Polşanın Azərbaycandakı fövqəladə
və
səlahiyyətli səfiri BANM-da
olmuşdur
Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.
Qonağı BANM-da görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov ARDNŞ-in son illərdə keçdiyi inkişaf yolundan danışmış, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, bir neçə gün əvvəl Bakıda imzalanan "Şahdəniz-2" üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün önəmindən danışmış, bildirmişdir ki, bu, dünyanın ən iri enerji layihələrindən biridir. Neft-qaz layihələrində işləyə biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinin də dövlətin qarşısında duran vacib məsələlərdən biri olduğu qeyd edilmişdir. Bu məqsədlə ölkədə aparılan təhsil islahatlarından danışan E.Qasımov həmçinin vurğulamışdır ki, BANM da məhz müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılmışdır.
Tədbirdə Azərbaycan və Polşa respublikaları arasında tarixən isti münasibətlərin olduğu, Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin yaxından iştirakı qeyd olunmuşdur. Ümumiyyətlə, Polşada mühəndislik ixtisasına önəm verildiyi diqqətə çatdırılmışdır.
Daha sonra ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd edilmiş, qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verilmişdir. Rektor E.Qasımov Şərqi Avropanın ən qədim ali məktəblərindən olan Polşanın Elm və Texnologiyalar Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini demişdir.
Səfir
Mixal Labenda bildirmişdir ki, Azərbaycan və Polşa dost
dövlətlər olmaqla yanaşı, eyni zamanda bir çox
sahələrdə yaxın müttəfiq dövlətlərdir.
O, günü-gündən inkişaf
edən Azərbaycanda beynəlxalq standartlara
cavab verən belə bir
ali məktəbin yaradılmasının əhəmiyyətini
qeyd etmiş, BANM ilə
müxtəlif təhsil layihələri çərçivəsində
əməkdaşlıq etməyə və Polşanın
müxtəlif texniki ali
məktəbləri ilə əlaqələr qurulması üçün lazımi dəstək verməyə
hazır olduğunu bildirmişdir.
Azərbaycan.-2013.- 25 dekabr.- S.5.