AMEA-nın prezidenti Gənc Alim və Mütəxəssislər

 şuralarının sədrləri ilə görüşmüşdür

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə akademiyanın institut və təşkilatlarda təsis edilmiş Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri ilə görüşmüşdür.

Akademiyadan bildirmişlər ki, tədbirdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevakademik-katib, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev iştirak etmişlər.

Akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasının qərarı ilə yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının məqsəd və vəzifələrindən söhbət açmışdır. Gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü nəzərə çatdırmışdır.

AMEA-nın prezidenti ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları ili ilə bağlı akademiyada keçirilən tədbirlərdən danışmışdır. Gənc alimlərə informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri mükəmməl öyrənməyi tövsiyə etmişdir.

Azərbaycan elminin gəncləşməsi istiqamətində həyata keçirilən layihələrdən söhbət açan akademiya rəhbəri gənc alim və mütəxəssislərin üzərinə düşən vəzifələri ifadə etmişdir.

Sonra AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edərək gənc alim və mütəxəssislərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açmış, akademiyada aparılan gənclər siyasətindən, onların sosial problemlərinin həlli istiqamətində görülən əməli tədbirlərdən bəhs etmişdir. 2014-cü ildə gənclərlə bağlı keçiriləcək beynəlxalq konfrans haqqında məlumat vermişdir. Gənc alim və mütəxəssislərə ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması ilə bağlı innovativ proseslərdə fəal iştirak etməyi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsini tövsiyə etmişdir.

Sonda Gənc Alim və Mütəxəssislər şuralarının sədrlərinin rəy və təklifləri dinlənilmişdir

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 dekabr.- S.5.