Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çox məhsuldar və səmərəli keçmişdir

 

Xəbər verdiyimiz kimi, dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilmişdir.  UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva sessiyanın yekunları ilə əlaqədar AzərTAc-a geniş müsahibə vermişdir.  Müsahibəni təqdim edirik.

- Günay xanım, dekabrın əvvəllərində Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına ev sahibliyi etmişdir. İlk olaraq, tədbirlə bağlı ümumi məlumat verərdiniz.

- Bildiyiniz kimi, Azərbaycan Respublikasında son illər bir sıra beynəlxalq tədbirlər keçirilməkdədir. Bunlardan artıq ənənə halını almış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirlərin adını çəkmək olar. Bu tədbirlərdə UNESCO əsas tərəfdaş kimi çıxış etmişdir.

Azərbaycan, eyni zamanda, UNESCO-nun tədbirlərinə də ev sahibliyi etməkdədir. Buna misal olaraq, 2011-ci ilin may-iyun aylarında  UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasını, 2013-cü ilin mart ayında UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə sessiyasını göstərmək olar.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası növbəti belə tədbirlərdəndir. Sessiya çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyiqeyd olunmuşdur. Vurğulamaq istərdim ki, UNESCO-ya üzv olan 195 ölkədən 157-si bu Konvensiyaya qoşulmuşdur.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi təşkilatın ən nüfuzlu komitələrindən hesab olunur. Çünki üzv dövlətlər bu Komitəyə müvafiq nominasiyalar təqdim edərək öz ölkələrinin mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq və onun mühafizəsini təşkil etmək imkanı əldə edirlər. Ümumiyyətlə, hər bir üzv ölkə çalışır ki, bu Komitənin işində fəal şəkildə iştirak etsin.

- Ümumiyyətlə, sessiya necə keçdi?  Bu barədə bir neçə söz deməyinizi xahiş edirik.

-  Səkkizinci sessiyada 116 ölkədən 611 nümayəndə iştirak etmişdir. Tədbirdə üzv ölkələrin mədəniyyət nazirləri və bu sahədə mütəxəssisləri, UNESCO üzrə milli komissiyalar və UNESCO yanındakı daimi nümayəndəliklərdən, həmçinin təşkilatın baş qərargahından müvafiq səlahiyyətli şəxslər iştirak etmişlər. Tədbirə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsura fəxri qonaq qismində dəvət olunmuşdu. Sessiya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etmişdir. Ümumilikdə isə iştirakçıların mətbuatda açıqlamalarında da qeyd olunduğu kimi, tədbir çox məhsuldar və səmərəli keçmişdir.

Sessiyada bir tərəfdən çox ciddi qərarlar qəbul olunmuş, digər tərəfdən müxtəlif mədəniyyətlər bir araya gəlmiş, öz mədəni irslərini dünyaya nümayiş etdirmişlər. Bu baxımdan tədbir, sözün əsl mənasında, dünya xalqlarının mədəniyyətlərinin bayramına çevrilmişdir.

Sessiya iştirakçıları Azərbaycanın özündə həm Şərq, həm də Qərb mədəniyyətini, eyni zamanda, həm qədimlik, həm də müasirliyi birləşdirdiyini qeyd edirdilər. Onlar səmimiyyətlə deyirdilər ki, siz öz mədəniyyətinizlə yaşayırsınız, ona qəlbən bağlısınız. Əminliklə söyləmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də iştirakçıların qəlbini fəth etmişdir.

- Tədbirin Azərbaycan üçünkimi əhəmiyyətli nəticələri olmuşdur?

- Bu suala mən iki fərqli aspektdən cavab vermək istərdim. Birincisi, ölkəmizə yüzlərlə qonaq gəlmişdi. Bu insanların bir çoxu Azərbaycana ilk dəfə idi ki gəlirdi. Bununla onlar həm ölkəmizin gözəlliyinə şahid oldular, həm də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrimizi canlı şəkildə görmək fürsəti əldə etdilər. Bu, UNESCO-da çalışan insanlar üçün çox vacib əhəmiyyət daşıyır. Gələcəkdə ölkəmizlə bağlı yeni nominasiyaların müzakirəsi zamanı onların ölkəmiz haqqında geniş məlumatlı olmaları, bizi dəstəkləmələri bu əməkdaşlığın möhkəm dostluğa çevrilməsinə də kömək edəcəkdir.

İkincisi, biz bu tədbirdə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin - Azərbaycan Respublikasında ənənəvi Qarabağ atüstü oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə nail olduq. Dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul etmişdir. Bu, eyni zamanda, dünya birliyinin tariximizə, milli köklərimizə, mədəni dəyərlərimizə qarşı olanlara layiqli cavabıdır.

- Günay xanım, çövkən oyunuonun məhz bu siyahıda yer almasının səbəbləri barədə oxuculara məlumat verə bilərsinizmi?

- Çövkən oyunu bizim ən qədim tarixi-idman oyunlarımızdan hesab olunur. Bu, yüzlərcə il əvvəl də gənclər arasında çox sevilən bir idman növü olmuşdur. Bunu Azərbaycanın Səfəvilər dövləti zamanından günümüzə gəlib çatmış onlarca miniatürlər də sübut edir. Ümumiyyətlə, çövkənin tarixi Səfəvilərdən daha əvvəlki yüzillərə gedib çıxır. XII əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairifilosofu Nizami Gəncəvinin əsərlərində də çövkən oyunu təsvir edilmişdir. Bu oyun at üstündə oynanılırdı və oyunun xarakterinə uyğun olaraq çövkən üçün cəld və çox hündür olmayan atlar tələb olunur. Belə atlar isə Qarabağ atlarıdır. Qarabağ atları, ümumiyyətlə, bütün dünyada yarış atları kimi çox məşhurdurlar. Doğma Qarabağda - Cıdır düzündə tarixən çoxsaylı yarışlar keçirilər, o cümlədən çövkən oynanılardı.

Bu gün Qarabağ bizim ürəyimizin ən yaralı yeridir. Məlumdur ki, Ermənistan minlərlə maddi abidələrimizi məqsədli şəkildə məhv etmiş, torpaqlarımızı işğal altında saxlamaqla çövkən kimi tarixi oyunlarımızın da unudulmasına çalışmaqdadır. Bu gün Qarabağ atlarının yetişdirilməsindəki çətinliklər, oyunun qədim məkanından kənarlaşdırılması meyilləri onun yavaş-yavaş unudulmasına gətirib çıxara  bilər. Bu səbəbdən də biz çövkənin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına deyil, Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə nail olduq. Bizim bu nailiyyətimiz həm milli adət-ənənələrimizdən birinin qorunub saxlanmasına, həm də bütün dünyanın erməni xislətinin şahidi olmasına imkan yaratdı. Biz çalışırıq ki, bütün dünya ictimaiyyətinin diqqətini maddi və qeyri-mədəni irs nümunələrinin məhv edilməsinə yönəldək.

- Sessiyada Azərbaycanın təqdim etdiyi çövkən nominasiyasından başqa daha hansı ölkələrin qeyri-maddi irs nümunələri UNESCO-nun siyahılarına daxil edildi?

- Qeyd etmək lazımdır ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim edilən nominasiyalara ölkənin mədəniyyətinə, adət-ənənəsinə xas olan xüsusi bayramlar, festivallar, adət-ənənələr, yemək bişirmə mədəniyyətləri, milli musiqilər, mədəni elementləri əks etdirən folklors. daxildir. Təşkilata üzv ölkələr tərəfindən Komitəyə bir çox nominasiyalar təqdim olunur, ancaq onların bir qismi zəruri meyarlara cavab vermədiyi üçün qəbul edilmir. Bu il 31 nominasiya Komitə tərəfindən təsdiq edildi. Onlardan dördü Təcili Qorunma Siyahısına daxil edildi. Buna misal olaraq, Monqolustanın milli xətt sənətinin adını çəkə bilərik ki, bu sənəti davam etdirən dünyada cəmi 20 nəfər qaldığı üçün bu siyahıya daxil edilmişdir.

Bununla yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızıstan, Belçika, Çin, Əlcəzair, Venesuelas. ölkələrin nominasiyaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildi. Mən Türkiyənin "Qəhvə mədəniyyəti və ənənəsi" nominasiyasını xüsusi qeyd etmək istərdim. Məlum olduğu kimi, hər ölkədə qəhvə içilir, ancaq burada önəmli məqam ondan ibarətdir ki, təqdim edilən nominasiya o ölkənin spesifik mədəniyyətini əks etdirmiş olsun. Yəni, hər bir ölkənin mədəniyyətinə xas olan xüsusi elementlər vardır ki, sadəcə o ölkə üçün spesifikdir. Bu, başqa ölkələr üçün xarakterik olmaya bilər. Türkiyəyə xas olan xüsusi türk qəhvə qonaqlıqları, elçilik zamanı qəhvə təklif olunması, hətta "Bir acı qəhvənin qırx il xətri var" kimi atalar sözləri bu ölkənin qəhvə mədəniyyətinin özünəməxsusluğunu göstərir. Eyni zamanda, Ukraynanın Petrikievka boyama-bəzəmə sənəti, Gürcüstanın xüsusi üsulla hazırlanaraq yer altında yumurtaşəkilli xüsusi küplərdə saxlanılan Qvevri şərabları, Belçikanın dənizdə at üstündə krivet tutma sənəti, Çinin Abakus (xüsusi sayma aləti) vasitəsilə hesablama metodları və s. qəbul edilən nominasiyalar arasındadır.

- Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyaya tanıdılması istiqamətində görülən işlər və gələcəkdə UNESCO siyahılarına daxil edilə biləcək nominasiyalar haqqında qısaca nə deyə bilərdiniz?

- Azərbaycan sadəcə maddi-mədəni abidələrlə deyil, eyni zamanda, gözəl adət-ənənələri, ədəbiyyatı, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdən biridir. Azərbaycan xalqı çox zəngin potensiala malikdir, amma biz hələ bunun sadəcə, bir hissəsini dünyaya çatdırmışıq. Bunun da obyektiv səbəbləri vardır. Məsələn, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi hər ölkədən bir dəfəyə məxsus sadəcə bir nominasiya qəbul edir. Bununla yanaşı, bu gün Muğam, Novruz, Azərbaycan xalçaçılıq sənəti, aşıq sənəti, taronun ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan mədəniyyətinin qorunmasında, dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri olaraq Azərbaycanın təşkilatda nüfuzunun artırılmasında, eyni zamanda, qeyd etdiyim nailiyyətlərin əldə olunmasında çox mühüm rol oynamışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri və muzeylərin açılması ilə yanaşı, tarixidini abidələrin bərpa və təmiri istiqamətində də böyük işlər görmüşdür.

Azərbaycan hazırda UNESCO-nun bir çox proqramlarında fəal iştirak edir. Bu gün UNESCO-nun iştirak, yubileylər, dünya yaddaşı proqramlarında da fəal iştirak etməklə biz Azərbaycan mədəniyyətini dünyada tanıtmağa çalışırıq. Gələcəkdə UNESCO-ya təqdim ediləcək nominasiyalarla bağlı onu demək istərdim ki, hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir. Ümid edirəm, gələcək illərdə həm təktərəfli, həm də çoxtərəfli nominasiyaların UNESCO siyahılarına daxil edilməsinin şahidi olacağıq. Hazırda üzərində çalışdığımız çoxtərəfli nominasiyalardan Molla Nəsrəddin lətifələrinin, Koroğlu dastanının adını çəkmək olar. Bunlar digər türkdilli ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələrdəndir və yaxın illərdə onları da UNESCO-nun müvafiq siyahılarında görə biləcəyik.

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.15.