Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ

 müharibəsi veteranının ailə üzvlərini himayəyə götürmüşdür

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ müharibəsi əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərinin himayəyə götürülməsi haqqında qərar qəbul etmişdir.

AHİK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzərTAc-a bildirmişdir ki, qurumun İcraiyyə Komitəsi Z.Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq Z.Həsənovun övladlarının yetkinlik yaşına çatanadək Konfederasiya tərəfindən himayəyə götürülməsini və övladların hər birinə 300 manat məbləğində aylıq yardım verilməsini qərara almışdır. Z.Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat məbləğində maddi yardım edilir. Z.Həsənovun ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK hesabına ödəniləcəkdir.

Qərarda deyilir ki, Z.Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin ediləcəkdir.

Qeyd edək ki, dekabrın 27-də Qarabağ müharibəsi veteranları nümayəndələrinin və H.Həsənovun AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ilə görüşü olmuşdur.

 

Azərbaycan.-2013.- 28 dekabr.- S.6.