Biləsuvarın yeni həyatı

 

Əsrlərdən xəbər verən tarix

 

 

 

Qədim yurd yerlərimizdən olan Biləsuvarın səsi-sorağı əsrlərin o tayından gəlir. Bu səs-soraq rayon ərazisində mövcud olan 12 arxeoloji və memarlıq abidəsinin hər daşında, divarında bu gün də yaşayır. Orta əsrlərə aid edilən Şəhriyar qalası haqqında, təəssüflər olsun ki, əlimizdə ətraflı məlumat yoxdur. Tarixi mənbələrə görə, 1288-1290-cı illərdə Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı elxani hökmdarı Arqun xanın (hakimiyyət illəri 1282-1291) hərbi düşərgəsi Biləsuvar ərazisində yerləşmişdi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində isə "Biləsuvar" sözünün açıqlaması "Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsi" kimi verilmişdir. Digər bir məlumata görə, Biləsuvarı X əsrdə büveyhi əmiri Piləsuvar salmışdır.

Digər bir müəllifin fikrincə, Muğanda xəzərlər, massagetlər, habelə digər tayfalarla yanaşı bilyər (bolqar) və suvarlar da yaşamışlar. Müəllif belə nəticəyə gəlib ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmləşib düşmənə qarşı vuruşduğu yer mənasını verir. Qeyd edək ki, hazırda Biləsuvar şəhərinin içərisindən "Bolqar" adlı çay axıb keçir.

XIV əsrdə feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüş və bir hissəsi İranın tabeliyinə keçmişdir. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi isə sərhəddən 20-40 kilometr kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə rayonun da adı dəyişdirilmiş, o, Puşkin adlandırılmışdır. Və nəhayət, Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli sessiyasının qərarı ilə Biləsuvarın tarixi adı özünə qaytarılmışdır.

Göründüyü kimi, rayon ölkəmizin zəngin tarixi olan ərazilərindən biridir. Burada çox qədimlərdə əcdadlarımız yaşamışlar. Hər nəsil özündən sonra bir iz qoymağa nail olmuşdur. Bu mənada müasir nəsil də istisna deyil.

 

 

 

Yeniliklər göz oxşayır

 

 

 

Hazırda Muğanın bu rayonu aydan-aya, ildən-ilə inkişaf edir, abadlaşır. Bir müddət  burada olmayan hər kəs, xüsusilə Rusiya və digər xarici ölkələrdə yaşayan biləsuvarlılar indi rayona gələndə onu tanıya bilmirlər. Özlərinə belə bir sual verməli olurlar: "Görəsən, bu, yayda küçələri tozlu-torpaqlı, payızda, qışda zığlı-palçıqlı, sakinləri yüzillər boyu duru suya həsrət qalan bizim Biləsuvardır? Doğrudanmı qısa vaxt ərzində belə dəyişib?" Rayon mərkəzini, qəsəbə və kəndləri gəzib-dolanarkən, tikilib-qurulanları gördükcə onlar insan əllərinin, əməllərinin gücünə, qüdrətinə heyran qalır, sonsuz fərəh hissi keçirirlər.

Digər bölgələrimiz kimi, Biləsuvarda da son illər aparılan böyük quruculuq işləri  ölkəmizin artan iqtisadi potensialının nəticəsidir. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə XX əsrin neft müqaviləsinin bağlanmasına nail oldu, islahatlar həyata keçirdi. 2003-cü ilin oktyabr ayında prezident seçilən cənab İlham Əliyev isə neftdən gələn ilk gəlirlərdən  regionların sosial-iqtisadi inkişafına yönəltməyi qarşıya məqsəd qoydu və bunun üçün iki dövlət proqramı qəbul edildi. Həmin proqramlar çərçivəsində Biləsuvarda da çox işlər görüldü.

Bundan əlavə, rayonun sosial-iqtisadi inkişafı üçün Prezident 6 sərəncam imzalamışdır. İctimaiyyət nümayəndələri ilə görüşmək, əhalinin yaşayış tərzi ilə yaxından tanış olmaq, problemləri öyrənmək, inşası başa çatmış obyektlərin açılışında, yenilərinin təməlqoyma mərasimində iştirak etmək üçün ölkə rəhbəri 4 dəfə Biləsuvar rayonuna səfər etmişdir. Təkcə bu il sentyabrın 4-də Prezident Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının yeni binasının və digər obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Onu da qeyd edək ki, rayonda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri müasir standartlara uyğun, son dərəcə zövqlə aparılır. Bütövlükdə isə son 10 ildə Biləsuvarda görülmüş işlər ölçüyəgəlməzdir. Belə ki, 2003-cü illə müqayisədə ümumi məhsulun həcmi 4,2, kənd təsərrüfatı məhsullarının istehsalı 4, sənaye məhsullarının həcmi 10, əsas kapitala yönəldilən investisiyalar 5,4, o cümlədən tikinti-quruculuq işlərinin həcmi 5,7 dəfə artmışdır.

Son illərdə rayonda olimpiya idman kompleksi, əlil və şəhid ailələri üçün 64 mənzilli 4 yaşayış binası, "Aqroservis"in rayon filialı üçün inzibati bina və texniki park, 17 poçt, Biləsuvar sərhəd buraxılış məntəqəsi, baytarlıq, habelə bitkilərin fitosanitar karantin idarələri üçün yeni binalar tikilmiş, 6 istirahət parkı salınmış, rayon stadionu, tarix-diyarşünaslıq muzeyi əsaslı təmir edilmişdir. Şəhərin küçələri öz görkəmini tamamilə dəyişmişdir. Bir çox yerdə aqlay və digər bəzək daşları ilə hasarlar çəkilmiş, küçələr, səkilər asfaltlaşdırılmışdır. Quraşdırılan müasir işıqlandırma sistemi buranın gecələrini çıraqban və cazibədar edir. İcra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin yerləşdiyi ərazidə dövlət bayrağı əzəmətlə dalğalanır. Meydanda ulu öndərin möhtəşəm heykəli ucalır. Burada əkilən nadir növ bəzək ağaclarına, gül və çiçəklərə, yaşıllıq zolaqlarına xüsusi qayğı göstərilir. Rahat oturacaqlar qoyulmuş bu meydan sakinlərin çox xoşladıqları yerdir.

Rayonda sahibkarlıq da inkişaf edir. Təkcə son illər ərzində 340 sahibkar Sahibkarlığa Kömək Milli Fondundan 35,3 milyon manat kredit almışdır. Dövlət tərəfindən isə kənd təsərrüfatı məhsulları istehsalçılarına 6,6 milyon manat subsidiya verilmişdir. Bütün bu və digər tədbirlər hesabına 2003- 2013-cü illər ərzində 22 minə yaxın iş yeri açılmışdır ki, onun da 17 minə yaxını daimidir.

Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində rayonun təhsil sistemində əsaslı dönüş yaranmışdır. 2 min 120 şagirdlik 9 məktəb binası inşa olunmuş, Aranlı kənd tam, Çinarlı kənd ümumi orta, Biləsuvar şəhər 1 nömrəli ümumi orta məktəblər üçün əlavə tədris korpusları, şəhər 2 nömrəli Zəhmətabad kənd uşaq bağçaları üçün yeni binalar tikilmişdir. Bunlarla yanaşı, 3 min 68 şagirdlik 5 məktəb, 120 yerlik şəhər 1 nömrəli uşaq bağçası əsaslı təmir edilmişdir. Tədris ocaqlarının maddi-texniki bazası yaxşılaşdırılmışdır. Hazırda 1176 şagirdlik Ağalıkənd tam orta məktəbində əsaslı təmir işləri aparılır, Amankənd, Aşağı Cürəli və Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binalar ucaldılır, rayon mərkəzi xəstəxanası əsaslı şəkildə yenidən qurulur.

Məlum olduğu kimi, yaşayış yerlərinin qazlaşdırılması, əhalinin təbii qaza olan ehtiyacının davamlı və keyfiyyətli şəkildə ödənilməsi dövlət tərəfindən qarşıya qoyulan prioritet məsələlərdəndir. Bununla əlaqədar Biləsuvar rayonunda da son illər müəyyən işlər görülmüşdür. Köhnə, istismar müddətini başa vurmuş qaz xətləri yeniləri ilə əvəz edilmiş, abunəçilər üçün qaztənzimləyici qurğular və sayğaclar quraşdırılmışdır. İndi rayonun 17 qəsəbə və kəndində əhali təbii qazdan istifadə edir, 8 kəndə qaz çəkilir. Elektrik enerjisinə gəldikdə isə, bu sahədə də problem yoxdur. Əhali fasiləsiz olaraq enerji ilə təmin olunur.

Yol iqtisadiyyatdır, mədəniyyətdir, rahatlıqdır. Bu sahədə Biləsuvarda da çox işlər görülüb və tədbirlər davam etdirilir. Faktlara nəzər salaq: rayon ərazisində 95,3 kilometr yol əsaslı təmir olunmuş, o cümlədən rayon ərazisindən keçən 11,7 kilometrlik Ələt-Astara, 19 kilometrlik Biləsuvar-İran İslam Respublikası arasındakı dövlət sərhəd, 18 kilometrlik Bəhrəmtəpə-Biləsuvar, 12 kilometrlik dairəvi, 6,2 kilometrlik Aranlı-Çinarlı-Bağbanlar, 2,8 kilometrlik Ağayrı-Nəsimikənd kənd yolları asfaltlaşdırılmışdır. Bunlardan əlavə, Əsgərabad, Ağalıkənd, Amankənd, Aşağı Cürəli, Yuxarı Cürəli və Ovçubərə kəndlərini birləşdirən 21 kilomertlik yeni yol çəkilmişdir.

Biləsuvar rayonunun əhalisi əsrlər boyu içməli sudan korluq çəkirdi. Onlar Arazla axıb gələn və oradan da Muğan kanalı vasitəsilə rayon ərazisinə gətirilən boz-bulanıq suyu müxtəlif üsulla, ya daşda, ya daş hovuzda, ya da elə adi qablarda duruldaraq ondan istifadə edirdilər. Bu il sentyabr ayının 4-də Biləsuvar sakinlərinin həyatında mühüm hadisə baş verdi. Buraya içməli su verildi. Bu münasibətlə keçirilən  mərasimdə Prezident demişdir: "Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük, tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil edəcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış problemi biz birdəfəlik həll edirik".

İndi 21,3 minlik Biləsuvar şəhər əhalisi (rayon əhalisi 94 min nəfərdən çoxdur) içməli su ilə təmin olunur. Biləsuvar şəhər sakini, rayon Ağsaqqallar Şurasının üzvü Sahibəli Mirzəyev bununla bağlı ürək sözlərini belə ifadə etdi: "Su həyatdır, sağlamlıqdır, təmizlikdir. Babalarımız, nənələrimiz uzun illər məişətdə Arazın bulanıq suyundan istifadə ediblər. Elə biz özümüz də bu ilin sentyabrınadək belə su işlədirdik. Yazda, payızda yağışlar yağanda su daha çamır olurdu. Şükür olsun Allaha, indi Biləsuvar şəhərində hər evdə içməli su var. Bu, bizim çoxdankı arzumuz idi. Ona da çatdıq".

 

 

 

Əbədi iz

 

 

 

"Dünya bir pəncərədir, hər gələn baxar gedər" deyiblər. Lakin söhbət ona bir seyrçi kimi baxmaqdan getmir. Həyata gəldiyini, nə üçün yaşadığını, vətəninə, xalqına nə fayda verdiyini düşünmək, əməlinlə bir iz qoymaq anlamında qəbul edilməlidir bu söz. Necə ki Mübariz İbrahimov belə etdi. Əsgəri xidmətini başa çatdırdıqdan sonra ərizə verib yenidən ordu sıralarına qayıtdı. Düşmənin başını əzmək, öz torpağımızda səngər qazıb özümüzə atəş açanları susdurmaq, darmadağın etmək fikri bir an belə onu tərk etmədi. Gecəli-gündüzlü bu barədə düşündü və məqam düşən kimi düşmən səngərinə atılıb onları məhv etmək qərarına gəldi. Ölümünü gözünün önünə gətirib Biləsuvar rayonunun Əliabad kəndində yaşayan atası Ağakərim kişiyə və anası Şamama xanıma məktub yazdı, halallıq istədi: "Ölsəm, zəhmətinizi halal edin", - dedi. 2011-ci il iyunun 18-dən 19-na keçən gecə Mübariz öz qərarını reallaşdırdı. Düşmən səngərinə atılaraq avtomat silahla çoxlu sayda erməni əsgərini məhv etdi və özü də qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Onun bu şücaəti ildırım sürətilə Azərbaycanın hər yerinə yayıldı.

Prezident İlham Əliyevin 22 iyul 2011-ci il tarixli sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Həmin günlər Biləsuvarın Əliabad kəndinə insanlar axın-axın gəlirdilər. O vaxtdan bütün biləsuvarlılar, o cümlədən gənclər M.İbrahimovla fəxr edir, ona oxşamağa çalışırlar. İndi rayonda qəhrəmanın adına küçə, lisey-məktəb, ev muzeyi var. Hər il doğum və anım günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Haqqında məqalələr, kitablar yazılır.

Bəli, dünya bir pəncərədir. Mübariz İbrahimov bu pəncərədən dünyaya az, amma  qəhrəman kimi baxdı. Gənc yaşında həyatdan köçdü, lakin Azərbaycanın qəhrəmanlıq səhifəsində əbədi iz qoydu.

 

 

 

Gənclər paytaxtı

 

 

 

2013-cü il yanvarın 1-dən 31-dək keçirilən interaktiv səsvermədə iştirak edərək 50 şəhər və rayon arasında Biləsuvar rayonu birincilik əldə etdi. Belə ki, rayon respublika və respublikadan kənarda yüz minlərlə internet istifadəçisinin rəyi ilə 49 rayonu səs hesabı ilə üstələyərək Azərbaycanın Gənclər paytaxtı seçildi. Bu il fevral ayının 2-də "Buta" sarayında Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Gənclər Günü münasibətilə keçirilən bayram tədbirində nazir Azad Rəhimov Gənclər paytaxtının rəmzi açarını Biləsuvar gənclərindən ibarət nümayəndə heyətinə təqdim etdi.

Bu nailiyyətin əldə olunmasında rayon gənclərinin fəallığı və bu prosesə rayon ictimaiyyətinin fəal qoşulmasının təşkili başlıca rol oynamışdır. Xüsusilə YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin üzvləri yüksək əzmkarlıq nümayiş etdirmişlər. Gənclər paytaxtı seçilən Biləsuvarda bu münasibətlə artıq bir çox layihələr icra olunmuşdur. Təkcə yerli deyil, həm də bir neçə beynəlxalq layihənin gerçəkləşməsinə ev sahibliyi edən Biləsuvarın bugünkü gəncliyi bir komanda halında dövlət və xalq qarşısında öz borcunu şərəflə yerinə yetirir. M.İbrahimov kimi Milli Qəhrəman yetirən bir rayonun gəncləri məhz belə də olmalıdırlar. Onlar bütün sahələrdə nümunə olmağa, yüksək göstəricilər əldə etməyə çalışırlar.

Götürək idmanı. Rayonda müasir tələblərə cavab verən 3 min yerlik stadion, olimpiya idman kompleksi, 149 sadə idman qurğusu,  şahmat məktəbi fəaliyyət göstərir. Son illər rayon idmançıları müxtəlif mötəbər yarışlarda 9 qızıl, 12 gümüş və 74 bürünc medal qazanmışlar. İki nəfər idman ustası, 3 nəfər isə ustalığa namizəd adını almışdır. Arzu Babayev idmanın karate növü üzrə dünya çempionatında 1-ci yeri, Orxan Mayılov isə boks üzrə dünya çempionatında 2-ci yeri tutmuşlar.

Bu gün rayon məktəblilərinin və gənclərinin ən çox getdiyi yer Heydər Əliyev Mərkəzidir. Burada onların asudə vaxtının səmərəli və mənalı keçməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən maraqlı fotoşəkillər, kitab və jurnallar, videodisklər toplanmışdır. Mərkəzdə psixoloji məsləhət, intellektual oyun otaqları, linqafon kabineti, rəqs, rəsm, poliqrafiya, foto, dizayn, kompyuter studiyaları, şahmat, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, internet-kafe, treninq zalı, kitabxana, "3D kinozalı", 208 yerlik akt zalı, "Virtual sinif" fəaliyyət göstərir.

 

 

 

Qarşıda daha mühüm vəzifələr durur

 

 

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarın iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq mühüm yer tutur. Bunlarla yanaşı, əhali tərəfindən kartof, bostan-tərəvəz, günəbaxan, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Bununla belə, rayonda 50 min ton pambıq emal edən pambıqtəmizləmə zavodu, illik istehsal gücü 60 min ton olan "Azərsun Holdinq"in konserv zavodu, illik istehsal gücü 15 min ton olan "Biləsuvar AQRO" MMC-nin süd zavodu, gün ərzində 150-200 ton un istehsal edən dəyirman var.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən fermerlər, torpaq mülkiyyətçiləri, emal müəssisələri gələn il daha yüksək nəticələr əldə etmək üçün indidən səylə çalışırlar. Həmçinin tikinti-quruculuq, abadlıq sahəsindəki işləri davam etdirmək, şoranlaşan torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına, elektrik təsərrüfatının, yol infrastrukturunun yenidən qurulmasına və digər məsələlərin həllinə nail olmaq 2014-cü il üçün başlıca fəaliyyət proqramıdır. Biləsuvarlılar əməksevərdirlər. Elə buna görə də qarşıda duran həmin vəzifələrin yerinə yetirilməsi heç kəsdə şübhə doğurmur.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2013.- 28 dekabr.- S.8.