Azərbaycan-Özbəkistan elmi əlaqələrində yeni addımlar

 

Azərbaycan Milli Elmlər Akademiyasında dünya ölkələrinin akademik qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin yenidən qurulması və daha da inkişaf etdirilməsi istiqamətində geniş aparılır, bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir.

Bu, ölkə elminin üfüqlərinin daha da genişləndirilməsinə, dünya təcrübəsinin və yeniləşmələrin öyrənilməsinə, birgə layihələrin hazırlanıb icra olunmasına, inteqrasiya proseslərinin dərinləşməsinə, milli elmin nailiyyətlərinin təbliğinə münasib şərait yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin Polşa, Ukrayna, Belarus elmlər akademiyalarının, Türkiyənin TUBİTAK elmi-texniki təşkilatının rəhbərləri ilə keçirdiyi görüşlər, imzaladığı müqavilələr, akademiya nümayəndə heyətinin etdiyi səfərlər, aparılan müzakirələr akademiyalararası qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin formalaşdırılmasını şərtləndirir.

Bu cəhətdən Azərbaycan Milli Elmlər Akademiyası nümayəndə heyətinin Özbəkistan Elmlər Akademiyasına səfəri də əhəmiyyətli olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri akademik İbrahim Quliyevinakademik İsa Həbibbəylinin təmsil etdiyi nümayəndə heyəti Özbəkistan Elmlər Akademiyasının yaradılmasının 70 illik yubiley tədbirlərində iştirak etmiş, bir sıra elmi-tədqiqat qurumlarının rəhbərləri ilə işgüzar görüşlər keçirmiş, akademiyalararası əlaqələrin yenidən formalaşdırılması istiqamətində danışıqlar aparmışlar. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Özbəkistan Elmlər Akademiyasının rəhbərləri, rəyasət heyətinin üzvləri, ayrı-ayrı institutların direktorları ilə danışıqlar zamanı ölkənin tarixi ənənələrinə və milli maraqlarına uyğun şəkildə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan tərəfinin mövqeyini nəzərə çatdırmışdır. Özbəkistan Elmlər Akademiyasının rəsmi nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirmişlər.

 Özbəkistan Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda bu qurumun prezidenti, akademik Şövkət Salixov "Elmlər Akademiyası Özbəkistan Respublikasının müstəqillik illərində" mövzusunda məruzə ilə çıxış etmişdir. Özbəkistan Respublikası Baş nazirinin müavini A.İkramov ölkə rəhbərliyi adından Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik etmişdir. Yubiley tədbirlərində iştirak edən 21 ölkənin elmi qurumlarının nümayəndələri yubiley mərasiminin ayrı-ayrı mərhələlərində - təntənəli yığıncaqda, ikitərəfli görüşlərdə çıxış etmiş, ürək sözlərini çatdırmışlar.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli rəsmi təntənəli yığıncaqda çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının Özbəkistan Elmlər Akademiyasına, özbək alimlərinə yüksək və doğma münasibətini ifadə etmişdir. Çıxışda dünya elminə Əbu Nasir Fərabi, Əbu Reyhan Biruni, Əlişir Nəvai, Mirzə Uluqbəy və başqaları kimi dahi şəxsiyyətlər bəxş etmiş Özbəkistanla böyük dühaların vətəni olan Azərbaycan arasındakı çoxəsrlik əlaqənin tarixi ənənələrindən, XX əsrdəki mənzərəsindən, müstəqillik dövründəki vəzifələrindən geniş söz açılmışdır. Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin imzaladığı təbrik məktubunu, zəngin milli naxışlara malik xalçanı, "Azərbaycan xalçaları" kitabını Özbəkistan Elmlər Akademiyasının prezidenti Şövkət Salixova təqdim etmişdir. Özbəkistan Elmlər Akademiyasının rəhbərləri ilə görüşdə iki ölkənin akademiyalarının əlaqələrini yenidən qurmaq üçün yeni əməkdaşlıq müqaviləsinin hazırlanmasına dair razılaşma əldə olunmuşdur.

Azərbaycan nümayəndə heyəti yubiley tədbiri çərçivəsində bir sıra görüşlər keçirmişdir. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Özbəkistan Elmlər Akademiyasının GeologiyaGeofizika İnstitutunun direktoru, geologiya-mineralogiya elmləri doktoru Abdurazak Mirzayevlə keçirilən görüşdə bu elmi istiqamət üzrə qarşılıqlı əməkdaşlıq məsələlərindən bəhs olunmuşdur. Azərbaycanlı qonaqlar institutun mineralogiya muzeyi, daşlaşmış ağaclar qədim təbiət aləmi guşəsi, geokimyageotexnologiya laboratoriyası ilə tanış olmuşlar.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Özbəkistan Elmlər Akademiyasının İctimaiHumanitar Bölməsinin Dil-Ədəbiyyat, Şərqşünaslıq, Arxeologiya, İncəsənət institutlarının rəhbərləri və təmsilçiləri ilə aparılan danışıqlarda yeni tarixi mərhələdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsindən, mövcud imkanlardan bəhs etmişdir. Bundan başqa, Azərbaycan ədəbiyyatının böyük klassiki Nizami Gəncəviyə Daşkənd şəhərində ucaldılmış abidə ziyarət olunmuşdur. Azərbaycan nümayəndə heyəti həmçinin Səmərqənd şəhərindəki tarixi yerlər, memarlıq abidələri ilə də tanış olmuşlar.

Nümayəndə heyəti Daşkənddəki Azərbaycan səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuşdur. Beləliklə, yeni mərhələdə Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılmışdır.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 29 dekabr.- S.7.