İlin sənətkarlıq
paytaxtı - Göygöl
Ölkəmizdə xalq yaradıcılığının inkişafına xüsusu qayğı göstərilir. Bununla əlaqədar olaraq hər il geniş tədbirlər sistemi həyata keçirilir. Həmin plana uyğun olaraq respublika Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Göygöl rayonu 2013-cü il üçün sənətkarlıq paytaxtı elan olunmuşdu. Cari ilin mart ayında nazirliyin bu barədəki diplomunun və kubokun təqdimi ilə rayon mədəniyyət evində geniş sərgi təşkil edilmiş və müşavirə keçirilmişdi. Sonra rayonun ayrı-ayrı bölgələrində axtarış-təbliğat tədbirlərinə başlanılmışdı.
Bu qədim və yaraşıqlı diyarın sənətkarlar paytaxtı elan edilməsi rayonda geniş əks-səda doğurmuş, el sənətini sevənlərin fəallaşmasına səbəb olmuşdur. Rayonun mərkəzində, eləcə də qəsəbə və kəndlərdə xalq sənətinin ən müxtəlif sahələri üzrə onlarca istedadlı oğlan və qız müəyyən edilmiş, onların geniş əl-qol ata bilmələri üçün imkan daxilində müəyyən şərait yaradılmış, sərgilər düzəldilmiş, görüşlər keçirilmiş, xüsusilə, fərqlənənlərə fəxri fərmanlar və sertifikatlar verilmişdir. Çəllək ustası Cahan Cəfərova, rəssam Rizvan Əliyevə, toxucu Mələk Rüstəmovaya, dekorativ sənəd ustası Mehriban Məmmədovaya və başqalarına təntənəli şəraitdə fəxri fərmanlar təqdim olunmuşdur. İl ərzində keçirilən baxışlarda Qızılca məktəbinin şagirdləri xüsusi ilə fərqlənmişlər. Həmin təhsil ocağında xalq sənəti muzeyi təşkil olunmuşdur.
Bu günlərdə rayonda yekun toplantısı keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ziyalılar, xalq sənətinin biliciləri iştirak edirdilər. Bu münasibətlə mədəniyyət evində geniş sərgi açılmış, burada onlarca xalq sənətkarının əl işləri nümayiş olunurdu. Sonra isə xalq istedadlarının iştirakı ilə konsert verilmişdir. Mədəniyyət və Turizim Nazirliyinin şöbə müdiri Fikrət Babayev və rayon icra hakimiyyətinin başçısı Arif Seyidov yekun tədbirlərində iştirak edirdilər.
Toplantıda qeyd edildi ki, dövlət tərəfindən xalq yaradıcılığının inkişafına böyük önəm verilir. Ona görə də mədəniyyət ocaqlarının fəaliyyətində bu istiqamət mühüm yer tutur və gündəlik işlərdə xalq yaradıcılığının inkişafına xüsusi diqqət yetirilir.
Tədbir iştirakçıları dedilər ki, Göygöl rayonunun sənətkarlıq paytaxtı elan edilməsi ölkədə xalq sənətkarlığına olan qayğı və diqqətin əyani nümunəsidir. Məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, dəstəklənməsinə, milli adət-ənənələrin tədqiq və təbliğinə təkan verməkdən ibarətdir.
Sonda
mətbuat konfransı keçirildi və Göygöl Rayon
İcra Hakimiyyətinin başçısı Arif Seyidov
toplantı iştirakçılarını maraqlandıran
suallara ətraflı cavab verdi.
Əhməd
İSAYEV,
Azərbaycan.-2013.- 25 dekabr.- S.7.