"Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 348 Bakı şəhəri,
24 dekabr 2013-cü il
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.32-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmişdir
Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
qaydaları
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər Planına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə
təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət
standartı və proqramı"na, "Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları"na,
"Magistratura təhsilinin məzmunu, təşkili və
"magistr" dərəcələrinin verilməsi
Qaydaları"na və Avropa Kredit Transfer Sisteminə uyğun
olaraq hazırlanmışdır.
1.2. Bu
Qaydalar tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən
bütün ali təhsil müəssisələrinə
şamil edilir.
1.3. Kredit
sistemi əsasında təşkil olunmuş tədris prosesinin
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir təhsilalanın (bundan sonra - tələbənin)
fərdi tədris planının olması və onların bu
planın tərtib edilməsində iştirak etməsi;
1.3.2. ali təhsil müəssisəsinin tədris
planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər
üzrə kreditlərin miqdarının, təhsilverənlərin
və akademik məsləhətçilərin (tyutorların)
seçiminin sərbəstliyinin təmin edilməsi;
1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin
(tyutorların) cəlb olunması;
1.3.4. tələbəyə sərbəst iş
üçün şəraitin yaradılması;
1.3.5. biliyin qiymətləndirilməsində
çoxballı sistemin tətbiq
edilməsi;
1.3.6. hər semestrdə tədris qruplarının fənlər
üzrə formalaşdırılması;
1.3.7. hər bir fənn
üzrə ayrıca jurnalın tərtib edilməsi;
1.3.8. tələbə və təhsilverənlərin
mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma müddətinin tələbənin
nailiyyətindən asılı olması (xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla);
1.3.10. fakültələrin, kafedraların,
ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin
kodlaşdırılması.
1.4. Ali təhsil
müəssisəsi tələbələri kredit sisteminin təşkili
qaydaları ilə tanış etməli və
təhsil müddətində tələbəyə tədris
planında nəzərdə tutulmuş krediti qazanmasına
şərait yaratmalıdır.
1.5. Ali təhsil
müəssisələrində kredit sistemi ilə tədrisin
təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat,
qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən
tənzimlənir.
1.6. Bu
Qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma
formalarına şamil edilir.
1.7. Bu
Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin
maliyyələşdirilməsi dövlət sifarişi ilə
təhsil alan tələbələrə
görə ali təhsil müəssisələrinə
dövlət büdcəsindən ayrılan vəsaitlər,
habelə həmin müəssisələr tərəfindən
ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən
və qanunvericiliyə uyğun olaraq həyata keçirilən
digər fəaliyyətlərdən əldə olunan vəsaitlər
hesabına təmin edilir.
2.
Əsas anlayışlar
2.1. Bu
Qaydalarda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. təhsil krediti - fənnin məzmununa və həcminə
uyğun olaraq, onun mənimsənilməsinə ayrılan
vaxtın ölçü vahididir;
2.1.2. ixtisasın (ixtisaslaşmanın) tədris
planı - ali təhsilin müvafiq səviyyəsində ixtisas
(ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun
olaraq, tədris olunan fənlərə və auditoriyadankənar
məşğələlərə ayrılan saatların
miqdarını müəyyən edən əsas tənzimləyici
sənəddir;
2.1.3. ixtisasın (ixtisaslaşmanın) tədris
qrafiki - ixtisasın (ixtisaslaşmanın) tədris planında
göstərilmiş fənlərin tədris illəri üzrə
bölgüsünü əks etdirən sənəddir;
2.1.4. tələbənin fərdi tədris planı -
tələbənin tədris ili ərzində təhsil
alacağı fənləri, onların müvafiq kreditlərini,
fənlər üzrə müəllimlərin
siyahısını əks etdirən sənəddir;
2.1.5. ixtisaslar (ixtisaslaşmalar) üzrə illik
işçi tədris planı - ixtisasın
(ixtisaslaşmanın) tədris planına və tələbələrin
fərdi tədris planlarına uyğun hazırlanmış,
cari tədris ilində tədris olunacaq fənlərin
adlarını, dərsin növlərini, fənlərin kreditlərini
və tələbələrin sayını özündə əks
etdirən sənəddir;
2.1.6. müəllimin illik işçi tədris
planı - müəllimin tədris etdiyi fənləri,
mühazirə və məşğələlərə
(laboratoriya işlərinə) ayrılan saatların
miqdarını, həmin fənlərin semestrlər üzrə
tədrisini, həmçinin fənn üzrə tələbələrin
sayını özündə əks etdirən sənəddir;
2.1.7. tələbənin sərbəst işi - tələbənin
tapşırıqları sərbəst və müəllimin
rəhbərliyi ilə auditoriyadankənar həyata
keçirdiyi müstəqil işidir;
2.1.8. akademik məsləhətçi (tyutor) - ali təhsil
müəssisələrində tədris məsləhətçisidir;
2.1.9. akademik mobillik - tələbənin və
professor-müəllim heyətinin ölkədaxili və xarici
ölkələrin ali təhsil müəssisələrində
müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət
göstərmək hüququdur;
2.1.10.
Avropa Kredit Transfer Sistemi (AKTS) - təhsil proqramı ilə
müəyyən olunmuş kompetensiyalara nail olmaq
üçün tələbənin iş yükünü və
təhsilalma istiqamətini müəyyənləşdirən
sistemdir. Bu sistem həmçinin tələbələrin
mobilliyini təmin edir və təhsil proqramlarının
dövlətlərarası müqayisəsi və
tanınması prosedurlarını asanlaşdırır;
2.1.11. prerekvizit fənlər - tədrisi ilk növbədə
zəruri olan fənlərdir;
2.1.12. akademik transkript - tələbənin təhsil müddətində
keçdiyi fənlər üzrə topladığı kreditləri
və qiymətləri (rəqəm və hərflərlə)
özündə əks etdirən sənəddir;
2.1.13. fənlər üzrə qeydiyyat - tələbələrin
təhsil müəssisəsinin müəyyən etdiyi qaydada
fənləri seçmə prosedurudur;
2.1.14.
Ümumi Orta Müvəffəqiyyət Göstəricisi
(ÜOMG) - tələbənin təhsil proqramını mənimsəmə
səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin
tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət
mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini
qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
2.1.15. akademik təqvim - ali təhsil müəssisəsində
tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri
özündə əks etdirən sənəddir;
2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə
- fərdi tədris planında qeyd olunan bütün fənlər
üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;
2.1.17. akademik borcu olan tələbə - fərdi tədris
planında qeyd olunan fənlərin ən azı birindən
müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.
3. Tədris
prosesi
3.1. Tədris-metodiki
təminat
3.1.1. Ali
təhsil müəssisələrində tələbələrin
təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil
proqramı əsasında həyata keçirilir.
Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin
təşkili və təhsil prosesinin tədris-metodiki təminatı
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş "Ali təhsil pilləsinin dövlət
standartı və proqramı"nın, 2010-cu il 24 iyun tarixli
117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat
təhsilinin məzmunu və təşkili
Qaydaları"nın və 2010-cu il 12 may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin
məzmunu, təşkili və "magistr" dərəcələrinin
verilməsi Qaydaları"nın tələblərinə
uyğun olaraq həyata keçirilir.
3.1.2.
Kredit sistemində Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən müəyyən olunmuş
formalar üzrə aşağıdakı tədris sənədlərindən
istifadə edilir:
3.1.2.1. ixtisasın (ixtisaslaşmanın) tədris
planı;
3.1.2.2. ixtisasın (ixtisaslaşmanın) tədris
qrafiki;
3.1.2.3. ixtisas (ixtisaslaşma) üzrə illik
işçi tədris planı;
3.1.2.4. tələbənin fərdi tədris planı;
3.1.2.5. müəllimin illik işçi tədris
planı.
3.2. Tədrisin
təşkili
3.2.1. Tədris
ili iki semestrdən (payız və yaz) ibarətdir.
Bundan əlavə, yay tətili müddətində
6 (altı) həftədən çox olmayaraq yay semestri də
təşkil oluna bilər.
3.2.2. Ali
təhsilin hər iki səviyyəsində əyani təhsilalma
forması üzrə tədris ili 40 həftədir.
Hər semestr 20 həftədən (o cümlədən,
5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir.
Bir kredit tələbənin auditoriya və
auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.
Tələbənin 5 (beş) günlük
iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar
ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin
həftəlik işinin həcmi 1,5
kreditdir. Buraxılış işinin, magistrlik
dissertasiyasının hazırlanmasına və müdafiəsinə,
eləcə də buraxılış dövlət və
semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə
və təcrübələrin keçirilməsinə
ayrılmış hər bir həftə 1,5
kreditə bərabərdir.
3.2.3.
Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər
semestr 16 həftədən (o cümlədən, 1 həftə
imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit
müəyyənləşdirilir.
3.2.4.
İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən
asılı olaraq, tələbələrə bakalavriatda
240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin
normativ müddəti 1,5 il olduğu halda
90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir.
Müəyyən olunmuş kreditin tələbə
tərəfindən yığılması məcburidir.
3.2.5. Bir
tələbə üçün hər semestrdə 30 kreditə
qədər fənlərin tədrisi müəyyənləşdirilir.
Bundan əlavə, müvəffəqiyyətlə təhsil
alan və bütün təhsil müddətində
ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal
arasında olan tələbələrə əlavə ödəniş
etmədən, akademik borcu olanlar üçün isə
ödənişli əsaslarla bu Qaydaların 3.2.11-ci yarımbəndinin
tələbləri gözlənilməklə, hər semestrdə
cəmi 8 kreditdən çox
olmamaq şərtilə fənn (fənlər) də seçməyə
icazə verilir. Bu halda təhsil haqqının
ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə
uyğun həyata keçirilir.
3.2.6. Tələbəyə
bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində
istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil
proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin
ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil
alması məqsədi ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin
tələbləri gözlənilməklə, ödənişli
əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini)
seçmək hüququ da verilir. Bu şərtlərlə
əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr
dərəcəsi və müvafiq diplom verilir.
3.2.7. Tədris
planında tədris işinin həcmi kredit vahidləri ilə
müəyyən edilir. Kreditlər tələbənin
aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:
3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər,
laboratoriya) dərslərində iştirak etməsi;
3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil
və müəllimin rəhbərliyi ilə sərbəst
işi) işi;
3.2.7.3. təcrübələrdə iştirak etməsi;
3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi;
3.2.7.5. kurs işini və layihələrini
hazırlaması və müdafiə etməsi;
3.2.7.6. imtahanlara hazırlığı və
imtahanları verməsi;
3.2.7.7. buraxılış işini, magistrlik
dissertasiyasını hazırlaması və müdafiəsi,
eləcə də buraxılış dövlət
imtahanına hazırlığı və həmin imtahanı
verməsi.
3.2.8. Tədris
planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi
ardıcıllığına görə
aşağıdakı 3 qrupa bölünür:
3.2.8.1. məcburi və ardıcıl öyrənilən
fənlər üzrə;
3.2.8.2. məcburi, lakin ardıcıllığı
vacib olmayan fənlər üzrə;
3.2.8.3. tələbələrin öz seçimi əsasında
öyrənilən fənlər üzrə.
3.2.9.
Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları
hazırlanarkən, müvafiq fənlərin məzmununun
unifikasiyasına nail olunmalıdır.
3.2.10.
Kredit sistemində ali təhsil müəssisəsi
tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil
proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris
planı və ixtisasın (ixtisaslaşmanın) tədris
qrafiki hazırlanaraq aidiyyəti qurumlara, tələbənin fərdi
tədris planı və müəllimin illik işçi tədris
planı müvafiq olaraq tələbələrə və
müəllimlərə verilir, eləcə də ali təhsil
müəssisəsinin saytında yerləşdirilir.
3.2.11. Hər
tədris ili üçün ixtisasın
(ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin
fərdi tədris planı hazırlanır. Fənlərin
prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi
tədris planı müəyyən olunmuş forma üzrə
onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun)
köməyindən də istifadə oluna bilər. Tələbənin
fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi ona həm fənn,
həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri,
elmi dərəcələri və elmi adları göstərilməklə)
seçilməsində öz təkliflərini verir. Növbəti
tədris ili üçün tələbənin
fərdi tədris planı tərtib olunarkən, buraya ilk
növbədə əvvəlki ildən akademik borcu qalan fənlər
daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri
istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər)
müvafiq semestrdə tədris olunmadığı və ya həmin
fənn (fənlər) üzrə qrup
yaradılmadığı halda bu tələb istisna edilir.
3.2.12. İxtisasın
(ixtisaslaşmanın) illik işçi tədris planı
müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris
qrafiki və tələbələrin fərdi tədris planları
əsasında ali təhsil müəssisəsi tərəfindən
hazırlanır.
3.2.13.
Müəllimlərin illik işçi tədris planı
ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris
qrafiki və tələbələrin fərdi tədris
planları əsasında hazırlanır.
3.2.14. Fənn
üzrə semestr göstəricilərinə və
imtahanların nəticələrinə görə müvəffəq
qiymət almış tələbə həmin fəndən
kreditləri qazanmış hesab edilir. Əks təqdirdə,
tələbə bu fəndən kreditləri qazanmır və
onun həmin fənn üzrə akademik borcu qalır. Fənn
(fənlər) üzrə akademik borcu qalan tələbə həmin
fənni (fənləri) yenidən dinləməlidir (xüsusi
təyinatlı ali təhsil müəssisələri
istisna olmaqla). Bu zaman tələbə həmin fəndən
(fənlərdən) dərslərdə iştirak etməklə,
onun (onların) mənimsənilməsinə qoyulan tələbləri
tam yerinə yetirməlidir.
3.2.15. Tələbə ali təhsil müəssisəsini bitirmək
üçün tələb olunan kreditləri ixtisasın
normativ təhsil müddətindən sonrakı 3 (üç)
ildə (həqiqi hərbi xidmət müddəti nəzərə
alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı
dəyişikliklər edilən peşə
hazırlığı fənlərindən əvvəllər
qazandığı kreditləri itirir. Tələbə
həmin kreditləri bu Qaydaların tələblərinə
uyğun olaraq yenidən yığmalıdır.
3.2.16. Tələbə
bir ali təhsil müəssisəsindən
(ixtisasdan) digərinə köçürüldüyü, tələbələr
sırasına bərpa olunduğu və akademik məzuniyyətdən
qayıtdığı halda, onun əvvəllər
qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci
yarımbəndinin tələbləri gözlənilməklə
nəzərə alınır.
3.2.17. Tələbəyə
müəllim seçmək imkanı yaradılır. Bir
müəllimi seçən tələbələrin sayı
bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn
üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi
üçün eyni səviyyədə olan müəllim cəlb
edir. Bu halda tələbələrin qruplar
üzrə siyahısı ərizələrinin qeydəalınma
ardıcıllığına görə müəyyənləşdirilir.
3.2.18. Ali
təhsil müəssisələrində fənlərin və
müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi
ilə dərs cədvəli fənlər üzrə (müəllimin
adı və soyadı qeyd edilməklə) tərtib olunur.
3.2.19. Ali
təhsil müəssisəsi tərəfindən növbəti
tədris ili üçün ixtisaslar
(ixtisaslaşmalar) üzrə illik işçi tədris
planı və fənlər üzrə dərs cədvəlləri
tələbələrin fərdi tədris planları əsasında
hazırlanaraq, mövcud qaydada tərtib və təsdiq edilir.
3.2.20.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən
tələbələrə növbəti semestrin dərsləri
başlanana qədər bir dəfə həmin imtahanı vermək
imkanı yaradılır. Üzrsüz səbəbdən
imtahanda iştirak etməyən tələbə fənn (fənlər)
üzrə akademik borcu qalmış hesab olunur və o, həmin
fənn (fənlər) üçün müəyyən
edilmiş kreditləri bu Qaydaların 3.2.14-cü yarımbəndinin
tələblərinə uyğun olaraq qazana bilər.
3.2.21. Tədris
prosesi auditoriya və auditoriyadankənar (tələbənin
müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst
işi) şəkildə təşkil olunur. Sərbəst
işlərin həcmi keçirilən mühazirələrə,
seminarlara və praktik məşğələlərə
ayrılan akademik saatlara müvafiq olaraq, ali
təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Bu zaman əyani təhsilalma forması üzrə bütün
növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir.
Sərbəst işlərin ümumi həcmindən
ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin
rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst
işi onun tədris-metodiki işi hesab edilir.
3.2.22.
Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst
işi fənnin tədrisindəki mürəkkəb məsələlərin
həllindən, ev tapşırıqlarının, kurs işlərinin
(layihələrin), yoxlama işlərinin yerinə yetirilməsindən,
hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib
edilmiş cədvəllə həyata keçirilir və dərs
cədvəlinə daxil edilmir.
3.2.23. Fənn
üzrə ayrılmış auditoriya saatlarının 25
faizindən çoxunda iştirak etməyən tələbə
həmin fəndən imtahana buraxılmır.
3.2.24. Tələbənin
cari semestrdə akademik borcu qaldığı halda o, növbəti
semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı
ali təhsil müəssisələri
istisna olmaqla). Əgər həmin tələbə
cari semestrdə götürdüyü bütün fənlərdən
kreditləri qazanarsa, onun təqaüdü növbəti
semestrdən bərpa olunur.
3.3. Tələbənin
fərdi tədris planının tərtibi
3.3.1. Ali
təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə
birinci tədris ili üçün
fakültə tərəfindən fərdi tədris planı
hazırlanır. Tələbə sentyabrın
10-dək həmin fərdi tədris planını
almalıdır. Növbəti tədris
ilində isə tələbələr bu Qaydaların 3.2.11-ci
yarımbəndinin tələblərini gözləməklə,
öz fərdi tədris planını hazırlayır və
iyulun 5-dən 15-dək
fakültəyə təqdim edir. Fərdi
tədris planında tələbə sentyabrın 10-dək
düzəlişlər edə bilər. Fərdi tədris
planı təhsil müəssisəsi tərəfindən tədris
ilinin başlanğıcına qədər təsdiq edilir və
bu tədris planının bir nüsxəsi tələbədə,
bir nüsxəsi isə ali təhsil müəssisəsinin
müəyyən etdiyi qurumda saxlanılır.
3.3.2. Tələbənin
fərdi tədris planında sonradan dəyişiklik edilməsinə
icazə verilmir. Yalnız payız semestrindən akademik borcu
qalanlar qış tətilinin ilk həftəsində növbəti
semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən
müəyyən olunmuş qaydada müvafiq düzəlişlər
edə bilərlər.
3.3.3.
Dövlət ali təhsil müəssisələrində hər
bir fənn üzrə yaradılan qrupda tələbələrin
sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş "Ali təhsil pilləsinin dövlət
standartı və proqramı"na uyğun olaraq tənzimlənir.
Fənn üzrə müəyyən olunmuş
sayda tələbə yığılmadıqda, həmin fənn
ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris
planına daxil edilmir və bu barədə tələbələrə
məlumat verilir. Həmin fənnə
yazılmış tələbələr öz fərdi tədris
planlarında müvafiq qaydada dəyişikliklər
aparırlar.
3.3.4.
Növbəti tədris ili
üçün tələbə təyin olunmuş vaxtda
öz fərdi tədris planını təqdim etmədikdə,
onun təhsili ali təhsil müəssisəsi üzrə həmin
il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil
edilir.
3.4. Yay
semestrinin təşkili
3.4.1. Yay
semestri aşağıdakı məqsədlərlə təşkil
olunur:
3.4.1.1. akademik borcların ləğv edilməsi;
3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə,
humanitar fənlər bölümünə daxil olan və ali
təhsil müəssisəsi tərəfindən müəyyən
edilən seçmə fənlərin kreditlərinin
qazanılması;
3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən
qiymətin yüksəldilməsi;
3.4.1.4. ali təhsil müəssisəsinin təklif
etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil
müəssisəsi tələbələrinə müvafiq
kreditlər qazanmasına şəraitin yaradılması.
3.4.2. Yay
semestri yaz semestri başa çatdıqdan sonra təşkil
olunur və onun başlanma müddəti ali
təhsil müəssisəsi tərəfindən müəyyən
edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar)
müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı
ali təhsil müəssisələri
istisna olmaqla). İmtahan
müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay
semestrinin sonuncu həftəsində təşkil edilir.
3.4.3. Yay
semestrində tələbənin götürdüyü fənlərin
krediti 9-dan artıq olmamalıdır.
3.4.4. Yay
semestri və imtahanlar növbəti semestrin başlanmasına
2 həftə qalanadək başa çatdırılır.
3.4.5. Yay
semestrində üzrlü səbəbdən imtahanda iştirak
etməyən tələbələr üçün növbəti
semestrin başlanğıcına qədər bir dəfə
imtahan təşkil olunur.
3.4.6. Tələbə
yay semestrində iştirakından asılı olmayaraq,
payız semestri üçün öz fərdi tədris
planını iyulun 5-dən 15-dək fakültəyə təqdim
etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində
göstərilən müddətdə öz fərdi tədris
planında müvafiq dəyişikliklər edə bilər.
3.4.7.
Müvəffəqiyyət qazandığı fəndən
qiymətini yüksəltmək məqsədi ilə tələbəyə
yenidən imtahan verməyə icazə verilmir. Lakin
o, qiymətini yüksəltmək üçün yay
semestrində həmin fənni yenidən götürərək
dinləməklə imtahan verir. Tələbə öz məqsədinə
nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8. Bu
Qaydaların 3.2.23-cü yarımbəndinin tələblərinə
uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə
fənn (fənlər) üzrə müəyyən edilmiş
dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda
o, həmin fənni (fənləri) yay semestrində təkrar
götürmək hüququna malikdir.
3.4.9. Ali
təhsil müəssisələrində yay semestri
könüllülük prinsipi ilə ödənişli əsaslarla
həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla).
3.4.10. Yay
semestrində tələbənin fənn üzrə bir
kreditinin ödənişi bu Qaydaların 4.3-cü bəndinin
tələblərinə uyğun olaraq müəyyən
edilir.
3.4.11. Yay
semestrində fənn üzrə qrupda tələbələrin
sayını ali təhsil müəssisəsi
maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12. Yay
semestrinə müəllimlər könüllü surətdə
cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin
ödəniş məbləği saathesabı qaydada həyata
keçirilir. Bundan əlavə, müəllimlərə
fənn üzrə qrupdan əldə olunan vəsaitin
hesabına əlavə ödəniş verilir. Həmin
ödənişin məbləği ali təhsil
müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.13. Yay
semestrində əldə olunan vəsaitdən bu Qaydaların
3.4.12-ci yarımbəndində göstərilənlər
istisna olmaqla, ali təhsil müəssisəsinin
rektorunun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların
əməkhaqları ödənilir.
3.4.14. Ali
təhsil müəssisələri yay semestri təşkilatçılarının
və müəllimlərinin ödəniş məbləğini
öz maliyyə imkanlarına görə sərbəst müəyyən
edirlər.
4. Tələbələrin
hüquq və vəzifələri
4.1. Tələbə
öz fərdi tədris planını tərtib edərkən,
bu Qaydalarla tanış olmalı və
buradakı tələblərə ciddi riayət etməlidir.
4.2. Təhsil
zamanı tələbə fərdi tədris planına ciddi
riayət etməklə, tədris olunan fənləri mənimsəməyə
borcludur.
4.3. Tələbə
ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə
müəyyən olunmuş müddətdə tələb
olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr
sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla). Həmin tələbə kontingentdə
saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla
davam etdirə bilər. Belə halda tələbənin
ödənişinin məbləği ixtisas (ixtisaslaşma)
üzrə illik təhsil haqlarını 60-a bölərək
alınan nəticəni onun götürdüyü fənlərin
kreditlərinə vurmaqla müəyyənləşdirilir.
4.4. Tələbə
bu Qaydaların 6.1-ci bəndinin tələblərinə
uyğun olaraq, digər ali təhsil müəssisələrində
də müvafiq fənlər üzrə kreditləri qazana bilər.
4.5. Tələbə
öz akademik transkriptini ali təhsil müəssisəsindən
təhsil aldığı dövrdə istənilən vaxt əldə
edə bilər.
5. Akademik
məsləhətçi (tyutor) xidməti
5.1. Kredit
sistemi ilə təhsil alan tələbələrə
kömək göstərmək məqsədi ilə ali təhsil
müəssisələrində akademik məsləhətçilər
(tyutorlar) xidməti təşkil olunur.
5.2.
Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə
müəyyən təcrübəsi və səriştəsi
olan şəxslər
arasından seçilirlər.
5.3. Tyutor
bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
5.4.
Tyutorlar:
5.4.1. tələbələrin hüquqlarını və
akademik maraqlarını qoruyurlar;
5.4.2. tədris prosesinin təşkili ilə
bağlı bütün zəruri məlumatları və sənədləri
tələbələrə təqdim edirlər;
5.4.3. tələbələrin fərdi tədris
planlarının tərtibi üçün onlara məsləhətlər
verirlər;
5.4.4. bu Qaydaların 3.3.1-ci yarımbəndində
göstərilən müddətdə tələbələrin
fərdi tədris planlarının qəbulunu təşkil
edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik
işçi tədris planlarının tərtibində
iştirak edirlər;
5.4.5. tələbələrə fərdi tədris
planlarında dəyişikliklər aparmasına yardım
göstərirlər;
5.4.6. yay semestrinin təşkilində iştirak edirlər.
6. Tələbə
və müəllim mobilliyi
6.1. Kredit
sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin
müddəalarına müvafiq olaraq, tələbələrin
akademik mobilliyi onların digər ali təhsil müəssisələrində,
o cümlədən xarici ölkə ali təhsil müəssisələrində
ayrı-ayı fənlər üzrə kreditləri
qazanmaları ilə təmin edilir. Tələbənin digər
ali təhsil müəssisələrində
kreditləri qazanması təhsil aldığı ali təhsil
müəssisəsinin razılığı ilə həyata
keçirilir. Bu zaman təhsil haqqının ödəniş
şərtləri tələbə ilə göndərən
və qəbul edən ali təhsil müəssisələri
arasında razılaşdırılır.
Qazanılmış kreditlər tələbənin təhsil
aldığı ali təhsil müəssisəsi
tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində
qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma)
üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən
çox olmamalıdır.
6.2. Tələbənin
akademik mobilliyinin ali təhsil müəssisələri
arasında təmin edilməsi üçün forması və
nümunələri Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilən
aşağıdakı sənədlər olmalıdır:
6.2.1. akademik transkript;
6.2.2. tələbənin ərizə (təhsil
alacağı dildə doldurulur) forması;
6.2.3. tədris razılığı;
6.2.4. məlumat paketi.
6.3. Professor-müəllim heyətinin mobilliyi
(mühazirənin oxunması, seminarların, praktik məşğələlərin,
laboratoriya işlərinin keçirilməsi) ali təhsil
müəssisələri arasında xüsusi razılıq əsasında
həyata keçirilir.
Azərbaycan.-2013.- 27 dekabr.- S.3.