Dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında ikinci müddətə sədrliyi də  bu istiqamətdə həyata keçirilən geniş fəaliyyətlə yadda qaldı

 

 

Son 10 ildə Azərbaycan beynəlxalq müstəvidə saysız-hesabsız diplomatik uğurlar əldə edib. İki il öncə isə bunların sırasına növbəti əlamətdar hadisə əlavə olundu. 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) üzv seçildi. Ötən ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında isə bu quruma sədrlik etdi.

BMT TŞ-yə üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi diplomatiya tariximizdə əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsi deməkdir.

Azərbaycanın BMT TŞ-də ilk sədrliyi uğurla başa çatdı. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük tarixi sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası, ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Xatırladaq ki, Azərbaycanın BMT TŞ-yə ilk sədrliyi müddətində şura tərəfindən 13 açıq və 16 qapalı iclas keçirildi. Sudan və Cənubi Sudan arasında hərbi qarşıdurma, Cənubi Sudanda BMT təhlükəsizlik qüvvələrinin mandatının artırılması və Qvineya-Bisauda hərbi çevrilişlə bağlı qətnamələr qəbul edildi. Bundan başqa, Azərbaycanın şuraya sədrliyi müddətində mətbuat üçün 7 bəyanat qəbul olundu.

Oktyabrda Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrlik etdi. Bu dövrdə BMT TŞ-nin gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi. Azərbaycanın BMT TŞ-də sədrliyinin başa çatması ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunur ki, BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Pan Gi Mun və İƏT-in Baş katibi Əkmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak etdilər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobalregional proseslərə toxunulub və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilib. İclasda islam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd olunaraq islam dininə olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylərə və dialoqa ehtiyac duyulduğuqlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanıb. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edilib və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səslənib.

Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ-nin sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda həmçinin münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanıb.

Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir kimi 3-9 oktyabr tarixlərində BMT TŞ-nin missiyasının Afrikaya səfəri təşkil edilib. Məqsəd Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaqmüvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi olan bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo, Ruanda, UqandaEfiopiyada olublar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutub. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılıb və yekunda birgə kommunike qəbul edilib.

Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nin qeyri-rəsmi görüşünü də təşkil edib.

Azərbaycanın TŞ-də sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.

BMT TŞ sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində oktyabrın 2-də Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsindəki Afrika İttifaqı və BMT-nin Birgə Əməliyyatı, BMT-nin Mali və Konqodakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilərlə əlaqədar altı bəyanatı qəbul edilib.

Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT-nin Katibliyi, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə BMT TŞ-də sədrliyin başa çatması münasibətilə rəsmi tədbir keçirib.

BMT TŞ-yə sədrliyin ikinci dəfə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi oldu.  Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan bu dəfə də BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasına mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 26 dekabr.- S.7.