Bakıda Ukraynanın nüfuzlu
«LİÇNOSTİ» («ŞƏXSİYYƏTLƏR»)
jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş
xüsusi buraxılışının təqdimatı
keçirilmişdir
Dekabrın 26-da Bakıda Ukraynanın nüfuzlu "LİÇNOSTİ" ("ŞƏXSİYYƏTLƏR") jurnalının Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə qısametrajlı film göstərilmişdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər, alimlər, KİV nümayəndələri iştirak etmişlər.
Hər buraxılışını dünyanın məşhur şəxsiyyətlərinə həsr edən jurnalın bu nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Milli Məclisin deputatı Elmira Axundovanın, habelə Aleksey Krayevski, Qrem Uilson və başqalarının məqalələri dərc olunmuşdur. Jurnalın xüsusi buraxılışında Azərbaycan Prezidentinin genişmiqyaslı fəaliyyəti, həmçinin ölkənin sürətli inkişafı ilə bağlı məqalələr verilmişdir. Nəşrdə ümummilli lider Heydər Əliyev haqqında geniş məqalə dərc olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə çıxış etmişdir. Akademik Ramiz Mehdiyev bildirmişdir ki, nüfuzlu "LİÇNOSTİ" jurnalının müstəqil Azərbaycanın Prezidentinə həsr olunmuş xüsusi nömrəsi geniş ictimaiyyətin görkəmli dövlət xadimi İlham Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə daha yaxından tanış olmasına kömək edəcəkdir. Akademik Ramiz Mehdiyev demişdir: "Ukraynalı dostlarımızın bu təşəbbüsü çoxmillətli auditoriyanın Azərbaycan Prezidentini yalnız müdrik siyasi xadim kimi deyil, həm də xalqının ləyaqətli oğlu, həqiqi vətənpərvər, Vətəninin inkişafı naminə yorulmadan çalışan lider kimi tanımasına imkan verəcəkdir".
Akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dövlətə çevirmişdir. Prezident Administrasiyasının rəhbəri demişdir: "Güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən Prezident İlham Əliyev kimi lider olmasaydı, ölkənin inkişafında yüksək nəticələr əldə etmək mümkün olmazdı. Təsadüfi deyildir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz haqqında Avrasiyada yeni maraqlı fenomen kimi danışmağa başlamışlar".
Jurnalın yeni xüsusi buraxılışı barədə danışan baş redaktor Yuri Beletski demişdir: "Jurnal ilk dəfədir bir nəfərə - siyasi lider, parlaq və güclü şəxsiyyət olan Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmişdir".
Tədbirdə daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Ukrayna Kitab Nəşri və Yayımı Assosiasiyasının prezidenti Aleksandr Afonin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko, Milli Məclisin deputatı Elmira Axundova və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, Prezident İlham Əliyevin siyasəti və strategiyası sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir, respublikada əhalinin maddi rifahı yüksəlir, təhsilin, səhiyyənin və başqa sahələrin inkişafına böyük diqqət yetirilir. Qeyd edilmişdir ki, bu gün Azərbaycan humanitar problemlərin, tolerantlığın müzakirə mərkəzi, konfessiyalararası dialoq məkanıdır. Vurğulanmışdır ki, Azərbaycanın xarici siyasət, iqtisadiyyat, mədəniyyət, idman sahələrində qazandığı uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyev strategiyasının layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
(Tədbirdən geniş hesabat qəzetin növbəti nömrəsində
dərc ediləcəkdir).
Azərbaycan.-2013.- 27 dekabr.- S.2.