lazımdırsa, orada
yaşayan vətəndaşlarla danışsınlar,
anlaşsınlar, köçürsünlər, onların
yerində bina tiksinlər. Biz Bakını
parklar, bağlar şəhərinə çeviririk. Bakının artıq bir neçə mərkəzi
vardır. Bu da deyə bilərəm ki,
Bakının əlamətidir, xüsusiyyətidir. Burada abadlıq, gözəllik, rahatlıq və
funksional tərəflər vəhdət təşkil etməlidir.
Bu yaxınlarda biz Dədə Qorqud
parkının açılışını qeyd etdik.
Orada ilk dəfə olaraq süni göl
yaradıldı. Altı hektarı əhatə
edən böyük parkdır, gözəl gəzinti yerinə
çevrilibdir. Biz parkın genişləndirilməsini
də nəzərdə tuturuq. Yəni,
bütün bu işlər insanlara xidmət göstərir,
şəhərimizi gözəlləşdirir və Bakıda
yeni bir mühit yaradır.
Yeni yaşayış binalarının tikintisi ilə
bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət
olmalıdır, özbaşınalıq olmamalıdır. Çünki
hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə,
hansı ki, ictimai yerlərin yaradılması nəzərdə
tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar.
Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir?
Dedi ki, belə şey ola bilməz. Dedim ki,
gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina
qaldırırlar. O yer iki həftə nəzarətsiz
qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa
başladı. Təbii ki, dərhal
söküldü və o binanı orada tikmək istəyən
də öz payını almalıdır.
Özbaşınalıq və anarxiya ola
bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər
bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq
ansamblı pozulur.
Ona
görə hesab edirəm ki, yeni yaşayış binalarının
tikintisi ilə bağlı məhdudiyyət
qoyulmalıdır. Hər bir layihə ciddi
araşdırılmalıdır. Biz şəhərin mərkəzində
bütövlükdə yeni binaların tikintisinə
baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq.
Ona görə bu məsələlərə çox ciddi nəzarət
olmalıdır və bu işlər planlı şəkildə
görülməlidir.
Bakının gələcək inkişafı ilə
bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq
edilibdir. Bax, bütün işlər onun əsasında
görülməlidir.
Qəsəbələrlə bağlı artıq burada
deyildi. Bu proqramın qəbul edilməsi əslində daha
çox qəsəbələrin inkişafına
hesablanmışdır. Bu gün də bu
belədir və qəbul ediləcək növbəti proqramda
da qəsəbələrin bütün problemləri öz həllini
tapmalıdır və tapacaqdır. Qəsəbələrdə
iş yerləri açılır, yeni müəssisələr
yaradılır. Bu da çox müsbət
haldır. Biz bunu da
alqışlayırıq. Bu işlər
dövlət tərəfindən veriləcək güzəştli
kreditlər hesabına daha da sürətlə gedəcəkdir.
Bakı sənaye şəhəri kimi formalaşıb və
təsadüfi deyildir ki, Bakıda çoxsaylı sənaye
müəssisələri vardır. Onların bir hissəsi artıq köhnəlib,
sıradan çıxıb. Biz onları
köçürmüşük, sökmüşük.
Onların yerində bayaq da qeyd etdiyim kimi, yeni,
gözəl parklar, ictimai yerlər salınır. Ancaq əlbəttə
ki, iqtisadi inkişafımızın gələcək istiqaməti
sənayeləşmə ilə bağlı olacaqdır. Bu barədə mən
dəfələrlə demişəm ki, Azərbaycanda
müasir sənaye
kompleksləri tikilməlidir. Ancaq bu
komplekslərin tikintisi üçün yerlər artıq
müəyyən edilibdir. Sənaye mərkəzi
Bakıdır, Sumqayıtdır, Gəncədir, Mingəçevirdir. Sənaye daha çox bu şəhərlərdə
inkişaf edəcəkdir. Paytaxtın sənaye
potensialının gücləndirilməsi ilə bağlı
Bakıda, Qaradağ rayonunda bu işləri görmək üçün
daha da yaxşı imkanlar vardır. Həm ərazi
böyükdür, həm şəhərin mərkəzindən
bir qədər aralıdır. Ona görə Bakıda,
şəhərin mərkəzində sənaye müəssisələrinin yaradılması məqsədəuyğun deyildir. İşləməyən, havanı çirkləndirən
sənaye müəssisələri ya bağlanmalıdır,
ya onlara qarşı cəza tədbirləri görülməlidir.
Ümumiyyətlə, biz ekologiyanı pozan müəssisələrin fəaliyyətinə yenidən
baxmalıyıq. Kim o müəssisələri
işlədir, ya dövlət, ya özəl qurumlar buyursunlar
getsinlər bütün ekoloji normalara riayət etsinlər.
Ona görə Bakının sənaye inkişafı ilə
bağlı hesab edirəm ki, Qaradağ rayonunda böyük
imkanlar vardır və bizim sənayemiz orada inkişaf edəcəkdir. Onsuz da orada həm
gəmiqayırma zavodu, həm yeni dəniz limanı tikilir. Orada digər
böyük müəssisələr tikilmişdir. Gələcəkdə orada neftayırma, neft-kimya
kompleksi tikiləcəkdir. Ona görə şəhər
icra hakimiyyəti də bu məsələyə diqqət
yetirsin ki, Bakı şəhərində böyük sənaye müəssisələrinin
tikintisinə ehtiyac yoxdur.
Biz Ələt Dəniz Limanının tikintisini sürətləndirməliyik. Bu,
böyük bir layihə olacaqdır, artıq icra edilir. Bizim potensialımız artır, Azərbaycan bir
tranzit ölkəsi kimi özünü təqdim edir. Bizim ərazimizdən istənilən istiqamətlər
üzrə yük daşımaları artır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yəqin ki,
gələn ilin sonunda başa çatacaqdır. Belə olan halda əlbəttə ki, yeni dəniz
ticarəti limanının tikintisi məsələsi gündəlikdədir.
Sadəcə olaraq, biz bu işləri daha da
sürətlə aparmalıyıq ki, tezliklə limanın
birinci mərhələsi başa çatsın.
Birinci mərhələ başa çatan kimi
Bakının hazırkı dəniz limanı oraya
köçürülməlidir. Bu gün
Bakı limanının ərazisində olan yerlərdə də
bəri başdan deyirəm, ictimai zonalar olmalıdır.
İndiki limanın ərazisində, ona
bitişik ərazidə, dəniz vağzalına bitişik ərazidə
gözəl park olacaqdır. Beləliklə,
biz bulvarı dəniz vağzalından "Ağ şəhər"
istiqamətinə olan bulvarla birləşdirəcəyik.
Dediyim kimi, artıq orada "Ağ şəhər"
istiqamətində bulvar tikilir. Nobel
prospektindən dənizə qədər olan bütün
binalar artıq yoxdur, onları vətəndaşlar
görmürlər, çünki orada stendlər qoyulubdur.
Müvəqqəti
hasarlama aparılıbdır, ancaq o ərazi tam boşdur. Biz orada
gözəl yeni bir istirahət zonası yaradırıq və
beləliklə, bulvarı tam birləşdirəcəyik.
Ona görə Ələt dəniz limanının birinci mərhələsinin
istifadəyə verilməsi gələn ilin iyun ayına qədər
olmalıdır. Gələn ilin iyun ayından
başlayaraq indiki dəniz limanında abadlıq işləri
başlanmalıdır.
Bildiyiniz
kimi, 2015-ci ildə
Avropa Oyunları
keçiriləcəkdir. Bu oyunlara hazırlıq gələn
il öz həlledici mərhələsinə
qədəm qoyacaqdır. Bu oyunların çox
böyük əhəmiyyəti vardır. Ona görə
ki, birinci
Avropa Oyunlarıdır. Heç vaxt Avropa Oyunları keçirilməmişdir. İlk dəfə Azərbaycanda keçiriləcəkdir.
Bu, ölkəmizə Avropa idman aləmindən
gələn hörmətin təzahürüdür, inamın
əlamətidir. Biz əlbəttə,
çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə
keçirək. Hazırlıq işləri
gedir. Gələn il biz həlledici fazaya
başlayacağıq. Bakıda böyük idman
qurğuları tikilir. Əslində o qurğuların tikintisi
Avropa Oyunları bizə veriləndən əvvəl
başlamışdır - Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdmanı
Sarayı, Stend Atıcılığı Mərkəzi. Ancaq əlbəttə ki, bu obyektlər də Avropa
Oyunlarında öz sözünü deyəcəkdir.
Son illərdə
bütövlükdə Bakıda müasir hotellərin tikintisi
çox geniş
vüsət almışdır. Deyə bilərəm
ki, Bakı bəlkə bu sahədə də rekord həddə
çatıbdır. İki il ərzində
Bakıda beşulduzlu altı hotel
açılmışdır. Bu, investorların
inamının əlamətidir. Ancaq nəzərə
alsaq ki, qonaqların sayı çoxalır, ölkəmiz
haqqında məlumat bütün dünyaya yayılır və
Bakıya gəlmək istəyənlərin sayı
böyük dərəcədə artmışdır, gələcəkdə
yeni hotellərin tikintisinə də ehtiyac olacaqdır. Ona görə şəhər icra hakimiyyəti yerləri
müəyyən etməlidir. Şəhərsalma
planına uyğun olaraq, üçulduzlu, dördulduzlu, əlbəttə
ki, beşulduzlu hotellər də olmalıdır ki,
bütün kateqoriyalı insanlar, onların maddi vəziyyətinə
uyğun olaraq Bakıda rahat qala, şəhərimizlə tanış ola bilsinlər. Bir
sözlə, görülən işlər doğrudan da,
çox əhəmiyyətlidir. İkinci
proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda
istənilən məsələ öz həllini tapa bilər.
Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır.
Gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı qəbul edilməlidir. Şəhər icra hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. Proqramın demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin. Bilirəm ki, bu təkliflər verilibdir. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın.
Beləliklə,
gözəl şəhərimizin gələcək
inkişafı və abadlaşması üçün yeni
dövr başlayır. Bu işlərin görülməsində
sizə yeni uğurlar arzulayıram.
Sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 24 dekabr.- S.3-4.