İLHAMLA İRƏLİ
Dövlət fəaliyyətinin mühüm tərkib hissəsi olan gənclər siyasəti bu gün Azərbaycanda uğurla həyata keçirilir. Bu prosesin layiqincə gerçəkləşməsində gənclər təşkilatlarının da böyük rolu var. Etiraf edək ki, bu müstəqil gənclər təşkilatları sırasında fəaliyyəti, əhatə dairəsi, həyata keçirdiyi layihələr, üzvlərinin say nisbətinə görə "İrəli" İctimai Birliyi öncül mövqe tutur.
"İrəli"
Azərbaycan gəncliyinin keyfiyyət brendinə çevrilib
"İrəli" bu gün Azərbaycanın inkişafı, parlaq gələcəyi üçün əzmlə çalışan Prezident İlham Əliyevin ətrafında birləşib, onun yürütdüyü siyasəti dəstəkləyən peşəkar gənclər ordusudur. "İrəli" Azərbaycan gəncliyi daxilində formalaşdırılmış bir brenddir. Bu təşkilat haqqında söylənilən fikirlərə nəzər salaq. Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov: "İrəli" yeni sözdür, yeni ideyadır, yeni idealogiyadır. Onun yeniliyi bu gün "İrəli"nin ortaya qoyduğu layihələrdədir. Onun yeniliyi "İrəli"nin bu gün həyata keçirdiyi təşəbbüslərdədir. Bu insanların əsas məramı və məqsədi dövlət üçün nə isə etməkdir". Gənclər və idman naziri Azad Rəhimov: "İrəli" ən böyük ictimai birlik olmaqla yanaşı, ən qabaqcıl, proqressiv və intellektual gənclər ordusunu özündə birləşdirən qüvvədir".
2005-ci il avqust ayının 26-da altı gəncin təsis etdiyi "İrəli" ətrafında bu gün 36 min gənc birləşir. Yaradılarkən "İrəli" Ümumrespublika Gənclər Hərəkatı adlanan qurum 2008-ci il dekabr ayının 24-də "İrəli" İctimai Birliyinə çevrildi. Bu gün "İrəli" İctimai Birliyi 5 yaşını qeyd edir. Bu məqsədlə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyevlə görüşüb qurumun 5 illik fəaliyyət yoluna nəzər saldıq. R.Mərdiyev bildirdi ki, 2005-ci ildə "İrəli" Gənclər Hərəkatı yaradılarkən onun məqsədi Azərbaycanın parlaq gələcəyini düşünən, onu doğru yolla irəliyə aparan Prezident İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx birləşməkdən və daim onu dəstəkləməkdən ibarət olub. Altı gəncin yaratdığı bu qurum Azərbaycanda bir çox "ilk"lərə imza atıb. Onun bir çox üzvü bu gün dövlət orqanlarında böyük həvəslə çalışırlar. "İrəli"nin həmtəsisçilərindən olan Ceyhun Osmanlı bu gün Milli Məclisin depuatı, Fərhad Məmmədov isə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışır.
Son beş ildə 750-dən artıq layihə
gerçəkləşdirilib
2008-ci ildə İctimai Birliyə çevrilən "İrəli" bu gün Azərbaycanın ən fəal, vətənpərvər, işgüzar gənclərinin toplaşdığı qurumdur. Hazırda "İrəli" on minlərlə gənc üçün heç zaman tükənməyəcək bir ideyadır, həyat tərzidir. "İrəli" gəncliyin inkişafını cəmiyyətin tərəqqisində, cəmiyyətin inkişafını isə dövlətin intibahında görür və bu gənclər ordusu özlərinin ən böyük dəstəkçisi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha parlaq gələcəyi üçün yorulmadan çalışır, çalışmaqda da davam edəcəkdir. "İrəli" qısa vaxtda Azərbaycanın bütün regionlarına yayılıb, bütün ali məktəbləri əhatə edib. İctimai Birlik indiyədək 750-dən çox layihə həyata keçirib. Bu layihələrin ən kütləvisi isə bu il oktyabr ayının 9-da Azərbaycanda keçirilən prezident seçkilərində gənclərin daha fəal iştirak etməsini təmin etmək məqsədi daşıyıb. "Səs ver" kampaniyası, "Mənim Prezidentim" və "10 il" layihələri yalnız Bakı şəhərini deyil, Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edib
"İrəli"nin
yeni hədəfləri: Ginnesin
rekordlar kitabı
Bu gün "İrəli" gənclərin dövlətə daha böyük töhfə verməsi üçün bir platforma rolunu oynayır. Qurum 24 mindən çox fərdi və 12 kollektiv üzvə malikdir. Şərqi Avropada yeganə gənclər təşkilatıdır ki, İSO 9001 keyfiyyət sertifikatı ilə təltif olunub. Azərbaycanın bütün regionlarında təmsil olunur. Sosial, mədəni, gənclər, təhsil, ekologiyayönümlü layihələrdə təcrübəlidir. 100 mindən çox əhatə dairəsi mövcuddur. Avropanın 13 şəhərində təmsil olunur. 4 dəfə "NETTY" mükafatının qalibi olub. Onun dəyərlərinin əsası açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyatdır. "İrəli" demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edir.
"İrəli" yalnız ali məktəblərdə deyil, orta məktəblərdə də fəaliyyət göstərir və gənc "İrəli"çilərin yetişməsi üçün "məktəb parlamenti" layihəsi daim fəaliyyətdədir. Qurum daxilində 30-dan artıq mərkəz mövcuddur. Hər kəs öz ixtisasına uyğun mərkəzlərdə təmsil olunur.
2014-cü il üçün "İrəli"nin daha böyük hədəfləri var. Rauf Mərdiyev bu hədəfləri ilk dəfə "Azərbaycan" qəzetinə açıqladı: "Biz 2014-cü ilə çox böyük ümid və inamla qədəm qoyuruq. 5 ildə əldə etdiyimiz uğurlar qarşıdan gələn dövrdə də bizi cəsarətli addımlar atmağa həvəsləndirir. Biz hazırda yenilənmiş gənc kollektivlə böyük ideyalar üzərində işləyirik və tam əminliklə deyə bilərəm ki, ölkə ictimaiyyəti 2014-cü ildə tam fərqli bir "İrəli" görəcək. Həyata keçirdiyi ideyalar tam fərqli formada olacaq. Daha cəlbedici, faydalı işlər görməklə 2014-cü ildə çox böyük proseslər həyata keçirməyi planlaşdırırıq. Onların bir neçəsini açıqlayım. "İrəli" Azərbaycan dövlətinin prioritet qəbul etdiyi istiqamətlərə xüsusi diqqət ayıracaq. Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin təşkilatçlığı və onların təbliğatı ilə bağlı çox böyük planlarımız var. Biz bu sahədə öncüllərdən olmaq istəyirik. Xarici ölkə gənclərinin Azərbaycanla tanışlığı və Azərbaycanın xaricdə təbliği istiqamətində də layihələr nəzərdə tutmuşuq. Azərbaycanın milli maraqlarına xidmət edən fəaliyyət proqramı hazırlayırıq. 2015-ci ildə işğalçı Ermənistan qondarma "erməni soyqırımı"nın saxta 100 illiyi ilə bağlı "fəaliyyət"ə başlayacaq. Biz isə buna qarşı əkstəbliğat kampaniyası keçirmək üçün ciddi işlərlə məşğul olacağıq. Çox önəmli planlarımız var. "İrəli" Azərbaycanın Ginnesin rekordlar kitabına düşməsini təmin edəcək möhtəşəm layihəyə imza atmağı planlaşdırır".
Rauf Mərdiyev bəyan etdi ki, "İrəli"nin qapıları Azərbaycanın işıqlı gələcəyini düşünən Prezident İlham Əliyevin məqsədyönlü siyasətini dəstəkləyib və daim özünü dövlət başçısının yanında hiss edən gənclərin üzünə açıqdır. Dövlətin inkişafını düşünən, gəncliyini səmərəli fəaliyyətə həsr etmək istəyən hər bir gənc "İrəli"çi ola bilər.
Azərbaycan gəncliyi
ilə dövlət arasında uğurlu körpü
"İrəli" İctimai Birliyinin həmtəsisçisi, Milli Məclisin deputatı Ceyhun Osmanlı isə bizimlə söhbətində qurumun 8 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən söz açdı: "İrəli" həm 8 il öncə, həm də bu gün Azərbaycan gənclərinin arzularına və tələblərinə cavab verən bir təşkilatdır. Etiraf edim ki, Azərbaycan gənci 8 il öncəki gənc deyil. Çünki ölkəmiz dəyişir, dünya dəyişir, standartlar dəyişir və gənclərin müasir baxışları da dəyişir. Hər bir təşkilata qismət olmur ki, həm 8 il öncə, həm də bu gün gənclərin arzu və tələblərinə cavab vermiş olsun. Bu isə ondan irəli gəlir ki, "İrəli" hər zaman islahatlar aparan və öz üzərində çalışan bir təşkilat olub".
Ceyhun Osmanlı dedi ki, müasir qloballaşan dünyada gənclərin dəyişən dünyagörüşləri yeni standartlar tələb edir. "İrəli"də də daim yeni standartlar mövcud olub. Ona görə də gənclər "İrəli"nin fəaliyyətini kənardan hiss etmir, bu təşkilatın fəaliyyətinin tərkib hissəsinə, hərəkətverici qüvvəsinə çevrilirlər. Həmsöhbətimizin sözlərinə görə, "İrəli" bu gün Azərbaycan gəncliyi ilə Prezident İlham Əliyevin irəli sürdüyü müasir və güclü Azərbaycan siyasətinin sinerjisidir. "İrəli" hər zaman Azərbaycan gəncliyi ilə dövlətimiz arasında bir körpüdür. Daim yeni-yeni layihələr həyata keçirən bu təşkilat gənclərin uğurlu gələcəyə olan inamını daha da artırır və onlara müsbət impuls verir. "İrəli" hər zaman bir pozitiv enerjidir. Bu təşkilat hesab edir ki, həm bu gün, həm də gələcək günlərdə Azərbaycan naminə görülməli hələ çox iş var. Bu səbəbdən də gənclər bu işlərdə flaqman olmalıdırlar. "İrəli" 6 nəfərlə fəaliyyətə başlayan, bu gün isə sıralarında 36 min ali təhsilli gənci birləşdirən Azərbaycanın ən böyük müstəqil gənclər təşkilatıdır.
Milli Məclisin deputatı və adıçəkilən qurumun həmtəsisçisi 5 yaşını qeyd edən təşkilata arzularını da səsləndirdi: "Arzum budur ki, "İrəli" hər zaman inanılan, hörmət və etimad göstərilən bir təşkilat olaraq qalsın. Hər zaman reallıqları duyan bir təşkilat olsun. Naxçıvandan Bakıya, Qazaxdan Şamaxıya, Lənkərandan Qusara qədər Azərbaycanın hər bir yanında sevilən, qucağını hər bir gəncinə açan təşkilat olaraq qalsın. "İrəli" hər zaman anlayır ki, Dərbənddən Təbrizə qədər, Vaşinqtondan İstanbula, Pekindən Londona qədər böyük bir coğrafiyada Azərbaycan gəncliyi hər zaman onunla maraqlanır, onu təbliğ edir. Məhz buna görə də "İrəli" ona uyğun məsuliyyətli, intellektual siyasət ortaya qoymalıdır".
Ceyhun Osmanlı onu da vurğuladı ki, "İrəli" heç bir vaxt müasirliyi müşahidə edən təşkilat olmayıb. Qurum hər zaman müasirliyin özü olduğu üçün daim öndə gedib. Ona görə də "İrəli" hələ uzun müddət dövlətini, Vətənini, millətini sevən gənclərin güvənc yeri olacaq: "İrəli" azərbaycançılıq ideyasına inananların təşkilatıdır. "İrəli" qanı ilə, canı ilə Azərbaycan olanların təşkilatıdır. "İrəli" heç zaman tükənməyəcək bir ideyadır, heç zaman bitməyəcək bir həyat tərzidir".
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 24 dekabr.- S.11.