Azərbaycanın iqtisadi
inkişaf modelinin
uğurla həyata keçirilməsinə dəyərli
töhfə
Planetar inkişafın bütün sahələrini əhatə edən müasir qloballaşma prosesi dünyanı öyrənən bütün elmləri, onların sahələrini və yarımsahələrini qarşılıqlı əlaqələndirir və şərtləndirir. Yəni, təbiəti və cəmiyyəti öyrənən elm sahələri dərininə və eninə qədər sürətlə şaxələnərək bir-birindən təcrid olunub (ixtisaslaşıb) müstəqil elm sahələri kimi fəaliyyət göstərirlərsə, bir o qədər sürətlə onların arasında üzvi birləşmə - inteqrasiyalaşma prosesi baş verir.
Bu mənada təbiət elmləri ilə iqtisad elmlərinin qarşılıqlı əlaqəsi və şərtlənməsi bütün reallığı ilə hələ ki, açılmamış qalmaqdadır. Təbii mühitin iqtisadi proseslərə əhəmiyyətli təsiri birmənalı qəbul edilir.
Lakin əks təsirin daxili gücü və potensial imkanları elmi cəhətdən bütün əhatəliyi ilə aşkarlanmamış qalır. İlk növbədə, həmin iqtisadi gücün və potensial imkanların nəinki elmi əsaslarının aşkara çıxarılmasını və daha çox iqtisadiyyatın yaradıcı elm olmasını, onun dünya elmləri sırasında xüsusi yer tutmasını bütün reallığı ilə açıb göstərmək lazım gəlir. Bu baxımdan iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun baş elmi işçisi İrşad Kərimlinin uzun illərin yaradıcı əməyi ilə ərsəyə gətirdiyi və bu günlərdə elmi ictimaiyyətin, təcrübi işçilərin və geniş oxucu kütləsinin diqqətinə çatdırılan "İqtisad elmi: aktual problemlər və real yanaşmalar" adlı kitabı diqqəti daha çox cəlb edir.
Kitabda müəllif iqtisadiyyatın dünya elmləri sistemində xüsusi yer tutmasını yalnız onun təbiət elmlərinə yaxınlığı ilə deyil, daha çox təcrübi nəticələri, eksperiment aparmağa meyilliyi ilə və nəhayət, təcrübəyə birbaşa çıxmaq imkanları ilə də izah edir. Müəllifin fikrincə, təbiətin, təbii resursların iqtisadiyyata təsiri nə qədər ciddi olsa da, hər halda iqtisadi artımın və tərəqqinin son nəticədə təbii proseslərə əks təsirindən yaranan iqtisadi resursların formalaşması iqtisadi inkişafa daha ciddi və güclü təsir edə bilir. Bu problemi aydınlaşdırmaq üçün kitabda iqtisadi inkişafı sürətləndirib, əhalinin yaşayışını yaxşılaşdıran müəyyən daxili hərəkətverici qüvvəyə əsas diqqət verilir. Çünki həmin qüvvənin özü ölkənin inkişafı yolunda formalaşan bütün ictimai amillərin arxasında (görünməyən tərəfindən) dayanan iqtisadi gücdür ki, bu da həmin iqtisadi qüvvəni yaradan iqtisadi enerjiyə tabe olur. Təsadüfi deyildir ki, kitabda iqtisadi inkişafın hərəkətverici qüvvəsi və bu qüvvəni yaradan iqtisadi enerjinin özünün hərəkət qanunlarını aşkara çıxarmaq istiqamətində iqtisad elminə, onun tədqiqatlarına hazırda daha çox ehtiyac duyulduğu vurğulanır. Bu tədqiqatlarla iqtisadi proseslər, onların hərəkət qanunları sadəcə müşahidə, seyr etməklə deyil, daha vacib olanı "mövcud iqtisadi proseslərin daxilinə nüfuz edib həmin proseslərin hərəkətverici qüvvəsini yaradan iqtisadi enerji aşkara çıxarılır".
Kitabda diqqəti cəlb edən və daha çox maraq doğuran problemlərdən biri iqtisad elminin nəzəri tədqiqatları ilə insan kapitalının, əmək fəaliyyəti sahəsinin öyrənilməsi, əməyin oyadıcı gücünün müəyyənləşməsi, bu gücü yaradan qüvvənin ölçülməsi, onun hesablanması üsullarının dəqiqləşdirilməsidir. Düzgün olaraq qeyd edilir ki, əməyin oyadıcı gücünün ölçülməsi imkanlarının məhdud olmasına baxmayaraq, onun hərəkətverici qüvvəsinin ölçülməsi mümkündür və bu istiqamətdə tədqiqat aparmış və hazırda da aparan iqtisadçı alimlərin fikirləri ilə müəllif tam razılaşdığını bildirir. Əməyin hərəkətverici qüvvəsinin ölçülməsi mümkünlüyü dedikdə, müşahidə edilən proseslərin, hadisələrin və faktların kəmiyyətini ölçmək, onların kəmiyyət müəyyənliyini dəqiqləşdirmək imkanının olması başa düşülür. Belə konkret və dəqiq hesablama üsulları ilə silahlanmaq iqtisad elminin nəzəriyyəsi ilə aparılan tədqiqatların etibarlı bazası ola bilir.
Kitabda klassik iqtisadçıların nəzəri irsindən irəli gələn müddəalar ümumiləşdirilir. İqtisadi proseslərin və faktların hərəkətverici qüvvəsini kəmiyyətcə müəyyən etmək, onu ölçməyin vasitəsi kimi maddi və maliyyə vəsaitləri, xüsusən, pul ön sıraya çıxarılır. Elmi və təcrübi yanaşma üsullarından və metodlarından bacarıqla istifadə edilərək iqtisad elminin və iqtisadi-nəzəri tədqiqatların həm bütünlükdə cəmiyyət elmlərinin bir çox sahələri və həm də iqtisadyönümlü sahə elmləri üçün metodoloji baza rolunu oynaması faktını əsaslandırmaq üçün təbiət və cəmiyyət elmlərinin təsnifatı aparılır. Təsnifat üçün konkret meyarlar seçilməklə qruplaşdırma aparılır və bununla da, hər iki elm sahəsinə aid olan çoxsaylı konkret elmlərin içərisindən daha güclü və əsaslı metodoloji bazaya malik olan elmlər ön sıraya çıxarılır. Təsadüfi deyildir ki, həmin istiqamətdə klassik iqtisadçıların, Azərbaycan və xarici ölkələrin iqtisadçı alimlərinin nəzəri fikirlərinə müraciət olunaraq kitabda çoxsaylı təhlillər aparılır, ümumiləşdirmələr edilərək konkret nəticə çıxarılır. Müəllifin fikrincə, "təbiət elmləri sırasında riyaziyyat və anatomiya, cəmiyyət elmləri sırasında isə fəlsəfə və iqtisadiyyat nəzəri tədqiqat metodları və üsullarının məcmusunu özündə birləşdirərək həm özlərinin və həm də uyğun sahə elmlərinin apardıqları tədqiqatların metodoloji üsullarını və yollarını göstərir".
İqtisad elminin belə istiqamətverici rolunu və səlahiyyətini hər şeydən əvvəl onun tədqiq etdiyi obyektin və öyrəndiyi predmetin mürəkkəbliyi, çoxcəhətliyi və çoxşaxəliyi ilə əlaqələndirən müəllifin kitabda diqqət verdiyi digər bir məsələ iqtisadiyyatın dəyişkənliyi və transformasiyası əsasında digər elm sahələri ilə iqtisad elminin üzvi əlaqələnməsi və şərtlənməsi, bir-birinin daxilinə nüfuz etməsidir. Belə bir obyektiv proses dünya elmində və insan təfəkküründə gedən assimilyasiya və dissimilyasiya, induksiya və deduksiya prosesləri ilə şərtlənən elmləri və elmi fikirləri müxtəlif sahələrə ayırmaqla bərabər, onları bir-biri ilə üzvi əlaqələndirmək zərurətini də yaratmışdır. Belə bir təbii-tarixi prosesi əsas götürən müəllif düzgün olaraq qeyd edir ki, tarixən fəlsəfədən ayrılaraq təcridləşib müstəqil elm sahələri olan riyaziyyat və iqtisadiyyat biri təbiət elmlərinin, digəri isə cəmiyyət elmlərinin tədqiqat üsullarının tətbiqi yollarının öyrədiciləri, istiqamətvericiləri olmaqla bərabər, hər iki elm sahəsi həyatımızın və bizi əhatə edən dünyanın sirlərini açıb insanların istifadəsinə verə bilən dəqiq elmlər hesab edilə bilər. Müəllifin fikrincə, müasir dünyada riyaziyyatla iqtisadiyyatın sintezinə, xüsusən, riyaziyyatın iqtisadiyyata tətbiqinə, o cümlədən riyazi proqramlaşdırmaya, iqtisadi riyaziyyata, qeyri-səlis məntiqə, informatikaya, kompyuter texnologiyalarına, ekonometrikaya və s. ən müasir elmlərə böyük ehtiyac yaranmışdır.
Sadə və oxunaqlı dildə yazılan bu kitabda Azərbaycan iqtisadiyyatının müstəqil inkişafı yolunda qarşıya çıxan problemlərin xarakteri, mürəkkəblik dərəcəsi, əhatə dairəsi və təsir imkanları təhlil edilir, ümumiləşdirmə aparılaraq nəticə çıxarılır. Bir çox problemlər ayrı-ayrılıqda, digərləri isə qruplaşdırılaraq özünün sistemli həllini tapmışdır. Müəllif düzgün elmi və təcrübi yanaşma ilə iqtisadiyyatın çevik işləməsi üçün əsas sayılan iqtisadi mexanizmin günün tələblərinə uyğun qurulmasını və onun iqtisadi inkişafa təsirinin potensial imkanlarını açıb göstərir. Qeyd edilir ki, iqtisadi mexanizmi formalaşdıran struktur elementlər və alətlər daha səmərəli əlaqələnərək sistemli qurulmalı və iqtisadi artımın kompleksliyi təmin olunmalıdır. Diqqətəlayiq cəhət odur ki, kitabın hər bir bölməsində öyrənilən iqtisadi inkişaf prosesləri qarşılıqlı əlaqə və asılılıq halında götürülür və sistemləşdirilərək onların birgə inkişafının hərəkət qanunları tapılır.
İqtisadi inkişaf qanunlarının fəaliyyət dairəsi makroiqtisadiyyat səviyyəsində istehsalla bazarın qarşılıqlı əlaqəsi və təsirinin bütün cəhətlərini əhatə etdiyindən müasir bazar iqtisadiyyatı milli təkrar istehsalın bütün sferalarına, onların arasındakı qarşılıqlı əlaqəyə yeni qaydada yanaşmağı tələb edir. Kitabda istehsal-bazar-istehlak arasında qarşılıqlı təsirdə əks əlaqəyə üstünlük verilməsi məsələsi öz həllini tapır. İnsana, onun əməyinə və qabiliyyətinə iqtisadiyyatın və sosial sahənin bir elementi kimi deyil, bütünlükdə cəmiyyətin hərəkətverici qüvvəsinin başlıca motivi kimi baxılır. Bu kontekstdə istehsalla bazar arasında qarşılıqlı əlaqənin daim təkrarlanması prosesi iqtisadiyyatın çevik işləməsinin (iqtisadi mexanizmin işləməsinin) başlıca təminatçısı olur. Sonuncu mexanizm isə, öz növbəsində, istehsalla tələbat arasında qarşılıqlı əlaqənin təsiri altında, həmin təsirdən asılı olaraq az, yaxud çox sürətlə işləyə bilir. Bu mənada kitabda bazarın və istehlakçıların tələblərinə istehsalın cavab verməsinə yeni qaydada baxılır. Əsaslandırılır ki, yeni uyğunlaşma yalnız maddi və mənəvi nemətlərin istifadəsi ilə məhdudlaşa bilməz. Gələcək dövr insanın yaradıcı imkanlarının hərtərəfli inkişafını, onun insan kapitalı kimi özünü təsdiq etməsi haqqında məsələnin həllini qarşıya qoyur.
Kitabda iqtisadi inkişafın mərkəzində həmin inkişafı sürətləndirən amilləri özündə birləşdirən iqtisadi mexanizmin bazar və qeyri-bazar tənzimləmə metodları araşdırılır. Qeyd edilir ki, ölkədə istehsal-təsərrüfat əlaqələrini daim təkrarladan iqtisadi mexanizmin tərkib elementlərini və onların qarşılıqlı şərtlənməsinin vəziyyətini və potensial imkanlarını aşkara çıxarmadan ölkənin iqtisadi inkişaf modelinin işləmə prinsiplərini aydınlaşdırmaq olmaz. İqtisadi mexanizmin strukturuna daxil olan tərkib elementlərin öyrənilməsi bir də ona görə əhəmiyyətlidir ki, onlar iqtisadi mexanizmin idarə olunmasında (bazar və qeyri-bazar alətləri ilə) həmin mexanizmin ayrı-ayrı elementlərinin fəal işləməsinə mane olan amilləri əvvəlcədən dəqiqləşdirmək mümkün olur. Bu isə öz növbəsində, modeli işlədən iqtisadi mexanizmin daim fəaliyyət göstərən canlı sosial-iqtisadi mexanizm olmasını, onun bütöv, həm də inkişaf edən sistem olmasını təsdiqləyir. Bu sistemdə çox əhəmiyyətli olan müxtəlif amillər: təbii və iqtisadi resurslar, insan kapitalı, milli istehsal, milli sənaye öz yerini tuta bilir.
Kitabda təklif olunan iqtisadi inkişaf modelinin strukturuna həm azad rəqabətli bazara və həm də müasir qarışıq bazar təsərrüfatına xas olan iqtisadi mexanizmin elementləri daxil edilir. Yəni, təklif olunan modeldə hər iki bazar sisteminin işlək mexanizmi ayrı-ayrılıqda deyil, yalnız birgə, vahid sistem kimi öz ifadəsini tapır. Bu da imkan verir ki, həmin model sosialyönümlü inkişaf etmiş qarışıq iqtisadiyyata tətbiq edilə bilsin. Yəni, xalis bazar mexanizminin elementləri dövlətin artan iqtisadi tənzimlənmə elementləri ilə birləşə bilsin.
Kitabda diqqətəlayiq cəhətlərdən digəri Azərbaycanda sosialyönümlü bazar iqtisadiyyatı ilə yanaşı milli iqtisadiyyatın da formalaşıb inkişaf etməsinin araşdırılması və bu əsasda ümumiləşdirmə aparılaraq təklif olunan modelin Azərbaycan iqtisadiyyatına tətbiqinin mümkünlüyünün əsaslandırılmasıdır. Bu işdə sözsüz ki, Azərbaycanın milli istehsal vərdişləri, ənənəvi xarici iqtisadi əlaqələri, milli iqtisadi potensialı və s. nəzərə alınır.
Bu yazıda kitabda qaldırılan, az və yaxud çox dərəcədə öz həllini tapan iqtisadi problemlərdən biz yalnız bir neçəsinə öz münasibətimizi bildirdik. Yəqin ki, kitabın oxucuları digər problemlər barəsində də ətraflı məlumat əldə etməklə onların müasir Azərbaycan iqtisadiyyatı üçün də nə dərəcədə aktual olduğunu və həmin problemlərin həllinin daha real yollarının necə tapılması və bunların iqtisadi səmərəliliyi haqqında ətraflı biliklərə malik olacaqlar.
Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri,
AMEA-nın həqiqi üzvü, Azərbaycan
İqtisadçılar İttifaqının sədri
Azərbaycan.-2013.- 26 dekabr.- S.10.