Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildəki fəaliyyətinin

 yekunları geniş müzakirə edilmişdir

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilmişdir.

Əvvəlcə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş mədəniyyət işçilərinə mükafatlar təqdim edilmişdir.

Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış etmişdir.

Nazir cari ildə ölkəmizdə keçirilmiş möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açan natiq demişdir ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cari ilin Azərbaycan mədəniyyəti üçün olduqca uğurla başa çatdığını diqqətə çatdıran nazir demişdir ki, Azərbaycan 2013-cü ildə dünya əhəmiyyətli bir neçə möhtəşəm tədbirə ev sahibliyi etmişdir. Bu tədbirlər sırasında mədəniyyət tədbirləri xüsusi önəm daşıyır.

Mədəniyyət, incəsənət sahəsində qazanılmış uğurlardan söz açan nazir demişdir ki, bu gün bizim mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin, sənət incilərimizin UNESCO-nun qorunması vacib olan müvafiq siyahısında yer alması olduqca təqdirəlayiqdir.

Vurğulanmışdır ki, Azərbaycan muğamının, aşıq sənətinin və xalçaçılığın, tar ifaçılığının və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli nümunələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.

Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev fondunun və şəxsən fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir.

Qeyd edilmişdir ki, ilk dəfə olaraq  nazirliyin bir qrup əməkdaşı M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) təkmilləşmə kurslarında iştirak etmişbu istiqamətdə əməkdaşlıq davamlı olacaqdır. Belə bir səmərəli əməkdaşlığa görə nazir MDU-nun rəhbərliyinə və universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya minnətdarlığını bildirmişdir.

Ə.Qarayev görülmüş işlər, əldə olunmuş uğurlarla yanaşı, mövcud problemlərdən də söz açmışdır.

Mədəni tədbirlərin həyata keçirilməsində daim mətbuat nümayəndələrinin dəstəyini hiss etdiklərini söyləyən Ə.Qarayev demişdir ki, bizim əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Tədbirdə gündəlikdə duran məsələlər geniş müzakirə olunmuş və 2014-cü il üçün nazirliyin iş planı təsdiq edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 28 dekabr.- S.11.