«Əfsanələr paytaxtı»
Xaçmazın
gecələri də gözəldir...
Respublikanın iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlarından olan Xaçmaz bu gün inkişafının sürətli bir mərhələsini yaşayır. Ölkənin şimal qapısı sayılan Xaçmazın iqtisadiyyatı keçən dövrdə daha da inkişaf etmiş, öz yüksəliş tempini qoruyub saxlamışdır.
Respublikamızın inkişaf dinamikasının əsas prioritetlərindən biri də region və paytaxtdan kənarda yerləşən yaşayış massivlərinin simasının dəyişməsidir. Bu baxımdan Xaçmaz öndəgedən rayonlardandır.
Son illər Xaçmazda həyata keçirilən layihələr əsasında yüksək nailiyyətlər əldə edilib. Bir neçə il öncə Xaçmaza gəlmiş bir şəxs yenidən buraya təşrif buyursa, necə deyərlər, böyük çaşqınlıq içərisində qalar.
Xaçmaz Azərbaycanın şimal regionunun əsrarəngiz təbiəti ilə zəngin olan rayonlarındandır. Ölkəmizin qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. 1936-1937-ci illərdə Xaçmazda xeyli abadlıq işləri görülmüş və o, şəhər tipli qəsəbəyə çevrilmişdir. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilərək ərazisi Quba və Qusar rayonlarına verilsə də, 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.
Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyniadlı qala tikmişlər.
Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı") istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdülər. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.
Xaçmaz şəhərinin özünəməxsus cazibədar görüntüsü var. Əsasən hündür binaların azlıq təşkil etdiyi bu şəhər qüsursuz gözəlliyi ilə qonaqlarını məftun edir. Onu da bildirək ki, respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz şəhəri 2013-cü ilin "Əfsanələr paytaxtı" elan edilib. Bu, xaçmazlıların əhvalını bir qədər də yüksəldib. Şəhərə daxil olandan küçələri addımladıqca qarşında qədimliyin və müasirliyin ecazkar mənzərəsinə rast gəlirsən. Şəhərin mərkəzində yerləşən parkda qarşılaşdıqların səni uzaq keçmişlərə apardığı kimi, inkişafın yeni mərhələsi ilə də rastlaşırsan. Bir-birindən gözəl fəvvarələr, dörd bir tərəfdən yüksək düşüncə tərzi ilə işıqlandırılan binalar - Xaçmaz Tarix və Xalça muzeyləri, yeni istifadəyə verilmiş rayon icra hakimiyyətinin inzibati binası və digər sosial obyektlər səni bir an çəkib Avropanın tanınan şəhərlərinə aparır. Bəzən gözəllik baxımından onları belə üstələdiyinin şahidi olursan.
II Dövlət Proqramının qəbulundan keçən müddət ərzində rayonda həyata keçirilmiş tədbirlər nəticəsində 7249 yeni iş yeri açılmışdır ki, onun da 4271-si daimi iş yerləridir. İnsanları ən çox narahat edən işsizlik məsələsi rayonda icra hakimiyyəti orqanının daim nəzarətindədir. Yaradılan yeni müəssisələrdə, fəaliyyəti bərpa edilən təşkilatlarda çalışanların çoxunu gənclər təşkil edir. Rayonda vaxtaşırı keçirilən əmək yarmarkalarında onlarla gənc yeni iş yeri ilə təmin olunur. Bu da faydalı əmək əmsalının yüksəlməsi, ailə büdcəsinin artımı ilə nəticələnir. Təkcə bu ilin əvvəlindən bəri rayonda 1004 yeni iş yeri açılmış və onun da 830-u daimi iş yeridir.
Qədimliyin və müasirliyin vəhdətini özündə birləşdirən, zəngin turizm potensialı olan rayonda son illər kifayət qədər istirahət mərkəzləri istifadəyə verilmişdir. Əgər əvvəllər həmin istirahət mərkəzlərinə respublikamızın müxtəlif yerlərindən təşrif buyururdularsa, hazırda dünyanın onlarca ölkəsindən turistlər Xaçmaza üz tuturlar. İsti yay günlərində rayonun küçələrində ya tək, ya da qruplar halında dolaşan əcnəbilərlə rastlaşırsan. Turist təkcə pul xərcləyən deyil, həm də informasiya daşıyıcısıdır. Azərbaycan mədəniyyətinin dünyada tanınmasında söylənən hər bir maraqlı ifadənin öz yeri var. Rayonun dəniz sahili zonasında müasir turizm infrastrukturunun yaradılması üçün dövlət səviyyəsində, xarici şirkətlərin iştirakı ilə yeni layihələrin hazırlanmasına artıq başlanmışdır. Bu layihələrin yaxın dövrdə gerçəkləşməsi bölgənin iqtisadi və mədəni həyatında böyük bir yüksəlişə səbəb olacaqdır.
Sona çatmaqda olan 2013-cü il xaçmazlılar üçün uğurlu il kimi yadda qalacaq. 2013-cü il üçün "Əfsanələr paytaxtı" elan edilmiş rayonun girəcəyində ucaldılan "Koroğlu" abidəsi Xaçmazın əfsanə həyatının simvoludur desək, səhv etmərik. Abidənin ətrafında müxtəlif heyvanların heykəlləri, daşların qəribə tərzdə yığımı adamı bir anlıq əfsanələrə aparır. Şəhərin demək olar ki, bütün küçə və xiyabanlarında yaradılan abidələr, qədim dövrləri əks etdirən heykəllər, bulaqlar, fəvvarələr Xaçmazın iç dünyasını zənginləşdirir, onu daha da sevimli ocağa çevirir.
Xaçmazın "Əfsanələr paytaxtı" elan edilməsi rayonda keçirilən mədəni kütləvi tədbirlərin də sayını artırıb. Öncə qonaqlar əsrarəngiz təbiəti və xüsusilə digər rayonlardan fərqli görkəmə malik Xaçmazı gəzməkdən yorulmurlar. Şəhərdəki muzeylərdə, turist istirahət mərkəzlərində xalqımızın adət-ənənələrini özündə ehtiva edən tamaşalar göstərilmiş, isti yay günlərində park və xiyabanlarda konsert proqramları təşkil edilmişdir.
Xaçmaz respublikamızın təmiz şəhər adını neçə illərdir ki, özündə saxlayır. Xaçmazda təmizlik işi tamamilə başqa rakursdan görülür. Şəhərin təmizliyi bütün gün ərzində nəzarətdə saxlanılır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xüsusi əmri ilə rayonun bütün təşkilatlarına məktublar göndərilmişdir. Təmizlik işlərində şəhər sakinləri də yaxından iştirak edirlər. Şəhərdə gəzdiyin zaman yerə atılmış hansısa tullantıya demək olar ki, rast gəlməzsən.
Bu gün Azərbaycanda təkcə paytaxt deyil, regionlar da sürətlə inkişaf edir. Xaçmaz respublikanın şimal bölgəsinin ən gözəl rayonudur, desək, səhv etmərik. Gecəsi də, gündüzü də gözəl olan Xaçmazın növraqını görənlər isə "Əfsanələr paytaxtı"nın tamaşasından doymurlar.
Akif ƏLİYEV,
Azərbaycan.-2013.- 31 dekabr.- S.7.