Hər bir gənc üçün mükəmməl örnək

 

 

Dövlət başçımızın səyi nəticəsində Azərbaycan beynəlxalq miqyasda təkcə neft-qaz ölkəsi kimi deyil, həm də dinamik inkişafın, tolerantlıq və multikulturalizmin ən uğurlu ünvanı kimi tanınır

 

 

Azərbaycanda gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə Vətənimizi layiqincə təmsil etməsi ölkə rəhbərliyinin diqqət yetirdiyi prioritet məsələlər sırasında yer alır. Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın dinamik tərəqqisi naminə gənclərin öz potensialının sərbəst, səmərəli şəkildə reallaşdırmasına yol açır. Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətini uğurla davam etdirən və ötən 10 ildə daha da zənginləşdirən Prezident İlham Əliyevin təşəbbüsləri ilə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi formalaşması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. Prezident  İlham Əliyev  dövlətin milli strategiyasını formalaşdırarkən gələcəkdə nəhəng layihələrin təməlçiləri olacaq, Azərbaycan dövlətinin sosial gerçəkliyinin mikromakromühitini formalaşdıracaq ağıllı, cəsarətli, işgüzar, vətənpərvər gənc nəsil haqqında da düşünür. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi, gələcək bilikli, elmli, istedadlı, azərbaycançılıq ideologiyası ilə silahlanmış vətənpərvər insanların çiyinləri üzərində qurulur.

Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etdi. 2005-2009-cu illəri əhatə edən bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.

2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən birielm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəb binaları tikilib istifadəyə verilib, ortaali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının Fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" isə gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu baxımdan Azərbaycanın təbii resursları içərisində ən böyük resursun insan biliyi olduğunu qeyd edən Prezident İlham Əliyevin maddi kapitalın "insan kapitalı"na çevrilməsi çağırışı real həyata uğurla vəsiqə qazanmaqdadır.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında gənclərlə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir.

Həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyev 2011-ci il iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramda qarşıya qoyulmuş vəzifələr gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi, gənclərin sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərdir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək məqsədilə maddi yardım etmək fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.

Bütün bunlar bir daha təsdiq edir ki, son 10 ildə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bu tədbirlər gələcəyin qurucuları olan gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır. Bu siyasət həmçinin gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi onların həm də intellektual və yaradıcılıq potensialını ümummilli məsələlərin həllinə yönəltmək məqsədi güdür.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib. İndi Azərbaycanı dünyada yalnız neftqazla zəngin ölkə kimi tanımırlar. Bu gün beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycan multikulturalizmin, tolerantlığın mükəmməl nümunələrini ortaya qoyan, ayrıca modelini yaradan ölkədir. Bu uğurların əldə olunmasında fəal iştirak edən gənclər öz məsuliyyətlərini dərindən dərk edir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Fəal sosial təbəqə kimi cəmiyyətin inkişafında yaxından iştirak edən gənclər ən mötəbər kürsülərdən də söz demək imkanları qazanmaqla doğma Vətənimiz naminə fəal aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfələr verirlər.

 

 

Kənan MƏMMƏDOV,

Xorvatiyanın Azərbaycandakı fəxri konsulu

Azərbaycan.-2013.- 24 dekabr.- S.11.