Qədim Çövkənin yeni şöhrəti

 

Dekabrın əvvəllərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirildi. Bu sessiyada iştirak etmək üçün 116 ölkədən 780 nümayəndə qeydiyyata alınmışdı.

UNESCO Hökumətlərarası Komitəsinin növbəti sessiyasının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında qurumun Parisdə baş tutmuş 7-ci sessiyasında qəbul olunub. Azərbaycan tədbirin ev sahibi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasına sədrlik etdi. Bu missiyanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həyata keçirdi. Sessiyanın ilk günü "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı"na və "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na təklif olunan nominasiyaların müzakirəsi ilə yadda qaldı. Bizim üçün önəmlidir ki, Azərbaycanın təqdim etdiyi "Çövkən - Qarabağ atüstü oyun ənənəsi" qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi qəbul olundu.

Əlbəttə, çövkənin UNESCO-nun siyahısına daxil edilməsi ölkəmizin uğurudur. İştirakçı ölkələrin Azərbaycanın irəli sürdüyü nominasiyanı müsbət qarşılaması mütəxəssislərin fikrincə gələcəyə hesablanmış qətiyyətli addımdır. Bu gün vətənimizin dilbər guşəsi Qarabağ 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Deməli, həmin torpaqlarda xalqımız tərəfindən yaradılan qeyri-maddi mədəni irs nümunələri də təhlükə altındadır. Çövkənin məhz UNESCO-nun "Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na daxil edilməsi dövlətimizin yürütdüyü uğurlu siyasətə töhvə kimi böyük əhəmiyyətə malikdir. Mədəni irsimizin daha bir incisinə indi dünya özü nəzarət və şahidlik edəcək.

Bir qədər də çövkən haqqında. Hələ qədim zamanlarda türk dünyasında, o cümlədən Şərq aləmində atla bağlı müxtəlif oyunların mövcudluğu olub. Azərbaycanda da atla əlaqədar nağıl və dastanlarımızda əfsanəyə çevrilmiş, amma əslində olacaqlardan dəqiq xəbər verən məlumatlar diqqət çəkir. "Kitabi-Dədə Qorqud" boylarında və Nizami Gəncəvinin "XosrovŞirin" əsərində çövkəndən bəhs edilir. Maraqlıdır ki, dahi Nizaminin poemasında çövkən meydanında igidlik göstərən məhz qadındır. Şirin çövkən oyununda Sasani hökmdarı Xosrov Pərvizdən heçgeri qalmır. Nizamidən gələn məlumatdır ki, Şirinlə bərabər digər qızlar da çövkən oyununda öz məharətlərini göstərə biliblər. Hətta orta əsrlərə aid miniatürlərimizdə də çövkən təsvir edilib.

Min illər öncə Qarabağda igidlər at üstündə müxtəlif oyunlar nümayiş etdirər, igidlik, çeviklik, hünər göstərərdilər. Atlarla təkcə döyüşə gedib vuruşmurdular. At üstündə tamaşa göstərərək insanlara sevinc, qürur hissi bağışlayardılar. Qarabağ igidlərinin çövkən, sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, çərdəkqaçırdı kimi milli atüstü oyunları məşhur olub. Maraqlısı da odur ki, at üstündə min bir oyun təşkil etmək hər kəsə nəsib deyildi. Bunun üçün hünərli, qorxmaz, igid oğullar gərək idi. Qarabağda bu oyunları hamı bacarırdı.

Təəssüf ki, bu gün çövkənin və digər atüstü oyunların yarandığı Qarabağ işğal altındadır. Buna görə də Qarabağ atlarının yetişdirilməsi, Qarabağ atçılıq məktəbinin inkişafı bəlli səbəblər üzündən böyük çətinliklərlə üzləşib. 

Məhz bunu nəzərə alaraq ölkəmiz Qarabağ atüstü oyun ənənəsi olan çövkənin benəlxalq miqyasda tanınmasına, bu işin qorunub-saxlanılmasına, inkişafına dəstək verilməsi məqsədilə UNESCO səviyyəsində səmərəli apararaq qürurdoğuran nəticəyə nail oldu. Çövkənin UNESCO-nun siyahısına alınmasını 2013-cü ilin ən uğurlu mədəniyyət hadisəsi kimi dəyərləndirmək olar. 

Növbəti - 2014-cü il at ilidir. İnanmaq istərdik ki, at üstündə müxtəlif oyunlar göstərən Qarabağ igidləri at belində qabiliyyətlərini nümayiş etdirmək üçün Tanrının köməyi Ali Baş Komandanın göstərişinə əsasən Şuşada onları gözləyən Cıdır düzünə gedəcəklər.

 

Azərbaycan.-2013.- 31 dekabr.- S.14.