«Mənim Prezidentim» Gənclərin Təşəbbüs Qrupunun

 hesabat konfransı keçirilmişdir

 

Dekabrın 24-də "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun hesabat konfransı keçirilmişdir.

AzərTAc  xəbər verir ki, əvvəlcə müğənni Tünzalə Ağayevanın ifasında "Mənim Prezidentim" klipi nümayiş olunmuşdur.

Sonra təşəbbüs qrupunun fəaliyyətindən bəhs edən videoçarx təqdim edilmişdir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışmış, təşəbbüs qrupunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Nazir qeyd etmişdir ki, respublikamızda dövlət gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təşəbbüs qrupunun yüzlərlə gənci bir araya toplaması, onların müxtəlif layihələrdə əməkdaşlıq etmələri və dövlət başçısının yürütdüyü uğurlu gənclər siyasətini bir parçasına çevrilmələri bu təbəqənin püxtələşməsi üçün zəmin yaratmışdır.

Nazir vurğulamışdır ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin qayğısını daim hiss edir. Bunun məntiqi nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində gənclər yekdilliklə dövlət başçısı İlham Əliyevə səs vermişlər. Həmçinin "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu çərçivəsində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçirmişlər.

Çıxış edən təşəbbüs qrupunun üzvləri - "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müavini Nərgiz Hüseynova həyata keçirilən layihələr barədə məlumat vermiş, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışmışlar.

Natiqlər qeyd etmişlər ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır.

"Mənim Prezidentim" Vətənini sevən, onu daha yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan dövlət başçısı İlham Əliyevə dəstək olan gənclərin sinerjisidir. "Mənim Prezidentim" sıralarında yüz minləri birləşdirən gənclər hərəkatıdır.

Bildirilmişdir ki, avqustun 23-dən başlayan kampaniyanın mühüm cəhətlərindən biri fəaliyyət dairəsinin geniş olmasıdır. "Mənim Prezidentim" kampaniyası yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox böyük şəhər və rayonlarını əhatə edir. "Mənim Prezidentim" kampaniyası Azərbaycanda indiyədək görünməmiş layihələrə imza atmışdır.

Tədbirdə, həmçinin dekabrın 24-də yaradılmasının 5 illiyini qeyd edən "İrəli" İctimai Birliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Mərasim konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.-2013.- 25 dekabr.- S.4.