Əli HƏSƏNOV: Azərbaycan dinamik
inkişaf edən, böyük nailiyyətlər
qazanmış, yüksək beynəlxalq nüfuza malik
demokratik ölkəyə çevrilir
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun 2013-cü
ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsi
- Əli müəllim, 2013-cü ilin yekunları cəmiyyətdə müzakirə olunmağa başlayıb. Başa çatmaqda olan bu ili necə qiymətləndirərdiniz?
- Azərbaycanın strateji prioritetlərinin reallaşdırılması, ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından 2013-cü ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır.
Başa çatmaqda olan bu ilin spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini növbəti dəfə ifadə etmişdir.
Bilirsiniz ki, bu il Azərbaycanda növbəti prezident seçkisi keçirildi. Demokratik mühitin mövcudluğu, yüksək vətəndaş və elektoral fəallıq, beynəlxalq və yerli ictimaiyyətin böyük marağı şəraitində keçən bu seçki bir daha təsdiq etdi ki, Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Hələ seçkidən xeyli əvvəl ekspertlər, politoloqlar Prezident İlham Əliyevin şəksiz lider olduğunu bəyan edir, bütün sosioloji sorğuların nəticələri dövlət başçısının növbəti dəfə parlaq qələbə qazanacağını təsdiqləyirdi. Məsələn, Avropa İttifaqının "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Bu, o deməkdir ki, əhalinin mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Bütün obyektiv rəy sorğuları xalqla İlham Əliyevin sıx birliyini əyani şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki, dünyanın 100-ə yaxın ölkəsini təmsil edən 1200-dən artıq müşahidəçi, nüfuzlu beynəlxalq qurumlar da daxil olmaqla 50-yə yaxın təşkilat seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirildiyini və İlham Əliyevin layiqli qələbə qazandığını bəyan etmişlər.
Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm bu günə kimi görülmüş işlərə yüksək qiymət vermiş, həm də Azərbaycanın gələcəyi, milli inkişaf istiqamətləri ilə bağlı cənab Prezidentin planlarına birmənalı dəstəyini ifadə etmişdir. Buna görə də prezident seçkisi onun məntiqi nəticəsi 2013-cü ildə xalqımız və milli dövlətçiliyimiz üçün mühüm hadisə hesab olunmalıdır.
- Əli müəllim, 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının ümumi yekunları barədə nə deyə bilərsiniz?
- Əminliklə demək olar ki, 2013-cü ildə qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuş, ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilmişdir. Bu il iqtisadi artım 6 faizə yaxın olmuş, iqtisadiyyatın qeyri-neft sektoru isə 10 faiz çoxalmışdır.
Bilirsiniz ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. İKT Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən, ən gəlirli və proqnozlara görə, ən perspektivli seqmentlərindən biridir. Bu ilin fevralında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması xalqımız üçün tarixi hadisə, mühüm nailiyyət, dövlətimizin böyük qələbəsi olmuşdur.
2013-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində müasir iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində görülən mühüm işlər davam etdirilmiş, rayonların abadlaşdırılması və digər məsələlər uğurla həll olunmuşdur. Yola saldığımız ilin 9 ayında regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 90 minə yaxın yeni iş yeri açılmışdır. Artıq Prezident İlham Əliyev növbəti illər üçün yeni dövlət proqramlarının həyata keçiriləcəyini bəyan etmiş və bildirmişdir ki, onların reallaşdırılması nəticəsində regionlarda və Bakıətrafı kənd və qəsəbələrdə həll olunmamış problem qalmayacaqdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Təbii ki, sürətli iqtisadi inkişaf həm də əhalinin sosial müdafiəsinin güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda əməkhaqları, təqaüdlər artırılmışdır. Bu, öz növbəsində özəl sektorda da çalışanların gəlirlərinin yüksəlməsini stimullaşdırmışdır. Nəticə etibarilə hər il əhalinin gəlirləri artaraq inflyasiyanın səviyyəsini dəfələrlə üstələmişdir. Məsələn, cari ildə inflyasiya cəmi 2,3 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,6 faiz çoxalmışdır.
Hər il 20 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunur. Dövlət heç bir yerdən yardım almadan, öz hesabına təbii fəlakətlərin ağır nəticələrini aradan qaldırır, ziyan çəkmiş ailələrə yeni mənzillər verir, dağılmış infrastrukturu bərpa edir.
Bir sözlə, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, yaradılan yeni iş yerləri, sənaye istehsalının artımı, iqtisadiyyatda yeni istiqamətlərin müəyyənləşdirilməsi və işlənməsi, xüsusilə innovasiyaların tətbiqi qarşıdan gələn dövrdə istər qeyri-neft sektorunun, istərsə də neft sənayesinin sürətli inkişafını təmin edəcəkdir.
- Demək
olarmı ki, artıq enerji amili arxa plana keçir?
- Xeyr,
enerji amili hələ uzun illər bundan sonra da öz
aktuallığını saxlayacaqdır. Qarşıda
duran strateji hədəf enerji amilindən istifadə etməklə
güclü qeyri-neft sektorunun yaradılmasına,
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılmasına və
tamamilə aradan qaldırılmasına nail olmaqdır. Hazırda həyata keçirilən tədbirlər
və əldə edilən real nəticələr göstərir
ki, Azərbaycan yaxın gələcəkdə bu məqsədə
də nail olacaqdır. Çünki son illər qəbul
olunmuş mühüm qərarlar, Azərbaycanın beynəlxalq
tərəfdaşları ilə imzaladığı sazişlər,
xüsusilə "Şahdəniz-2" layihəsinin
sanksiyalaşdırılması əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın
neft strategiyasına yeni nəfəs vermiş və iqtisadi sahədə
qarşımızda duran strateji hədəfə çatmaq
üçün imkanlarımızı daha da genişləndirmişdir.
"Şahdəniz-2" layihəsinin
sanksiyalaşdırılması, hasil olunacaq qazın nəqli
ilə bağlı müxtəlif layihələr təqdim
edilsə də, sonda Azərbaycanın mövqeyi həlledici
olmuşdur. Bu məsələdə Prezident İlham Əliyev
prinsipial mövqe nümayiş etdirmiş, Azərbaycan
qazının Avropaya nəqli məsələsində
başlıca şərt kimi Azərbaycanın milli
maraqları əsas götürülmüşdür.
Beləliklə, 2011-ci ildə Azərbaycan ilə Avropa
İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair
sazişin imzalanması, 2013-cü ildə isə TAP layihəsinin
əsas ixrac marşrutu kimi seçilməsi, bu il dekabrın
17-də "Şahdəniz-2" layihəsinə dair yekun
investisiya qərarının qəbul edilməsinə şərait
yaratmışdır.
Tam əminliklə demək olar ki, "Şahdəniz-2"
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə
XXI əsrin layihəsi kimi düşəcəkdir. Göründüyü
kimi, Azərbaycanın enerji siyasəti nəinki ölkəmiz
və regionumuz, həm də dünya üçün əhəmiyyətli
məsələdir.
- Başa
çatmaqda olan bu ildə Azərbaycanın xarici siyasət
uğurlarını necə xarakterizə edərdiniz?
- Azərbaycanın
hərtərəfli inkişafı, iqtisadi potensialının
yüksəlməsi həm də ölkəmizin həyata
keçirdiyi müstəqil xarici siyasətin uğurlarını
şərtləndirən başlıca amillərdən biri
olmuşdur.
2013-cü ildə Azərbaycan həm üzv olduğu
beynəlxalq təşkilatlar çərçivəsində
öz fəallığı ilə seçilmiş, həm də
çoxtərəfli və ikitərəfli əməkdaşlıq
əlaqələrini gücləndirmişdir.
Bu ilin
oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi
müddəti ərzində Azərbaycan dünyanın
müxtəlif regionlarında cərəyan edən proseslər,
o cümlədən sülh və beynəlxalq təhlükəsizlik,
terrorizmə qarşı mübarizə və münaqişələrin
həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri
qurumun müzakirəsinə çıxarmışdır. BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın
təşəbbüsü ilə "Birləşmiş Millətlər
Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı
arasında tərəfdaşlıq əlaqələrinin
gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli
iclası keçirilmişdir.
Ümumiyyətlə,
Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik
fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, qlobal təhlükəsizliyə,
sabitliyə, dünyada sülhün, əmin-amanlığın
bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqun inkişafına töhfə vermək
iqtidarındadır və bu işdə əlindən gələni
edir. Bu müddət ərzində Azərbaycan
BMT-nin üzv dövlətləri, qurumun rəhbər
orqanları, digər beynəlxalq təsisatlarla sıx
işbirliyi və əməkdaşlıq münasibətlərini
inkişaf etdirmişdir. BMT Təhlükəsizlik
Şurası həm də Azərbaycan üçün öz
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq
hüquq çərçivəsində həllini diqqətdə
saxlamaq üçün bir vasitə olmuşdur.
2013-cü
il həm də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən
dəstəklənməsi üçün mühüm il
olmuşdur. Qeyd edim ki, BMT, Avropa Parlamenti, ATƏT, Avropa
Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların
qərar və qətnamələrində Azərbaycanın ərazi
bütövlüyü dəstəklənmiş, Ermənistan
hakimiyyətindən işğal altında olan Azərbaycan
torpaqlarını boşaltmaq tələb olunmuşdur.
Artıq 9 ölkə - Pakistan, Meksika, Kolumbiya, Çexiya,
Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Peru və
Panamanın parlamentləri Xocalı soyqırımını
tanımışlar. ABŞ-ın 13
ştatının qanunverici orqanı Xocalı qətliamını
müasir dövrün ən dəhşətli faciələrindən
biri, soyqırımı kimi tanıyan sənədlər qəbul
etmişlər.
- Sizcə,
2013-cü il Azərbaycanın ictimai-siyasi
həyatında hansı əlamətdar izlər buraxdı?
-
Dünyanın müxtəlif bölgələrində baş
verən xoşagəlməz hadisələr fonunda Azərbaycanda
müşahidə olunan dinamik inkişaf, sabitlik, cəmiyyət
həyatının ahəngdar ritmi mühüm nailiyyətimizdir.
Azərbaycanın
düşünülmüş, praqmatik müstəqil daxili və
xarici siyasəti dövlətimizi və xalqımızı
qlobal aləmdə baş verən problemlərdən
sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha
da gücləndirir. Demokratik dəyərlərin
möhkəmləndirilməsi, insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsi,
baş verən mənfi halların aradan qaldırılması
üçün ardıcıl tədbirlər həyata
keçirilir.
Bu ilin
fevralında "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli
nitqi, tənqid və iradlarından sonra dövlət
başçısının qarşıya qoyduğu vəzifələrin
icrası ilə bağlı bütün dövlət
orqanlarında müvafiq tədbirlərin həyata
keçirilməsinə başlanmışdır. Rəhbər vəzifəli şəxslər
bölgələrə səfərlər edərək vətəndaşları
qəbul etmiş, insanların arzu və istəklərinin nəzərə
alınması, problemlərin həlli sahəsində
görülən işlər daha da gücləndirilmiş,
dövlət orqanlarının, vəzifəli şəxslərin
vətəndaşlarla təmasları intensivləşmişdir.
İstər qanunvericilik, istərsə də praktiki sahədə
korrupsiyaya, rüşvətxorluğa, digər mənfi hallara
qarşı mübarizə daha da sərtləşdirilmiş,
sistem xarakterli institusional islahatlar genişləndirilmişdir. "Elektron
hökumət"in inkişaf etdirilməsi bu ilin əvvəlində
fəaliyyətə başlamış "ASAN xidmət"
nümunəsi sistem xarakterli dəyişikliklərin tərkib
hissəsidir.
2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti
möhkəmlənmiş, siyasi partiyaların, qeyri-hökumət
təşkilatların, kütləvi informasiya vasitələrinin
sərbəst fəaliyyətinə dövlət dəstəyi
gücləndirilmişdir. Son bir neçə ildə
yaradılmış Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası, Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu, Gənclər Fondu və digər təsisatlar
qarşılarına qoyulan vəzifələri uğurla icra
etmiş, səmərəli fəaliyyətləri ilə cəmiyyətdə
nüfuzlarını artırmışlar. Təkcə
cari ildə bu təsisatlara dövlət tərəfindən
ümumilikdə 30 milyon manata yaxın vəsait
ayırmışdır və bu da təbii ki, həmin sahələrin
inkişafına mühüm dəstəkdir.
2013-cü
ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının icrası davam etdirilmiş, Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən
gənclər təşkilatlarının layihələrinə
dövlət dəstəyi göstərilmiş, Bakıda və
bölgələrdə gənclər mərkəzləri, evləri
inşa edilmiş və digər çoxsaylı tədbirlər
həyata keçirilmişdir.
Azərbaycan dövləti həmişə gənc nəslin
inkişafı, gənclərin problemlərinin həlli, arzu və
istəklərinin nəzərə alınmasına diqqət və
qayğı ilə yanaşmışdır. Prezident İlham
Əliyev çıxışlarında gənclər
mövzusuna toxunur, onlarla görüşür, təhsil, asudə
vaxtlarının təşkili, ictimai fəaliyyət, dövlət
idarəçiliyində iştirak və digər məsələlərlə
maraqlanır, onlara öz tövsiyələrini verir. Gənclər dövlət quruculuğu prosesinə
yaxından cəlb edilir, onların rasional təşəbbüslərinə,
mənəvi inkişafına hərtərəfli dəstək
verilir, sosial müdafiəsi gücləndirilir, gənclər
təşkilatlarının inkişafına böyük diqqət
və qayğı göstərilir.
- Bir
neçə ildir ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Bakı şəhəri
dünya səviyyəli mərkəzlərdən biri kimi qəbul
olunur. 2013-cü ildə Azərbaycanda
keçirilmiş tədbirlərin əhəmiyyətini necə
xarakterizə etmək olar?
- Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət
quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə
etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər,
əlbəttə ki, onun dünya birliyi üçün əhəmiyyətini
artırmış, beynəlxalq aləmdə nüfuzunu
yüksəltmişdir. Azərbaycan müstəqil
siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni
irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə
etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb
etməyi bacarmışdır. Ölkəmizin
potensialı və bu illər ərzində
qazandığı təcrübə ona istənilən tədbiri
layiqli şəkildə təşkil etməyə imkan verir.
2013-cü
il Azərbaycanda çoxsaylı regional və
beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi
ilə yadda qalmışdır. Birinci Cənubi Qafqaz Forumunun,
II Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun, ABŞ-Azərbaycan Forumunun, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III Zirvə
toplantısının, Davos İqtisadi Forumunun, III Beynəlxalq
Humanitar Forumunun, çoxsaylı idman
yarışlarının və digər mühüm tədbirlərin
keçirilməsi ölkəmizin dünya miqyaslı iqtisadi,
siyasi və humanitar dialoq mərkəzinə çevrildiyini əyani
şəkildə göstərdi. Digər tərəfdən,
bu tədbirlər regionda mühüm məsələlərin
müzakirəsinə və həllinə, türkdilli xalqlar
arasında dostluq və qardaşlıq əlaqələrinin
möhkəmlənməsinə, dünya səviyyəsində
mədəniyyətlərarası dialoqun, humanitar əməkdaşlığın
güclənməsinə, qlobal iqtisadi məsələlərin
nəzərdən keçirilməsi və onların ətrafında
səmərəli fikir mübadiləsinin təşkilinə
öz mühüm töhfəsini vermişdir.
- Sonda bir
daha builki prezident seçkisi mövzusuna qayıdaq. Prezident İlham Əliyevin parlaq qələbəsini
şərtləndirən əsas amillər nə ilə
bağlıdır?
- Burada
üç amil əsas rol oynamışdır. Birincisi,
ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş müstəqil siyasi kursun uğurla davam etdirilməsidir.
Bilirsiniz ki, bu il həm də Azərbaycan
xalqı Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin
formalaşması, gələcək inkişafının təməlinin
yaradılması, ölkəmizin beynəlxalq aləmə
uğurlu inteqrasiyası illəri olmuşdur. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında tarixi və misilsiz xidmətidir.
Onun siyasi rəhbərlik nümunəsi nəinki
həmin dövrün insanları, hətta gələcək nəsillər
üçün də örnəyə çevrilmişdir.
Ulu öndərin
formalaşdırdığı milli dövlətçilik
siyasəti bundan sonra da Azərbaycan üçün yeganə
inkişaf yolu olacaqdır.
İkinci amil son 10 ildə Azərbaycanın inkişaf
strategiyasının düşünülmüş, elmi əsaslara
malik dövlət proqramları əsasında həyata
keçirilməsidir. 2004-cü ildən ötən dövr ərzində
Azərbaycanın sosial-iqtisadi, regional, ayrı-ayrı sahələrin
inkişafını nəzərdə tutan çoxsaylı
dövlət proqramları qəbul edilmiş və uğurla həyata
keçirilmişdir. Bunun nəticəsində son 10 ildə
Azərbaycan iqtisadiyyatı 3,4 dəfə
artmış, yoxsulluğun səviyyəsi 5,5 faizə
düşmüşdür. İşsizliyin səviyyəsi 4,8 faizə enmiş və bu göstəriciyə
görə, Azərbaycan dünyanın bir sıra inkişaf
etmiş ölkələrini də geridə qoymuşdur. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur
yaradılmış, ölkənin enerji təhlükəsizliyi
tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin
olunmuşdur. Azərbaycanın dövlət
büdcəsi 17 dəfəyə yaxın artaraq 25 milyard
dollara çatmışdır. 2003-cü
ildə 800 milyon dollar təşkil edən strateji valyuta
ehtiyatları 50 milyard dollara yüksəlmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər
ardıcıl şəkildə artırılmış və
bu göstəriciyə görə, Azərbaycan MDB məkanında
öncül yerləri tutmuşdur. Minlərlə istehsal
obyekti, nəhəng zavod və fabriklər, texnoparklar
tikilmiş, 1,2 milyon yeni iş yeri
yaradılmışdır. 2500 məktəb,
yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət,
idman obyektləri tikilmişdir. Nəhəng
infrastruktur layihələrinin reallaşdırılması nəticəsində
Azərbaycan regionun həm də nəqliyyat-logistika mərkəzinə
çevrilmişdir. Həyata
keçirilmiş regional inkişaf proqramları paytaxtla
bölgələr arasında kəskin fərqin aradan
qaldırılmasına ciddi təsir göstərmişdir.
Regionlar da paytaxt kimi dinamik inkişaf etmiş,
müasirləşmişdir.
Əldə olunmuş mühüm nailiyyətlər sayəsində
Azərbaycan dünyanın aparıcı maliyyə və
iqtisadi institutlarının hesabatlarında öncül
sırada yer almağa başlamışdır. Dünya
İqtisadi Forumunun 2013-cü ildə
açıqladığı hesabata əsasən, Azərbaycan
iqtisadiyyatın rəqabətədavamlılığına
görə dünyada 39-cu ölkədir və Avropa
İttifaqının 28 üzv ölkəsindən 16-nı
qabaqlayır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə
ümumxalq dəstəyi dövlət
başçısının parlaq qələbəsini şərtləndirən
üçüncü əsas amil olmuşdur. Cənab
İlham Əliyevin bu günədək irəli
sürdüyü təşəbbüslər, təsdiq etdiyi
proqramlar, verdiyi qərarlar xalqın istək və
arzularını əks etdirmiş, həyata keçirilməsi
nəticəsində əldə olunmuş böyük
uğurlar isə vətəndaşların liderinə
inamını daha da artırmışdır. Bu inam və dəstək 2013-cü ilin oktyabrında
Azərbaycan Prezidentinin qarşıdan gələn dövrdə
cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini
sürətləndirmək, inkişafın keyfiyyətcə
yeni modelini formalaşdırmaq, Azərbaycanı
dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə
yüksəltmək planlarına ümumxalq dəstəyində
öz ifadəsini tapmışdır. İlham
Əliyev də xalqın güclü dəstəyini,
etimadını görür və buna görə daha da cəsarətlə,
inamla milli maraqlara əsaslanan siyasətini davam etdirir.
Hesab
edirəm ki, 2013-cü il Azərbaycan üçün
bütün sahələrdə çox uğurlu il olmuş və
qarşıdan gələn dövrdə yeni mühüm
nailiyyətlərin əsası qoyulmuşdur. Bununla belə,
həllini gözləyən məsələlər də az
deyildir. Onlardan ən vacibi Ermənistanın
işğalçılıq siyasətinə son qoyulması,
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunmasıdır. Əminəm ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə biz bu problemi də həll edəcəyik,
ölkəmizi və xalqımızı daha böyük
nailiyyətlərə, zəfərlərə doğru
inamla aparacağıq.
Azərbaycan.-2013.- 30 dekabr.- S.4.