Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli
Yaşadığımız əsr qloballaşma dövrüdür. İnformasiya texnologiyalarının hər keçən gün təkmilləşməsi dünyamızı daha da kiçildir və hadisələri sürətləndirir. Qloballaşma özünün bütün müsbət və mənfi tərəfləri ilə gündəlik həyatımıza hərtərəfli təsir göstərir. Paralel olaraq qloballaşma bəşər cəmiyyətinin yeni bir konfiqurasiyada formalaşmasını şərtləndirir. Artıq tamamilə fərqli mədəniyyətlər və onların daşıyıcıları bir-biri ilə təmasdan, təsir və əks-təsirdən kənarda qala bilməzlər. Əgər tarixin müxtəlif dövrlərində ayrı-ayrı mədəniyyət daşıyıcıları öz daxili aləmlərinin qayda-qanunları çərçivəsində yaşamaq iqtidarında idilərsə, günümüzdə dünyanın ən ucqar nöqtəsində belə bu, mümkünsüz görünür.
Qloballaşma prosesi bəşəri ideyaların, vahid universal normaların qəbul olunduğu məkanın formalaşmasına yönəlib. Bunun üçün isə ilk növbədə, fərqli mədəniyyətlər və ya dəyərlər arasında harmoniyanın olması mühüm şərtdir. Bu isə müxtəlif mədəniyyətlərin qarşılıqlı bəhrələnməsi və dəyərlərin simbiozu hesabına baş verə bilər. Əks halda, yəni yalnız bir mədəniyyətin hakimliyi üzərində qurulan qloballaşma siyasətinin özünü doğrulda biləcəyi mümkünsüz görünür.
Günümüzdə bəzən ideoloqlar qloballaşmanı daha çox qərbləşmə kimi qəbul edir, hətta müasirləşmə, yeniləşmə ilə bağlı olan hər şeyi qərbləşmə modelində təqdim etməyə üstünlük verməyə çalışırlar. İdeoloji mühitdə yeni dünya nizamının kosmopolitizm, milli identiklik aspektlərinin itirilməsi, cəmiyyətin universal dəyərlərə söykənən qərbləşmə əsasında formalaşmasını təbliğ etməyə səy göstərirlər. Lakin hadisələr göstərir ki, hazırda dünyada üstünlük verilən qərbləşmə üzərindən qloballaşma tendensiyası bir çox hallarda əks-effekt verir.
Belə ki, mədəniyyətlərin bu qədər sıx təmasda olduğu şəraitdə maraqlı bir mənzərə ilə rastlaşırıq. Müasir dövrümüzdə fərqli sivilizasiya, mədəniyyət və dinlərin harmoniyasından daha çox qarşıdurması müşayiət olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, Qərbdə bəşər cəmiyyətinin nizamlanmasının əsasında sivilizasiya və mədəniyyətlərarası münasibətlərin dayanması fikrinə üstünlük verilir. Bu mənada biz Qərbdə həm sivilizoloqların, həm də siyasətçilərin yanaşmasında daha çox sivilizasiyalararası mübarizə və uyğunsuzluqla bağlı mövzulara rast gəlirik. Qeyd etməliyik ki, bu tendensiya birqütblü dünya nizamının tələblərindən irəli gəlir və reallığın yox, qərbləşmə ideologiyasının təzahürüdür.
Sivilizasiya bir termin olaraq elmi dövriyyəyə buraxıldığı andan etibarən bir çox məşhur sivilizoloqlar - Samuel Hantinqton, Arnold Toynbi, Elvin Toffler, Frensis Fukuyama və başqaları sivilizasiyalararası mübarizənin konturlarını cızmışlar. Buna görədir ki, sivilizasiyaların toqquşması, sivilizasiyaların qırılma xətti, fərqli mədəniyyət daşıyıcılarının disharmoniyası kimi mövzular XXI əsrin ən aktual problemi kimi irəli sürülür. Digər tərəfdən isə Avropanın siyasi liderləri multikulturalizmin süquta uğraması ilə bağlı bəyanatlar verirlər. Son dövrlər Fransa, Almaniya, Birləşmiş Krallıq və digər ölkələrin rəhbərləri II Dünya müharibəsindən sonra Qərbin təşəbbüskarı olduğu və təşviq etdiyi çoxmədəniyyətliliyin özünü doğrultmadığını bildirməklə həyəcan siqnalı verdilər. Halbuki yarım əsrdən çox bir müddətdə multikulturalizm adı altında keçmiş müstəmləkə ölkələri ilə mədəni, iqtisadi, humanitar bağlılıq dünyaya uğurlu model kimi təbliğ olunurdu.
Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Bu gün belə harmoniyanı tənzimləyə bilməyən Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul və bəyan edir.
Müşahidələr göstərir ki, son dövrlər gündəmi zəbt edən ən aktual mövzu sivilizasiya və mədəniyyətlərin uyğunsuzluğu və bu amilin siyasi, iqtisadi, mədəni müstəvilərdə problemlərin əsasında dayanması ilə bağlı yanaşmalardır. Maraqlıdır ki, bu mübarizə və toqquşmalarla bağlı mülahizələr daha çox Qərbdə səslənir. Sonrakı proses olaraq isə mədəniyyətlərin və dinlərin barışmazlığına əsaslanan müxtəlif "fobiya"lar güclənir və aktuallaşır. Belə bir təəssürat yaranır ki, dünya fərqli sivilizasiyaların toqquşması üzərində qurulmuşdur.
Halbuki Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində fərqli mədəniyyətlərin birliyi bir həyat fəlsəfəsi olaraq öz təsdiqini tapmışdır. Qərb dəyərlərinin dominantlığı üzərində qurulan multikulturalizmdən fərqli olaraq, min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində böhran müşahidə olunmur. Müxtəlif mədəniyyətlərin paralel mövcudiyyətinə tolerant yanaşmanı həyat tərzi olaraq qəbul edənlər üçün multikulturalizm bəşəri ideya kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi "Dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni, bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir".
Beləliklə, maraqlı bir mənzərə yaranır. Bir tərəfdən universal normalar olaraq təqdim olunmağa çalışılan ancaq reallıqda yalnız Qərb dəyərlərinə əsaslanan multikulturalizm artıq var olmaq iqtidarını itirir. Digər tərəfdən isə min illərdir tolerantlıq və qarşılıqlı bəhrələnməyə əsaslanan çoxmədəniyyətlilik həyat tərzi olaraq daha da zənginləşir. Nədən yaranır bu fərq və bəşəriyyətin alternativ çıxış yolu varmı? Əksər mütəxəssislər bu fikrə üstünlük verirlər ki, problemin əsasında birtərəfli mövqe dayanır. Fikrimizcə, əsas fərq bu anlayışa ideologiya, yaxud həyat tərzi olaraq baxılmasından yaranır. Hazırda yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti dünya miqyasında universal model kimi təqdim olunmağa çalışılır, eyni zamanda, digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Elə buna görə özünü doğrultmur. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mümkün deyil. Bu gün dünyada monoetnik dövlətlər çox az qalıb. Eyni zamanda, beynəlxalq münasibətlərdə də istər siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər.
Universal dəyərlər sisteminin milli-mədəni mentaliteti nəzərə almadan formalaşdırılmağa çalışılması isə cəmiyyətin nizamını pozur. Vahid mədəni məkanın yaradılması üçün ilk növbədə, tolerant münasibət zəruridir. Tarix sübut etmişdir ki, bəşəriyyət nisbətən tarazlı mövqe mövcud olduqda inkişaf edir və bu tendensiya yalnız bir istiqamətdən olan meyillərə əsaslana bilməz. İdeoloji xətlərin öz mənşəyini ayrı-ayrı dövrlərdə bəzən Şərqdən, bəzən isə Qərbdən götürməsi məlumdur. Şərqdə doğulan qədim Çin, Misir, Şumer, Babil, Türk mədəniyyətlərinin bəşəriyyətə gətirdiyi dəyərlər, Qərbdə isə qədim Yunan, Roma mədəniyyətləri, eləcə də Avropada mərkəzləşdirilmiş dövlətlərin yaranması, "yeni dünya"nın kəşf edilməsi ilə başlayan yeni cərəyanlar tarixin müxtəlif epoxalarında cəmiyyətin həyatının idarə olunmasında mühüm rol oynamışlar. Belə ki, Şərq və Qərb dəyərlərinin fərqli zamanlarda birinin digəri üzərində böyük üstünlüyü müşahidə olunmur. Müasir beynəlxalq nəzəriyyəçilərin bir çoxunun iddia etdiyi kimi, planetar düşüncənin formalaşmasında yalnız Qərb dəyərlərinin üstünlüyü mülahizəsi isə qətiyyən özünü doğrultmur.
Buna görə də Azərbaycanın təcrübəsi bir daha təsdiq edir ki, çoxmədəniyyətlilik yalnız həyat fəlsəfəsi olaraq qəbul olunduqda yaşamaq iqtidarındadır. Şərqlə Qərb arasında mühüm magistralların üzərində yerləşən Azərbaycan hər iki istiqamətdən yayılan ideoloji cərəyanların mərkəzində dayanır. Təsadüfi deyil ki, Azərbaycanda islam dəyərləri ilə yanaşı, Şərqdə ilk milli opera, birinci teatr, ilk respublika quruluşu mövcud olmuş, məktəblə mədrəsə yanaşı inkişaf etmiş, müsəlmanlarla birlikdə yəhudilər və xristianlar dinc yanaşı yaşamış, minilliklərdən qalan dözümlülük, tolerantlıq həmişə gözlənilmişdir. Hətta hər iki mədəniyyətin paralel təsiri paytaxtımız Bakının arxitekturasında da özünü göstərməkdədir. Belə ki, Bakıda Şərqin istehkam tipli qala divarları, Atəşgah məbədi, Qız qalası neft milyonçularının Qərbin qotika üslubunda tikdirdikləri renessans abidələri ilə yanaşıdır və Xəzərin yaxasında sanki bir-birinə bənzəməyən əkiz qardaşlar kimi qoşa ucalırlar.
Azərbaycan Şərqlə Qərbin toqquşduğu, ayrıldığı yer deyil, Şərq ilə Qərb arasında körpüdür, qovuşma nöqtəsidir. Əsrlər boyu Azərbaycan cəmiyyəti öz sosiomədəni məkanına hər iki istiqamətdən gələn və öz milli xüsusiyyətlərinə uyğun olan dəyərləri daxil etmiş, ölkə meyarlarına cavab verməyən amilləri isə qəbul etməmişdir. Azərbaycan cəmiyyətində heç zaman hər hansı bir istiqamətdə radikal meyillər mövcud olmamış, tarixin müəyyən mərhələlərində xarici müdaxilə hesabına baş verən qabarma və çəkilmələr isə qalıcı, davamlı xarakter daşımamışdır. Bu baxımdan da Azərbaycan cəmiyyəti Şərq və Qərb dəyərlərinin birləşdiricisi, ortaq daşıyıcısıdır.
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Tarixin bütün zamanlarında ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə, hər hansı bir ayrı-seçkilik olmamışdır. Azərbaycandakı milli və dini dözümlülük bizim tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir. Azərbaycan təmsil etdiyi türk sivilizasiyasının tərkib hissəsi olaraq özünəməxsus dəyərlərə söykənir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, adət-ənənələrin (törənin) cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, dini baxışda monoteist əqidə, ailə dəyərləri, digər sivilizasiya daşıyıcılarına münasibətdə tolerantlıq və birgə yaşama vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.
Qeyd olunan mənəvi dəyərlərin hansı rol oynadığına aydınlıq gətirmək üçün əvvəlcə dini inancın cəmiyyətimizdə yerinə nəzər salmaq istərdik. Hazırda Azərbaycan və ümumilikdə türk sivilizasiyası əsasən islam mədəniyyətinin əhatə dairəsindədir. İslam bir fəlsəfə, din, həyat tərzi olaraq türkün ruhuna yaxındır və onunla əksər hallarda harmoniya təşkil edir. Bununla belə, dini dünyagörüşümüzdə monoteizm yalnız islamla əlaqədar deyildir. Yəni, türk sivilizasiya təmsilçiləri üçün xarakterik olan təkallahlılıq islamdan əvvəl də mövcud olmuşdur.
Türk xalqlarının inanclarında hər zaman Tanrı əsas yer tutmuşdur. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı türk xalqları islam, xristianlıq, iudaizm, buddizm, tenqriçilik, atəşpərəstlik, şamanizm kimi din və inanc sistemlərinə tapınmışlar. Lakin xüsusi vurğulanmalıdır ki, qədim dövrlərdən bəri türk xalqları təkallahlı etiqada üstünlük vermişlər. Zaman-zaman kənar müdaxilələr hesabına türklərin dini inancında fərqli təsirlər olsa da, monoteist dini inanc bizim cəmiyyətimiz üçün daim xarakterik olmuşdur. Beləliklə, Azərbaycanda dini müxtəliflik və dözümlülük tarixi ənənələrə əsaslanır.
Sivilizasiya müstəvisində bizim cəmiyyətimiz üçün əsas səciyyəvi cəhətlərdən biri də müxtəlif azlıqlara dözümlü yanaşmadır. Azərbaycan üçün milli-etnik assimilyasiya etmək heç zaman xarakterik olmamışdır. Hətta öz həyat siklində passionarlığın kulminasiya mərhələsi hesab olunan imperiya dövründə belə dövlətin sərhədləri daxilində digər xalqlara münasibətdə hər zaman tolerantlıq müşahidə olunur.
Başqa bir xarakterik xüsusiyyət olaraq Azərbaycan cəmiyyətinin qadına münasibətini göstərmək olar. Qadın-kişi bərabərliyi əski türklərdən başlayaraq hər zaman aktual olmuşdur. Qədim dövr tarixinə baxarkən nəzərəçarpan əsas məqamlardan biri - həm Qərbdə, həm də Şərqdə əksər xalqlarda qadınlara yalnız nəsil artırma və məişət işləri funksiyası verildiyi halda, türklərdə qadının kişiyə bərabər tutulması ilə bağlıdır. Qadınlar həm bir döyüşçü kimi, həm rəhbər kimi, həm də ailə təsərrüfatının idarəedicisi kimi bizim cəmiyyətdə hər zaman üstün mövqe tutmuşlar. Sonrakı dövrdə islam dəyərlərinin birbaşa təsiri altında bir qədər fərqli mənzərə yaranmağa başlasa da, qadının cəmiyyətin bərabər, hüquqlu üzvü olması öz mahiyyətini qoruyub saxlamışdır. Təsadüfi deyil ki, Şərqdə qadınlara seçki hüququ da ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində verilmişdir.
Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur. Lakin Qərbdə hazırda bunun əksi olan proseslər müşahidə olunur. Belə fikirlər səslənir ki, Qərb və islam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam Avropada cəmiyyətə düzgün təqdim edilmir. İslam dini abidələrinə, müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində dözümsüzlük nümayiş etdirilir.
Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır.
Tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Yəni, çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə əhalisi müxtəlif mədəniyyətləri və millətləri təmsil edən Avropa üçün multikulturalizmin gələcək taleyini təhdid edir. Hadisələrin belə axarı isə Avropada ifrat millətçilik ideologiyasının və ultrasağçı siyasi partiyaların tərəfdarlarının artmasına, irqçi və şovinist çıxışlara səbəb olmuşdur.
Beləliklə, Azərbaycanda mədəniyyətlərarası dialoq, fərqli sivilizasiya daşıyıcılarının harmoniyası tarixi ənənələrə söykənir. Ölkəmizdə milli, dini müxtəliflik, qarşılıqlı hörmət və dözümlülük böyük dəyər və sərvət hesab olunur. Dünyada mədəniyyətlərin barışmazlığı, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda Azərbaycan öz tarixi ənənələrini davam etdirir. Bu mənada 5 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa töhfə vermək üçün bir proses başlanmışdır. 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Qərblə Şərq arasında yeni bir mədəniyyət körpüsünün əsası qoyuldu. Prosesin davamı olaraq Azərbaycanın təklifi ilə 2009-cu ildə Bakıda keçirilən islam ölkələrinin mədəniyyət nazirlərinin konfransında Avropa dövlətlərinin təmsilçiləri iştirak etdilər. Bu isə artıq yeni bir Qərb-Şərq dialoqunun başlanğıcı oldu.
Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə "Bakı prosesi" yeni üfüqlər qazandı. Artıq hər iki ildənbir fərqli mədəniyyət daşıyıcıları Bakıda toplaşırlar. Hər forum yeni-yeni sahələri və harmoniya axtarışında yeni yolları işıqlandırır. 2015-ci ildə keçiriləcək növbəti forumda artıq Bakının fərqli mədəniyyətlərin mozaikasında nüvəyə çevriləcəyi gözlənilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoqa ev sahibliyi etməsinin səbəblərini dəqiq göstərmişdir: "Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir... Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".
Beləliklə, Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun öz modelini təqdim edir. Bu modelin unikallığı, ilk növbədə, onun həyat fəlsəfəsini əks etdirməyindədir. Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz dəyərlərinə olan hörmətdən başlayır. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli sivilizasiya təmsilçiləri Azərbaycanın tolerantlıq məkanı olmasını və bu irsi əsrlərdir daşımasının şahidi olurlar.
İkincisi, Azərbaycan modeli dünyada Şərq-Qərb qarşıdurmasının, islamafobiyanın gücləndiyi, fərqli dəyərlərə qarşı dözümsüzlüyünün artdığı bir şəraitdə fərqli qütbləri bir arada əks etdirə bilməsi ilə fərqlənir. Bu günlərdə 5 ilini tamamladığımız "Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi" əslində sivilizasiyalar arasında harmoniyanın əsrlərdir formalaşmış Azərbaycan modelinin dünyaya təqdimatıdır. Əminik ki, hər növbəti forum Azərbaycanın multikultural həyat fəlsəfəsinin dünyada tanıdılmasına öz töhfəsini verəcəkdir.
Ərəstü
HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
analitik informasiya sektorunun müdiri, iqtisad elmləri üzrə
fəlsəfə doktoru
Azərbaycan.-2013.- 30 dekabr.- S.5.