Azərbaycan Hərb Tarixi
Muzeyində Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadənin
95 illik yubileyinə həsr
olunmuş tədbir
keçirilmişdir
Dekabrın 27-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, veteranlar şuralarının əməkdaşları, Mehdi Hüseynzadənin yaxın qohumları, müharibə veteranları, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov xalqımızın igid və cəsur oğlu, əfsanəvi Mixaylo-Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniyanın kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından söhbət açmışdır.
Bildirilmişdir ki, Azərbaycanın tanınmış simalarından biri, faşizm üzərində qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan, hərbi şücaətlərinə görə xeyli sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Avropa müqavimət hərəkatının parlaq nümayəndəsi Mehdi Hüseynzadə öz döyüş yoluna 223-cü Azərbaycan milli diviziyasında başlamış, Polşa, İtaliya və Yuqoslaviyada faşistlərlə mübarizədə böyük rəşadət göstərmişdir. Mehdi Hüseynzadə keçdiyi bu şərəfli döyüş yolu ilə təmsil etdiyi Azərbaycan xalqının nə qədər mərd və mübariz olduğunu bir daha sübut etmişdir.
Tədbirdə muzeyin baş elmi işçisi, tarix üzə fəlsəfə doktoru Nuru Məmmədovun "Mehdi Hüseynzadənin tərcümeyi-halı və partizan hərəkatında iştirakı", AHTM-in arxiv-fond və ekspozisiya üzrə rəis müavini Lalə Hüseynovanın "Şərqi və Qərbi Avropada antifaşist müqavimət hərəkatında azərbaycanlı döyüşçülərin iştirakı" mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə
qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov
Mehdi Hüseynzadə haqqında valideynlərindən
eşitdiyi xatirələri iştirakçılarla
bölüşmüşdür.
İkinci
Dünya müharibəsinin iştirakçısı, əfsanəvi
partizan Mehdi Hüseynzadənin komandiri Cavad Həkimlinin
oğlu Məhəmməd Həkimli və digər
çıxışçılar da Mehdi Hüseynzadənin
Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus
yerə malik olduğunu
vurğulamışlar.
Qeyd olunmuşdur ki, Mehdi Hüseynzadə Böyük Vətən müharibəsi tarixində xüsusi xidmətləri olan azərbaycanlı qəhrəmanlardandır. Qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlişindən sonra doğma paytaxtımız Bakıda qəhrəmanın möhtəşəm abidəsi ucaldılmış, xatirəsi əbədiləşdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, xalqımızın qəhrəman oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin Avropa müqavimət hərəkatında göstərdiyi igidliklər həm onun öz adını, həm də xalqımızın adını bəşəriyyət tarixinin səhifələrinə qızıl hərflərlə yazmışdır. Bu mübariz döyüşçünün həyat və döyüş yolu xalqımızın gənc nəsli üçün parlaq bir nümunədir. Gənc nəsil bu igid kəşfiyyatçını heç vaxt unutmayacaqdır.
Tədbirdə "Təxəllüsü Mixaylo" və "9-cu korpus" sənədli filmləri nümayiş olunmuşdur.
Sonda
tədbirin iştirakçıları muzeydəki ekspozisiya ilə
tanış olmuşlar.
Azərbaycan.-2013.- 28 dekabr.- S.11.