«Xocalıya ədalət» çağırışı artıq beynəlxalq tələbə çevrilir

 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı

 Gənclər Forumu bu istiqamətdə mühüm platformalardan biridir

 

 

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin ən mühüm məziyyətlərindən biri ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, xüsusən erməni diasporunun, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinin qarşısının alınması, hücumçu diplomatiya yolu ilə üstünlüyün əldə edilməsidir. Fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən 10 ildə ölkəmizin beynəlxalq nüfuzunun artması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi cəmiyyətin hər bir üzvünün, o cümlədən biz gənclərin ümdə vəzifələrindən biridir. Hazırda Azərbaycanın fəal gəncləri öz məsuliyyətlərini dərindən dərk edir, malik olduqları imkanlar çərçivəsində bu məsələdə fəal vətəndaşlıq mövqeyi ortaya qoyurlar. 2004-cü ildə Azərbaycan gənclərinin təşəbbüsü ilə İslam Konfransı Təşkilatının 35 üzv ölkəsindən olan gənclər təşkilatlarının iştirakı ilə təsis edilən və İKT yanında üzv-qurum statusuna malik olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) bu vəzifələrin həyata keçirilməsində beynəlxalq status daşımaqla bizim ən mühüm platformalarımızdan biridir. Eyni zamanda, belə bir forum İKT üzv dövlətlərin gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və İKT-nin gündəliyində duran məsələləri beynəlxalq təşkilat və forumlarda müdafiə etmək imkanını yaradıb.

Forum 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" Təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə bu fikirlər yer alıb ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Təklifdə göstərilib ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi seçilməsi qurumun işinin canlandırılması ilə yanaşı, Azərbaycan həqiqətlərinin məhz gənclərimiz tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılması işinə mühüm təkan verdi, forumun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsində həmin il mayın 17-də İstanbulda İKT Gənclər ForumuİSESCO-nun təşkilatçılığı ilə keçirilmiş iclasda Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası hər kəs tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul edildi.

Bundan sonra İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Uqandada  keçirilmiş konfransında "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. 2009-cu ilin mayında İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar. 2011-ci ildə isə İKT Parlamentlər İttifaqı (İKT Pİ)  tərəfindən bu kampaniyaya dəstək olaraq bəyannamə qəbul edilib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərində keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına (2011-ci ildə İKT-yə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb) üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyada keçirilən 7-ci sessiyasında "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən bənddə qeyd edilir ki, konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

2008-ci ildən bu vaxtadək 60-dək ölkədə azərbaycanlı gənclərin iştirakı ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası qarşıya qoyduğu məqsədə çatmaq yolunda mühüm uğurlara imza atıb. Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət erməni quldur birləşmələri tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırıma münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İƏT Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Pakistan, MeksikaKolumbiya kimi dövlətlərin parlamentlərində Xocalı soyqırımı rəsmən tanınıb. Eyni zamanda, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı durmadan artmaqdadır. Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Daha sonra isə BosniyaHerseqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib.

Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: "Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli aparır. Son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü ifşa olunurdünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır".

Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi işində gənclərimiz mütəmadi olaraq fəaliyyət göstərir, DƏ İKGF kimi nüfuzlu platformadan uğurla yararlanmaqla bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə mühüm dəstək verirlər.

Bu il DƏ İKGF İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında onlayn sorğu keçirib. Sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin Dövlətinə Yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in islam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Bu gün Azərbaycanla İƏT arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın haqq mövqeyini ifadə edən İƏT ölkələri həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsində də dəstək nümayiş etdiriblər. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində İƏT ölkələri ilə münasibətlər getdikcə genişlənir. Bundan irəli gələrək İƏT Gənclər Forumunun iştirakçıları arasında da əlaqələr dərinləşir və inkişaf edərək yeni məzmun alır.

 

 

 

Vüsal QURBANOV,

Dialoq və Əməkdaşlıq uğrunda İslam

 Konfransı Gənclər Forumunun regional ofisinin əməkdaşı

Azərbaycan.-2013.- 26 dekabr.- S.5.