Dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali
Məclisinin səkkizinci sessiyası
keçirilmişdir
Dekabrın 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir.
Ali Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə sessiyanın gündəliyi təsdiq olunmuşdur.
Gündəliyə 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi məsələlərinin müzakirəsi daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
Deputatları və sessiya iştirakçılarını salamlayan Ali Məclisin Sədri Vasif TALIBOV demişdir:
- Bu gün biz muxtar respublikada daha bir quruculuq dövrünə - 2013-cü ilə yekun vururuq. Yola saldığımız 2013-cü il Ali Məclisin 2012-ci il 22 dekabr tarixli sessiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan olunmuşdur. Bu mənada 2013-cü il ciddi məsuliyyət və tələbkarlıq mərhələsinə çevrilmiş, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar geniş Tədbirlər Planı təsdiq olunaraq icra edilmiş, sosial-iqtisadi fəaliyyət sahəsində nailiyyətlər daha da artırılmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də biz bu nailiyyətlərə ulu öndərimizin quruculuq yolunun davam etdirilməsi nəticəsində nail olmuşuq. "Heydər Əliyev ili"nin uğurları bir daha göstərdi ki, xalqı əmin-amanlığa qovuşdurmağa, sabit inkişafı təmin etməyə qadir olan yeganə yol - əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan quruculuq və inkişaf yoludur. Xalq bu yola sadiqdir və onun davamını ölkəmizin inkişafının yeganə aparıcı qüvvəsi kimi qəbul edir.
Azərbaycan xalqının bu inamı öz təsdiqini bir daha 2013-cü ildə keçirilmiş prezident seçkilərində tapmışdır. Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilən 9 oktyabr prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı ulu öndərimizin müəyyənləşdirdiyi yolun davam etdirilməsində qərarlıdır. Ümummilli liderimizin siyasi kursuna ardıcıl sədaqət nümayiş etdirən görkəmli dövlət xadimi İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər daim inkişaf edən və yeniləşən Heydər Əliyev quruculuq xəttinə, dahi rəhbərimizin şanlı yubileyinə xalqımızın layiqli töhfələridir.
Böyük öndərimizin yubileyinə Naxçıvan Muxtar Respublikası da öz töhfəsini vermiş, 2013-cü ildə bütün sahələrdə inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da artmışdır. Belə ki, 2 milyard 337 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstərici ilə müqayisədə 10 faiz çoxdur. Onun hər bir nəfərə düşən həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Ümumi daxili məhsulda maddi istehsal sektorunun 65 faizlik paya malik olması iqtisadi inkişafda dayanıqlığın təmin edilməsinin konkret göstəricisidir.
İqtisadi və sosial sahədə qazanılmış uğurlar, heç şübhəsiz ki, müxtəlif sahələr üzrə, o cümlədən regional inkişafla əlaqədar qəbul olunmuş dövlət proqramlarının vaxtında və tam həcmdə icrası ilə bağlıdır. Muxtar respublikanın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan ikinci dövlət proqramının uğurla başa çatdırılması sahibkarlıq fəaliyyətinin inkişafına, əlverişli investisiya mühitinin formalaşdırılmasına, yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikanın ümumi daxili məhsulunda özəl bölmənin xüsusi çəkisi artmış və 87 faiz təşkil etmişdir.
Bu gün muxtar respublikanın iqtisadi inkişafının başlıca xüsusiyyəti hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verən layihələrin həyata keçirilməsindən ibarətdir. Belə layihələrin davamı kimi istehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq 2013-cü ildə müxtəlif təyinatlı 122 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.
Səmərəli kredit mexanizminin formalaşdırılması yeni istehsal və xidmət sahələrinin yaradılmasını şərtləndirən əsas amillərdəndir. 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata yaxın kreditləşmənin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 5 milyon 960 min manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 345 min manatı isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
Yaradılan əlverişli şəraitin muxtar respublikada sahibkarlığa marağı artırdığını bildirən Ali Məclisin Sədri demişdir: Sahibkarların sayının artması öz növbəsində muxtar respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, müxtəlif məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərir. Artıq bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar vardır. 2013-cü ildə 106-sı ərzaq və 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir. Yeni istehsal sahələrinin yaradılması daxili tələbat məhsulları istehsalı ilə yanaşı, məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərmiş, 2013-cü ildə 2127 yeni iş yeri açılmışdır. Onun 92 faizi və ya 960-ı daimi iş yerləridir.
Son illərdə sənayeləşmənin muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrildiyini vurğulayan Vasif Talıbov bildirmişdir: Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması ümumi daxili məhsul istehsalında bu sektorun həcminin ildən-ilə artmasını təmin etmişdir. Belə ki, 2013-cü ildə sənaye 29 faizlik payla ümumi daxili məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi bir il öncə ilə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin işə salınması daxili tələbatı yüksək keyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ilin ötən dövründə 241 milyon manatlıq sənaye məhsulu ixrac olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada sənayenin üstün inkişafına baxmayaraq, kənd təsərrüfatı həmişə öz aparıcı mövqeyini qorumuşdur. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" keyfiyyətli və təhlükəsiz ərzaq istehsalında mühüm rola malikdir. Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatının inkişafı sahəsində yeni imkanlar yaranmışdır. Əmək potensialının əsasən kənd yaşayış məntəqələrində cəmləşməsi, əlverişli iqlim və torpaq şəraiti, tarixən formalaşmış məşğulluq ənənələrinin mövcudluğu muxtar respublikada əkinçiliyin üstün inkişafını təmin etmiş, əkin sahələrinin həcmi artırılmış, 2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır.
Məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə təchizatı da əkinçiliyin inkişafına öz təsirini göstərmişdir. 2013-cü ildə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda bu təşkilat tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatmışdır. Gətirilmiş texnikalardan 253-ü 2013-cü ildə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bununla yanaşı, torpağın məhsuldarlığını artırmaq məqsədilə əkinçiliklə məşğul olan fermerlərə 4 min 124 ton mineral gübrə də verilmişdir.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi, taxılçılığın, kartofçuluğun, heyvandarlığın, arıçılığın inkişaf etdirilməsi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri bildirmişdir ki, 2013-cü ildə 4 nasos stansiyası, 3 subartezian quyusu və 11 kəhriz istifadəyə verilmişdir. Hesabat ilində 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda təşkil etmişdir. Əvvəlki dövrə nisbətən taxıl əkini sahələri 359 hektar artırılmışdır. Taxıl zəmilərindən 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1112 ton çoxdur. Taxıl istehsalının artımı ilə yanaşı, taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da Naxçıvan Muxtar Respublikasında taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır. Kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış, 2957 hektar sahədə kartof əkilmişdir. Əkin sahələrindən 41 min tondan çox məhsul götürülmüşdür.
Ötən il muxtar respublikada 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf etdirmək məqsədilə 2013-cü ildə 337 baş, ümumilikdə isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq cari ildə 13 yeni quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılmışdır. Bundan əlavə muxtar respublikasında quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır.
Arıçılığın inkişafına da diqqət artırılmışdır. Bu sahəyə maliyyə dəstəyi gücləndirilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. 2013-cü ilin əvvəlinə arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdursa, il ərzində onların sayı artırılaraq 69 minə çatdırılmışdır. Bu artım bal istehsalının həcminə də öz təsirini göstərmiş, əvvəlki illə müqayisədə 2013-cü ildə 11 faiz artıq, yəni 1300 tondan çox bal istehsal edilmişdir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublika həmişə özünün ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınıb. "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası bu sahəyə olan marağı daha da artırmışdır. 2013-cü ildə tərəvəz məhsullarının istehsalı məqsədilə 359 min manat, bağçılıq təsərrüfatlarının inkişafı üçün isə 538 min manat kredit verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, məhsuldarlıq artmış, 67 min tona yaxın tərəvəz, 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm istehsal olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdıran amillərdən biri də bu məhsulların keyfiyyətlə saxlanmasına və ilboyu satışına imkan verən soyuducu anbarların yaradılmasıdır. Cari ildə tutumu 250 ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, onların sayı 17-yə, ümumi tutumu isə 12 min tona çatdırılmışdır.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadənin təmin olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğulayan Ali Məclisin Sədri demişdir: Bununla bağlı hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. 2013-cü ildə 531 hektar sahədə meşəsalma və meşə-bərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir.
Ali Məclisin Sədri bildirmişdir: Sosial-iqtisadi inkişaf üzrə əldə olunmuş nailiyyətlərin daha da artırılmasında səmərəli investisiya siyasəti mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada aparılan dövlət investisiya siyasətinin başlıca məqsədi kapital qoyuluşlarının sosial və iqtisadi cəhətdən zəruri olan layihələrə yönəldilməsini təmin etməkdən ibarətdir. 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat təşkil etmişdir.
2013-cü ildə muxtar respublikada 592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Cari ildə əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Funksional təyinatına görə digər tikililərdən fərqlənən kənd mərkəzlərinin inşasına diqqət artırılmışdır. İdarəçiliyin mərkəzləşdirilmiş qaydada təşkilinə və sakinlərin zəruri xidmətlərlə çevik təminatına imkan verən bu mərkəzlər yaxın perspektivdə muxtar respublikanın bütün qəsəbə və kəndlərini əhatə edəcəkdir. 2013-cü ildə 20 kənd mərkəzi tikilmiş və yenidən qurulmuş, ümumilikdə muxtar respublikadakı kənd mərkəzlərinin sayı 104-ə çatdırılmışdır. Hesabat ilində 21 xidmət mərkəzi tikilmiş və ya yenidən qurulmuşdur. Bütövlükdə, kənd və qəsəbələrdə 76 xidmət mərkəzi istifadəyə verilmişdir.
Əhalinin şəxsi vəsaiti hesabına aparılan inşaat işlərinin də həcmi artmışdır. Cari ildə əhali tərəfindən tikilən mənzillərin sahəsi 358 min kvadratmetrdən artıq olmuşdur ki, bu da bir il əvvəlki nəticə ilə müqayisədə 8 min 248 kvadratmetr çoxdur.
Mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sahədə infrastrukturun yeniləşdirilməsi, məişət tullantılarının vaxtında daşınması işinin operativ təşkili məqsədilə cari ildə də muxtar respublikaya yeni texnika və avadanlıqlar alınıb gətirilmişdir. Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması tədbirlərinin tərkib hissəsi kimi içməli su xətlərinin və kanalizasiya şəbəkələrinin tikintisi Naxçıvan şəhəri, rayon mərkəzləri və ətraf kəndlər üzrə davam etdirilmiş, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir.
Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun inkişafına xüsusi əhəmiyyət verildiyini bildirən Ali Məclisin Sədri demişdir: Nəqliyyat kompleksi yenilənərək beynəlxalq standartlara uyğun təşkil edilir, yeni yollar salınır. Bu gün magistral yolların böyük əksəriyyətinin yenidən qurulduğu muxtar respublikada kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması diqqətdən kənarda qalmır, bu məqsədlə xüsusi maliyyə vəsaitlərinin ayrılması təmin edilir. Azərbaycan Prezidenti 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 26 kilometrlik Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6 milyon 300 min manat vəsait ayırmışdı. Prezidentin Sərəncamı icra olunmuş, tikinti işləri başa çatdırılmışdır. Ümumilikdə isə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yollar salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilmiş, 12 körpü isə əsaslı təmir olunmuşdur.
Ali Məclisin Sədri bildirmişdir: Müasir dünyada ölkələrin rəqabətə davamlığı ilk növbədə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə ölçülür. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına göstərilən diqqətin daha bir təzahürüdür. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı muxtar respublikada da Tədbirlər Planı təsdiq olunmuş və müvafiq işlər görülmüşdür. Telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 57 faizinə xidmət göstərir. Avtomat telefon stansiyalarının 94 faizi fiber-optik bağlantılarla təmin edilmişdir. İnformasiya cəmiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malik olan "Elektron hökumət"in qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, "Elektron hökumət" portalı yaradılmışdır. Muxtar respublikada keyfiyyətli televiziya və radio yayımının təşkili məqsədilə tədbirlər görülmüşdür. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 75 faizində rəqəmli yayım təşkil edilmişdir.
Poçt xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasını, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə yerlərdə poçt-maliyyə xidmətlərinin də göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədi ilə "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Muxtar respublikanın enerji təhlükəsizliyinin həyati əhəmiyyətli məsələ olduğunu vurğulayan Vasif Talıbov demişdir: Bu sahədə görülən intensiv işlər 2013-cü ildə də davam etdirilmiş, Şərur rayonunda 20,5 meqavat gücündə "Arpaçay" Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə "Ordubad", Şərur rayonunda isə 1,4 meqavat gücündə "Arpaçay-2" su elektrik stansiyalarının tikintisi davam etdirilir. Muxtar respublikada həyata keçirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə daxili tələbat tamamilə su elektrik stansiyaları hesabına ödəniləcəkdir ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.
Enerji təhlükəsizliyini təmin edən mühüm amillərdən biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. İstehlakçıların təbii qazla fasiləsiz təchiz olunması ilə yanaşı, mövcud infrastrukturun yenilənməsi də diqqət mərkəzində saxlanılmış, istismar müddəti ötmüş qaz xətlərinin yenilənməsi təmin olunmuşdur. 2013-cü ildə 81,6 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Enerji daşıyıcıları sahəsində davam etdirilən yeniləşmə payız-qış mövsümünə hazırlıqla bağlı problemlərin də aradan qaldırılmasına imkan vermişdir. Hər il olduğu kimi, 2013-cü ildə də qış mövsümünə hazırlıqla əlaqədar Ali Məclisdə müşavirə keçirilərək müvafiq orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Artıq Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları da qış aylarında fasiləsiz istiliklə təmin olunur. Bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə cari ildə 12 qazanxana tikilərək istifadəyə verilmişdir. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunması qış mövsümündə bu təşkilatların normal fəaliyyətinə şərait yaratmışdır.
Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhalinin rifahının davamlı yüksəlişinə səbəb olmuş, 2013-cü ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatmışdır. 2013-cü ildə ölkə rəhbərinin sərəncamlarına əsasən minimum əməkhaqqının və pensiyaların baza hissəsinin, eləcə də müxtəlif peşə sahiblərinin əməkhaqlarının orta hesabla 10 faiz artırılması da əməkhaqqının artımına müsbət təsir göstərmişdir.
Əməkhaqqı artımı, eləcə də yeni istehsal və xidmət sahələrinin yaradılması əhalinin gəlirlərinin artması ilə nəticələnmişdir. 2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri keçən ilə nisbətən 7 faiz artmış və 1 milyard 737 milyon manatdan çox olmuşdur.
Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da özünü daha qabarıq şəkildə göstərir. 2013-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin göstəricilərindən 13 faiz çoxdur.
İqtisadi sahədə əldə olunan artım öz növbəsində muxtar respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də artmasına səbəb olmuşdur. 2013-cü ilin ötən dövründə muxtar respublika büdcəsinin gəlirləri 59 milyon 464 min manat olmuşdur. Pensiya və müavinətlərin ödənilməsinə yönəldilmiş vəsaitin 51 faizi, yaxud 52 milyon 635 min manatı məcburi dövlət sosial sığorta haqqı şəklində toplanmışdır.
Dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında və vergidən yayınma hallarının qarşısının alınmasında əməliyyatların nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm şərtdir. Bu məqsədlə cari ilin ötən dövründə ticarət və satış obyektlərində 131 POS-terminal quraşdırılmış və ümumilikdə fəaliyyət göstərən POS-terminalların sayı 227-yə çatdırılmışdır.
2013-cü ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 58-i hüquqi, 7 min 702-si isə fiziki şəxs olmaqla 7 min 760 bank hesabı açılmışdır. Açılmış bank hesablarından 7 min 706-sı və ya 99 faizi aktiv hesablardır. Cari ilin ötən dövründə banklar tərəfindən dövriyyəyə 716 milyon 600 min manata yaxın pul kütləsi buraxılmışdır.
Muxtar respublika iqtisadiyyatının dinamik inkişafının xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratdığını bildirən Ali Məclisin Sədri demişdir: 2013-cü ildə xarici ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 11 faiz artaraq 501 milyon 493 min ABŞ dolları təşkil etmişdir ki, bunun da 389 milyon 915 min ABŞ dolları ixracın, 111 milyon 578 min ABŞ dolları isə idxalın payına düşmüşdür. İxracın idxalı üstələməsi nəticəsində xarici ticarət dövriyyəsində 278 milyon 337 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
2013-cü il təkcə makroiqtisadi göstəricilərlə deyil, eyni zamanda, elm, təhsil, səhiyyə və digər sahələrdə uğurlu nəticələrin qazanılması, əvvəlki illərdən başlanmış mütərəqqi islahatların daha geniş vüsət alması ilə də yaddaqalan olmuşdur. 2013-cü ildə elm və təhsilin, intellektual əməyin inkişafı sahəsində bir sıra tədbirlər görülmüş, elmi-tədqiqat müəssisələrinin və təhsil ocaqlarının fəaliyyəti üçün ən müasir şəraitin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılaraq fəaliyyətə başlamışdır.
2013-cü ildə elmi kadrların sayı artmış, 4 nəfər elmlər doktoru, 10 nəfər isə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 6 beynəlxalq, 65 respublika və ali məktəb əhəmiyyətli konfrans və simpoziumlar keçirilmişdir. Alim və tədqiqatçıların 72 kitab və monoqrafiyası, 23 metodiki vəsaiti, 1500-dən çox elmi məqalə çap olunmuşdur. Ali Məclis Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq "Naxçıvan tarixi" çoxcildliyinin fundamental elmi əhəmiyyət kəsb edən birinci cildi hazırlanaraq çap edilmişdir.
Təhsilin inkişafı sahəsində görülən işlərdən danışan Ali Məclisin Sədri Vasif Talıbov diqqətə çatdırmışdır ki, hesabat ilində muxtar respublikada 2013-cü ildə 9 min 164 şagird yerlik 25 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Hazırda muxtar respublikanın ümumtəhsil müəssisələri hər 13 şagirdə bir kompyuter olmaqla 3409 dəst kompyuterlə təchiz olunmuşdur. Onlardan 2849-u və ya 84 faizi internetə qoşulmuşdur. Bundan başqa, tədrisin keyfiyyətini yüksəltmək məqsədilə orta məktəblərdə 548 elektron lövhə quraşdırılmışdır.
Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1677 nəfəri ali məktəblərin, 515 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Cari ildə 500-dən yuxarı bal toplayan tələbələrin sayı ötən ilə nisbətən artaraq 312 nəfər olmuşdur. Onlardan 6-sı Prezident təqaüdünə, təhsildə qazandığı yüksək nailiyyətlərə görə isə 3 məktəb ilin "Ən yaxşı ümumtəhsil məktəbi", 5 müəllim "Ən yaxşı müəllim" mükafatına layiq görülmüşdür. Muxtar respublikada məktəbəqədər təhsil müəssisələrinin inkişafına da xüsusi diqqət yetirilir. Yeni uşaq bağçaları tikilir, onlar lazımi avadanlıqlarla təmin edilir. 2013-cü ildə Ordubad şəhərində 242, Heydərabad qəsəbəsində isə 144 yerlik uşaq bağçaları istifadəyə verilmişdir. Naxçıvan şəhərində və Babək qəsəbəsində uşaq bağçalarının binalarının tikintisi davam etdirilir. Bununla yanaşı uşaq musiqi məktəbləri şəbəkəsinin genişləndirilməsi də diqqətdə saxlanmış, Naxçıvan şəhərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi tikilərək, 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün bina isə yenidən qurularaq istifadəyə verilmişdir.
Bildirilmişdir ki, əhalinin sağlamlığının qorunması da 2013-cü ildə diqqət mərkəzində saxlanılmışdır. Ötən il muxtar respublikanın kənd və qəsəbələrində 22 səhiyyə müəssisəsi tikilmiş və ya yenidən qurulmuşdur. Cari ildə əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilmiş, qayğıya ehtiyacı olan 30 nəfərə minik avtomobili verilmiş, iki ailə üçün fərdi ev tikilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi sahəsində görülən işlərdən danışan Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, 2013-cü ildə Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmış, Naxçıvan şəhərində Atıcılıq Mərkəzi, Babək rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni bina istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublika Stadionunda yenidənqurma işləri aparılmışdır. "Araz-Naxçıvan" Futbol Klubunun peşəkar futbola qayıdışı təmin olunmuşdur.
Mövcud idman potensialı muxtar respublikada beynəlxalq turnir və yarışların keçirilməsinə də əlverişli şərait yaratmışdır. Cari ildə "Naxçıvan Open-2013" Beynəlxalq Şahmat Festivalının və yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku" uğrunda Beynəlxalq Turnirin, futbol üzrə Azərbaycan kubokunun final yarışının, eləcə də digər idman yarışlarının keçirilməsi muxtar respublikada idmanın kütləviliyinin artırılması baxımından əhəmiyyətli olmuşdur.
"Heydər Əliyev ili"ndə tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və təmiri davamlı xarakter almışdır. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonu tikilərək, Naxçıvan şəhərində Saat meydanı və parkı yaradılaraq istifadəyə verilmişdir.
Tarixi abidələrin qorunması sahəsində görülən işləri vurğulayan Vasif Talıbov demişdir ki, Naxçıvan şəhərində "Buzxana" tarix-memarlıq abidəsi bərpa olunaraq istifadəyə verilmişdir. Diqqətə çatdırılmışdır ki, dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvanın tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Ali Məclis Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Cari ildə Ordubad rayonunun Nəsirvaz kəndində "Gəmiqaya" Tarix-Bədii Qoruğu və Muzey üçün bina tikilmiş, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yenidən qurulmuşdur. Hesabat ilində "Naxçıvan xalçaçıları" kitabı və "Azərbaycan xalçaları: Naxçıvan qrupu" jurnalı çap olunmuş, "Naxçıvan xalçaları" sənədli filmi çəkilmişdir. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır.
Bu gün muxtar respublikada dini dəyərlərin yaşadılması istiqamətində də ardıcıl tədbirlər görülür, dini abidələrin bərpasına və yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. 2013-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid tikilərək, Teyvaz kəndində isə məscid binası bərpa olunaraq dindarların ixtiyarına verilmişdir.
Naxçıvan torpağı Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına dahi şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin xalqımız qarşısında xidmətləri heç vaxt unudulmur, onların xatirəsi əziz tutulur. 2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Məmməd Arazın 80, İslam Səfərlinin 90 illik yubileyləri təntənəli şəkildə qeyd olunmuş, Məmməd Araz irsinin öyrənilməsi və təbliği məqsədi ilə şairin doğulub boya-başa çatdığı Nursu kəndində ev-muzeyinin yaradılması qərara alınmışdır.
Muxtar respublikada kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması sahəsində də başlanmış işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlərin davamı kimi Şahbuz rayonu ərazisində müasir standartlara uyğun Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilmişdir. Turizm sektorunda fəaliyyətin səmərəli təşkilinin nəticəsidir ki, 2013-cü ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xaricdən ümumilikdə 370 mindən çox turist gəlmişdir.
Naxçıvan
Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların
fəaliyyətinin səmərəli təşkili istiqamətində
həyata keçirilən tədbirlər 2013-cü ildə də
davam etdirilmişdir. Naxçıvan
Dövlət Televiziyası və Radiosunun texniki imkanları
daha da artırılmış, yeni efir və çəkiliş
avadanlıqları alınmış, virtual studiya
yaradılmışdır. "Şərq qapısı",
şəhər və rayon qəzetlərinin də maddi-texniki
bazaları yaxşılaşdırılmış, qəzet
redaksiyalarına kompyuter dəstləri, fotoaparatlar və səsyazma
avadanlıqları verilmişdir.
2013-cü ildə muxtar respublikada ordu quruculuğu daim diqqət mərkəzində saxlanılmış, ordunun döyüş qabiliyyəti daha da yüksəldilmiş, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmış, maddi-texniki baza möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülmüşdür. 2013-cü ildə Naxçıvan şəhərində Daxili Qoşunların Naxçıvan Alayının zabitləri üçün iki yaşayış binasının, Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının tikintisi, Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi üçün inzibati bina yenidən qurularaq istifadəyə verilmişdir.
Ölkəmizin müharibə vəziyyətində olması ordunun ixtisaslı zabitlərlə təmin olunmasına diqqətin artırılmasını zəruri edir. Vətənpərvərlik tərbiyəsinin artırılmasının nəticəsidir ki, bu gün gənclər arasında hərbi təhsilə olan maraq getdikcə artır. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş kursantlardan 177-si ali hərbi məktəblərə qəbul olmuşdur. Bu gün ümumtəhsil məktəblərimizin məzunları arasında da ali hərbi və xüsusi təyinatlı məktəblərdə təhsilə maraq güclüdür. Təkcə bu ilki orta məktəb məzunlarından 38 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdur.
Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının və təlim mərkəzinin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur və Babək rayon şöbələrinin inzibati binalarının və texnika parklarının tikintisi aparılmışdır.
Bu nailiyyətlərin qazanılmasında əməyi olanlara təşəkkürünü bildirən Ali Məclisin Sədri demişdir ki, qarşıda bizi daha mühüm vəzifələr gözləyir. Biz ümummilli liderimizin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, yaşatmağa və inkişaf etdirməyə borcluyuq. Bunu isə yalnız bütün sahələrdə ən yüksək nəticələrə nail olmaqla təmin etmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Növbəti illərdə biz bütün istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti üzrə ancaq və ancaq irəli gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın".
***
Sonra "Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi" barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi" təsdiq olunmuşdur.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
Ali Məclisin Sədri gündəlikdə duran növbəti məsələ ilə bağlı bildirmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən Müvəkkil 7 il müddətinə seçilir. Hazırkı Müvəkkil 2006-cı ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatmışdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunur.
Səsvermə keçirilmiş və Ülkər Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilmiş Ülkər Bayramova Ali Məclisin sessiyasında and içmişdir.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir ki, 2013-cü ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qarşıdakı dövrdə əldə olunan nailiyyətləri daha da artırmalı, səylə çalışmalıyıq.
2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaqdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada - "Muxtariyyət ili" elan olunur. Əminik ki, muxtar respublikanın yubiley ilində də iqtisadiyyatın dinamik inkişafı davam etdiriləcək, qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq, Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində fəaliyyət daha da güclənəcəkdir.
2013-cü
ildə - "Heydər Əliyev ili"ndə muxtar
respublikanın inkişafında, sabitliyin və sərhədlərin
qorunmasında əməyi olanların hamısına təşəkkürünü
bildirən Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki
ordu, birləşmə və hissələrinin şəxsi
heyətlərini, onların ailələrini, şəhid ailələrini
və müharibə veteranlarını, sessiya
iştirakçılarını, muxtar respublika əhalisini
qarşıdan gələn əlamətdar bayramlar - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibəti ilə təbrik etmişdir.
Bununla
da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
dördüncü çağırış səkkizinci
sessiyası öz işini başa
çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 29 dekabr.- S.5.