Uğur rəmzi
Siyasi liderlərin obrazı onların rəhbərlik etdikləri etnosların tarix səhnəsindəki özünüifadəsini müəyyənləşdirir. Bu obrazın özünün zamanın yaşatdıqlarına, onun tələbləri tez-tez dəyişən meyillərinə nə dərəcədə uyğun olub-olmamasından isə xalqların zəfər və ya faciələri asılıdır. Ona görə də vaxt istənilən toplumun keçib gəldiyi dönəmləri ağ və qara günləri simvollaşdıran əlvan saplarla ilmələyib. Və istəsən də, istəməsən də bu naxışların hər birindən o günlərin müəllifi olan bir liderin portreti boylanır...
Fatehlər haqqında yazmaq, danışmaq çox asandır. İllərin o üzündə qalmış yürüşlər, çoxsaylı döyüşlər haqqında mif və həqiqətlər, at belində yaranmış əfsanələr bu yerdə həmişə dadına çatacaq. Amma heç bir halda oxucuna, həmsöhbətinə konkret nəticə göstərə bilməyəcəksən.
Fəth edilmiş ərazilər hesabına qurulan imperiyalar çoxdan param-parça olub, güc təhdidi ilə diz çökdürülən xalqlar yenidən ayağa qalxıb toparlanaraq taleyini müəyyənləşdirib. Bir zamanlar dünyanın əvəzinə düşünmək iddiasında olan sərkərdələr də yavaş-yavaş unudulub gedib.
İndi sən onlardan ancaq çox az sayda elələrini xatırlayırsan ki, vaxtında hərbi yürüşlərdən, müharibələrdən başqa, ucsuz-bucaqsız torpağın bircə parçasının üstündə nəsə tikib-ucaltmağa da macal tapıblar. Həyan olduqları hansısa şairin, yazıçının, alimin əsərlərinin bir neçə cümləsində ölməzlik qazanıblar...
***
İkinci cahan savaşının nəticələri tarixin fəth səhifəsini qapatdı. Fatehlik iddiası ilə bəşəriyyəti fəlakətə sürükləyənlərin ağır iqbalında zaman da öz səhvlərini düzəldərək qarşıdakı əsrlərdə xalqları irəli apara biləcək liderlərin yeni portretini müəyyənləşdirdi.
Qılıncın deyil, ağlın gücü, müdriklik, ədalətlilik, kamillik, yurda sevgi, torpağın bərəkətinə bağlılıq ötən əsrin 50-ci illərindən sonra tarix səhnəsinə çıxan siyasi lider obrazının əsas səciyyəvi xüsusiyyətləridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin belə bir obrazla onunla eyni dövrü paylaşan dövlət rəhbərlərinin ön sırasında qərar tutması, yəqin ondan irəli gəlirdi ki, qeyd edilən bu xüsusiyyətlər Onun şəxsiyyətində parlaq şəkildə əks olunmuşdu. Heydər Əliyevin əməlləri bir zamanlar əbədiyyət yolunun vuruşmalarda, ölümlərdə yox, dünyaya, insanlara sevgidə, qurub-yaratmaq əzmində olduğunu dərk edib, özündən sonraya az da olsa nişanə saxlamış fatehlərin mənəvi ömrünün davamıdır.
Əlbəttə, tarix çox şey öyrədir, amma ondan az şey öyrənənlərin sayı da həmişə yetərincə olub. Tarix işğal iddiasına düşənlərə, insanlığa qarşı zülm və əsarət yolu tutanlara qarşı indi daha amansızdır.
Əbədiyyət yolçuluğu yenə dağıtmaqda yox, quruculuqdadır, insanların mənəvi dünyasına verilən dəyərdədir, adillikdədir...
Və nəcib əməlləri ilə dünyanın ən yeni tarixinə özünü məhz belə obrazda, belə bir dəyərdə təqdim edən liderə sahiblik bir xalqın, bir dövlətin gələcək qarşısındakı ən böyük şansıdır.
***
Tale XXI əsrin əvvəllərində də Azərbaycan xalqını belə bir şansdan məhrum etmədi: İlham Heydər oğlu Əliyev...
Milli dövlətçilik tariximizin ən möhtəşəm dövrünə bələdçilik edən bu adın geniş auditoriyaya ilk təqdimatı faktını bir çox müasirlərim 1994-cü ildə axtarırlar.
Amma bu yanaşma ilə razı deyiləm...
Əsla razı deyiləm!
Çünki Azərbaycan cəmiyyətinin İlham Əliyevi ilk dəfə görüb tanıdığı an elə bir günə təsadüf edir ki, o günün bir dəqiqəsini də unutmağa xalq olaraq haqqımız yoxdur.
Əsrlərin milli yaddaşımızda suxurlaşdırdığı çox iti, tutumlu bir ifadə var: "dar gündə tanımaq". Birilərini uzun zamanlardır tanıyarsan, xoş günlərin xuramanlığında çoxları ilə ülfət bağlarsan, amma zamanın səmum yelləri qəddini əydiyində yanında kimləri görərsənsə, dayaq bilib kimlərin boynuna sarılarsansa, kimlərin gücünə sığınarsansa - taleyinə əbədi yazılanlar onlardır.
Qismətdən Azərbaycan xalqı İlham Əliyevlə ilk dəfə belə bir məqamında tanış oldu, Çağdaş tarixinin ən ağır bir vədəsində, dar günündə yanında görüb tanıdı.
Bu sətirləri yaza-yaza 1990-cı ilin 20 yanvar səhərini xatırlayıram. Sovet ordusunun Bakıda törətdiyi vəhşət, paytaxt küçələrindəki qanlı mənzərələr, bu qətliama qarşı kükrəyən insan dənizi yaddaşımda qorxulu filmin kadrları kimi sürətlə bir-birini əvəz edir və xatirələrim həmin günlər uzaq, soyuq Moskvada çəkilmiş bir videolentin tarixi-mənəvi məzmununda lövbər salır.
Epizodlarda Azərbaycanın Moskvadakı nümayəndəliyi qarşısında yaranmış izdihamdır... Bir avtomobil yaxınlaşır... İzdiham dərhal hərəkətə gəlir... Avtomobildən düşən sərnişinlər əhatəyə alınır... Onların binaya keçməsi üçün dəhliz yaradılır. Gələn Heydər Əliyev və yaxınlarıdır...
Səhhətindəki
problemlər fiziki durumundan bəlli...
O dəqiqələrdə
keçmiş SSRİ imperiyasının nəbzi məhz o
izdihamda döyünür. Belə məqamda Heydər
Əliyevə, doğmalarına qarşı nələrin baş
verəcəyini kimsə təxmin edə bilməz. Amma heç nəyə baxmayaraq Azərbaycanın
başına gətirilmiş bu dəhşətləri
imperiyanın mərkəzindən dünyaya yetirməkdən
ötrü ulu öndər dərhal özünü ölkəmizin
Moskvadakı nümayəndəliyinə yetirməyi borc bilib.
İstefasından sonra keçirdiyi ilk mətbuat
konfransında şəxsiyyətinə olan böyük maraqla
az sonra dünya mediasının diqqətini
20 Yanvar hadisəsinə yönəldəcək.
Onu
müşayiət edənlər arasında ucaboylu, səliqəli
geyimli bir gənc var...
Əlində
qovluq Heydər Əliyevin ardınca təmkinlə
addımlayır...
Ulu
öndərə, ətrafdakı insanlara yönəlmiş
sevgi dolu, işıqlı baxışları ilə həmin
an Azərbaycan xalqının sığındığı,
nicat umduğu yeganə liderin şəxsində Azərbaycanın
gələcəyini qorumaq əzmində görünür...
Azərbaycan
tarixinin İlham Əliyevlə ilk tanışlıq anı məhz
həmin kadrlardan başlanır...
***
O
epizodların çəkildiyi vaxt İlham Əliyev Moskva
Dövlət Beynəlxalq Münasibətlər Universitetinin
tarix elmləri namizədi alimlik dərəcəsinə malik gənc
müəllimi vəzifəsində
çalışırdı. Bir müddət sonra təqib və
repressiya maşına ona doğru da yönələcəkdi və
vəzifəsindən uzaqlaşdırılacaqdı... Yüksək dövlət vəzifələrindən
istefasından sonra Heydər Əliyevə qarşı yönələn
təzyiqlər ondan da yan keçməmişdi. Onda İlham Əliyev həm atası
üçün böyük həyəcan keçirir, həm
də özünə qarşı başlanan təzyiqlərə
mətanətlə dözürdü.
Üstəlik,
cəmi bir neçə il əvvəl
yaşadığı Ana itkisi...
Vaxtilə
İlham Əliyevin çətin günlərinin şahidlərindən
olmuş müəllim həmkarlarından biri, indi MDBMİ-nin
Beynəlxalq münasibətlər fakültəsinin dekanı
vəzifəsində çalışan Yuri Alekseyeviç
Bulatov illər sonra xatırlayacaqdı ki, müəllim həmkarları
İlham Əliyevdə siyasətçi üçün
çox vacib olan xüsusiyyəti - zərbəyə dözmək,
təzyiqlərə mətanətlə sinə gərmək
keyfiyyətini hələ o illərdən kəşf
etmişdilər: "...O, bütün baş verənlərə
mətanətlə dözürdü. Ancaq 1990-cı
ildə İlham Əliyev MDBMİ-dən getmək və
atası ilə bir yerdə Azərbaycana qayıtmaq qərarına
gəldi".
Viktor
Andriyanovla birgə qələmə aldığımız və
müxtəlif dillərə tərcümə edilərək
dünyada böyük maraqla qarşılanmış
"Görkəmli adamların həyatı"
seriyasından olan "Heydər Əliyev" kitabı bu məqamlarla
bağlı təfərrüatlara müfəssəl
işıq salır.
Onda İlham Əliyev üçün hələ yolun
başlanğıcı idi. Bəlkə də təzyiqlərə
səbr edib, vəziyyətin qaydasına düşəcəyi
vaxtı gözləmək, elmi-pedaqoji karyeranı davam etdirmək
olardı. Ali məktəb müəllimliyi onun
sevib-seçdiyi bir sahə idi, dərs dediyi tələbələrini
özünə çox doğma bilirdi və müəllimlik
taleyinin ona nə qədər yaxın olduğunu İlham
Əliyevin o illərə dair xatirələrindən də
duymaq olar: "Tələbələrin hisslərini gözəl
başa düşürdüm, demək olar ki, qəlbən hələ
onların, auditoriyada oturanların yanında idim. Odur ki, daim onlara kömək etməyə, dəstək
olmağa, hətta qiymətlərini bir qədər
artırmağa çalışırdım. Düşünürəm ki, mən pis müəllim
deyildim və o vaxtları yaxşı xatırlayıram".
Amma o qərarını vermişdi. O ağır günlərdə
gələcək arzularını deyil, Azərbaycanın, Heydər
Əliyevin və bu iki dəyərin vəhdətində
haqqın yanında olmağı üstün tutmuşdu.
Ona görə də İlham Əliyevin Azərbaycandakı
siyasi proseslərdə iştirakının 1994-cü ildən
götürülməsini bir qədər ədalətsiz
yanaşma kimi qiymətləndirir və bunu qəbul etmirəm.
***
O,
dünyaya gələndə 1961-ci il idi...
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
yüksək rütbəli zabiti Heydər Əliyevin və
alim Zərifə xanım Əliyevanın ailəsində
göz açmış İlham Əliyevin yaşının
üstünə gələn hər yaş ata-anasının
vəzifə, elmi karyera irəliləyişləri ilə
müşayiət olunurdu.
8 yaşı olanda artıq Azərbaycanın birinci şəxsinin
oğlu idi və İlham Əliyevin belə bir statusun müəyyən
etdiyi mühitdə böyüməsi, xarakterinin bu mühitin
hüdudsuz imkanları çevrəsində formalaşması
üçün geniş imkanlar vardı. Amma bu imkanlar,
bu status İlham Əliyevin böyüdüyü evin,
ocağın qapısından kənarda qaldı.
Bu ocaqda o, Azərbaycanın birinci şəxsinin oğlu
kimi deyil, cəmiyyətin kübar dəyərlərini təmsil
edən bir Azərbaycan vətənpərvərinin,
ziyalısının, aliminin ailəsində boy atan övlad
kimi tərbiyələndirildi. O, məhz belə bir mühitin təlqin
etdiyi dəyərlər çərçivəsində,
ruhunda böyüdü, şəxsiyyət kimi öz
xarakterinin təməl əlamətlərini bu dəyərlərin
ruhunda formalaşdırdı.
İlham Əliyevi hələ uşaqlıqdan zəhmətə
alışdırdılar, kimliyindən asılı olmayaraq
insanlara sevgi bəsləməyi təlqin etdilər, xarakterini
sadəliklə, təvazökarlıqla ziynətləndirdilər. Belə bir tərbiyənin
işığında İlham Əliyev ədalət prinsiplərini
hər bir halda qorumağı, haqsızın deyil, haqqı
pozulanın yanında olmağı, öz məqsədlərinə
doğru mətinliklə irəliləməyi, doğru bildiyi
mövqedən geri addım atmamağı öyrəndi.
Sonralar
Heydər Əliyev özü də xatırlayacaqdı ki,
çətin günlərində ona ən yaxın dəstək
verən, bütün təzyiq və təhdidlərə rəğmən
onu haqq mövqeyindən bir addım da olsun geri çəkilməməyə,
Azərbaycan davasını sürdürməyə
çağıran, bunun üçün ona hər cür dəstək
verən silahdaşlarından birincisi məhz İlham
Əliyev idi.
***
Bu davada iştirak Heydər Əliyev qədər
İlham Əliyev üçün də asan deyildi.
1987-1991-ci
illərdə Sovet imperiyasının repressiya
maşını, 1991-1993-cü illərdə isə yenicə
müstəqillik qazanmış Azərbaycanın dövlət
idarəetmə strukturlarını saran tam bir bədxahlar
ordusu Heydər Əliyev qədər İlham Əliyevə
qarşı da yönəlmişdi...
O illərdə
müstəqil dövlətin İlham Əliyev kimi bir
neçə xarici dili sərbəst bilən peşəkar
diplomatlara, gənc alimlərə böyük ehtiyacı
vardı. Dövləti idarə edənlərin çoxu hələ
"biznes", "bazar iqtisadiyyatı" terminlərinin nə
olduğunu bilmədiyi vaxtlarda iş həyatının incəliklərinə,
Qərbin iqtisadi inkişaf meyillərinə dərindən bələd
olan İlham Əliyev kimi menecerlər müstəqil dövlətin
gələcək inkişaf yollarının müəyyənləşdirilməsindən
ötrü hava və su kimi lazım idi.
Amma o, məhz Heydər Əliyevin oğlu olduğuna
görə belə bir diqqətdən kənarda idi.
Məhz Heydər Əliyevin oğlu olduğuna görə
təzyiqlərlə üzləşməli, bu təzyiqləri
özünəməxsus mətanətlə dəf etməli
idi.
O, illərdə
Heydər Əliyev ailəsinin hər hansı maddi
sıxıntı ilə üzləşməməsi
üçün İlham Əliyev iş həyatına qədəm
qoydu. İlk biznes nailiyyətləri ilə məşğul
olduğu hər bir sahədə uğur qazana biləcəyini
bir daha isbatladı.
Və əgər
tale gələcək həyat yollarında öz düzəlişlərini
edərək onu dövlət idarəçiliyi sahəsinə
gətirməsəydi, İlham Əliyevin bu gün
dünyanın ən məşhur azərbaycanlı iş
adamlarından biri kimi tanınacağına kimsənin
şübhəsi yox idi...
***
Naxçıvanda
keçirdiyi çətin illərdə də İlham
Əliyev Azərbaycan xalqının ümummilli liderini tək
qoymur, respublikadakı o xaos, qarışıqlıq dönəmində
ciddi siyasi fenomen kimi qəbul olunan Heydər Əliyevin
övladına qarşı yönələ biləcək təhlükələrə
rəğmən Moskvadan tez-tez Naxçıvana
atasının ziyarətinə gəlir, o ağır vaxtlarda
Heydər Əliyevə və ulu öndərin şəxsində
Azərbaycan xalqına ayaqda qalmaqda mənəvi dəstək
olurdu.
***
Ona ən
böyük ehtiyac isə Azərbaycan xalqının təkidli
tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra ölkənin müstəqilliyi
üçün həyat mənbəyi rolunu oynayan
"Əsrin müqaviləsi"nin
imzalanması ərəfəsində yaranacaqdı.
Uzun illər
neft-qaz sənayesində çalışdığımdan və
o prosesləri diqqətlə izlədiyimdən
bu müqavilə ilə bağlı bir çox detalları dəqiqliklə
xatırlamaq imkanım var. Heydər Əliyevdən əvvəl
iqtidarda olan AXC-Müsavatın səriştəsiz təmsilçilərinin
apardıqları danışıqlar nəticəsində
hazırlanmış müqavilə Azərbaycanın milli
maraqlarına zidd məqamlarla "zəngin" idi.
Bu da SSRİ-nin süqutundan sonra iqtisadi potensialına
görə müstəqil yaşamaq imkanlarına malik
üç respublikadan biri sayılan Azərbaycanın
istiqlaliyyət qazanaraq təbii sərvətlərinə sahib
çıxmaq və Xəzərin ölkəmizə aid
sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək
baxımından ciddi problemlərlə üzləşməsindən
irəli gəlirdi. 1991-1993-cü illərdə daxildə
ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin
formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi
Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla hər
hansı sərbəst əməkdaşlıqdan çəkindirirdi.
Kreml Xəzərin hüquqi statusunun qeyri-müəyyənləyini
əsas gətirərək belə bir müqavilənin
imzalanmasına qarşı çıxırdı və
regionu nüfuz dairəsində saxlayan imperiyanın belə bir
mövqeyi Qərbin transmilli korporasiyalarının tərəddüdlərini
artırırdı.
Bu qədər
gərgin ziddiyyətlər və getdikcə ölkəni
girdabına alan sosial-iqtisadi böhran
durumunda AXC-Müsavat iqtidarı hakimiyyətinin
ömrünü süni yolla uzatmaq üçün Qərbin
irəli sürdüyü istənilən şərtə
razı idi. Buna nümunə kimi təkcə bir faktı
göstərək: AXC-Müsavat hakimiyyəti ilk neft
müqaviləsində ümumi payın düz 60 faizinin
yalnız bir şirkətə - Böyük Britaniyanın BP
şirkətinə ayrılmasına razılıq vermişdilər.
Saziş layihəsində bir tərəfdən
Azərbaycanın payı yolverilməz dərəcədə
aşağı həddə göstərilmişdi, eyni zamanda
hasil olunacaq səmt qazının respublikamıza satışı
nəzərdə tutulmuşdu.
İllər
sonra "Əsrin müqaviləsi"nin
imzalanmasının beşinci ildönümü ilə
bağlı keçirilən mərasimdə o zaman Azərbaycan
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini
tutan İlham Əliyev müqaviləni belə xarakterizə
edirdi: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki
rəhbərliyi tərəfindən elə bir müqavilə
variantı hazırlanmışdı ki, əgər
imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər
gətirmiş olardı. Xalq Cəbhəsi rejimi
öz acınacaqlı vəziyyətini heç olmasa bir qədər
yaxşılaşdırmaq üçün müqaviləni hər
cür şərtlərlə, ən yararsız, hətta milli
mənafeyə zidd olan şərtlərlə imzalamağa
hazır idi. Onlar anlamırdılar,
heç anlamaq belə istəmirdilər ki, müqavilənin
şərtləri Azərbaycanın iqtisadi inkişafı
üçün nə deməkdir".
Bir sözlə, belə bir müqavilə Azərbaycan xalqının
halal sərvətlərinin yadlara yedirdilməsi, yenicə
müstəqillik əldə etmiş dövlətin
sömürgəçi siyasətin qurbanına çevrilməsi
məqsədinə xidmət edirdi.
Heydər
Əliyevin apardığı haqq davasındakı ən
yaxın silahdaşı belə çətin bir məqamda da
yenə Onun yanından ayrılmadı...
Moskvada
artıq yetərincə inkişaf etdirdiyi fərdi biznes fəaliyyətini
yarıda saxlayıb, Azərbaycana döndü...
Ulu
öndərin ən etibarlı, işgüzar və
bacarıqlı köməkçisi kimi yeni neft
strategiyasının hazırlanması prosesində töhfələrini
verməyə başladı...
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
beynəlxalq əlaqələr üzrə vitse-prezidenti vəzifəsinə
təyinatından cəmi iki həftə sonra Heydər
Əliyev onu neft müqaviləsi layihəsinin
hazırlanması məqsədilə əvvəl Türkiyəyə,
daha sonra ABŞ-ın Hyuston şəhərinə göndərdi.
Elmi fəaliyyəti
Qərb siyasətinin tədqiqi ilə bağlı olan
İlham Əliyev elmi bilgilərinin və peşəkar
diplomatik bacarıqlarının səfərbərliyi ilə Qərb
şirkətlərində inam və etimad
formalaşdırmağa nail oldu. Onları məhz Azərbaycanın
milli maraqlarına
və siyasi-iqtisadi mənafeyinə uyğun müqaviləni
imzalamağa razı saldı...
***
Xatırlayanda
indi hər şey adama o qədər heyrətamiz gəlir ki...
Müstəqilliyini
cəmi 3 ildir əldə etmiş, o dövrə qədər
dünyada olsa-olsa sovetlər ölkəsinin keçmiş əyalətlərindən
biri kimi tanınan balaca bir ölkənin kiçik rütbəli
gənc məmuru dünyanın iqtisadi mənzərəsini
müəyyən edən enerji nəhənglərinin rəhbərləri
ilə üz-üzə dayanıb Azərbaycan davası
aparır...
Onları
həmin illərdə taleyi hələ qeyri-müəyyən
olan, müharibədən yenicə çıxmış,
güllə səsləri hələ də kəsilməmiş
bir ölkənin gələcəyinə inandırır...
Onların
enerji layihələri ilə bağlı müsbət qərar
vermələrinə nail olur...
Amma
bunlara İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı nailiyyətlərin bu üzündən nəzər
salarkən heç bir heyrətə yer
olmadığının da fərqinə varırsan...
İlham
Əliyev Azərbaycan tarixi üçün kim
olduğunu, kim olacağını hələ onda təsdiqləmişdi.
Hələ onda göstərmişdi ki, o, ən
çətin, ən mürəkkəb şəraitlərdə
belə Azərbaycan davasını zəfərlə başa
çatdırmaq əzmindədir.
***
İllər
sonra İlham Əliyev eyni qətiyyəti Bakı - Tbilisi -
Ceyhan, Bakı - Tbilisi - Ərzurum, Bakı - Tbilisi - Qars kimi
qlobal enerji kommunikasiya layihələrinin
reallaşdırılmasında da göstərəcək, Heydər
Əliyevin arzularını bir-bir reallığa çevirəcək,
əfsanələri həqiqətlərlə
qovuşduracaqdı.
1994-cü ildə onlarla danışıqlar aparmaq
üçün ABŞ-ın Hyuston şəhərinə gəlmiş
ucaboylu, gülümsər çöhrəli gənc azərbaycanlı
diplomatı bir qədər tərəddüdlü nəzərlərlə
süzən Qərb dünyası da onu zamanla
tanıyacaqdı.
Onun kim olduğunu
anlayacaqdı!..
Biləcəkdi
ki, ona inanmaq olar!..
Onun gələcəklə
bağlı verdiyi hər bir sözü tutacağına
ümid etmək olar!..
Onunla birgə
xeyirli sabahlara doğru addımlamaq, Azərbaycan
üçün, region üçün, ümumilikdə
dünya üçün xoş bir gələcək yaratmaq
olar!..
Amma Azərbaycanın
milli maraqları ilə bağlı tutduğu qətiyyətli
mövqeyindən heç bir vəhclə döndərmək
olmaz!..
***
...1995-ci
ildən başlayaraq İlham Əliyev müstəqil Azərbaycan
Respublikasının ilk parlamentinin - Milli Məclisin deputatı
kimi millətə vəkilliyin də parlaq örnəyini
yaradacaqdı. Şəxsiyyəti, insanlara,
onların problemlərinə yanaşmaları ilə əsl
xalq elçisinin necə olması üçün
meyarları müəyyən edəcəkdi.
Diqqətinizi
İlham Əliyevə xas əsas, müəyyənləşdirici
prinsipial cizgiyə yönəldək: "Mən heç nə vəd etmirəm, - o,
seçicilərinə dedi, - Deputatın fəaliyyətini əməllərinə
görə dəyərləndirirlər". Bəli,
o zamana qədər xalq dildən pərgarların yağlı
vədlərini çox görmüşdü.
İlham Əliyev öz deputatlıq fəaliyyətinə
çox da abad olmayan Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı üçün Yardım Fondu yaratmaqdan
başladı.
Yardım Fondunun vəsaiti ilə
yaşayış massivlərində, qəsəbələrdə
yollar təzələndi, körpülər bərpa edildi, su
kəmərləri, qaz xətləri, işıq xətləri
yenidən quruldu.
Eyni nəcib
ənənənin Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın millət vəkilliyi fəaliyyətində bu
gün də uğurla davam etdirildiyini böyük fərəh
hissi ilə izləməkdəyik.
***
90-cı
illərin sonlarına doğru Azərbaycan cəmiyyəti
İlham Əliyevi daha bir sahədə qazanılmış
möhtəşəm uğurların müəllifi kimi
alqışladı, ürək açan əməllərinə
əhsən dedi. O illərdən etibarən İlham Əliyev
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycanı
idman ölkəsinə çevirdi.
O dövrə
qədər bəlli səbəblərdən ciddi bir nailiyyətə
imza ata bilməyən idmançılarımız İlham
Əliyevin diqqət və qayğısı, ən əsası
isə mənəvi dəstəyi sayəsində beynəlxalq
yarışlardan ölkəmizə parlaq qələbələrlə,
qızıl medallarla dönməyə başladılar.
Azərbaycan
gəncliyi İlham Əliyevin timsalında qayğıkeş
dost qazandı. İdman Azərbaycanda ictimai
aksiya kimi kütləviləşdi. Azərbaycan
gənclərini pis vərdişlərə doğru apara biləcək
mümkün yollar idmanın gözəlliyinə, fiziki, mənəvi,
ictimai faydasına doğru yönəldi.
***
Azərbaycanın
Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri,
AŞ PA sədrinin müavini...
İlham Əliyev bir zamanlar Sov İKP MK-nın Büro
üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsini tutmuş Heydər Əliyevdən
sonra bu qədər yüksək vəzifəyə ucalan ilk azərbaycanlı
idi.
Vətən,
millət adına şərəf gətirən
bu nailiyyətə sevinib, qürurlanmaq yerinə, cəmiyyətimizdəki
bəzi bədxahlar tərəfindən bütün bunlara
kölgə salmaq meyilləri isə də hələ dəyişməmişdi.
Bir vaxtlar
Heydər Əliyevin əleyhinə mərkəzə
aramsız donoslar ötürənlər indi də İlham
Əliyevin Avrointeqrasiya yolunda Azərbaycana
qazandırdığı uğurlara kölgə salmaq
üçün mətbuat səhifələrində hərəkətə
keçmişdilər... Azərbaycan naminə
nümayiş etdirdiyi qətiyyətli mövqeyi hər
fürsətdə sarsıtmaq istəyən ermənilərlə
mənən bir olmuşdular, birləşmişdilər.
Amma İlham Əliyevin hər dəfə bu nüfuzlu beynəlxalq
arenada Azərbaycan adına
qazandığı parlaq zəfərlər bədxah
münasibətə böyük ictimai coşğu ilə
müşayiət olunan ən tutarlı cavablar idi.
Bu zəfərlər Azərbaycanı Avropa ailəsinin
doğma üzvünə çevirdi. Müstəqil dövlətimizin
tutduğu yolun istiqamətini müəyyənləşdirdi,
cəmiyyətimiz üçün xoş bir gələcəyin
rəsmini cızdı...
***
2003-cü ilin yayına doğru xalqımızın
ümummilli lideri Heydər Əliyevdən sonra ölkəni
idarə edə biləcək ən uyğun namizədlə
bağlı fikirlərin paylaşıldığı hər
yerdə sadə insanların "məhz İlham
Əliyev" söylədiklərini eşidərdin.
Filosofların
böyük müəllimi Konfutsinin belə kəlamı var:
"Dahilər ölümqabağı çox mühüm
işlər haqqında düşünürlər". Heydər
Əliyevin düşüncəsində də bu məqamda ən
mühüm iş müstəqil Azərbaycanın gələcək
taleyi idi. Axı onun, müstəqilliyinə XX əsrin son
onilliyində qovuşmuş, dünyanın amansız
mübarizəsində azad ölkə adının təsdiqinə
yenicə nail olmuş, sağının-solunun diş qıcadığı
Azərbaycan adlı müqəddəs məmləkəti
başsız qoyub getməyə sadəcə haqqı yox idi. O
bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər
də möhkəm deyil ki, onun gələcəyi
üçün narahat olmayasan. Bəs
yarımçıq qoyduğu işlər necə olsun?
Azərbaycanın gələcəyinin asılı olduğu
bu işləri kim tamamlasın?
Heydər Əliyevin son qərarı, əslində Azərbaycana
son borcu, son xidməti idi. Onun doğma xalqına
ünvanladığı son müraciət Vətənə ləyaqətlə
xidmətin son nümunəsi idi.
2003-cü ilin sonlarına dəbdəbədən,
ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər
Əliyev üslubunda olan son dərəcə səmimi
müraciəti "İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm" sözlərilə
bitirdi.
Heydər Əliyevin bu inam və ümidi də, əslində,
xalqın onun siyasi-mənəvi irsinin varisinə olan
etimadından gəlirdi. İlham Əliyev isə ölkəyə rəhbərlik
fəaliyyətinin hər bir günü ilə həm taleyini
ona etibar etmiş Azərbaycan xalqının, həm də
övladının gələcəyinə inanan Atanın
ümidlərini göyərtdi...
***
Onun
Prezident kimi bu illər ərzində Azərbaycanın tərəqqisi,
Azərbaycan insanının layiq olduğu mərtəbəyə
yüksəlməsi üçün gördüyü işlərin
mahiyyəti, bunu əks etdirən saysız-hesabsız tarixi
faktların təhlili kitablara sığmaz...
İlham
Əliyev bu gün həyat və fəaliyyəti ilə
ağlın gücü, müdriklik, adillik, kamillik, insanlara
sevgi, torpağın bərəkətinə
bağlılıq kimi uca dəyərləri şəxsiyyətində
bir araya gətirmiş - bu günün lideri, bu günün
Prezidenti obrazının ən parlaq təcəssümüdür!
Bu obrazı Onun Heydər Əliyev, Zərifə
Əliyeva tərbiyəsindən gələn kübar
davranışları, ziyalılığı tamamlayır.
Bu ilin
noyabrında Bakıda səfərdə olan Belarus Prezidenti
Aleksandr Lukaşenko səfər bəyanatında maraqlı bir
fikir işlətdi: "Mən həmişə deyirəm ki,
İlham Heydər oğlu bizim aramızda ən ziyalı və
savadlı Prezidentdir".
Bəli, Prezident A.Lukaşenkonun nümunəsində bu həqiqəti
Azərbaycan rəhbərinin həmkarları da açıq
etiraf etməkdən çəkinmirlər.
İlham
Əliyev adının əhatəsi bir respublikanın
hüdudlarını çoxdan adlayıb!
O, bu
gün bütün dünyada tanınan, yer üzünün ən
şöhrətli siyasətçiləri ilə eyni zirvədə
qərar tutan, şəxsiyyəti ilə, xarakteri ilə, qətiyyəti
ilə başqalarına örnək olan dövlət rəhbəridir!
İlham Əliyev mənəvi keyfiyyətləri ilə
siyasətə əxlaq gətirən, dövlət idarəetməsində
yeni üslub müəyyənləşdirən, milli dövlətçilik
tariximizdə bir çox yeni ənənələrin əsasını
qoyan ictimai-siyasi xadimdir.
"İngilis
bayrağı" misalı - hər
gün bir tərəfə əsmək, bu gün bir, sabah
başqa bir qüvvənin yanında olmaq - onun istinad etdiyi dəyərlərə
yaddır. Özünü cəmiyyətə ilk dəfə
siyasi proseslərin mərkəzində təqdim etdiyi
1990-cı ilin 20 yanvar günündən bəri İlham
Əliyevin həmişə yanında olduğu və heç
zaman Onun yanından ayrılmayan yalnız bircə qüvvə
var: Azərbaycan xalqı.
Qeydlərimi
bu cümlələrlə tamama yetirəcəkdim ki,
dekabrın
17-də Azərbaycanın çağdaş tarixində İlham Əliyevin müəllifliyi ilə baş verən daha bir möhtəşəm hadisə düşüncələrimdə öz redaktəsini etdi. Həmin gün "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı imzalandı və elə imzalandığı andan da dünya üçün öz əhəmiyyətinə görə "21-ci əsrin müqaviləsi" statusunu aldı.
Bu, dünyanın qəlbinin Azərbaycanda döyünməsidir!..
Bu, dünyanın enerji siyasətini Azərbaycan liderinin müəyyənləşdirməsidir!
Bu, Azərbaycan adlı mübarək yurdun köksündə zümrüd həmayil kimi dalğalanan Xəzərin dünyanın şah dənizinə çevrilməsidir.
...Və bu bizim uğur rəmzimizdir!
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2013.- 24 dekabr.- S.5.