Azərbaycan ilə İranın ədliyyə
və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyət
yüksək səviyyədədir
Ədliyyə
naziri Fikrət Məmmədov yanvarın 31-də İranın
Azərbaycandakı səfiri Möhsün Pakayin ilə
görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Məmmədov Azərbaycan ilə İran arasındakı dostluq və səmərəli əməkdaşlığın dərin tarixi kökləri olduğunu vurğulamış, bu əlaqələrin inkişafında ulu öndərimizin müstəsna rolunu qeyd etmiş, ikitərəfli münasibətlərə dövlət başçısı İlham Əliyevin xüsusi önəm verdiyini və prezidentlərin səfərlərinin qarşılıqlı fəaliyyətin dərinləşməsinə güclü təkan olduğunu bildirmişdir.
Ölkələrimizin zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquqi əlaqələri qeyd edilmiş, respublikamızda ədliyyə sistemində aparılan islahatlardan danışılaraq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Dövlətlərimiz
arasında münasibətlərin inkişafında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
böyük xidmətlərini məmnunluqla xatırladan səfir
ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da
genişləndirilməsinə xüsusi əhəmiyyət
verdiyini vurğulamış, iki ölkənin ədliyyə və
məhkəmə orqanları arasında
qarşılıqlı fəaliyyətin yüksək səviyyədə
olduğunu qeyd etmiş, hüquqi əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün səylərini
əsirgəməyəcəyini söyləmişdir. Görüşdə hüquqi
yardım, məhkumların verilməsi və digər məsələlər
ətrafında fikir mübadiləsi aparılmış,
penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə
dair Azərbaycanın təcrübəsinə maraq göstərilmişdir.
Azərbaycan.-2013.- 1 fevral.- S.2.