Böyük alim, görkəmli dövlət xadimi

 

İyirminci yüzillikdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən, dövlət xadimlərindən biri də Əziz Məmmədkərim oğlu Əliyevdir. İxtisasca həkim olan Əziz Əliyev həm də çalışdığı sahənin problemlərinə aid geniş tədqiqatlar apararaq yorulmaz alim kimi tanınmışdır. O, əməkdar həkim, tibb elmləri doktoru, professor idi. Lakin Əziz Əliyev elm dairəsindən irəli gedərək səhiyyə təşkilatçısı kimi də öz əhəmiyyətini qoruyub saxlayan və bu gün də gərəkli olan böyük işlər görmüşdür.

Geniş diapazona, dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik olması Əziz Əliyevi dövlət xadimi səviyyəsinə çatdırmış və o bu sahədə öz sözünü deyə bilmişdir. O, Azərbaycan xalqının və dövlətinin tarixində bütün bunlarla - çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri ilə yadda qalmışdır.

Əziz Əliyev 1897-ci il yanvarın 1-də əzəli-əbədi Azərbaycan torpağı olan İrəvanda - İrəvan quberniyasının (İrəvan xanlığının) Hamamlı kəndində dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illərindən həyatı heç də rəvan olmamışdır. Əziz Əliyev 65 illik ömrü boyu həyatın bir çox sınaqlarından çıxmış, Birinci Dünya müharibəsinin, mənfur erməni təqiblərinin, sovet dövrünün repressiyalarının əziyyətini çəkmişdi. Lakin bütün bunlara sinə gərmiş, həyatın çətinliklərinin fövqündə dayanmağı bacarmış və həmişə, hər zaman insanların gözündə işıqlı bir sima olmuş və nəsildən-nəslə yaddaşlara da beləcə köçüb əbədiləşmişdir.           

Əziz Əliyev doğulduğu kənddə ibtidai təhsil almağa başlamış, 1908-ci ildən sonra isə  Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumuşdur. Belə ki, həmin vaxtlar onun bibilərindən biri - Göyçək xanım ailəsi ilə birlikdə Çitada  yaşayırdı və Əziz bir müddət onun evində qalaraq təhsilini həmin şəhərdə davam etdirmişdir. 1914-cü ildə Əziz Əliyev yay tətillərini  keçirmək üçün doğma İrəvana gəlir. Lakin Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar yollar bağlandığına görə artıq geriyə qayıda bilmir. Odur ki, məcburiyyət qarşısında qalaraq İrəvandakı kişi gimnaziyasına daxil olur və 1914-1917-ci illərdə burada təhsil alır. Gimnaziyanı əla qiymətlərlə başa vurur.

Gənc Əzizin ən böyük arzusu həkim olmaq idi. Lakin bu arzuya çatmaq üçün maliyyə vəsaiti çatışmırdı. Ona görə də Əziz Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir. Böyük mesenat ondan kömək istəyən gəncin arzusuna əməl etmiş və o, 1917-ci ildə Sankt-Peterburqa gedib orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. Dərsdən sonrakı vaxtlarını boş keçirməmiş, səpgili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzələrək həm gələcək həkim kimi tibbi vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdi.

Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində yenə də İrəvana gəlir. Bu dəfə isə onun Rusiyaya dönməsinə erməni daşnaklarının törətdikləri hadisələr mane olur. O vaxt İrəvandakı əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Lakin buna baxmayaraq, daşnaklar fürsət tapdıqca onları incidirdilər. Bu, Əziz Əliyevin də taleyindən yan keçmir. Elə tətilə gəldiyi zaman o, şəhərdə erməni daşnaklarının azərbaycanlılara qarşı amansız qəddarlıqlarının şahidi olur. Məcburiyyət qarşısında qalıb çətinliklə də olsa ailələrini Naxçıvanın Şərur rayonuna köçürə bilir. Bir müddət orada qaldıqdan sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparır.

Əlbəttə, belə bir vəziyyətdə Əziz Əliyev Sankt-Peterburqa qayıtmaq, orada təhsilini davam etdirmək imkanından məhrum olur. Üstəlik, 1920-ci ilin mayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının yaxından köməyi sayəsində silahlı hücuma keçirlər. Amansız qırğınlar nəticəsində Şərur rayonu, o cümlədən Şahtaxtı kəndi yerlə yeksan olur.

Əziz Əliyevin ailəsi erməni daşnaklarının Şahtaxtıda törətdikləri bu qanlı qırğından da birtəhər salamat çıxır və dərbədər düşür. Əliyevlər Arazın o biri sahilinə keçərək bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində qalırlar.

Əziz Əliyev burada da boş dayana bilmir, həkim köməkçisi işləyib əhaliyə tibbi yardım göstərir. 1920-ci ildə elə burada - Ərəblərdə onun anası vəfat edir. Ailə yalnız növbəti ilin yayında Şahtaxtıya qayıda bilir. Beləliklə, Əziz Əliyev 1923-cü ilin mayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.

Bir müddətdən sonra Əziz Əliyev yarımçıq qalmış ali təhsilini davam etdirmək qərarına gəlir. Elə bu məqsədlə də 1923-cü ildə ailəsi ilə birlikdə Bakıya köçür. Burada dərhal Xalq Komissarları Şurasında işə düzəlir. Xarakterindəki ciddiliklə tapşırılan bütün işləri müvəffəqiyyətlə yerinə yetirir. O, komissarlıqda iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü bacarıqlı təşkilatçı kimi göstərir. Elə həmin il yenidən imtahan verərək Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Təhsilini 1927-ci ildə başa çatdırır. Bundan sonra Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır.

Bakı Dövlət Universitetinin rəhbərliyi Əziz Əliyevin Daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar verir. Ona eyni zamanda, ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılır. Bu dövrdə o özünü bacarıqlı təşkilatçı kimi göstərir, artıq fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyir. Bütün bunları nəzərə alaraq 1928-ci ildə Əziz Əliyevə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsini tapşırırlar. 1929-cu ildə isə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin edilir və 1932-ci ilə qədər bu instituta rəhbərlik edir.

1930-cu il mayın 9-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) yaradılır. Həmin il iyun ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. ADTİ-nin təşkili çox mürəkkəb bir proses idi. Ona görə də bu işin icrasına bacarıqlı təşkilatçı kimi tanınan Əziz Əliyev də cəlb edilmişdi. 1932-ci ildə isə ona institutun direktoru (rektoru) vəzifəsi tapşırılır. Əziz Əliyev 6 ilə yaxın bir müddətdə bu vəzifəni və Bakı şəhəri səhiyyə şöbəsinin müdiri vəzifəsini layiqincə yerinə yetirir. Buna görkəmli alimin elmdə, sənətdə və həyatda qazandığı böyük səriştə, topladığı zəngin təcrübə imkan verir.

Həmin illərdə milli həkim kadrların yetişdirilməsi üçün vacib şərtlərdən biri olan ədəbiyyat yalnız rus dilində idi. Azərbaycan dilində tibbi fənlərin tədrisi üçün dərs vəsaitlərinin buraxılışı bir zərurət kimi ortaya çıxmışdı. Ona görə də   Əziz Əliyev tibbin müxtəlif sahələrində öz sözünü demiş azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək onlara ana dilində dərsliklər yazmağı tapşırır. Beləliklə, az vaxt ərzində bilavasitə onun rəhbərliyi ilə Azərbaycan dilində 55 adda ilk orijinal dərsliklər hazırlanıb çap edilərək tələbələrin və müəllimlərin ixtiyarına verilir. Bunların arasında böyük alimin "Klinik analizlər", M.Mirqasımovun "Cərrahi xəstəliklər", K.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəylinin "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" kitabları vardır. Bu dərsliklərlə yanaşı, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının bir çox çap olunmuş əsərləri Azərbaycanın tibb elminə həmin dövrün töhfəsi idi.

Bir müddətdən sonra Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində tibbi kitabxana yaratmağa nail olur. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrlik etdiyi "Kitabxana komissiyası" yaradılır. Komissiya 1936-cı ildə oxuculara belə bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi  və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır". Bu zaman tibbi kitabxananın təməlinin qoyulduğu artıq üçüncü il idi. Sonralar kitabxananın özülü möhkəmləndirilir, onun formalaşmasında və zənginləşməsində ciddi dönüş yaranır.  

Üstəlik qeyd edək ki, bütün bunlar kitab nəşr etmək üçün texniki təchizatın çox zəif olduğu bir şəraitdə həyata keçirilirdi. Ümumiyyətlə, Tibb İnstitutunun maddi-texniki bazası çox zəif idi. Çünki əvvəllər, yəni  universitetin tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət yetirilməmişdi. Fakültədə təhsil alan tələbələrin sayında digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Odur ki, Əziz Əliyev Tibb İnstitutuna rəhbərlik etdiyi illərdə bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də işlərə, necə deyərlər, sıfırdan başlamışdı. Başqa sözlə, çox vaxt və zəhmət tələb edən çətin bir işi həyata keçirmişdi.

1934-cü ildə Əziz Əliyev institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" da yaradır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı" nəşr edilməyə başlayır. Qeyd edək ki, görkəmli alim 1929-cu ildən etibarən "Azərbaycan tibb jurnalı"nın məsul katibi vəzifəsində çalışmış, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilmişdi. Sözügedən dövrdə jurnal ATİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı"nda çap olunur. 1933-cü ildə isə Əziz Əliyevin təşəbbüsü ilə institutda "Tibb  kadrları uğrunda" adlı çoxtirajlı qəzetin nəşrinə başlanılır. Təqdirəlayiq haldır ki, bu qəzet indi də yaşayır və Azərbaycan Tibb Universitetində "Təbib" adı ilə nəşr olunur, yəni universitetin mətbuat orqanıdır. 2003-cü və 2013-cü illərdə ATU-da "Təbib" qəzetinin yaradılmasının 70 və 80 illiyi qeyd edilmiş, onun məhz Əziz Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanmışdır.

 Bəlkə də təkrar etməyə ehtiyac yoxdur ki, Əziz Əliyev həkim-alim kimi xüsusi istedada malik bir şəxsiyyət idi. Hansı vəzifədə işləsə də, həmişə həkim olaraq qalır və elmi fəaliyyətini heç vaxt dayandırmırdı. Təsadüfi deyil ki, ali məktəbi bitirəndən cəmi iki il sonra - 1929-cu ildə namizədlik, daha beş il sonra isə doktorluq dissertasiyası müdafiə etmişdi. Doktorluq dissertasiyasının SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülməsi o vaxta qədər Azərbaycanda heç bir alimə qismət olmayan mükafat idi.

Əziz Əliyev 1941-ci ilin mayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilmişdir.

Əziz Əliyev 87 elmi əsərin müəllifidir. Onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə həsr olunub. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırıb. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. O həmin dövrdür ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir və ayağa qalxır, milli kadrların böyük dəstəsi hazırlanırdı.

Professor Əziz Əliyev Azərbaycan həkimlərinin və tibb alimlərinin bir neçə nəslinin qayğıkeş müəllimi olub. Onun təkcə Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və çox sayda namizədlik dissertasiyası müdafiə edilib. Rektorun təşəbbüsü ilə kafedraların nəzdində təşkil edilmiş aspiranturada cəmi 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub.

Əziz Əliyev institutda təhsil alan tələbələrin həyatı ilə daim maraqlanır, onların probemləri barədə ciddi düşünürdü. 1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından Tibb İnstitutunda təhsil alan tələbələrin də güzəranı xeyli ağırlaşmışdı. Vəziyyətdən çıxmaq üçün Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilir. Burada ADTİ-nin tələbələrinə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək də verilir.

Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradır. Həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırır. Bütün bunlar tələbələri daha yaxşı oxumağa, gələcək peşələrinin sirlərini daha dərindən öyrənməyə sövq edirdi.

Əziz Əliyev Azərbaycan səhiyyəsinin və tibb elminin sabahı barədə də düşünür, bunun üçün də əməli işlər görürdü. Məsələn, son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun qabaqcıl ali tibb məktəblərinə ezam edir, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradırdı. Üstəlik də xaricə göndərdiyi tələbələrə pulla yardım edir, onları öz maddi vəsaiti hesabına geyimlə təmin edirdi.

1933-cü ildə Bakıda, indiki Bakı şəhəri 1 saylı Kliniki Xəstəxananın  yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanması da Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə olmuşdu. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilmişdir. Bu işlərin genişləndirilməsi ulu öndər Heydər Əliyev tərəfindən yerinə yetirilib. Son illərdə isə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.

Qeyd etdiyimiz kimi, Əziz Əliyevin fəaliyyəti geniş və çoxşaxəli olub. O, müəyyən dövrdə ADTİ-nin direktoru olmaqla, həm də Əczaçılıq İnstitutuna rəhbərlik edib, 1937-ci ildə isə paralel şəkildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Əziz Əliyevin İkinci Dünya müharibəsi illərindəki fəaliyyəti də böyük maraq doğurur. Belə ki, o, müharibənin əvvəllərində alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib. Sonra irəli çəkilərək 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. Bu vəzifələrdə özünün bacarıqlı dövlət xadimi olduğunu da təsdiqləyib.

Müharibənin ən ağır vaxtlarında keçmiş SSRİ rəhbərliyinin Dağıstan əhalisini deportasiya etmək haqqındakı səhv taktikası əslində almanların Bakıya irəliləməsinə zəmin yarada bilərdi. Buna görə də Əziz Əliyevin hər vasitə ilə Dağıstan əhalisini yerində saxlamaq, onları ölkənin müdafiəsinə səfərbər etmək planını həyata keçirməyə başladı. Əziz Əliyevin qərarı ilə o zaman Dağıstanda 13 partizan dəstəsi yaradılmış, onlar silah və döyüş sursatları, ərzaq, hərbi geyim, avadanlıqlarla təmin edilmişdi. Məlum məsələ idi ki, arxa cəbhənin siyasi-mənəvi durumu müharibənin taleyini həll edən əsas amillərdən biri idi. Müharibə dövründə Əziz Əliyev tərəfindən Dağıstan üçün verilən qərarlar həyati əhəmiyyət kəsb edirdi. O, burada işlədiyi altı ildə ekstremal problemləri bacarıqla həll etmək səriştəsinə malik peşəkar rəhbər kimi tanındı, yüksək təşkilatçılıq qabiliyyətli kadrlar yetişdirdi və bu sahədə güclü məktəb yaratdı. O zaman Əziz Əliyevin Dağıstanda çalışdığı müddət ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

T.Talıblının "Əziz Əliyev. Dövrü. Həyatı. Şəxsiyyəti" kitabında həmin dövr belə xarakterizə edilir: "Dağıstan özünəməxsus spesifik xüsusiyyətləri, tərkibində 30-dan çox millət yaşayan, hər biri fərdi xarakteri ilə seçilən mürəkkəb bir region idi. Odur ki, belə bir çətin və məsul vaxtda Ə.Əliyevin oraya birinci katib göndərilməsi ən düzgün addım sayılmalıdır. Elə buradan da nəticə çıxarmaq lazımdır ki, Əziz Əliyev o zamankı kadrlar arasında gücə-qüdrətə, nüfuza malik olan kamil bir dövlət xadimi olub.

  Beləliklə, Əziz Əliyevin Dağıstandakı fəaliyyəti nəticəsində nə satqınlar meydana çıxdı, nə də qəbilələr, tayfalar, millətlər arasında təfriqələr yarandı. Dağıstan özünün ən şərəfli günlərini yaşamağa başladı. Əziz Əliyevin Dağıstan Vilayət PK-nın birinci katibi işlədiyi dövrlər geniş söhbətlərə mövzu ola bilər. Təkcə onu demək yerinə düşər ki, Əziz Əliyevin partiya və dövlət rəhbərlərinə xas olan xüsusiyyətləri özünü büruzə verdi, onun yüksək potensial imkanları açıldı.

XX əsrin 30-cu illərinin ağır repressiyaları dövründə Əziz Əliyev Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz ittihamlardan, ağır işgəncələrdən və cəllad əlindən xilas edə bilmişdi".

  Bütün bu məsul vəzifələri daşımaqla yanaşı, Əziz Əliyev müharibə illərində də elmi axtarışlarını dayandırmırdı. O öz tədqiqatlarında əlillərin tibbi bərpa müalicəsini kompleks tədbirlər kimi irəli sürür. Ambulator-poliklinika və stasionar xidmətlərinin əlaqədə olmasını  təsdiqləyir. Sonralar 1954-cü ildə Tbilisi şəhərində mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun Elmi Şurasının Zaqafqaziya respublikalararası konfransı ilə birlikdə səyyar sessiya da keçirilir. İkinci Dünya  müharibəsinin əlilləri üçün müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi geniş müzakirə olunur. Bu forumda Azərbaycan travmatoloqları professor Əziz Əliyevin rəhbərliyi ilə fəal iştirak edirlər. Bütün bunlara görə müharibə əlillərinin tibbi bərpasının təşkili böyük alimin elmi fəaliyyətinin daha bir istiqaməti sayılır.

1949-cu ildə professor Əziz Əliyevi Moskvada ÜİK(b) P MİK-in təlimatçısı təyin edirlər. İki il burada çalışandan sonra həyat yolları onu yenidən Vətəni Azərbaycana gətirir. Beləliklə, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, bundan sonrakı illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olur. Bir müddət Sabunçu xəstəxanasında həkim işlədikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə göndərilir.

Burada bir məqama - böyük vəzifələr icra etmiş bu şəxsiyyətin bir neçə il xəstəxanada adi həkim işləməsinə diqqət yetirmək istərdik. 1998-ci il mayın 14-də Əziz Əliyevin 100 illik yubileyi Bakı şəhərində dövlət səviyyəsində keçirilərkən yubiley təntənələrində çıxış edən ümummilli lider Heydər Əliyev böyük alimin və dövlət xadiminin zəngin həyat yolunun bizə məlum olmayan  bəzi məqamlarından danışarkən məhz o illəri xatırlamışdı: "Əziz Əliyev mənə danışırdı ki, o, 1937-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar - 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər. Amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim kimi  göndərdilər və o, 3 il orada işlədi".

Xoşbəxtlikdən bu hal uzun sürməmiş və heç bir günahı olmayan, əksinə, xalq qarşısında misilsiz xidmətlər göstərən və şəxsiyyəti hamı tərəfindən qəbul edilən insan kimi o, yenidən öz layiqli qiymətini almışdır. Bunlar onun şan-şöhrətinə heç bir xələl gətirə bilməmişdi.

  1956-cı ildə professor Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyətə başlamış və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.

İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Belə ki, bu dövrdə institut fəaliyyətini genişləndirir. Burada təkcə Azərbaycanın deyil, SSRİ-nin digər respublikalarının, Monqolustanın və Bolqarıstanın həkimləri də təkmilləşirdilər. Onun rəhbərliyi dövründə institutda yeni kafedralar yaradılmış, elmi-pedaqoji kadrların səviyyəsi yüksəldilmişdir. Əziz Əliyevin rəhbərliyi ilə o dövrdə elmi əsərlərdən ibarət bir neçə məcmuə çap edilmişdir.

Əgər birinci və ikinci çağırış SSRİ Ali Sovteinin, birinci-üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və ikinci çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olduğunu da xatırlatsaq, Əziz Əliyevin fəaliyyətinin nə qədər geniş olduğunu bir daha göz önünə gətirə bilərik.

Əziz Əliyev həm də böyük bir ailənin başçısı, gözəl və qayğıkeş ata idi. Onun böyüdüb boya-başa çatdırdığı övladların Azərbaycan elminə verdiyi töhfə, Azərbaycan xalqı qarşısında xidmətləri də ilk növbədə, həm gendən, həm də atanın şəxsi nümunəsindən qaynaqlanırdı.

Əziz Əliyevin və həyat yoldaşı Leyli xanımın böyütdükləri övladlar öz istedadları, bacarıqları hesabına ucalıblar. Bu ailənin övladı Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə  oftalmologiya elminin inkişafına, bu sahədə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına həsr edib. O, göz xəstəliklərindən əziyyət çəkən minlərlə xəstənin şəfa tapması üçün səylə çalışıb, insanlara nur, işıq bəxş edib. Əvvəl Bakıda, sonra isə Moskvada uğurla çalışan Zərifə xanım oftalmologiya sahəsində akademik səviyyəsinə qədər yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu mükafatı sayılan "Averbax" mükafatına layiq görülüb.

Əziz Əliyevin digər övladları Ləzifə Əliyeva bacarıqlı göz həkimi, ADTİ-nin Göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi olmuşlar. Ailənin kiçik qızı, əməkdar incəsənət xadimi Gülarə Əliyeva "Dan ulduzu" instrumental ansamblını yaradaraq uzun müddət ona rəhbərlik edib.

Alimin böyük oğlu, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əliyev respublikanın tanınmış terapevtlərindən idi. O, uzun müddət ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin baş terapevti vəzifələrində çalışıb. Əliyevlər ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik səviyyəsinə qədər yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.

Əziz Əliyev 1962-ci il iyulun 27-də dünyasını dəyişmişdir. Onun məzarı Bakıda Fəxri xiyabandadır. Əziz Əliyev xatirələrdə təkcə bir alim və dövlət xadimi kimi deyil, həm də maraqlı şəxsiyyət, gözəl insan kimi qalmaqdadır. Onun xatirini bütün müasirləri, dövrünün adlı-sanlı adamları çox istəyirdilər. Yuxarıda sözügedən yubiley gecəsində ulu öndər Heydər Əliyev diqqəti Əziz Əliyevin həyatının bu məqamlarına və xarakterinin bu cizgilərinə də yönəltmişdir: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx əlaqədə olurdu. Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o, hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni insan olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. Əziz Əliyev hər cəhətdən gözəl insan idi".

Hansı sahədə çalışmasından asılı olmayaraq, bu insan orada bir yenilik yaradır, irəliləyişə, inkişafa nail olurdu. Bu səbəbdən də sağlığında "qurucu Əziz" deyə çağırılırdı.

Əziz Əliyev böyük şan-şöhrət sahibi idi. Bu, dövlətin ona verdiyi mükafatlarda da öz əksini tapmışdı. O, iki dəfə Lenin ordeninə, "Qırmızı Əmək Bayrağı" ordeninə, 1-ci dərəcəli Vətən müharibəsi ordeninə, səhiyyə əlaçısı döş nişanına layiq görülmüşdü. Bir çox medallarla, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illiyi" xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdi. 1960-cı ildən Azərbaycan SSR əməkdar həkimi fəxri adını daşıyırdı.

Vəfatından sonra isə adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Belə ki, bir müddət rektor kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu indi onun adını daşıyır. Əziz Əliyevin adı eləcə də Bakının mərkəzi küçələrindən birinə, Dağıstanda bir kənd təsərrüfatı müəssisəsinə, Mahaçqala şəhərində bir küçəyə və Kaspiyskdəki Tibb Məktəbinə verilmişdir.

Ən başlıcası isə Əziz Əliyevin adı insanların qəlbində və şüurunda yaşayır. Bu ad çəkiləndə nəzərlərdə, ilk növbədə, işıqlı ziyalı, nəcib insan, qayğıkeş həkim, zəhmətkeş alim, bacarıqlı dövlət xadiminin obrazı canlanır.

 

 

 

Əhliman ƏMİRASLANOV,

SSRİ Dövlət mükafatı laureatı, akademik, Milli Məclisin deputatı

Azərbaycan.-2013.- 31 dekabr.- S.6.