Sosial və investisiya yönümlü büdcə

 

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əldə olunan nailiyyətlər ilk növbədə dövlət büdcəsində əksini tapır. Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Azərbaycanın davamlı tərəqqisinin "barometr"inə çevrilən dövlət büdcəsi real göstəriciləri və artım səviyyəsi ilə təkcə vətəndaşların yaşayışını deyil, ümumən hökumətin fəaliyyətini dəyərləndirmək imkanı yaradır.

Son 10 il ərzində dövlət büdcəsi gəlirlərinin strukturu Azərbaycanın real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə yüksək göstəricilərdən sayılır. Məsələn, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdir ki, bu da regionda rekord göstəricilərdən sayılır. Təsadüfi deyil ki, Azərbaycanın 2013-cü ilin dövlət büdcəsi Cənubi Qafqaz ölkələrinin ümumi büdcəsinin 76 faizini təşkil etmişdir.

Milli Məclisdə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. "Büdcə sistemi haqqında" qanuna, habelə Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi və icrası qaydaları"na uyğun olaraq hazırlanmış ali maliyyə sənədinin strateji istiqamətləri qeyri-neft sektorunun inkişafı - makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması; regionların davamlı və tarazlaşdırılmış inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılmasıdır

2014-cü ildə xam neftin bir barrelinin qiyməti bu ilin dürüstləşdirilmiş büdcəsində olduğu kimi 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Xam neftin bir barelinin qiymətinin 100 ABŞ dollarından yuxarı olmaqla qərarlaşan qiymət səviyyəsi ilə müqayisədə proqnoz məbləğlərin əhəmiyyətli dərəcədə aşağı səviyyədə göstərilməsi neftin qiymət konyunkturasındakı ciddi risklərdən sığortalanmanın təminatçısı və məqbul mühafizəkar yanaşma kimi müsbət dəyərləndirilməlidir.

 

 

 

Makroiqtisadi sabitlik ili

 

 

Məlumdur ki, ilin sonuna yaxın Milli Məclis 2014-cü ilin dövlət büdcəsi layihəsini müzakirəyə çıxarmış, deputatların bəzi təklif və rəyləri nəzərə alınmış, bu sahədə şəffaflıq, hesabatlılıq təmin olunmuşdur. 2013-cü il dekabrın 19-da isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalanmışdır. Xüsusi vurğulamaq lazımdır ki, büdcə zərfinə daxil olan sənədlərin, o cümlədən Azərbaycan Respublikasının 2014-cü və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının, habelə proqnoz göstəricilərinin hazırlanmasında ölkədə formalaşmış hazırkı əlverişli iqtisadi mühit baza kimi götürülmüşdür.

2013-cü ilin 9 ayının yekunları isə respublikanın ötən illərdən başlanmış sürətli inkişafında hər hansı geriləmə və yubanmanın olmadığını göstərir. Hesabat dövrünün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas hərəkətverici qüvvəsinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını göstərir. Bütün bunlar həm də ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyinə, respublikanın gerçək potensialı ilə uzlaşdığına dəlalət edir.

2013-cü ilin 9 ayında dünyada qlobal iqtisadiyyatın inkişaf istiqamətində hərəkətə gəlməsi, enerji daşıyıcılarının qiymətlərinin nisbətən yüksəlməsi, habelə əlverişli xarici mövqe və daxili tələbin genişlənməsi fonunda Azərbaycan iqtisadiyyatında artım meyilləri davam etmişdir. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur.

Şübhəsiz, müasir dövrdə hər bir ölkənin iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu birmənalı etiraf edirlər. Xatırlatmaq yerinə düşər ki, Ümumdünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi"ndə respublikamız makroiqtisadi sabitlik indeksi üzrə mövqeyini 10 pillə yaxşılaşdıraraq 8-ci yerdə qərarlaşmışdır. Həmçinin Azərbaycan əsas makroiqtisadi göstəricilərdən olan inflyasiyanın birrəqəmli və aşağı səviyyəsinə görə dünya ölkələrinə liderlik etmiş,  eyni zamanda, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə dünyada 13-cü yeri tutmuşdur. Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə belə demişdir: "Bu sahədə də çox konservativ siyasət aparırıq və bu gün Azərbaycan dünya miqyasında bu göstəriciyə görə də ən qabaqcıl yerlərdədir. Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın".

Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin  xarici borcu idarəolunmaz həddə çatmışdır. Problem avro zonasında özünü daha qabarıq göstərir - bu geoiqtisadi məkanda yerləşən ölkələrin xarici borcu 12 trilyon dolları ötüb. Borcun həcmi Avropanın ayrı-ayrı ölkələrində hətta 120-150 faizə çatır.

Azərbaycanda isə dövlət borcunun ümumi daxili məhsula nisbəti 8 faiz həcmindədir. Bunu əsas makroiqtisadi göstəricilərdən hesab edən maliyyə institutları ortamüddətli dövrdə ölkə iqtisadiyyatının həm qlobal, həm də lokal təhdidlərə qarşı kifayət qədər dayanıqlı hesab edirlər. Digər mühüm göstərici isə büdcə xərclərinin optimal səviyyədə - ümumi daxili məhsulun 30-40 faizi civarında saxlanılmasıdır.

Makroiqtisadi sabitliyi şərtləndirən mühüm amillərdən biri də strateji valyuta ehtiyatlarının ilbəil dinamik artımıdır. Müqayisə üçün bildirək ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 25-30 faizini təşkil edir. Neftlə zəngin ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Azərbaycanın güclü maliyyə-valyuta ehtiyatlarına malik olması ölkənin davamlı inkişafına, habelə regionda investor mövqeyinin güclənməsinə güclü təminat yaradır. 2003-cü ilə qədər respublikamız müxtəlif iqtisadi layihələri həyata keçirmək üçün beynəlxalq kreditorlardan borc almağa məcbur olurdusa, son 10 ildə yürüdülən səmərəli iqtisadi siyasət sayəsində Azərbaycan borc alan ölkədən borc verən dövlətə çevrilmişdir. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri ölkəmizin strateji valyuta ehtiyatlarının dinamik artımına imkan vermişdir. Bu müddətdə Azərbaycanın valyuta ehtiyatları 49,6 milyard dollara, ÜDM-in təxminən 90 faizinə yaxın bir həddə çatmışdır.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan hazırda rəqabət qabiliyyətinə görə də Müstəqil Dövlətlər Birliyi məkanında birinci yerdədir. Ümumilikdə, respublikamız 2012-ci illə müqayisədə qurumun reytinq cədvəlində 7 pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır.

 

 

 

Davamlı inkişafın aynası

 

 

2014-cü ilin dövlət büdcəsi deməyə əsas verir ki, qarşıdakı il Azərbaycanın  bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2014-cü ildə də qarşıda duran başlıca vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqından gəlir vergisinin vergi tutulmayan məbləğinin minimuma yaxınlaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcək.

Büdcə qanunu ilə tanışlıq göstərir ki, 2014-cü ildən etibarən rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən idarə və təşkilatların həmin rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi üçün əməli tədbirlər həyata keçiriləcək. Rayon və şəhərlərin ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödədikləri bəzi vergi və ödənişlərin rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulur. Bu mexanizmin tətbiqi regionların inkişafı və iqtisadi durumu haqqında real vəziyyəti qiymətləndirməyə imkan verməklə yanaşı, onların mərkəzdən iqtisadi asılılığının azalmasına zəmin yaradacaq. Gələn ilin dövlət büdcəsində diqqəti çəkən mühüm məqamlardan biri regionların maliyyələşməsində yeni mexanizmlərin tətbiqi, yerli büdcələrə dotasiyaların 1,8 faiz azaldılmasıdır. Sumqayıt, Şirvan və Abşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonunun xərclərinin də öz gəlirləri hesabına formalaşdırılması nəzərdə tutulur.

Ümumilikdə, 2014-cü ilin dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaq.

2014-cü ildə əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.

Dövlət büdcəsinin tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri də nəzərə alınmışdır. Respublikanın makroiqtisadi proqnoz göstəricilərinə əsasən, qarşıdakı ildə 58,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı gözlənilir ki, bu da 5,2 faizlik artım deməkdir. Neft sektoru üzrə ÜDM-in 1,5 faiz azalması fonunda qeyri-neft sektorunda əlavə dəyərin 36 milyard manat və ya cari illə müqayisədə 10 faiz real artımı proqnozlaşdırılır. Ümumiyyətlə, gələn il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 61,5 faiz həddində nəzərdə tutulur. Bu, 2012-ci ilin yekununa nisbətən 8,8, 2013-cü ilin proqnozuna görə 3,1 faiz çoxdur. Müqayisə üçün  qeyd edək ki, büdcədə qeyri-neft ÜDM-in xüsusi çəkisi 2008-ci ildə 44,6, 2009-cu ildə 54,9, 2010-cu ildə 44,4, 2011-ci ildə 44,8, 2012-ci ildə 52,7 faiz təşkil etmişdir.

Gələn il həmçinin dövlət büdcəsi gəlirlərinin sabitləşdirilməsi, qeyri-neft sektoru və digər real mənbələr hesabına büdcəyə əlavə daxilolmaların cəlb edilməsi, eləcə də büdcə xərclərinin daha çox sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması nəticəsində əldə olunacaq resurslar hesabına formalaşdırılması nəzərdə tutulur. Bunlardan əlavə, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət və yol vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqının gəlir vergisinin vergi tutulmayan məbləğinin yaşayış minimumuna yaxınlaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması tədbirlərinin davam etdirilməsi planlaşdırılır.

 

 

 

Qeyri-neft sektoru dinamik inkişaf edir

 

 

 

Gələn il qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi və sənaye istehsalının artırılması üçün maliyyə təminatının yaradılması məsələləri diqqət mərkəzində olacaq. Bütün bunların nəticəsi kimi gələn ilin dövlət büdcəsində özəl sektorun ÜDM-də payının 83,2 faizə yüksələcəyi gözlənilir. Bu, 2014-cü ildə ölkədə biznes mühitinin daha da liberallaşacağına, özəl sektorun inkişafı üçün daha əlverişli imkanların yaranacağına dəlalət edir.

2014-cü ilin dövlət büdcəsinin strukturu hökumətə gələn il üçün qarşıya qoyulmuş hədəfləri reallaşdırmağa geniş imkanlar açır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri isə 20 milyard 63 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi cari xərclərə, 41,9 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2014-cü il dövlət büdcəsinin xərclərinin artımı 2013-cü ildə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, ölkə üzrə bir sıra sosial ödənişlərin artırılması, yeni təşkilatların fəaliyyətə başlaması, yeni dövlət proqramlarının təsdiqi və yeni fondların təsis edilməsi ilə əlaqələndirilir.

Bu ilə nisbətən 2014-cü il dövlət büdcəsi xərclərində sosial müdafiə və sosial təminat xərcləri 14,3, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9, elm xərcləri 12,5, səhiyyə xərcləri 8,4, təhsil xərcləri 8, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 7,5, müdafiə xərcləri 7,1, iqtisadi fəaliyyət xərcləri 19, nəqliyyat və rabitə xərcləri 8,7, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artacaq.

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında 2013-cü ilə nisbətən gələn il Dövlət Neft Fondundan transfertlər 2 milyard manat və ya 17,8 faiz azaldılacaq və bu, hökumətin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm tərkib hissəsidir. Əvvəlki illərdən fərqli olaraq gələn il fondun diqqəti başlıca məqsədə - xərclərə qənaətə, gəlirlərin həcminin artırılmasına və ən əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə yönələcək. Eyni zamanda, ARDNF-dən transfertlər müxtəlif sahələrə - infrastruktur, təhsil və s. investisiyalarla əvəz ediləcək. Bu baxımdan gələn ilin dövlət büdcəsi özündə Azərbaycanın iqtisadi inkişafına, habelə qeyri-inflyasiya mənbələri hesabına büdcə kəsirinin maliyyələşdirilməsinə yeni konseptual yanaşmanı ehtiva edir.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının həcminin artırılması, ilk növbədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məqsədlərin praktik reallaşdırılmasına xidmət edir. Ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar hökumət qarşısında qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 2 dəfəyədək artırılması vəzifəsini qoymuşdur.

Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 2014-2017-ci illərdə Azərbaycanda ümumi daxili məhsulda neft sektorunun payı müvafiq olaraq 38,5 faizdən 27,6 faizə düşəcəyi gözlənilir. 2015-ci ildə bu göstəricinin 32, 2016-cı ildə 29 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Paralel olaraq ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisi 2014-cü ildəki 61,5 faizdən 2017-ci ildə 72,4 faizə yüksəlməlidir. 2015-ci ildə ÜDM-də qeyri-neft sektorunun payının 68, 2016-cı ildə 71 faiz təşkil edəcəyi bildirilir.

2014-cü ildə qeyri-neft sektorunun ümumilikdə 10 faiz artacağı gözlənilir. Qeyri-neft-qaz sektorundan əldə olunacaq əlavə vəsaitlərin əsas mənbəyi vergi və gömrük daxilolmaları, büdcədənkənar gəlirlər hesab edilir. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,1 milyard və ya cari illə müqayisədə 702 milyon manat (2013-cü illə müqayisədə 11 faiz çox ) çox vəsaitin daxil olması nəzərdə tutulur. Bu il qanunvericiliklə vergi güzəşti əldə etmiş vergi ödəyiciləri dairəsinin nisbətən genişləndiyi bir şəraitdə nəzərəçarpacaq bu artım ilk növbədə sahibkarlığın inkişafı, habelə liberal vergi mühiti və çevik vergi inzibatçılığı hesabına təmin ediləcək.

Həyata keçirilən səmərəli vergi siyasəti və ödəyicilər üçün yaradılan əlverişli şərait, inzibatçılıqla bağlı davam etdirilən tədbirlər öz müsbət nəticələrini ilk növbədə vergi ödəyicilərinin sayının və vergi daxilolmalarının sürətlə artmasında göstərir. 2000-ci ildən indiyədək vergi ödəyicilərinin sayı 3 dəfədən çox artaraq 520 mini ötmüşdür. Vergi sisteminin yaratdığı əlverişli şərait nəticəsində vergi ödəyicilərinin maliyyə imkanları əsaslı şəkildə genişlənmişdir. Həmin dövrdə  Azərbaycanda vergi daxilolmalarının həcmi 12 dəfəyə yaxın artmışdır.

Ölkə iqtisadiyyatının proqnozlaşdırılan inkişaf tempi, qeyri-neft sektoruna yatırılan investisiyaların həcminin artması, bunun qarşılığında həmin sahədə iqtisadi fəallığın yüksəlməsi, yeni istehsal müəssisələrinin yaradılması, sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması və digər tədbirlər neftdənkənar bölmələrdən əlavə vəsaitlərin əldə olunacağını şərtləndirir. Daha bir mühüm tendensiya budur ki, regionların inkişafı sahəsində son dövrlər həyata keçirilən tədbirlər nəticəsində bölgələrdə iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafına nail olunmuş və vergi potensialı xeyli artmışdır.

Ümumilikdə, bütün bunlar büdcə gəlirlərinin neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşdırılmasına, qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasına xidmət edən praktiki addımlar olacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin müddətinin yenidən 5 il uzadılması da qeyri-neft sektorunun inkişafına sanballı töhfədir. Qeyd etmək lazımdır ki, bu güzəşt hesabına 2001-2012-ci illər ərzində dövlət büdcəsinə ödənilməli olan 1 milyard 400 milyon vəsait fermerlərin sərəncamında qalaraq istehsalın genişlənməsinə sərf edilmişdir. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına ümumilikdə 600 milyona yaxın, yəni, hər il bir hektar əkin sahəsinə MDB məkanında ən yüksək məbləğdə - 70 dollar subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcminin 2000-ci ilə nisbətən 4,4 dəfə artırmasına imkan vermişdir. Bu onu sübut edir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır. Bu diqqətin nəticəsidir ki, 2014-cü ilin büdcəsində kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox (ümumilikdə 539 milyon manat) vəsait ayrılmışdır. Gələn il bu sahəyə 131 milyon manat həcmində və ya cari ilə nisbətən 6,4 faiz çox subsidiya verilməsi gözlənilir. Kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri meliorasiya və irriqasiya tədbirlərinin yerinə yetirilməsi olduğundan bu sahə də həmişə diqqət və qayğı ilə əhatə olunur.  2014-cü ildə bu işlərə 239 milyon manat və ya cari ilə nisbətən 4,3 faiz çox vəsait ayrılması nəzərdə tutulub.

 

 

 

Sosial və investisiya yönümlü büdcə

 

 

 

Neft vəsaitlərinin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir.

Büdcədə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 6,3 milyard manat vəsait ayrılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq mümkün deyil. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan, habelə büdcədə dövlət investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitləri istiqamətlər üzrə düzgün yönəltmək qarşıdakı il üçün prioritet məqsədlər sırasındadır. Dövlət investisiya siyasəti ilə müvafiq iqtisadi inkişaf proqramları arasında əlaqələri möhkəmləndirmək, bu vəsaitlərin ilk növbədə 2014-cü ildə başa çatdırılması nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi də əsas vəzifə kimi qarşıda durur.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi öncə hər bir insanın konstitusiya hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasından ötrü vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi 2014-cü ilin dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Təhlillər göstərir ki, gələn ilin büdcə xərclərinin strukturunda sosial yönümlü xərclər yenə də prioritet istiqamətlərdən birini təşkil edir: sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 5,337 milyard manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 milyon manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 milyon manat çoxdur. Yeri gəlmüşkən qeyd edək ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar üçün 103, uşaqlar  üçün 103 manat nəzərdə tutulur. "2014-cü ildə ehtiyac meyarının səviyyəsi haqqında" qanunu bu meyarın ünvanlı sosial yardımların təyinatı üçün 2013-cü ildəki 93 manatdan 100 manatadək artırılacağını göstərir.

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün təsdiqlənmiş büdcəsi isə 2 milyard 928 milyon 452 min manat təşkil edir. Bu, 2013-cü ilin proqnoz göstəricisinə nisbətən 300 milyon manat və ya 11,2 faiz çoxdur. Gəlirlərin 60,8 faizini və ya 1 milyard 780,4 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da 2013-cü ilin proqnozundan 14,9 faiz və 230,3 milyon manat çoxdur.

Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri onun büdcəsidir. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən, hökumətin fəaliyyətinin səmərəliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Bu baxımdan, əminliklə demək olar ki, 2014-cü ildə hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.

 

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2013.- 26 dekabr.- S.6.