Azərbaycanı Avropanın strateji enerji təminatçısına çevirilir

 

"Şahdəniz" layihəsi Qərbin enerji təhlükəsizliyinə,

 Azərbaycanın isə dinamik iqtisadi inkişafına etibarlı zəmin yaradır

 

 

Müstəqil Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən aparıcı dövlət statusunda çıxış etməsi heç də yalnız respublikamızın zəngin təbii sərvətləri ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da zəngin təbii resursların xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən inkişaf strategiyasının həyata keçirilməsi bilavasitə siyasi lider amili ilə bağlıdır. Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü enerji diplomatiyasını XXI əsrin başlanğıcından layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

 

 

 

 

 

Regional liderlik nümunəsi

 

 

2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən dövlət başçısı ötən 10 ildə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir.

Son illər sosial-iqtisadi və mədəni modernləşməni yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə şərtlənir. Dövlət başçısının rəhbərliyi altında son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar cəmiyyətin bütün strateji əhəmiyyətli sahələrində kardinal dəyişikliklərə səbəb olmaqla hər bir ölkə vətəndaşının taleyində müstəsna rol oynamış, respublikamızı davamlı inkişaf yoluna çıxarmışdır. Bütün bunların nəticəsi olaraq Azərbaycan həm də formalaşmaqda olan özünəməxsus inkişaf modeli ilə beynəlxalq iqtisadi mərkəzlərin, aparıcı maliyyə institutlarının diqqət mərkəzindədir.

Respublikamız bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft və qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Bu da təsadüfi deyil ki, respublikamız hazırda Avropa və dünya miqyasında geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək imkanları əldə etmişdir. Hələ 2011-ci ilin oktyabrında ölkəmizin sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bütövlükdə müasir tariximizin ən əlamətdar, qürurdoğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcədə sabit və uğurlu, eyni zamanda, sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü olmuşdur.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinə üstünlük verilməsi də respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh, iqtisadi tərəqqi və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.

Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək olmasıdır. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, gələcək naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısının 10 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir. Bu ilin oktyabrında Bakıda keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu da Azərbaycanda yüksək tolerantlığın bariz təcəssümü kimi tarixiləşmişdir. Belə bir forumun Bakıda keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir. Forumun hər il keçirilməsi ilə əlaqədar Bakı tədricən bəşəriyyətin qlobal məsələlərinin müzakirə edildiyi beynəlxalq platformaya, necə deyəlrlər, dünyanın "Humanitar Davos"una çevrilir.

 

 

 

Avropanın mühüm enerji təminatçısı

 

 

 

Respublikamızın dinamik iqtisadi inkişafını və diplomatik uğurlarını təmin edən mühüm amillərdən biri də Prezident İlham Əliyevin siyasi iradəsi ilə gerçəkləşən qlobal enerji layihələridir. Məhz bu sahədə düşünülmüş strategiya əsasında Azərbaycan son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilməkdədir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının reallaşdırılması baxımından 2003-2013-cü illəri kifayət qədər uğurlu mərhələ hesab etmək olar. Ötən 10 ilin mühüm siyasi və iqtisadi hadisələri bunu bir daha təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il fevralın 18-də "Əsrin müqaviləsi" çərçivəsində "Mərkəzi Azəri" platforması istismara verilmiş, mayın 25-də BTC-nin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir.

2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı möhtəşəm tədbir təşkil olunmuş, beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrilmişdir. Bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır.

Dövlət başçısı İlham Əliyevin diplomatik səyləri nəticəsində ABŞ və bir sıra Qərb dövlətlərinin birmənalı qarşılamadığı Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də uğurla gerçəkləşmiş, heç bir ölkədən iqtisadi-enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya imkanlarını da genişləndirmişdir.

 

 

 

Uğurlu təşəbbüslərə meydan açan enerji zirvələri

 

 

Azərbaycanın mühüm uğurlarından biri də onun qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırmaq, neft kəmərlərini şaxələndirmək təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Respublikamız öncə GUAM çərçivəsində, sonra isə daha böyük geosiyasi arealda fəal əməkdaşlıq çevrəsi yaratmaqla, Avropanın bir sıra aparıcı dövlətlərini yeni enerji təhlükəsizliyi sistemi ətrafında müzakirələrə cəlb edə bilmişdir. Bu baxımdan Azərbaycan nefti və qazı hesabına yaradılacaq enerji təhlükəsizliyi sistemi ilə bağlı təkcə 2007-2010-cu illərdə Krakov, Vilnüs, Kiyev, Tbilisi və Bakıda təşkil olunmuş enerji sammitlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Beynəlxalq əhəmiyyətli bu tədbirlərdə GUAM dövlətləri ilə yanaşı, Qazaxıstan, Polşa, Litva, Latviya, Estoniya, Rumıniya və Bolqarıstan kimi dövlətlərin də yaxından iştirak etməsi Avropada alternativ enerji mənbələrinə olan obyektiv tələbatın miqyası barədə aydın təsəvvür yaratmışdır.

2010-cu ilin sentyabrında Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin, habelə Macarıstanın Baş nazirinin iştirakı ilə ACRİ ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi ilə bağlı anlaşma memorandumunun imzalanması da respublikamızın neft və qaz kəmərlərinin şaxələndirilməsi sahəsində ardıcıl və məqsədyönlü siyasət yeritdiyini sübut etmişdir. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəqli, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır.

2008-ci ilin oktyabrında Bakıda təşkil olunmuş IV Enerji Sammiti bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında geniş və alternativ enerjidaşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Respublikamız neft kəmərlərinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli təşkilinə xidmət edir.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsini, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Bu baxımdan mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması araşdırılır. Dünya bazarlarına birbaşa çıxışı olmayan respublikamız üçün bu, strateji əhəmiyyətli məsələdir. Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan bu problemin öhdəsindən əhəmiyyətli dərəcədə gələ bilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft, Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan qaz kəmərləri Azərbaycanın enerji resurslarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun imzalanması isə ölkəmizin enerji strategiyasının uğurla həyata keçirilməsinə imkan yaratmışdır.

 

 

 

Gələcəyə böyük ümid yaradan kəşflər

 

 

 

Azərbaycanı Avropanın mühüm enerji təminatçısına çevirən ən mühüm amil, şübhəsiz ki, respublikamızın zəngin karbohidrogen ehtiyatlarının səmərəli realizəsi ilə bağlıdır. Hələ 2006-ci ilədək Rusiyadan mavi yanacaq idxal edən respublikamızın 2007-ci ildən bu asılılığı aradan qaldırması və qaz ixrac edən ölkəyə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü enerji diplomatiyasının mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır.

Diqqətçəkən məqamlardan biri də kifayət qədər neft və qaz ehtiyatlarına malik strateji əhəmiyyətli yataqların məhz Azərbaycan neftçiləri tərəfindən kəşf olunması və ya istismara verilməsidir. Bu istiqamətdə ilk uğurlu addımlardan biri 1999-cu ildə kəşf olunmuş "Şahdəniz-1" qaz yatağı üzrə ilk qazın hasil edilməsi olmuşdur. 2006-cı ildən bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatının tam ödənilməsinə və ilk dəfə olaraq ixracına imkan vermişdir. Yataq 2006-cı ildən Azərbaycan Gürcüstan və Türkiyənin mavi yanacaqla təminatında mühüm rol oynayır.

2010-cu il noyabrın 24-də respblikanın ilk neft naziri Süleyman Vəzirovun 100 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın müstəqilliyi illərində ikinci mühüm qaz yatağının - "Ümid"in kəşfi barədə rəsmi açıqlama verilmişdir. 200 milyard kubmetr qaz ehtiyatlarının olduğu proqnozlaşdırılan bu yatağın istismarı ölkə büdcəsinə təxminən 30-40 milyard dollar gəlir gətirəcəkdir. "Ümid" "Şahdəniz"dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci ən böyük qaz yatağı olmuşdur. Bu yatağın zəngin ehtiyatları sayəsində Azərbaycan yaxın 100 il müddətində təbii qaza olan ehtiyacını ödəmək imkanı qazanmışdır. Onu da bildirək ki, 2012-ci il sentyabrın 20-dən "Ümid" qaz yatağının istismarına başlanılmışdır.

Prezident İlham Əliyev yatağın kəşf olunması münasibətilə demişdir: "Mən çox şadam ki, "Ümid" yatağı məhz müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir".

2011-ci il sentyabrın 9-da isə "Abşeron" blokunda 250 milyard kubmetr  qaz ehtiyatı olan yeni yataq kəşf olunmuş, beləliklə, respublikamızın enerji potensialı daha da güclənmişdir. Prezident İlham Əliyev bu münasibətlə xalqı təbrik etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm ölkəyə çevrildiyini vurğulamışdır: "Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, "Abşeron" yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu, çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilmişdir. Bu, bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq".

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin son illər yeni fazaya qədəm qoyması ("Abşeron" və "Ümid" qaz yataqlarının kəşfi, transenerji sazişlərinin imzalanması) həm də karbohidrogen ehtiyatlarının nəqli coğrafiyasının genişlənməsi ilə xarakterizə olunur. Milli enerji siyasətində qaz amilinin ön plana keçməsi respublikamızın xarici siyasətinə və iqtisadi həyatına da təsirsiz ötüşmür.  Qaz ehtiyatlarının həcminin artması, yeni yataqların kəşf olunması, hasilatla bağlı işlərin sürətlənməsi diversifikasiya məsələlərini də son dərəcə aktuallaşdırır.

 

 

 

"TANAP" - qlobal əməkdaşlığın yeni açarı

 

 

Azərbaycanın qaz ehtiyatlarının artımı son illərdə etibarlı qaz kəmərləri infrastrukturunun yaradılmasını obyektiv zərurət kimi meydana çıxarmışdır. Respublikamız strateji boru kəmərləri marşrutlarının seçilməsi zamanı həmişə olduğu kimi, yenə də iqtisadi səmərəlilik, siyasi məqsədəuyğunluq və təhlükəsizlik amillərini ciddiliklə nəzərə almışdır. Bu zaman həm də enerji sektorunda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyənin geoiqtisadi maraqları da əsas götürülmüşdür.

Hələ 2012-ci il iyunun 26-da Türkiyə ilə Azərbaycan arasında Transanadolu Qaz Kəməri (TANAP) layihəsi ilə bağlı yekun sazişin imzalanması, ümumilikdə, Avropa ölkələri üçün son dərəcə əlamətdar hadisə olmuşdur. TANAP layihəsi Azərbaycan qazını Türkiyənin şərq sərhədindən qərb sərhədinə daşımalı, ölkədə sabit tranziti təmin etməlidir. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dolları təşkil edir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsinin 2018-ci ildə başa çatdırılacağı bildirilir. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcəkdir. Layihənin işə düşməsi vaxtı "Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılmaqla, 2017-ci il üçün nəzərdə tutulmuşdur.

TANAP-da ARDNŞ-nin 80 faizlik paya sahib olması da layihənin ölkəmiz üçün strateji əhəmiyyətini bir daha sübut edir. Layihə Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar açmışdır. Belə ki, Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcəkdir. Ümumiyyətlə, TANAP layihəsi sayəsində Azərbaycanın Şərq-Qərb enerji dəhlizinin formalaşmasında rolu daha da artacaqdır.

 

 

 

Qaz nəqli ilə bağlı daha bir tarixi qərar

 

 

Başa çatmaqda olan 2013-cü il Azərbaycan üçün "Şahdəniz" konsorsiumu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması ilə əlamətdardır. Bu il iyunun 28-də konsorsium Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Transadriatik Qaz Kəmərini (Transadriatik Pipeline (TAP) seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Transanadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəqli proqnozlaşdırılır.

Azərbaycan qazının kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılacağı bildirilir. TAP kommersiya üstünlüklərinə görə əsas rəqibi olan "NABUCCO" layihəsini də üstələmişdir. TAP-ın uzunluğu 870 kilometr təşkil etdiyi halda,  Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Avstriyaya çatmalı olan "NABUCCO" uzunluğunun 1300 kilometrdən çox olması gözlənilirdi. TAP-ın reallaşmasına ilkin mərhələdə 2,2 milyard, "NABUCCO" üçünsə 7,9 milyard dollar investisiya tələb olunur.

Ümumiyyətlə, TAP-ın reallaşması Azərbaycanın "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin yataqlarından hasil olunan təbii qazın Avropaya nəqlinə imkan verəcək nəhəng kommunikasiya infrastrukturunun yaradılması deməkdir. Layihə Xəzər regionu ölkələrinin də enerji əməkdaşlığı üçün geniş imkanlar açır. O da təsadüfi deyil ki, Avropa İttifaqı  Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində dönüş nöqtəsi kimi qiymətləndirmişdir: "Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək "Cənub" qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".

Azərbaycan 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya satışını nəzərdə tutan sazişin ardınca bu günlərdə daha bir tarixi uğura imza atmışdır. Söhbət dekabrın 17-də "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasından gedir. Bu saziş müasir dünyanın enerji xəritəsində özünün strateji rolu və yerinə görə seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi  zəmin yaratmışdır. Azərbaycanın bu uğuru dünyanın ən mötəbər iqtisadi mərkəzlərinin, beynəlxalq KİV-lərin diqqət mərkəzindədir. Fransanın nüfuzlu "L'Express" qəzetində "Şahdəniz yatağı: razılıq qazın Avropaya nəqlinə yol açır" sərlövhəli məqalədə XXl əsrin ən böyük enerji layihəsi olan "Şahdəniz-2"nin icrası ilə Azərbaycanın təbii qazının Avropaya yol açdığı vurğulanır, əldə edilən razılığın Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilir.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı geoiqtisadi əhəmiyyətinə, dünya enerji mühiti üçün ağırlıq mərkəzinə görə "Əsrin müqaviləsi"nin ən mühüm komponenti kimi qiymətləndirilir. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Transanadolu və Transadriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.

3500 kilometrlik qaz kəməri Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri  dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Prezident İlham Əliyev "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində bu tarixi hadisə ilə bağlı demişdir: "2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz "Şahdəniz-2" yekun investisiya qərarını imzalayırıq... Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir".

 

 

 

İqtisadi şaxələndirmə siyasəti uğurlu nəticə verir

 

 

Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycanın uğurlu enerji siyasəti iqtisadiyyatın transformasiyasına və şaxələndirilməsinə əlverişli zəmin yaradır. Ölkədə həyata keçirilən iqtisadi siyasət neft-qaz gəlirləri hesabına digər strateji sahələrin, ilk növbədə, qeyri-neft sektorunun inkişaf etdirilməsini nəzərdə tutur. Neft sahəsində əldə olunan və proqnozlaşdırılan böyük uğurlara rəğmən, Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna, informasiya texnologiyalarının inkişafına əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkədə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Azərbaycanda yeni, müasir dünya standartlarına cavab verən sənaye müəssisələrinin yaradılması, xüsusi iqtisadi zonaların formalaşdırılması bu gün hökumət qarşısında duran əsas prioritetlərdən biridir. Regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarmış, cənab İlham Əliyevin tapşırığı ilə 2004-2012-ci illərdə bu istiqamətdə müəyyən addımlar atılmışdır.

2013-cü ilin müvafiq dövrünün ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olması, 10 faizi ötməsidir. Bu fakt göstərir ki, "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir", - deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. Prezident İlham Əliyev "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində demişdir: "Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun, sadəcə, 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik. Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur "Holland sindromu"na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik".

Ümumilikdə, bütün bunlar göstərir ki, istənilən yeni əməkdaşlıq formatında Azərbaycanın müstəsna mövqeyə malik olduğunu Avropa dövlətləri də artıq birmənalı başa düşür, rəsmi Bakının maraqlarını nəzərə almadan hər hansı layihənin gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edirlər. Respublikamız həyata keçirdiyi qlobal enerji layihələri ilə təkcə iqtisadi səmərə güdmür, eyni zamanda, Avropa kimi mürəkkəb geosiyasi arealda diplomatik mövqelərini gücləndirir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində respublikamız Avropanın mühüm enerji təminatçısına, eləcə də bu geoiqtisadi arealda böyük nüfuz sahibinə çevrilir.

 

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

Azərbaycan.-2013.- 24 dekabr.- S.7.