Azərbaycan Diplomatik
Akademiyasında Qarabağa
həsr olunan müxtəlif sənət
əsərlərindən ibarət sərgi
açılmışdır
Dekabrın 25-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) təşkilatçılığı ilə Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Sülh və Qarabağ üçün səslər" ("Voices for Peace, Voices for Karabakh") kampaniyası çərçivəsində sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, ADA tərəfindən dəstəklənən "Xankəndi üçün səslər" ("Voices for Khankendi") adlı sərginin müəllifi gənc rəssam və illüzionist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həlimə Ələsgərovadır.
Sərginin açılış mərasimində bildirilmişdir ki, kampaniyanın əsas məqsədi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərini unutmamaq, tarixi yaddaşımızı möhkəmləndirmək, şəhidlərimizin xatirəsini yad etmək və gənclərdə Qarabağa sevgi hissinin aşılanmasıdır.
Tədbirdə Azərbaycan mədəniyyətinin bütün dünyada geniş təbliğ olunduğunu diqqətə çatdıran ADA-nın prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, bu sərgi də xalqımızın öz mədəni keçmişinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir.
Fariz İsmayılzadə demişdir ki, ADA-nın əsas vəzifələrindən biri gənclərə xalqımızın tarixini öyrətməkdir. Bu baxımdan akademiyada belə layihələrin reallaşması çox əhəmiyyətlidir. Eyni zamanda, ADA-da təhsil alan dünyanın 28 ölkəsinin gəncləri bu sərgi vasitəsilə Azərbaycan tarixi ilə tanışlıq imkanı qazanacaqlar.
Mərasimdə Milli Məclisin deputatları Flora Qasımova, Asim Mollazadə və Aydın Mirzəzadə çıxış edərək ömründə Şuşanı görməyən bir gəncin qədim tarixi və zəngin mədəniyyəti olan Qarabağı öz rəsm əsərlərində tərənnüm etməsini yüksək qiymətləndirmişlər.
Qeyd edilmişdir ki, Qarabağ Azərbaycanın təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə məşhur bir bölgədir. Belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq Azərbaycan dövlətinin başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə erməni işğalından azad ediləcəkdir.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışmış, Qarabağın mədəni irsini qorumağın hər bir azərbaycanlının borcu olduğunu vurğulamışdır.
Bayram Səfərov sərginin təşkilinə göstərdikləri köməyə görə ADA-nın rəhbərliyinə və ASAIF-ə minnətdarlığını bildirmişdir.
Sərgidə Qarabağın, o cümlədən Şuşanın təbiət mənzərələrini, tarixi-memarlıq abidələrini əks etdirən sənət əsərləri nümayiş olunur. Bu sənət əsərləri tamaşaçıların diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada davam edən digər münaqişələrə yönəldərək insanların taleyi barədə düşünməyə çağırır.
Sərgi bir həftə davam edəcəkdir.
Azərbaycan.-2013.- 26 dekabr.- S.3.