Bakı Dövlət Universitetində «Qloballaşmamüasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Dekabrın 25-də Bakı Dövlət Universitetində (BDU) İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin  65-ci ildönümünə həsr edilmiş "Qloballaşmamüasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Bakı Dövlət Universitetinin hüquq fakültəsi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə,  Ukrayna, Rusiya və digər ölkələrdən olan alim, mütəxəssislər, müəllim və tələbələr  iştirak etmişlər.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin ölkəmizdə hüquqi-demokratik, dünyəvi dövlət quruculuğunda tarixi xidmətlərindən danışmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Rektor xatırlatmışdır ki, "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"nin qəbul olunmasından 65 il ötür. İkinci Dünya müharibəsindən sonra dünyada insan hüquqlarının qorunmasına xüsusi önəm verilmiş, 1948-ci il dekabrın 10-da BMT tərəfindən "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul olunmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanın müstəqillik qazandıqdan sonra ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Ölkəmiz bir tərəfdən insan hüquqları sahəsində qəbul edilmiş əhəmiyyətli beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaratmışdır.

Müstəqil Azərbaycanda insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verildiyini qeyd edən akademik A. Məhərrəmov vurğulamışdır ki, ölkəmizdə insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş, bilavasitə ümummilli liderin rəhbərliyi və təşəbbüsü ilə müvafiq normativ-hüquqi sənədlər qəbul edilmişdir. İnsan hüquqlarına dair 300-dən çox təşkilatda təmsil olunan Azərbaycan bir çox nüfuzlu beynəlxalq qurumlara üzv olmuşdur. 

Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən rektor,  dövlət başçısı tərəfindən insan hüquqlarına dair imzalanan sənədlərin əhəmiyyətini vurğulamışdır.

Ölkəmizdə insan hüquqları üzrə elmi tədqiqatlara və mütəxəssis hazırlığına böyük diqqət verildiyini qeyd edən rektor bildirmişdir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistratura pilləsində ingilis dilində tədrisi aparılan "İnsan hüquqları" ixtisaslaşmasında bu sahə üzrə peşəkar mütəxəssis  hazırlığı həyata keçirilir. Eyni zamanda, hüquq fakültəsində insan hüquqları kafedrasının və hüquq klinikasının yaradılması da insan hüquqlarının tədrisi, təbliği və təminatında mühüm rol oynamaqla dövlətimizin bu sahədəki fəaliyyətinə önəmli dəstək verəcəkdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanda  insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin uğurla həyata keçirildiyini bildirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası ilə Bakı Dövlət Universiteti arasında əlaqələrdən bəhs edən A. Əlizadə informasiya-kommunikasiya texnologiyalarının müasir dünyada elmin, təhsilin inkişafında mühüm rolunu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini xatırlatmışdır.   

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev "İnformasiya cəmiyyəti şəraitində insan hüquqları problemləri və onların həlli istiqamətləri", Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev "İnformasiya hüququ hüququn yeni bir istiqaməti kimi: insan hüquqları aspektindən yeni yanaşmalar və beynəlxalq praktika" mövzularında məruzələr etmişlər.

Konfransda Rusiyanın Kazan Federal Universitetinin professoru Revol Valeyev, Krakov Universitetinin professoru Aleksandr Merejko və digər alimlərin də məruzələri dinlənilmişdir.

Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər  Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu arasında yeni təsis ediləcək "İnformasiya hüququ" sahəsində magistratura təhsil pilləsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Konfransın "Dövlət və hüquq nəzəriyyəsi və tarixi", "Konstitusiya hüququ",  "Beynəlxalq hüquq", "İnsan hüquqları" , "İnformasiya təhlükəsizliyi" və digər bölmə iclaslarında 180-dək  məruzə dinlənilmişdir. 

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 dekabr.- S.3.