Əli HƏSƏNOV: «Anar Məmmədlinin həbsi

ilə bağlı beynəlxalq təşkilatların bəyanatlarını təhlil edirik»

 

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi və sədri Anar Məmmədli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların dəyərləndirmələri, o cümlədən bəyanatları, açıqlamaları cəmiyyət üçün əhəmiyyətsiz deyil, biz onları dəyərləndiririk, öyrənirik". "Trend"in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, bəyanatlarda səsləndirilən fikirlər təhlil edilir, lakin Azərbaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var: "Azərbaycanın müvafiq orqanları buya digər addımları atmamışdan əvvəl, ilk növbədə, Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. İlk növbədə, Azərbaycan dövlətinin maraqlarını, bu qanunların tələblərini nəzərə alıb addımlar atılır".

PA rəsmisi deyib ki, Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və tədqiqat gedir.

Qeyd edək ki, bir qədər əvvəl Baş Prokurorluğun mətbuat xidməti məlumat yaymışdı ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

 

Azərbaycan.-2013.- 27 dekabr.- S.4.