Sükutla qarşılanan qəhrəmanlıq
Elə qəhrəmanlar olur ki, onların cəsarəti, igidliyi haqqında dünyaya car çəkir, danışırlar, eləsi də olur ki, unudulur. Haqqında danışmaq istədiyim Salaməddin Nağıyevin də igidliyi dillərə düşüb dastan olmadı. Əslində onun qəhrəmanlığı ən yüksək mükafatlara layiq görülə bilərdi.
Salaməddin, ona qısaca Salam da deyərdilər, bu ilin yayında Moskvanın Bıkovski rayonunun Oktyabr qəsəbəsinin yanından keçən çayda boğulan 3 rus qızını xilas edib. Çimərkən burulğana düşən qızlar nə qədər cəhd etsələr də, kənara çıxa bilmir, yaxınlıqda adam olsa da, qışqırıb köməyə çağıran qızları xilas etməyə cəhd göstərib irəli atılan olmur.
Salam heç nəyi düşünmədən suya atılır, bir-bir qızları xilas edir. Hər dəfə burulğanla savaşa girmək, onun cəngindən uşaqları qoparmaq Salamı taqətdən salır. O, gücünü itirsə də, ölüm təhlükəsinin reallığa çevrildiyini başa düşsə də, qorxmur, çəkinmir və sonuncu qızı xilas etmək üçün ölüm-dirim savaşına atılır. Əlbəttə, hadisəni izləyənlər ona kömək etməyə cəhd edə bilərdilər. Lakin Salam qərib torpaqda tanımadığı insanların həyatı üçün sona qədər vuruşdu. O, hətta zərrə qədər taqətinin qalmadığı məqamda belə var gücünü toplayaraq sonuncu qızı burulğandan kənara itələdi, əvəzindəsə onun artıq müqaviməti tükənmiş bədənini burulğan ağuşuna alıb uddu.
Rusiya mətbuatında Salamın qəhrəmanlığı sıravi xəbər kimi ötüb keçdi. Nə yerli, nə də ki yuxarı səviyyədə ciddi qiymət verən oldu. Hətta o da qeyd olunur ki, Salamı sudan tapıb çıxarmaq üçün xilasedicilərə igidin qohumları pul da ödəyiblər. Onu bir neçə gündən sonra tapıb nəşini doğulduğu Viyən kəndinə göndəriblər.
Xilas edilən qızlardan ikisinin anası Y.Karnetova sonradan hadisəni araşdıran hüquq-mühafizə orqanlarına müraciət edərək qızlarının həyatını xilas etmək üçün böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirən azərbaycanlı gəncə biganə münasibətdən təəssüfləndiyini bildirmiş, onun bu şücaətinə dövlət qurumlarının, ictimaiyyətin laqeydliyini qınamışdır. Elə Salamın ailəsini, həmkəndlilərini, bir sözlə, hamımızı sarsıdan da bu biganəlikdir. Salamın atası Həmdulla kişi deyir ki, oğlunun ona yad olan, tamamilə başqa bir millətin nümayəndəsini həyatı bahasına olsa belə yalnız insanlıq naminə xilas etməsinə rəğmən onlara təskinlik verə biləcək kiçik bir təşəkkür edilmədi. Bu biganəlik oğul itkisindən daha sarsıdıcı oldu.
Viyən kənd tam orta məktəbinin direktoru Fəxri Hüseynov Salamı ən fəal şagirdlərindən biri kimi xatırlayır. Cəsarətli, doğrucul, iradəli bir gənc idi. Elə Salama dərs deyən müəllimlər də onun saflığından, məğrurluğundan, nikbin təbiətindən danışırlar. İdmanın müxtəlif növləri - boks, karate, güləş və xüsusilə üzgüçülüklə məşğul olurdu. Məhz belə hazırlıqlı olması hərbi xidmətdə olarkən də Salamın uğur qazanmasına və xidmət etdiyi hərbi hissənin fəxri fərmanlarına layiq görülməsinə səbəb olmuşdu. Bununla bağlı komandirləri tərəfindən dəfələrlə ailəsinə təşəkkür məktubları ünvanlanmışdı. Bütün bunlar, əlbəttə ki, Salamın saf və döyüşkən ruhunun təzahürü idi.
Oğul dərdinin ağırlığından ayrıla bilməyən Səfurə xala yalnız bunları dedi: "İyulun 13-də övladımın 21 yaşı tamam olacaqdı, tale övladımıza ad günündə şəhidliyi, bizə isə ən böyük hüznü hədiyyə etdi". Atası Həmdulla kişi deyir ki, Salam həmişə xalqımızın qəhrəman övladı Mübarizi xatırlayar və şansı olarsa, o da şəhidliyi seçəcəyini söyləyərdi.
Amma təəssüf ki, hadisənin baş verməsindən yarım il keçsə də, Rusiyanın dövlət qurumları və ictimaiyyəti baş verənlərə hələ də layiqli qiymət verməkdə gecikir. Bütün bunlara rəğmən olanlar şahidlərin yaddaşından heç vaxt silinməyəcək. Amma Salamın anası Səfurə xala və atası Həmdulla kişi gözlərinin ağı-qarası övladlarının itkisini hər zaman ürək ağrısı, qəlb yanğısı ilə xatırlayacaqlar.
Nurlan NƏSİROV,
"Lənkəran" rayon qəzetinin əməkdaşı
Redaksiyadan
Oxucu
məktubu çapa hazırlandıqdan sonra biz Salaməddin
Nağıyevin valideynləri ilə əlaqə saxlayaraq
müəyyən xırdalıqlara aydınlıq gətirməyə
çalışdıq. Qəhrəmanın atası oğlunu Lyuboretski rayonunda dalğıcların 5 gün
axtardığını və hər saat
üçün 30 min
rus rublu ödədiyini
bildirdi. Rusiya Federasiyasında heç
bir yardım edilmədiyini deyən Həmdulla
oğlunun axtarışlarına, cənazəsinin
kəndlərinə gətirilməsinə milyona
yaxın rus rublu xərclədiyini
və xeyli borca düşdüyünü deyib.
Araşdırmalarımız davam edir. Salamın xilas
etdiyi qızların anası Yelena xanımla danışmışıq, Rusiyada dövlət qurumları, qonşu dövlətdə bu
məsələdə kömək göstərə bilən nüfuzlu insanlarla əlaqələri qurmağa
çalışırıq. Ölkəmizin Rusiyadakı səfirliyi
də məsələ ilə maraqlanıb. Eyni zamanda Yelena
xanım müvafiq qurumlara
Salamın qəhrəmanlığının tanınması üçün
müraciətlər edir. O, Salamın
valideynləri və onların övladının qəhrəmanlığı
qarşısında baş əydiyini və
bu işi axıradək
görməyə çalışacağını bizə
yazıb.
Azərbaycan.-2013.- 30 dekabr.- S.7.