FƏRARİ VƏ DÖNÜK
JURNALİSTLƏR «MÜKAFATLANDIRILIRLAR»
Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.
İlham ƏLİYEV
Bu gün Azərbaycanda qəzet açmaq, jurnalistlik fəaliyyəti ilə məşğul olmaq çox asandır!
Bu gün istənilən xarici ölkəyə getmək, əcnəbi universitetlərdə təhsil almaq asanlıqla mümkündür!
Bu gün keçmiş dövrə nisbətən daha varlı və firavan, gen-bol yaşamaq imkanı daha genişdir!
Bunun üçün iş qurmaq, pul qazanmağı bacarmaq, zəhmət çəkib ağıl işlətmək lazımdır.
Hər şeyi dövlətdən ummağın, bütün uğursuzluqlarda dövləti günahlandırmağın, hətta həyatın alınmayanda dövləti, cəmiyyəti təqsirkar saymağın vaxtı çoxdan keçib!
Sosializm cəmiyyətində dövlət hər şeyi öz boynuna götürmüşdü.
Kapitalizmdə isə kim necə bacarır, həyatını necə qurub nə qədər qazanırsa, elə də yaşayır!
Sovet təfəkküründən, süni şəkildə, dövlətin gücü ilə insanların "bərabərləşdirilərək" hamının yaxşı yaşadılması psixologiyasından qurtarmaq lazımdır!
İnsanlar fiziki və ya əqli əməklə məşğul olurlar, bunların növləri isə xeyli çoxdur. Kimin qabiliyyət və bacarığı, istedadı hansına çatırsa, onu da seçir!
Çörəyini qələmlə qazanmaq isə həm çətindir, həm də xüsusi istedad tələb etdiyindən hər insana nəsib olmayandır!
Ölkəmiz sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçəndən, mətbuat və söz azadlığı bərqərar olunandan sonra jurnalistika sahəsinə meyil edənlərin sayı dəfələrlə artıb! Müstəqil qəzetlərdə, informasiya agentliklərində, elektron mediada ixtisası olan da, olmayan da çoxsaylı insan çalışır.
Onların sırasında istedadlıları da var, bu sahəyə şöhrət, qazanc dalınca gələn qabiliyyətsizləri də!
Çoxu da özündən razı, hətta bəzən müştəbehdir!
Amma kimin özü haqqında nə düşünməsindən asılı olmayaraq oxucu hansı KİV-i və hansı jurnalisti sevib oxumasını özü müəyyən edir!
Burada zor və ya "tanışlıq" keçmir!
Odur ki, hər bir qələm əhli uğurunun da, uğursuzluğunun da səbəbini ilk növbədə özündə axtarmalı, özündən razı, yaxud narazı qalmalıdır!
Daha təqsiri dövlətdə, başqalarında axtarmalı deyil!
Hər sahənin özünəməxsus fərarisi də olur!
Ən ağır fərarilik orduda sayılır!
Vətəni dar gündə qoyub qaçmaq, onun müdafiəsindən imtina etmək həm də xəyanət sayılır!
Bəzən insanlar müxtəlif səbəblər üzündən Vətəni tərk etməli olurlar.
Təhsil almaq üçün, sevgisinin ardınca, yaxud bir parça çörək qazanmaqdan ötrü xaricə üz tutanlar çox olur. Belələrinin bir qismi ömürlük qəriblikdə qalır.
Qürbətdə yaşamaq tale yazısıdır, qismətdir!
Həm də
qeyri-adilik sayılmır, normaldır!
Anormalı
odur ki, xaricə gedəndən sonra Vətənini,
doğmalarını, yaxınlarını və
dostlarını unudasan, dilini, adət-ənənəni yaddan
çıxarasan!
Xaricdə
yaşayaraq dövlətinin və xalqının maraqlarına
qarşı çıxmaq isə əsl rəzalətdir!
Bu, əsgər
fərariliyinə bənzəyən xəyanətdir!
Doğrudur,
bəzən belə dönükləri mükafatlandıranlar
tapılır!
Amma
heç bir mükafat tənə, qınaq, nifrət
damğasını ört-basdır edə bilməz!
Müstəqillik dövründə Avropada Azərbaycandan
getmiş "fərari və dönük jurnalistlər dəstəsi"
yaranıb. Tərkibinə hər iki cinsdən olan müxtəlif
yaşlı və düşüncə tərzinə malik
insanlar daxildir.
Təhsil
ardınca gedib geri qayıtmayan, özünə qüzəran
quraraq ömür sürən, yaxud başqa səbəbdən
özlərinə yeni vətən tapanlarla işimiz yoxdur! Tale
və yaşayış yeri seçimləri özlərinindir!
Antiazərbaycançı
şəbəkəyə qoşulub dönük
çıxan fərarilərin məsələsi isə
bambaşqadır!
Əslində, onlar "mükafatlanmaq", şəxsi
güzəranlarını yaxşılaşdırmaq naminə
belə addım atırlar. "Mükafat" isə
siyasi sığınacaq, yaşamaq üçün mənzil,
maddi yardım, ərzaq təminatıdır. Artıq qazanmaq istəyənlər isə "əlavə
işlər" görməlidirlər.
"Mükafat" hərisliyi bəzilərini
"artıq işlərə" sövq edir.
Bu barədə danışmazdan əvvəl "fərariliyin"
mexanizminə diqqət yetirək.
Adətən
Avropaya getmək, o "mükafatlar"dan almaq niyyətinə
düşənlər irəlicədən "hazırlıq
işləri" görürlər (vaxtilə "Yeni
Müsavat", "Azadlıq" və digər qəzetlərdə
çalışanlar, habelə hüquq müdafiəçisi,
bloqqer kimi "fəaliyyət" göstərənlər bu
yolu keçiblər). Ən rahatı "jurnalist"
vəsiqəsinə yiyələnməkdir. Bunun üçün xüsusi təhsil tələb
olunmur. Hansı "üsullasa"
redaksiyaların birində işə düzələrək
müxbir vəsiqəsi "almaq" çox asandır.
Sonra ayrı-ayrı dövlət məmurları,
insanlar haqqında şər-böhtan xarakterli, bəzən təhqiredici
yazılar yazılmalıdır. Məqsəd
məhkəməyə verilməkdir. Hətta
məhkəmədə uduzaraq cəzalandırılmaqdır
(lap cüzi məbləğdə cərimə də olsa).
Bu, sonrakı "uduş" üçün
"uğurlu" addım sayılır.
Ən "yağlı" faktlardan biri icazəsiz
kütləvi aksiyalarda iştirak edərək asayişi
pozmaq, polisə "müqavimət göstərərək"
cərimə edilmək, yaxud bir neçə günlüyə
həbs olunmaqdır. Buna nail olmaq üçün "riskə gedənlər",
polisi qarşıdurmaya təhrik edənlər, hətta
müxtəlif söz və hərəkətlərlə təbdən
çıxarmağı bacaran "istedadlar" da vardır.
Xaricdəkiləri "demokratiya uğrunda
mübariz" olduğuna inandırmaqdan ötrü ən
yaxşı "sənəd" qəzetlərdə dərc
olunmuş fotoşəkillər və yazılardır. Mitinqdə
yaxası açıq formada polislərin əhatəsində
şəkli olmaq, ya da dövlət əleyhinə məqaləsi
çap olunmaq Avropadakı bəzi qurumlarda "hörmətli"
sayılır.
Əvvəllər gedənlərin bir qismi belə sənədlərə
sahib olmaqdan ötrü redaksiyalardakı bəzi adamları
"ələ alırdılar". Sonradan bunu başa
düşən redaktorlar məsələyə diqqəti
artırdılar. Amma qəzetlərə ayıq nəzərlərlə
baxdıqda, kimlərin Avropaya getməyə
"hazırlıq gördüklərini" müəyyən
etmək elə də çətin deyil!
Bir-iki illiyə məhkum olunmaq isə "kozır"
fakt sayılır. Doğrudur, bu, bir qədər çətin
məsələdir. Çünki Azərbaycanda
heç kəsi əqidəsinə görə həbs etmirlər.
Başqa cinayət törədəndə isə bunu Avropa
"demokratiya uğrunda mübarizə" kimi qəbul etməyə
bilər! "Diribaşlar"
çıxış yolunu tapıblar. Jurnalist
vəsiqəsi "aldıqdan" sonra cinayət törədərək
məhkum olunurlar. Sonra "hüquq müdafiəçiləri"
ilə "dil taparaq" jurnalist vəsiqəsinə istinad
etməklə adlarını "siyasi məhbus"
siyahısına yazdırır, şəkillərini
"Azadlıq" qəzetinin "vinetka"sına
saldırırlar. Beləliklə, "avam"
avropalıları aldada bilirlər.
Son dövrlərdə ən çox işlədilən
"üsullar"dan biri ermənilərə məxsus internet
saytlarına müsahibə verərək Azərbaycanda
demokratiyanın yoxluğunu iddia etmək, yaxud təzyiq və
təqiblərə məruz qaldığı barədə əcnəbi
KİV-də yazı dərcinə nail olmaqdır.
Bəs, arzuladığı Avropada yaşamaq
"imkanı qazananlar" orada nə edirlər?
* Əvvəla,
vətəndaşlıq və ya siyasi sığınacaq
almaqdan ötrü nəzərdə tutulan yaşayış
yerlərində tüfeyli həyat sürməyə (yəni,
işləməyərək müvafiq strukturun verdiyi
yardım-sədəqə hesabına yaşamağa)
başlayırlar;
*
Sonrası kurslara gedərək (yenə də havayı) dil
öyrənməyə girişirlər;
* Özlərini
"tərbiyəli və intizamlı" apar
mağa
(başqa sözlə, evdən çölə
çıxmamağa) çalışaraq qoyulmuş məhdudiyyətlərə
əməl edirlər ki, birdən onlara acıqları tutaraq
geriyə qaytarmasınlar;
* Azərbaycan
əleyhinə keçirilən tədbirlərdə
iştirak edərək "dissident", "demokratiya
uğrunda mübariz" "adları"nı
təsdiq etdirməyə can atırlar;
*
Sığınacaq alanda (ömürlük vətəndən
uzaqda yaşamaq hüququ, əslində, cəzası) isə
özlərini hədsiz dərəcədə xoşbəxt
hesab edirlər!
Adətən
uğursuzlar özgə yerdə uğur axtararlar!
Özünü
təsdiq edib tanıtmışlar yad yerlərə gedərək
hər şeyə təzədən başlamazlar!
Heç kim nağdı isti və kasıb
komasını qoyub qürbətdə nisyə soyuq saray
axtarışına çıxmaz!
Bunları sözgəlişi deyirik.
Hazırda
xaricdə yurd salan keçmiş azərbaycanlı jurnalistlərin
heç biri nə Soljenitsindir, nə də Saxarov!
Buradakı həmkarları ilə müqayisədə
ortabab, hətta ondan da aşağı qələm sahibi
sayılırdılar.
Əslində,
uğursuz olublar! Çünki özlərini
daha yüksəkdə (istedad və bacarıqları buna imkan
verməsə də) görmək istəsələr də,
görə bilməyiblər. Səbəbini
isə özlərində yox, cəmiyyətdə
axtarıblar. Amma nədənsə bu "istedad"
xaricdə də parlamayıb! Nə bir alababat kitabları
çıxıb, nə haradasa azdan-çoxdan
tanınmış qəzetlərdə, radiolarda işə
götürülüblər, nə də keçmiş vətənlərində
"boğulan" istedadları demokratik Avropada yüksək
qiymətləndirilib!
Tarix təkcə qəhrəmanlar və vətənpərvərlər
yox, hərdən fərarilər və dönüklər də
"yetişdirir".
Baxır kim necə xatırlanır.
Onları bir-bir yada salaq.
"Azadlıq"
qəzetinin qiyabi redaktoru Qənimət Zahid, az qala
özünü Mirzə Ələkbər Sabirə tay bilən
Sakit Zahidov, daha çox nehrəmlilərlə münaqişəyə
görə yadda qalan Elbəyi Həsənli, özünü
döydürməklə gündəmə gələn Aqil Xəlil,
böhtan və təhqir dolu yazıları ilə "fərqlənən"
Fikrət Hüseynli, antimilli yazıların müəllifi
Emil Milli, Əli Əkbər, nəhayət, qəflətən
onlara qoşulan Günel Mövlud və Murad Köhnəqala...
(Yaddan çıxanlar bizdən inciməsinlər,
çünki xalqın yadından çoxdan
çıxıblar)!
Azərbaycan
idmançısı Olimpiya, dünya və Avropa birinciliklərində
iştirak edərək dövlətinin bayrağını
qaldırır, dönük-fərarilər isə Azərbaycanın
Qarabağ dərdi Avropanın beynəlxalq qurumlarında
müzakirəyə hazırlananda Brüsseldə
doğulduqları vətənin əleyhinə piket keçirərək
"insan hüquqlarının pozulduğunu" göstərən
şüar və plakatlar nümayiş etdirirlər.
* Ancaq belə
piketlərdə öz peşəsi ilə məşğul
olmaq hüququ pozulan 100-dən çox məcburi
köçkün jurnalistini xatırlatmırlar;
* Bir
milyondan çox qaçqın və məcburi
köçkünün doğma el-obalarına
qayıtmalarına kömək göstərilməsini tələb
etmirlər;
Əsl azərbaycanlı
Vətənin bütün günlərində -
ağlı-qaralı, şirinli-acılı günlərində
Vətəndə olmalıdır, Vətəndən kənara
gedəndə isə diaspor hərəkatında iştirak etməlidir!
Əsl azərbaycanlı
Vətəninin inkişafına, demokratiyanın Vətənində
təntənəsinə nail olmalıdır!
Əsl azərbaycanlı
qarnını və şəxsi rifahını
doğmalarından, el-obasından, övlad köməyinə
ehtiyacı olan Vətənindən üstün tutmalı
deyil!
Buradakı
dönüklüyünü yeni "vətənində"
xəyanətkar əməlləri ilə davam etdirməli
deyil!
Şəxsi
narazılıq və şəxsi uğursuzluq vətənə
dönük çıxmağa, mülki fərariliyə əsas
vermir!
Bu
olsa-olsa bəhanədir!
Bu gün
dünya Azərbaycan vətəndaşının üzünə
açıqdır!
Kim nə
vaxt, haraya istəsə gedə bilir!
Kim
hansı ölkənin vətəndaşlığını
istəsə qəbul edir!
Daha sovet
dövründə olduğu kimi belə hərəkətlərə
görə insanları xəyanətdə ittiham edən, ələ
keçən kimi həbsxanaya salan yoxdur!
Hər
şey insanın istəyi, mövqeyi və vicdanı ilə
bağlıdır!
Bəli,
fərari-dönüklər dünyanın inkişaf etmiş
ölkələrinə köçərək yağ-bal
içində yaşayırlar!
Özləri bilərlər, seçimlərində
müstəqildirlər.
Mükafatları "demokratik dövlətdə"
yaşamaq, "yüksək əməkhaqqı" almaq,
getdikləri dövlətin mərhəmətindən "bəhrələnmək"dir.
Cəzaları
isə...
Heç
kəs buna görə onları geriyə qaytarıb cəzalandırmır!
Hətta
turist kimi keçmiş vətənlərinə dönsələr
belə, həbsxanaya atılmayacaqlar!
Amma cəzasız
da deyillər!
Bu cəzanı isə özləri özlərinə
veriblər.
Vətənsiz
qalmaq cəzası!
Daim
qürbətdə yaşamaq cəzası!
Doğmalardan
və dostlardan (əgər varsa) kənarda yaşamaq cəzası!
Fərari
və dönük adını daşımaq cəzası!
Yad diyarda
yad torpağa gömülmək cəzası!
Allah
insanı özünün özünə verdiyi cəzadan
saxlasın!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2013.- 28 dekabr.- S.9.