Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun müalicəsinin

 təmin olunması və ailəsinə kömək göstərilməsi

 ilə bağlı tapşırıq vermişdir

 

"Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı".

Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunmuşdur. Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Prezidentionun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin  qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət  işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülmüşdür. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir. 

Əli Həsənov demişdir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olmuş və sarsılmışdır. Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaqdır".

 

 

Azərbaycan.-2013.- 28 dekabr.- S.6.