«YARAT» Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə rəssam və illüstrator İrina Eldarovanın «Qızlar neftçilərə üstünlük verirlər» mövzusunda sərgisi açılmışdır

 

"YAY!" Qalereyasında "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə rəssam və illüstrator İrina Eldarovanın "Qızlar neftçilərə üstünlük verirlər" mövzusunda sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, müəllif sərginin ziyarətçilərinə ötən əsrin 60-cı illərinin kinosuMerilin Monronun unudulmaz obrazından ilham  alaraq çəkdiyi rəsm və instalyasiyaları təqdim etmişdir.

Sərgi 2014-cü il fevralın 26-dək davam edəcəkdir.

"Qızların ən yaxın dostları brilyantlardır", - dünya kinematoqrafiyasının ən məşhur sarışın qadını füsunkar səsi ilə bu cür oxuyurdu...

Rəssam və illüstrator İrina Eldarovanın fikrincə, keçən onilliklərdən sonra bu şüar nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Xəyal etdikləri milyonçu ilə Sen-Trope çimərliklərində görüşməyi arzulayan zavallı, hər şeyə inanan, sadəlövh qızların zamanı artıq bitmişdir. Uğur axtarışında olan müasir qızlar öz şahzadələrini neftçilər arasında axtarıb tapırlar...

"İndi qadın zamanı gəlib çatmışdır və o, müstəqil şəkildə öz həyat seçimini edir", - rəssam belə deyir. Bugünkü gözəl öz qiymətini yaxşı bilir və xoşbəxtliyinə qovuşacağı səmtə doğru meyil edir. Brilyantlar isə, əlbəttə, xoşbəxtliyə bir əlavədir.

Rəssamın tablolarında möhtəşəm Merilin cəsur, günəş altında qaralmış, qabalaşmış üzü sanki ötən əsrin 60-cı illərinin qəzetlərinin səhifələrindən düşmüş qoçaq Azərbaycan neftçisi ilə yanaşı dayanmışdır. Rəssamlar, fotoqraflarkinematoqraf tərəfindən geniş yayımlanmış və onu əfsanəyə çevirmiş bir obraz. Qadın cazibədarlığının daimi rəmzi olan xanım Merilin Monro da elə belə bir əfsanə olmuşdur. Bəs, rəssamın istəyi və qərarı ilə iki əfsanə təkcə plakatkino afişalarının parlaq kağızında deyil, vahid bir şəkildə birləşsələr necə? Biz bu iki obrazı təklif olunan vəziyyətdə birgə qəbul edə bilərikmi? Budur, valehedici kino aktrisası lap Şərq gəlini kimi təvazökarlıqla baxışlarını aşağı endirərək qalın qaşlı neftçidən nişan üzüyünü qəbul edir... Elə həmin aktrisa bu dəfə baxışını səmaya zilləyərək Yuri Qaqarinin ilk uçuşunu izləyir... Digər rəsmdə o, artıq demək olar ki, insan kütləsinə qarışıb rəqs edənlər arasında tanınmamış qalmaq istəyir... lakin Merilin Monronun obrazı rəqs meydançasında fırlanan qızın qamətindən aydın sezilir.

Rəssamın bir az da təxəyyülü nəticəsində artıq çılpaq və yelləncəkdə yatmış Merilin şəhərin üzərindən uçub gedir! Ola bilsin ki, bu, yalnız isti yay toranında onun gördüyü bir yuxudur, yaxud da onun özü kiminsə yuxusuna çevrilmişdir.

Bu qəribə və maraqlı simbiozu müəllifin hər süjetə əlavə etməyə unutmadığı dələduz yumor çaları çox bəzəmiş olur. Bütün sənət işləri öz canına sanki dənizin, günəşin dadını, kino sehriniaz qala caz motivlərini hopdurmuşdur.

Rəssam  İrina Eldarova Repin adına Sankt-Peterburq Dövlət Akademiyasının (1975-1979-cu illər) və Boris Deksterevin kursunda təhsil aldığı Moskvadakı V.İ.Surikov adına Dövlət İnstitutunun (1980-1982) məzunudur.

İrina Eldarovanın bədii yaradıcılığı özündə yalnız rəsm və qrafikanı deyil, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanda  irimiqyaslı nəşriyyat layihələrinin işlənib hazırlanmasını birləşdirir.

Rəssam 2007-ci ildə Qazaxıstan Jurnalistlər Birliyi tərəfindən təsis edilən "Ən yaxşı media layihəsi" mükafatına layiq görülmüşdür.

İrina Eldarova Bakı metrosunun "Xalqlar dostluğu" stansiyasında quraşdırılmış monumental mərmər pannonun müəllifidir.

Rəssamın peşəkar maraqlarının dairəsi fotoşəkil, video art və jurnalistikanı əhatə edir. Hazırda İrina Eldarova Bakıda Qərb Universitetində fotodizayn üzrə tədris aparır.

İrina Eldarova Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində  Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Home - Sweet Home" ("Ev - Doğma Ev") sərgisində iştirak etmişdir. Onun əsərləri həmçinin London, Paris, Roma və digər şəhərlərdə keçirilmiş "Bakıya uçuş" sərgisində də nümayiş etdirilmişdir.

Rəssam 2012-ci ildə Böyük Britaniyada böyük uğur qazanan və incəsənət tənqidçilərinin ən müsbət rəylərini qazanan "A Proud Violin" ("Məğrur skripka") uşaq kitabına çəkilmiş  illüstrasiyaların müəllifidir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 28 dekabr.- S.12.