Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Xaçmaz
rayonunun
Palıdlı kəndində
inşa edilmiş orta məktəb binası istifadəyə
verilmişdir
Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin, rayon ictimaiyyətinin təmsilçilərinin və kənd sakinlərinin iştirak etdikləri açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırmış, dövlətin təhsilə göstərdiyi qayğıdan söhbət açmışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 350-dən artıq məktəb binası inşa edilib istifadəyə verilmişdir. O, Heydər Əliyev Fondunun şagirdlərə verdiyi bu gözəl töhfədən yararlanaraq yaxşı oxumağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə etmişdir.
Mərasimdə digər çıxış edənlər də əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etmiş, məktəb binasının istifadəyə verilməsini Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Natiqlər bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, son illər ölkənin hər bir guşəsində olduğu kimi, Xaçmaz rayonunda da məktəb tikintisi geniş vüsət almışdır. Son 10 ildə rayonda 32 yeni məktəb binası istifadəyə verilmişdir. Hazırda daha 5 məktəb binasının tikinti işləri aparılır.
Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. İkimərtəbəli təhsil ocağında kompyuter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılmış, məktəb ən müasir avadanlıqla təmin olunmuşdur. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün burada qazanxana və transformator yarımstansiyası qurulmuşdur.
Binada su, kanalizasiya sistemləri qurulmuş, həyətində futbol meydançası yaradılmışdır. Buradakı bütün tədris avadanlığı da məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuşdur.
Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə buraya mikroavtobus verilmişdir.
Məktəbin
açılışından sonra tədbir
iştirakçıları Palıdlı kəndində yerli
sakinlər üçün tikilmiş 26 yeni yaşayış
evinə də baxış keçirmişlər.
Azərbaycan.-2013.- 24 dekabr.- S.13.