Bakıda «Rus İcması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində»

 mövzusunda respublika konfransı olmuşdur

 

Dekabrın 26-da "Park İnn" otelində Azərbaycanda Rus İcmasının yaranmasının 20 illiyinə həsr olunmuş "Rus İcması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində" mövzusunda respublika konfransı keçirilmişdir.

Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı, Rusiyalı Həmvətənlər Beynəlxalq Şurası idarə heyətinin üzvü Mixail Zabelin iştirakçıları salamlamış, onları yubiley münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Rus İcması 1993-cü il mayın 5-də yaranmışdır və hazırda Cənubi Qafqazda ən çox üzvü olan rus icmasıdır. Sonra icmanın sədri qonaqları təqdim etmişdir.

M.Zabelin xatırlatmışdır ki, bu gün kədərli gündür, Xankəndinin erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə digərləri ilə yanaşı, rus cavanları da vuruşmuş və şəhid olmuşlar. Onların bir çoxu Milli Qəhrəman adına layiq görülmüşdür.

İştirakçılar Vətənin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rus İcmasının üzvlərini yubiley münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxumuşdur (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin həmvətənlərini yubiley münasibətilə təbrik edərək bildirmişdir ki, bu gün Azərbaycanı ölkənin sosial həyatında vacib rol oynayan Rus İcması olmadan təsəvvür etmək mümkün deyildir. Yaxın vaxtlarda Biryulyovoda baş vermiş hadisələrə toxunan V.Doroxin vurğulamışdır ki, bu hadisələrin Azərbaycanın rus əhalisinə  qətiyyən təsir etməyəcəyinə qəti əminik, çünki Prezident İlham Əliyev ölkədə sabitliyin qarantıdır.

Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının  başçısı Aleksandr İşein bildirmişdir ki, Azərbaycan ruslar üçün vətəndir, uğrunda canlarından keçməyə hazır olduqları ölkədir. O xatırlatmışdır ki, yaxın vaxtlarda  keçirilmiş Arxiyereylər Məclisində Patriarx Kiril Azərbaycanda ruslarapravoslav kilsəsinə göstərilən xüsusi dəstəkdən danışmışdır. Onlar üçün burada hər cür şərait yaradılmışdır.

Moskva hökumətinin nümayəndəsi Yelena Kirsanova  təmsil etdiyi qurumun müraciətini oxumuşdur.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru Eldar Hacıyev Rus icmasının sədri Mixail Zabelinə ÜAK-ın "Millətlərarası münasibətlərin möhkəmlənməsinə görə" medalını təqdim etmişdir.

Milli Məclisin deputatı Elmira Axundova, "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Ravil Zaripov  digər çıxış edənlər Rus İcmasının əhəmiyyətli işindən danışmışlar. Qeyd olunmuşdur ki,  Rus İcması  müharibə və əmək veteranlarına maddi  yardım göstərir, müalicəyə ehtiyacı olanları  Moskvanın klinikalarına, uşaqları Rusiyanın tarixi yerlərinə turist gəzintilərinə göndərir, "Drujba" idman-sağlamlıq xeyriyyə düşərgəsində uşaqların yay istirahətini təşkil edir, yaşlı insanları lazımi dərmanlarla, tibbi cihazlarla, əlil arabaları ilə təmin edir. Rus İcmasının nəzdindəki Rus Mədəniyyət Mərkəzində əhəmiyyətli aparılır, respublikanın məktəblərində rus dili və Rusiyanın tarixi üzrə olimpiadalar, müsabiqələr, hər il "Rodniki duşi" adlı rus mahnı festivalları keçirilir.  

İcmanın fəaliyyəti praktiki olaraq respublikanın bütün rayonlarını əhatə edir. Onun Bakıda 12 rayon təşkilatı və Azərbaycanda 48 rayon və şəhər şöbələri vardır. İcma  tarixi vətəni olan Rusiya ilə dostluq əlaqələrinin inkişafına öz töhfəsini verir.

Daha sonra Rus İcması fəallarının mükafatlandırılması mərasimi olmuşdur. M.Zabelin onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim etmişdir.

Bakı və Azərbaycan rus pravoslav kilsəsinin yepiskopu Aleksandr İşein "Dolq i çest" medalı ilə təltif olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, deputat Azay Quliyev, Bakının Qaradağ və Nərimanov rayonlarının icra başçıları, "İnterfaks-Azərbaycan" informasiya agentliyinin direktoru Aleksandr İvanov, Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri Həsən Quliyev, Rus icmasının Gəncə şəhər şöbəsinin sədri Valeri Kozin və başqaları Moskva Həmvətənlər Evinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Yubiley münasibətilə  Rus icmasının iyirmiillik fəaliyyətindən, 120 minlik rus diasporunun durumundan bəhs edən "Rus İcması -  20 il Azərbaycanın xalqlar ailəsində" adlı jurnal hazırlanmışdır.

Sonda konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət qəbul etmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 27 dekabr.- S.4.