Dövlət proqramı Bakının və ətraf qəsəbələrinin

 sosial-iqtisadi inkişafında mühüm amil oldu

 

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV: "Prezident İlham Əliyev yeni proqramda qəsəbələrin bütün problemlərinin həllini əsas məqsəd kimi müəyyənləşdirib"

 

 

Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkədə geniş miqyas alan abadlıq və quruculuq prosesindən danışarkən bunların ən parlaq nümunəsi kimi məhz Bakı qeyd olunur. Artıq paytaxtımız Cənubi Qafqazın mərkəz məkanı statusunu da aşaraq dünyanın ən nüfuzlu sammitlərinin, konfranslarının, mədəniyyət və idman yarışlarının keçirildiyi, ən müasirmodern meqapolis standartlarına cavab verən möhtəşəm şəhərə çevrilib. Şübhəsiz ki, bu məqamlar Bakı şəhərinin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin nəticəsidir.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı keçirilən tədbirdə qazanılan nailiyyətlər vurğulanmaqla yanaşı, qarşıda duran vəzifələr, perspektiv inkişaf istiqamətləri elan olundu.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsində əsas icra strukturlarından biri də İqtisadiyyat və Sənaye Nazirliyidir. Müsahibimiz, nazir Şahin MUSTAFAYEV söhbət zamanı dövlət proqramının icrasının nəticələri ilə yanaşı, Prezidentin tapşırığı ilə artıq hazırlanmağa başlayan yeni proqramın əsas hədəflərini də açıqladı.

 

 

 

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait yönəldilib

 

 

- Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrası artıq başa çatdı. Cənab nazir, Sizin bu proqramın icrası ilə bağlı ilkin rəyiniz nədir?

- Ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən möhtərəm Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə ciddi uğurlara imza atmışdır. Gündən-günə iqtisadi qüdrəti artan, beynəlxalq aləmdə nüfuzu daha da yüksələn müstəqil Azərbaycan dünyada etibarlı tərəfdaş, regionun siyasiiqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı və əsas söz sahibidir. Son illərdə dünya iqtisadiyyatında baş vermiş mürəkkəb problemlər fonunda ölkəmizin dinamik inkişafı davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin edilir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznesinvestisiya mühiti formalaşdırılır. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayır.

Son 10 ildə iqtisadiyyatın dinamik və sürətli inkişafı ölkə vətəndaşlarının həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, şəhər və kəndlərimizin, eləcə də paytaxt Bakının və onun qəsəbələrinin siması dəyişmişdir.

Qeyd etməliyəm ki, ölkəmizin sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi paytaxtın və Bakıətrafı qəsəbələrin hərtərəfli inkişafına təkan verdi. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında ümumilikdə 17 müxtəlif sahəni əhatə edən tədbirlər nəzərdə tutulurdu. Bu proqram Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair ikinci proqramdır. Bildiyiniz kimi, bu sahədə ilk proqram 2006-2007-ci illəri əhatə edirdi. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı əvvəlki proqramın məntiqi davamıdır. Proqramda iri infrastruktur layihələrinin həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması və s. kimi irimiqyaslı işlər nəzərdə tutulurdu.

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Bakı qəsəbələrinin inkişafını təmin edən dövlət proqramının icrasını da daim diqqətdə saxlamışdır. Dövlət başçısı tərəfindən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq edilmiş, paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalanmışdır. Dövlət başçısı paytaxtın bir çox qəsəbələrində yerli sakinlərlə görüşüb, onların arzu və istəklərini birbaşa özlərindən dinləyərək həyata keçirilən işlərə şəxsən nəzarət edib, bir çox müəssisələrin açılışında iştirak edib, müəssisələrin fəaliyyəti ilə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib. Bütün bunlar isə dövlət proqramının uğurlu icrasına böyük təkan verib.

Dövlət proqramı çərçivəsində paytaxt Bakıda və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılmış, yollar və digər infrastruktur obyektləri inşa olunmuş və ya yenidən qurulmuş, Bakı şəhəri və onun qəsəbələrində ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmış, yeni sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikilmiş və ya beynəlxalq standartlara uyğun yenidən qurulmuş, yeni iş yerləri və müəssisələr açılmışdır. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait yönəldilmişdir.

Ümumiyyətlə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası mühüm iqtisadi-sosial nəticələri ilə yadda qaldı. Görülən işlərin miqyası, əhatəliliyi bir daha sübut edir ki, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sürətli inkişaf dövrünü yaşayır.

 

 

 

Dövlət proqramının icrası qəsəbələrin simasını əsaslı şəkildə dəyişdi

 

 

- Dövlət proqramı çərçivəsində Bakı şəhərində və onun qəsəbələrində infrastrukturun inkişafı istiqamətində hansı işlər görülüb?

- Dövlət proqramının icrası qəsəbələrin simasını əsaslı şəkildə dəyişdi. Proqram çərçivəsində görülmüş işlər paytaxtonun qəsəbələrinin inkişafında, infrastrukturun yeniləşdirilməsində, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsində, əhalinin məşğulluğunun artırılmasında və ölkədə yoxsulluq səviyyəsinin daha da azalmasında xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramı çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 km qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator tikilmişya təmir edilmiş, 4400 km elektrik kabel xətləri çəkilmişdir ki, nəticədə əhalinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşmış, iqtisadiyyatın davamlı enerji təchizatı təmin olunmuşdur.

Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 mln. kv.m-dən çox asfalt örtüyü salınmış, 41 körpü, tunelpiyada keçidi istifadəyə verilmişdir.

Proqramın icrası dövründə su təchizatı və kanalizasiya sahəsində əhəmiyyətli işlər görülmüş, 820 km paylayıcı su, 200 km kanalizasiya xətti çəkilmiş, 7 su anbarı tikilmiş, uzunluğu 61 km olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmiş, 220 min nəfər əhali ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunmuş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır.

Dövlət proqramının tələblərindən irəli gələrək əhalinin rahat həyat şəraitinin təmin edilməsi üçün istilik təchizatının səviyyəsi xeyli yüksəldilmişdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası müddətində mühüm uğurların qazanıldığı sahələrdən biri də rabitə və informasiya texnologiyaları sektorudur. Dövlət başçısının bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, 2013-cü il "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan edilmişdir. Bu ilin fevralında Azərbaycanın ilk peykinin kosmosa buraxılması İKT sektorunun daha sürətli inkişafına təkan verəcəkdir. Bundan başqa, proqramın icra olunduğu müddətdə Bakı qəsəbələrində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabit sürətə çatdırılmışdır.

Sənayenin inkişafı dövlət proqramının əsas prioritetlərindən olmuşdur. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti paytaxtın və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermişdir. Son 3 ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsalemal müəssisələrinin tikintisi isə davam etdirilir.

Bildiyiniz kimi, aqrar sektor dövlətin daim diqqət mərkəzində saxladığı sahələrdəndir və bu sahədə bir sıra dəstək mexanizmləri tətbiq edilir. Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min paqonmetr boru kəmərləri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.

- Heç şübhəsiz ki, dövlət proqramının icrasında özəl bölmənin rolu xüsusi qeyd edilməlidir. Bəs proqram çərçivəsində Bakı qəsəbələrində sahibkarlığın inkişafı üçün hansı tədbirlər həyata keçirilib?

 - Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın hər yerində olduğu kimi, Bakıətrafı qəsəbələrdə də sahibkarlığın inkişafına xüsusi önəm verilir. Proqram çərçivəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir. İstifadəyə verilmişillik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edir. İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.

 

 

 

Bakının və qəsəbələrin inkişafında Heydər Əliyev Fondu geniş fəaliyyət göstərir

 

 

- Dövlət proqramının icrası müddətində bəs sosial sahələrdə hansı inkişaf göstəriciləri əldə olunub?

- Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, dövlət proqramının icrası zamanı sosial sahələrin inkişafı daim diqqət mərkəzində olmuşdur. Vurğulamaq istərdim ki, dövlət başçısı proqramın icrası ilə bağlı bir sıra sosial obyektlərdə, o cümlədən 60-dan çox təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu isə təhsil müəssisələrinin inşası, təmiri və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmişdir. Ölkəmizdə təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə bu dövlət proqramı çərçivəsində 174 məktəb və 121 uşaq bağçası tikilmişya əsaslı təmir olunmuşdur. 45 təhsil obyekti üzrə işlər hazırda davam etdirilir.

Proqram çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni, müasir tibb müəssisələri istifadəyə verilmiş, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Qeyd edək ki, proqram çərçivəsində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmişya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Dövlət proqramının icrası əhalinin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsini təmin etmişdir. Belə ki, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində isə işlər davam etdirilir.

Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət müəssisəsində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə isə işlər davam etdirilir.

Əhalinin, xüsusilə, gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmış, 17 obyektdə isə işlər davam etdirilir.

Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondunun mühüm fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı önəmli işlər görülmüş və hazırda da davam etdirilməkdədir.

- Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması dövlət proqramının prioritet istiqamətlərindəndir. Bu sahədə görülən işləri uğurlu saymaq olarmı?

- Son illər paytaxtımız və ətraf qəsəbələr sürətlə inkişaf etmiş, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Təbii ki, bu sahədə paytaxt və qəsəbələrdə ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, dövlət proqramı çərçivəsində 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır. Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri başa çatmaq üzrədir. Eyni zamanda, Böyük Şor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanılmışdır.

Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, Bakı bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodları istifadəyə verilmiş, Balaxanı Sənaye Parkının təməli qoyulmuş, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.

 

 

 

Görülən işlərin icrasına ictimai nəzarət təmin edilib

 

 

 

- Dövlət proqramının icrası necə təşkil olunubbu prosesdə ictimai nəzarət təmin edilibmi?

- "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, proqramın icrası əlaqələndirilmiş və görülən işlər nəzarətə götürülmüşdür. Dövlət proqramının icra vəziyyətinə dair aparılmış monitorinqlərin nəticələri internet saytında yerləşdirilmiş və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunmuşdur. Ümumilikdə, görülən işlərin icrasına ictimai nəzarət təmin edilmişdir. Bütün bunlar isə, dövlət proqramının keyfiyyətli və sürətli icrasına şərait yaratmışdır.

- "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq verdi. Yeni proqramda hansı istiqamətlər nəzərdə tutulacaq?

- Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanır. Əlbəttə ki, hər bir dövlət proqramı hazırlanarkən konkret hədəflər müəyyən edilir. Yeni proqramda infrastruktur layihələrinin, o cümlədən qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya, rabitə və informasiya sahələrində işlərin davam etdirilməsi, daxili yolların asfaltlanması, yeni yolların tikintisi, parkların, yaşıllıqların salınması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, yeni proqramda müasir sənaye komplekslərinin yaradılması, kiçikorta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman obyektlərinin təmiri və tikintisi, əhalinin sosial müdafiəsi, ekoloji tədbirlər, o cümlədən göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması sahəsində görülən işlərin davam etdirilməsi planlaşdırılır. Bunlarla yanaşı, nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, lift təsərrüfatının yaxşılaşdırılması tədbirləri də həyata keçiriləcəkdir.

Onu da qeyd edim ki, proqramın tərtib olunmasında yerli icra hakimiyyəti orqanları ilə mütəmadi məsləhətləşmələr aparılır, təkliflər öyrənilir, qəsəbələrdə yaşayan vətəndaşların istəklərinin daha dolğun əhatə olunması amili əsas götürülür. Cənab Prezidentin qeyd etdiyi kimi, "...qəbul ediləcək növbəti proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır və tapacaqdır".

 

 

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2013.- 27 dekabr.- S.5.