Bakıda «Virtual məkanda
əqli mülkiyyət hüquqlarının qorunması»
mövzusunda konfrans keçirilmişdir
Dekabrın 25-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamı ilə
2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan olunması çərçivəsində
keçirilən tədbirdə dövlət və hökumət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, elmi ictimaiyyətin təmsilçiləri
iştirak etmişlər.
Konfransın
açılış mərasimində çıxış
edən MHA-nın sədri Kamran İmanov bildirmişdir ki,
ölkəmizdə 2013-cü ilin "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilməsi respublikamızın tarixində
çox böyük hadisədir, sürətlə dəyişən
həyatın, innovativ əsaslarla qurulan dövlət siyasətinin
təzahürüdür.
Son illər Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, iqtisadi və sosial uğurlarının durmadan artdığını qeyd edən K.İmanov vurğulamışdır ki, bütün bunların ən mühüm zəmini Prezident İlham Əliyevin siyasi təfəkkürünün və düşüncə tərzinin kreativliyi və gələcəyə yönəlməsidir. Hazırda dünya inkişafın Azərbaycan modelini böyük maraqla öyrənir və haqlı olaraq onu "Azərbaycan möcüzəsi" adlandırır. Çünki bu model davamlı, dayanıqlı inkişaf modelidir, stabilliyi və iqtisadi irəliləyişi, sosialyönümlülüyü, ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativlik və modernləşməni, biliklərə əsaslanan tərəqqini, İKT-nin və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirən modeldir.
Azərbaycanda müəllif-hüquq sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət yetirildiyini qeyd edən MHA-nın sədri demişdir ki, bu, ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi islahatların və məqsədyönlü siyasətin uğurlu nəticələrindəndir. Ölkəmizdə əqli mülkiyyətə yönəldilən diqqət və qayğı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sahənin prioritet istiqamət kimi qəbul edilməsi Azərbaycanda müəlliflik hüququnun inkişafına böyük dəstək verir.
Hazırda Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB məkanında şəriksiz lider mövqeyindədir. Ölkəmiz bu sahədə Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə, Ukraynanı 64 pillə qabaqlayaraq dünya üzrə 69-cu yeri tutur.
Kamran İmanov vurğulamışdır ki, Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində beynəlxalq əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu istiqamətdəki uğurlarını yüksək qiymətləndirir. Təsadüfi deyildir ki, Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) bu ilin sentyabrında keçirilmiş Baş Assambleyasında rəhbər orqanlara seçkilər zamanı Azərbaycan Respublikası bu qurumun "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik Əlaqələndirmə Komitəsinin üzvü olmuşdur. Baş Assambleyada Azərbaycan daha bir komitənin - DƏMT-in Proqram və Büdcə Komitəsinin də üzvü seçilmişdir. Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə DƏMT-in yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan, 100-ə yaxın dövlətin təmsil olunduğu Müəllif Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilmişdir.
MHA-nın sədri bildirmişdir ki, hazırda ölkəmizin əhalisinin 70 faizi internet istifadəçisidir. Təkcə 2013-cü ilin altı ayında elektron hökumət portalına 74,5 mindən artıq istifadəçi qoşulmuşdur. Beynəlxalq Elektrorabitə İttifaqı hesabatında göstərir ki, cari ilin sonuna qədər dünya əhalisinin 40 faizi internetə qoşulacaqdır. Hazırda virtual aləmdə müşahidə edilən meyillərdən biri əqli mülkiyyətin və xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır. İnternetdə satılan malların 50 faizindən çoxu əqli mülkiyyət obyektləridir və onların hər beşindən dördü müəlliflik hüququ ilə qorunur.
Diqqəti cəlb edən digər meyil müəlliflik hüququnun pozulması miqyasının dözülməz həddə çatmasıdır. Beynəlxalq Ticarət Palatasının (ICC) təqdim etdiyi sənəddə göstərilir ki, piratçılığa və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməzsə 2015-ci ildə iqtisadi ziyan 1,7 trilyon dolları aşaraq hər il 2,5 milyon iş yerinin azalmasına səbəb olacaqdır. Bütün bunlar göstərir ki, müasir dünyada əqli mülkiyyətin fəaliyyət konteksti bu mülkiyyətin yarandığı dövrdəki kontekstdən tamamilə fərqlidir.
Əqli mülkiyyətin müasir fəaliyyət kontekstinin, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsinin əqli mülkiyyətin rolu haqqında düşüncə tərzinin, təfəkkürün dəyişdirilməsi zərurətini yaratdığını qeyd edən K.İmanov əqli mülkiyyət sahəsindəki əhəmiyyətli yenilik və dəyişikliklər barədə məlumat vermişdir. Bildirmişdir ki, bütün bunlar əqli mülkiyyətin ənənəvi əsaslarını inkar etmədən bu fenomenin böyüklüyünü və incəliyini göstərir, eyni zamanda, XXI əsrdə daha geniş miqyasda yeni sərvətlərin yaranmasının intellektual kapital və virtuallaşma hesabına baş verdiyinə dəlalət edir.
Azərbaycan dövləti bu çağırışlara cavabını hazırlamışdır və gələcək işlərimiz "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında - sistemli təhlilə və müasir proqnostikaya əsaslanan bu nadir sənəddə əksini tapmışdır.
Vurğulanmışdır ki, İnkişaf Konsepsiyası qeyri-neft sektorunun inkişafı hesabına ölkənin iqtisadi potensialının ikiqat artırılmasını nəzərdə tutur. İKT sektoru isə bu müddətdə 4-5 dəfə artacaqdır. 2020-ci ilədək xidmətlərin elektronlaşmasının tamamilə başa çatdırılması və əhalinin təxminən 80 faizinin elektron xidmətlərə girişinin təmin olunması planlaşdırılır. 2014-cü ildə təhsil müəssisələrinin internetə, həm də genişzolaqlı rabitə sisteminə qoşulma səviyyəsinin 100 faizə çatdırılması nəzərdə tutulur. 2017-ci ilədək əhalinin 85 faizinin sürətli internetə girişi təmin olunacaqdır.
Bütün bunlar əsas verir ki, İnkişaf Konsepsiyasında əqli mülkiyyətin əhəmiyyətinin yaradıcılıq və innovativliyi stimullaşdıran amil və bazarda rəqabəti dəstəkləyən vasitə kimi yüksəldilməsi nəzərdə tutulsun. Ona görə də bu sahə prioritetlər sırasında qəbul edilmişdir.
K.İmanov bildirmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının "Yüksək rəqabətli iqtisadiyyat" bölməsi sərmayə qoyuluşlarının artımı və yayılması üçün şəraitin yaradılmasını və intellektual fəaliyyət nəticələrinin innovativliyinin artırılmasını nəzərdə tutur. Burada "kreativ sənaye"nin inkişafı və əqli mülkiyyətə dair Uzunmüddətli Milli Strategiyanın təsdiqi planlaşdırılır.
Konsepsiya informasiya cəmiyyətinə keçilməsinin sürətləndirilməsi üçün İKT-əqli mülkiyyət qarşılıqlı əlaqələrinin daha da fəallaşdırılmasını, əqli mülkiyyət obyektlərinin əksəriyyətinin qlobal rəqəmli şəbəkəyə keçməsi ilə əlaqədar onlayn lisenziyalaşma rejimində rəqəmli hüquqların idarə edilməsi və "one-stop-shop" formatında elektron xidmətlərin göstərilməsi sisteminin yaradılmasını da nəzərdə tutur.
İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa və əqli mülkiyyət hüquqlarının pozulmasının digər hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə də xüsusi yer ayrılmışdır. Sənəddə əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanması, hüquqi qorunması və səmərəli idarə edilməsidir.
Bununla əlaqədar qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə aparılması mühüm işə çevrilir. Bununla da Müəllif Hüquqları Agentliyinin qeyri-maddi mədəni irsi rəqəmli şəkildə qoruyan milli aqreqatora çevrilməsi nəzərdə tutulur.
MHA-nın sədri demişdir ki, 1996-cı ildən indiyədək agentlikdə doqquz mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. Hüquqların təminatının daha da gücləndirilməsi üçün virtual məkanda müəlliflik hüquqlarının idarəçiliyi sahəsində beynəlxalq təcrübə öyrənilmişdir. Yaradıcılıq fəaliyyətinin nəticələrinin rəqəmli şəbəkələrdə istifadəsinə dair metodika hazırlanmış, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilən yeni model təklif olunmuşdur. İKT-də əqli mülkiyyət hüquqlarının qorunmasının təsnifatı hazırlanmışdır. Agentlikdə fəaliyyət göstərən "Qaynar xətt"ə cari ildə 600-dən çox müraciət daxil olmuş, onların hər biri üzrə müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə aparılan mübarizənin fəal iştirakçılarındandır. Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən mühüm tədbirlər nəticəsində ölkəmizdə bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
UNESCO və BMT-nin İnkişaf Proqramının builki birgə məruzəsində xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması və müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.
Azərbaycan dövləti bütün bunları nəzərə alaraq bu istiqamətdə uğurlu siyasət aparır.
Konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycanda hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Fiberoptik texnologiyalardan və genişzolaqlı rabitədən istifadə imkanlarının artırılması yaxın vaxtlarda bu göstəricini 85 faizə çatdırmağa imkan verəcəkdir.
İKT-dən istifadənin sürətlə artması sərhədsiz virtual aləmdə əqli mülkiyyət hüquqlarının daha etibarlı qorunmasını zəruri edir.
Son illərin hesabatlarında ölkəmizin əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlətlərdən biri kimi təqdim olunduğunu bildirən nazir müavini demişdir ki, konfransın məqsədi sürətlə inkişaf edən virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması, yaradıcılıq fəaliyyəti məhsullarının rəqəmsal şəbəkələrdə istifadəsinə dair qarşıya çıxan problemlərlə bağlı müzakirələrin aparılmasıdır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cəmiyyətin aparıcı və təkanverici qüvvəsinə çevrilən İKT-nin inkişafı və bu tərəqqi fonunda əqli mülkiyyət hüquqlarının qorunmasına həsr olunan konfransın əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, hazırda dünyada dörd milyardadək insan virtual məkanın üzvüdür və bu məkanda münasibətlərin tənzimlənməsi insan hüquqlarının qorunmasının mühüm məsələlərindəndir.
Cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayan Rəbiyyət Aslanova demişdir ki, bu, milli təhlükəsizliyin tərkib hissəsidir.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı dünyada müəllif hüquqlarının qorunmasına mane olan amillərdən söz açmışdır. Bildirmişdir ki, son illər planetimizdə münaqişə nöqtələrinin sayı artmışdır. Müharibələr nəticəsində məhv edilən abidələrlə birlikdə onların müəlliflərinin də hüquqları ciddi şəkildə pozulmuş olur. Bu problemin aradan qaldırılması üçün dünyanın əqli mülkiyyət ictimaiyyəti fəaliyyətini daha da genişləndirməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev konfransın müasir dövr üçün son dərəcə aktual mövzuya həsr olunduğunu diqqətə çatdırmışdır. O, virtual aləmin üzvlərinin bu məkanın daxili qanunlarına əməl edə bilmələri üçün yüksək mədəniyyətə sahib olmalarının əhəmiyyətini vurğulamışdır.
Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində MHA-nın fəaliyyətini yüksək qiymətləndirən E.Babayev bildirmişdir ki, EİF bu ideyanı qrant şəklində dəstəkləyəcəkdir.
Sonra genişzolaqlı şəbəkə yayımı gücünün açıqlanması barədə videoçarx nümayiş olunmuşdur.
Konfransda MHA-nın sədri K.İmanov "Virtual məkan və müəlliflik hüququnun inkişafı" mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda "İnternet-copyright" münaqişəsinin mahiyyəti, kiberməkanda toqquşan maraqların riyazi təsviri və digər məsələlər barədə geniş məlumat verilmişdir. İstifadəçilərin, hüquq sahiblərinin və müəlliflərin münaqişə tərəfləri olduqları, onlar arasında münasibətlərin tənzimlənməsi yolları diqqətə çatdırılmışdır.
Daha sonra Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun "İnternet şəbəkəsində müəlliflik hüquqlarının pozulması ilə yerləşdirilən informasiyaya girişin məhdudlaşdırılması üçün mexanizmlərin hazırlanması" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması yollarından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən geniş bəhs olunmuşdur.
Mövzular
ətrafında müzakirələr aparılmış, təkliflər
irəli sürülmüşdür.
AzərTAc
Azərbaycan.-2013.- 26 dekabr.- S.4.