Bakı Biznes Mərkəzində «10 əlamətdar il»

kitabının təqdimatı keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirilən ardıcıl islahatlar ötən 10 ildə Azərbaycanda bütün sahələrdə son dərəcə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Bu mənada 2003-2013-cü illər müstəqil Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr kimi daxil oldu. Bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olub, beynəlxalq arenada siyasi müstəqilliyini qoruyub saxlayıb və möhkəmləndirib,  BMT Təhlükəsizlik Şurasının üzvü seçilib.

Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə qeyd etdiyimiz kimi, Heydər Əliyevin ideyaları və müəyyən etdiyi kurs təşkil edib. Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə qazanılan uğurlar Azərbaycanı Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevirib. İndi kosmos dövləti olan Azərbaycan dünyanın enerji siyasətinə özünün korrektlərini edir. Beynəlxalq tədbirlər məkanına çevrilən respublikamız hər bir sahədə inkişafın və yüksəlişin özünəməxsus və dünyada örnək kimi qəbul edilən modelini formalaşdırıb.

Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarının təbrikində bu barədə deyilir: "Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirmişdir. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir. Hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzunayürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür".

İndiyədək Azərbaycanda ötən 10 ildə və bu dövrün ayrı-ayrı mərhələlərində qazanılan uğurlardan bəhs edən çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində görülən işlər ölkəmizin inkişaf salnaməsi barədə dolğun təəssüratlar yaratmaqla, həm də sonradan Azərbaycanın tarixinin yaxından öyrənilməsi, gələcək nəsillərin keçmişə qiymət verməsi baxımından müfəssəl mənbələrdir.

Ötən 10 ilin uğurlarından bəhs edən layihələrdən biri də ölkəmizdə fəaliyyət göstərən kütləvi-informasiya vasitələri arasında özünün xüsusi yeriüslubu olan "1news.az" agentliyi tərəfindən keçirilib. "10 əlamətdar il" adı altında keçirilən layihə dekabrın 25-də Bakı Biznes Mərkəzində eyni adlı kitabın təqdimatı ilə yekunlaşdı.

Həqiqətən, 10 il o qədər də böyük bir dövr olmasa da, bu müddətdə möhtəşəm uğurlar qazanılıb və ona  yekun vurmağa səy göstərmək üçün kifayət edir. Eyni zamanda, keçmişin düzgün və dəqiq təhlili gələcəkdə yeni uğurlara zəmanət verir. Məhz bunlar "1news.az" agentliyinin rəhbərliyini tanınmış sahibkarların, ictimai xadimlərin, siyasətçilərin, incəsənət adamlarının, jurnalistlərin və fərqli düşüncəli, müəyyən zirvələrə çatmış insanların yarım il ərzində onilliyin yekunları ilə bağlı fikirlərini bildirdikləri "10 əlamətdar il" layihəsini həyata keçirməyə ruhlandırdı.

Layihə insanlar tərəfindən o qədər dəstəkləndi ki, eyniadlı kitabın nəşr olunması qərara alındı və həyata keçirildi. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdur.

Kitabda yer alan Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən insanların özlərinin uğur hekayətləri ötən 10 ildə ölkəmizdə qazanılan nailiyyətlərin fonunda təqdim olunur. Kitaba layihə iştirakçılarının təkcə özlərinin formalaşma tarixi deyil, həm də ümumilikdə bütün ölkənin inkişafını təsvir edən 22 məqalə daxildir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov, "Garant Holding"in idarə heyətinin sədri Vaqif Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal, "PwC" şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev, jurnalist blogger Azər Qərib  və digər müəlliflərin qələmə aldıqları uğur hekayətlərində Azərbaycan dövlətinin nail olduğu yüksəlişin hər bir vətəndaşın cəmiyyətdə özünü realizə etməsinə yol açdığı, neft kapitalının "insan kapitalı"na çevrilməsi təşəbbüsünün reallaşdığı bildirilir. Müəlliflər qeyd edirlər ki, artıq Azərbaycan vətəndaşları azadlığın yalnız obyektiv həqiqət deyil, real imkanlardan ibarət olduğunu başa düşürlər. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaqbu kimi digər imkanlardan istifadə edən insanlar bu imkanların ötən 10 ildə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildiyini qiymətləndirirlər.

"10 əlamətdar il" kitabının təqdimatında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, görkəmli siyasi və ictimai xadimlər, sahibkarlar və mədəniyyət xadimləri iştirak edirdilər. Kitabın təqdimatında səsləndirilən fikirlər də göstərdi ki, bu cür layihələrin həyata keçirilməsi ötən dövrün yekunlarının qiymətləndirilməsi, uğurlarımızın təbliği və xüsusən gələcək nəsillərə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 27 dekabr.- S.4.