Sloveniyanın Nova Qoritsa şəhərində Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

 

Dekabrın 21-də Sloveniyanın Nova Qoritsa regionunda Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi, Sloveniyanın Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdə Sloveniyanın müdafiə naziri Roman Yakiç, Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriya, Macarıstan, Polşa və Xorvatiyadakı səfirləri, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Mehdi Hüseynzadənin qohumu Fuad Əlizadə, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, Sloveniya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Nümayəndə heyəti əvvəlcə Mehdi Hüseynzadənin həlak olduğu və abidəsinin ucaldıldığı Nova Qoritsa rayonunun Şempas qəsəbəsinə gəlmiş, burada abidə önünə əklil qoyulmuş və qəhrəmanın xatirə muzeyinə baş çəkilmiş, xatirə kitabına ürək sözləri yazılmışdır. Sonra nümayəndə heyəti Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarət etmişdir. Burada yaradılmış yeni memorial abidənin açılışı olmuşdur. Memorial abidə ARDNŞ ilə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılmışdır.

General-mayor Vaqif Məmmədov çıxışında yerli sakinləri salamlayaraq M.Hüseynzadənin xatirəsinə göstərilən sevgiehtirama görə təşəkkür etmişdir. M.Hüseynzadənin Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yerə malik olduğunu qeyd edən V.Məmmədov onun həyatı, gəncliyi, təhsil illəri və keçdiyi döyüş yolu barədə danışmışdır. Bildirilmişdir ki, nasist Almaniyasının əsirliyində olan M.Hüseynzadə 1943-cü ildə digər legionerlərlə birlikdə Balkan yarımadası və İtaliya ərazisində Müttəfiq qoşunlarına qarşı döyüşlərə göndərilmişdir. Burada yerli partizan birləşmələri ilə əlaqəyə girən M.Hüseynzadə alman ordusundan qaçmış və 30-cu briqadanın 9-cu korpusu tərkibində fəaliyyət göstərən partizan dəstələrinə qoşulmuşdur. Sloveniya və İtaliyanın həmsərhəd regionlarında alman ordusuna qarşı döyüş əməliyyatlarının hazırlanması və həyata keçirilməsində, mürəkkəb kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində, mülki əhalinin qorunmasında, düşmənin hərbi və canlı qüvvəsinin məhv edilməsində xüsusi xidmətləri olan M.Hüseynzadə həm silahdaşları, həm də yerli əhalinin sevimlisinə çevrilmiş, onu ələ keçirməyə çalışan alman ordusu "Mixaylo" ləqəbi ilə tanınan qəhrəman partizanın tutulması üçün böyük məbləğdə mükafat təyin etmişdir. 1944-cü il noyabrın 16-da Vitovlye kəndi yaxınlığında gedən döyüşlərdə həlak olan Mixaylonun şanlı döyüş yolu müharibənin bitməsinə bir neçə ay qalmış yarımçıq qalmışdır. 1957-ci ildə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1958-ci ildə ölməz qəhrəmana həsr olunmuş "Uzaq sahillərdə" filmi lentə alınmış, 1973-cü ildə isə ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Bakıda abidə ucaldılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Nova Qoritsa rayonunun Şempas qəsəbəsində M.Hüseynzadənin büstünün açılışı olmuşdur.

M.Hüseynzadənin xatirəsinin həm Azərbaycan, həm də sloven xalqlarının xatirəsində əbədi yaşayacağını vurğulayan V.Məmmədov belə qəhrəmanların həyatının və döyüş yolunun gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd etmişdir. V.Məmmədov çıxışının sonunda Mixayloya olan sadə və saf sevgini qəlblərində yaşatdıqlarına görə yerli əhaliyə səmimi təşəkkürünü bildirmişdir.  ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov özünün uşaqlıq illərinin İkinci Dünya müharibəsinin nəticələrinin aradan qaldırıldığı, uşaq və gənclərin müharibə qəhrəmanlarının döyüşkən ruhda böyüdüldüyü dövrə təsadüf etdiyini qeyd etmiş və həmin qəhrəmanlar arasında M.Hüseynzadənin xüsusi yerinin olduğunu söyləmişdir.

Sloveniyanın müdafiə naziri Roman Yakiç bildirmişdir ki, Azərbaycan və sloven xalqlarının böyük oğlu M.Hüseynzadənin yubileyində iştirak etməkdən qürur hissi keçirir. Nazir qeyd etmişdir ki, İkinci Dünya müharibəsində sloven xalqının alman nasizmindən azad olmasında partizan hərəkatının xüsusi rolu olmuş, bu azadlıq M.Hüseynzadə kimi partizanların, ümumilikdə isə 140 min insanın qanı bahasına əldə edilmişdir. Keçdiyi döyüş yolu sayəsində qəhrəmanlıq tarixi yazan Mixaylo öz adını nəinki silahdaşlarının, eyni zamanda sloven xalqının qəlbinə yaza bilmişdir. Ölümündən onilliklər ötsə də, hər iki ölkə arasında dostluq bağlarının möhkəmlənməsində Mixaylo fenomeni sözünü deməkdədir.

Yekunda Lyublyana şəhərinin imamı Senad Karışık Mehdi Hüseynzadənin ruhuna "Fatihə" oxumuş və xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmin gün Nova Qoritsa şəhərində "Perla" mehmanxanasında yubiley münasibətilə konfrans keçirilmişdir.

 

* * *

 

Dekabrın 21-də Sloveniyanın Nova Qoritsa şəhərindəki "Perla" mehmanxanasında Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.

Konfrans Azərbaycan və Sloveniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Açılış nitqi ilə çıxış edən Nova Qoritsa şəhərinin meri Matey ArçonOğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov M.Hüseynzadənin xatirəsini yad etməyə yığışan qonaqları salamlamış, qəlblərdə M.Hüseynzadənin xatirəsinə olan ehtiramın təzahürü kimi nəinki hər iki ölkənin xalqları arasında səmimi dostluq münasibətləri olduğunu, eyni zamanda iki regionun da yaxınlaşdığını qeyd etmiş və qardaşlaşmış Nova Qoritsa ilə Oğuz arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını ifadə etmişlər.

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti İvan Başin Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərdən bəhs etmiş, bu əlaqələrin möhkəmlənməsində birgə tariximizin təcəssümü olan M.Hüseynzadə şəxsiyyətinin rolunu xüsusilə qeyd etmişdir. M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülmüş işlərdən bəhs edən İ.Başin Çepovan qəsəbəsindəki memorial kompleksin yaradılmasında maliyyə yardımı göstərdiyinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ), həmçinin şirkətin Avstriyadakı nümayəndəliyinə təşəkkürünü bildirmişdir.

M.Hüseynzadənin qohumu Fuad Əlizadə dayısının xatirəsinin sloven xalqı tərəfindən əziz tutulduğuna görə ailəsi adından təşəkkür etmiş, eyni zamanda Azərbaycan və Sloveniya dövlət qurumlarına minnətdarlığını bildirmişdir.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışı zamanı M.Hüseynzadənin 26 illik qısa ömrünə nəzər salmış, həyata rəssam və yaradıcı insan kimi atılmağa hazırlaşan gənc Mehdinin savaş meydanlarına üz tutmağa məcbur olmasından, eləcə də müharibədə almanlara əsir düşdükdən və əsirlikdən qaçaraq partizanlara qoşulduqdan sonra keçdiyi döyüş yolunun çoxlarına məlum olmayan məqamlarından danışmışdır. H.Həsənov qeyd etmişdir ki, dünyada ya dili, ya da dini yaxın xalqları bir-biri ilə qardaş hesab edirlər, Azərbaycan və sloven xalqlarının taleyində isə bu missiyanı M.Hüseynzadə öz üzərinə götürmüşdür. Nə din, nə də dilinə görə heç bir yaxınlığı olmayan iki xalq oğlu hesab etdiyi M.Hüseynzadə sayəsində bir-birinə doğmalaşmış və qardaş xalqlara çevrilmişlər.

Sonra ARDNŞ adından gözəl Azərbaycan xalçası M.Hüseynzadənin Şempas qəsəbəsindəki muzeyinə hədiyyə edilmiş, Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başinə və Sloveniya Partizanlar Cəmiyyətinin sədri İvan Tropa xatirə hədiyyələri verilmişdir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev İkinci Dünya müharibəsinin bir çox xalqları üçün faciə olduğunu, xüsusilə Avropa xalqları üçün əsl fəlakətə çevrildiyini, bu bəlanın ilk növbədə sloven xalqına böyük zərbə vurduğunu diqqətə çatdırmışdır. Azərbaycanın cəbhədən çox-çox uzaqda olmasına baxmayaraq, ölkəmiz qələbənin əldə olunmasında öz təbii resursları və insan potensialı ilə böyük töhfə vermişdir. Azərbaycandan minlərlə kilometr uzaqda yerləşən sloven torpağının alman nasistlərindən təmizlənməsində əlahiddə xidməti olan M.Hüseynzadə və digər oğullarımızın döyüş yolu və qəhrəmanlığı buna bariz nümunədir.

M.Hüseynzadə barəsində ədəbi-bədii yaradıcılıq nümunələrinə toxunan V.Quliyev yazıçılar Həsən Seyidbəyli və İmran Qasımovun birgə ərsəyə gətirdiyi "Uzaq sahillərdə" povesti, bu povest əsasında rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı eyniadlı bədii filmə toxunmuşyeni bir əsəri - sloven yazıçısı Peter Amaliettinin qələmə aldığı və rus dilinə tərcümə edilmiş "Mixaylonun təkbaşına qisası" romanını təqdim etmişdir.

Sloveniyanın Dövlət Poçt Xidmətinin marketinq üzrə direktoru Sabina Podkrijnik Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti ilə birgə Mehdi Hüseynzadənin xatirəsinə buraxılmış yubiley poçt markalarını təqdim etmişdir.

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov bugünkü tədbirin ərsəyə gəlməsində səy göstərmiş rəsmi qurumlarayerli sakinlərə təşəkkürünü bildirmiş, belə bir uğurlu bünövrə üzərində hər iki ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Sonra rejissor Tahir Əliyevin ekranlaşdırdığı "Təxəllüsü Mixaylo" sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirdə, həmçinin Nova Qoritsa şəhərinin xoruestrada musiqi ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Bədii proqramdan sonra qonaqlara ziyafət verilmişdir.

 

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Nova Qoritsa

Azərbaycan.-2013.- 24 dekabr.- S.16.