Rusiya Federasiyası Dağıstan
Respublikasının Prezidenti
Heydər Əliyev Mərkəzi ilə
tanış olmuşdur
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycana səfəri çərçivəsində dekabrın 26-da Heydər Əliyev Mərkəzində olmuşdur.
AzərTAc xəbər verir ki, Dağıstan Respublikasının Prezidentinə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Qeyd olunmuşdur ki, Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Dağıstan Respublikasının Prezidentində böyük maraq doğurmuşdur.
Qonağın diqqətinə
çatdırılmışdır ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyi ərəfəsində istifadəyə
verilmişdir. Muzeydə toplanan
məlumatlar ziyarətçilərə interaktiv
formada çatdırılır. Üç mərtəbədən ibarət
muzeydə ümummilli lider
Heydər Əliyevin həyat yolu ulu öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma
ilə yanaşı, məzmun orijinallığı ilə də
seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli
lider Heydər Əliyevin 1923-cü ildən
2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət,
iqtisadiyyat, idman sahələrində
baş verən önəmli hadisələr
barədə məlumatlar çatdırılır. Muzeyin
"Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz,
irsimiz, nailiyyətlərimiz" bölmələrində
ulu öndərin həm sovet
hakimiyyəti dövründə, həm də müstəqillik
illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillər də qonağın marağına səbəb
olmuşdur.
Bildirilmişdir ki, muzeyin ən
maraqlı bölmələrindən
biri də ulu öndərin müxtəlif ölkələrin
rəhbərləri ilə
görüşlərini əks
etdirən multimedia zalıdır. Buradakı
qlobusda ölkələrin
üzərinə toxunmaqla
arxa fonda
ulu öndər Heydər Əliyevin dövlət başçıları
ilə görüşlərinin
və ümummilli liderə təqdim edilən hədiyyələrin
fotoları əks olunur. Bundan əlavə, zalda ümummilli liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif
illərdə təltif
olunduğu ordenlər
və medallar ekspozisiyanın ən qiymətli nümunələri
sırasındadır.
Rusiya Federasiyası
Dağıstan Respublikasının
Prezidenti Ramazan Abdulatipov Mərkəzin Xatirə kitabına ürək sözlərini
yazmışdır.
Sonda qonağa
xatirə hədiyyəsi
təqdim olunmuşdur.
Azərbaycan.-2013.- 27 dekabr.- S.6.