2013-cü ilin ən
yaxşı idmançıları
mükafatlandırılmışlar
Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idman xadimlərinə və federasiyalara mükafatlar təqdim etmişdir.
AzərTAc xəbər verir ki, dekabrın 23-də "Buta Palas"da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə təşkil edilmiş beynəlxalq turnirlər və idmançılarımızın qazandığı nailiyyətlər barədə videoçarx nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etmişlər ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olmuşdur. 2013-cü ildə Azərbaycan idmançıları 800-dək medal qazanmışlar. Cari ildə idmançılarımız İslam Həmrəyliyi Oyunlarında və Yay Universiadasında uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəltmişlər.
Respublikamızın idman ölkəsinə çevrildiyini diqqətə çatdıran natiqlər növbəti illərdə Azərbaycanda Dünya İdman Jurnalistləri Assosiasiyasının konqresinin, birinci Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər yarışların keçiriləcəyini vurğulamışlar. Bütün bunların ölkəmizdə təşkil olunması respublikamızda gedən dinamik inkişafdan xəbər verir. Bu səbəbdən ali idman qurumları çəkinmədən mötəbər yarışların Azərbaycanda təşkil olunmasına maraq göstərirlər.
Natiqlər bildirmişlər ki, ölkəmizdə idman siyasətinin banisi ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin yaratdığı idman strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ilin ən yaxşı idman xadimlərinin adları elan edilmişdir.
Əvvəlcə Azərbaycan Boks Federasiyası ilin ən yaxşı federasiyası, Azərbaycan Güləş Federasiyası yarışların yüksək səviyyədə təşkil olunmasına görə, "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Ümid" idman klubu, Kürdəmir Olimpiya İdman Kompleksi ilin ən yaxşıları seçilmişlər.
Məşqçilər Yadigar Məmmədov (boks), İsmayıl Çöpsiyev (yunan-Roma güləşi), idmançılar Məhəmmədrəsul Məcidov (boks), Elxan Məmmədov (cüdo), Cavid Çələbiyev (boks), Orxan Səfərov (cüdo), Xetaq Qazyumov (sərbəst güləş), Teymur Məmmədov (boks), Firudin Quliyev (ağır atletika), Radik İsayev (taekvondo), Rafael Ağayev (karate) və İlham Zəkiyev (paralimpiya, cüdo) mükafatlandırılmışlar.
Mükafatçıların
şərəfinə tort kəsilmiş, digər nominasiyalar
üzrə qaliblər mükafatlandırılmış, tədbir
konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.-2013.- 24 dekabr.- S.14.